Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(002)-2972/2024 30.10.2024 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Dadaşova Şəfa Əliövsət qızının sədrliyi, Məmmədova Ülviyyə Nizami qızının katibliyi, Şikayət vermiş şəxs X1 iştirakı ilə, Daxili İşlər Nazirliyi Baş Dövlət Yol Polisi İdarəsinin xx.xx.2024-cü il tarixli TP ******* saylı inzibati tənbeh vermə haqqında qərarından X2 tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: X2 şikayətlə məhkəməyə müraciət edərək Daxili İşlər Nazirliyi Baş Dövlət Yol Polisi İdarəsinin xx.xx.2024-cü il tarixli TP ******* saylı inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsi və əməlində inzibati xəta tərkibi olmadığından iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Şikayətçi ərizəsini onunla əsaslandırmışdır ki, onun barəsində elektron kabinetə 02 iyul 2024-cü il tarixdə İXM 327.2-ci maddəsi üzrə inzibati xəta törətməsi və inzibati xətaya görə 80 AZN cərimə olunmasi barədə İXP6372879 №-li protokol yerləşdirilmişdir. Protokola əsasən sözügedən inzibati xəta 21 iyun 2024-cü il tarixdə törədilmişdir. İnzibati Xətalar Məcəlləsinin 38.6-cı maddəsinə əsasən protokolun elektron kabinetə 10 gün sonra yükləndiyini, elektron kabinetdə foto və ya video material olmadığını qeyd edərək protokoldan şikayət vermişdir. İXP6372879 №-li protokol əsasında Bakı şəhəri BDYPİ tərəfindən TP 661021 №-li xx.xx.2024-cü il tarixli qərar qəbul edilmişdir. Həmin qərardan Nəsimi Rayon Məhkəməsinə şikayət vermiş Məhkəmə tərəfindən şikayəti təmin edilmiş, TP 661021 №-li xx.xx.2024-cü il tarixli qərar ləğv edilmiş, iş araşdırılması üçün həmin quruma göndərilmişdir. Yenidən onun barəsində Bakı şəhəri BDYPİ tərəfindən TP6799911 №-li xx.xx.2024-cü il tarixli qərar qəbul edilmişdir. O, Bakı şəhəri BDYPİ-yə yaxınlaşdıqda ona avtomobillə düz xəttin kəsildiyi bildirilmiş, video göstərilmiş lakin videoda hər hansı inzibati xətanın olmadığını görmüşdür. İnzibati Xətalar Məcəlləsinin 38.6-cı maddəsinə əsasən həmin Məcəllənin 122.1-ci maddəsində nəzərdə tutulmuş inzibati tənbeh vermə haqqında elektron qərar və onun əlavəsi (foto və ya video materiallar) inzibati xətanın törədildiyi gündən bir gün müddətində hər bir nəqliyyat vasitəsinin istifadəçisi üçün internet informasiya resursunda yaradılan elektron kabinetdə yerləşdirilmədikdə, şəxs inzibati məsuliyyətə cəlb oluna bilməz. Lakin protokol elektron kabinetə 10 gün sonra foto və ya video material olmadan yüklənmişdir. Göstərilənləri nəzərə alaraq, Daxili İşlər Nazirliyi Baş Dövlət Yol Polisi İdarəsinin xx.xx.2024-cü il tarixli TP ******* saylı inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsi və iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən şikayət vermiş şəxs X2 şikayətin məzmununa uyğun izahat verərək, Daxili İşlər Nazirliyi Baş Dövlət Yol Polisi İdarəsinin xx.xx.2024-cü il tarixli TP ******* saylı inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsi və iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə şikayət ərizəsini və digər iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin olunmalıdır. Belə ki, iş materiallarına əlavə edilmiş xx.xx.2024-cü il tarixli TP ******* saylı inzibati tənbeh vermə haqqında qərarın surətindən görünür ki, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinərək 80 manat məbləğində inzibati cərimə edilmişdir. İş materiallarına əlavə edilmiş Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 3(006)- 3327/2024 saylı xx.xx.2024-cü il tarixli qərarından görünür ki, məhkəmə tərəfindən Daxili İşlər Nazirliyi Baş Dövlət Yol Polisi İdarəsinin xx.xx.2024-cü il tarixli TP ******* saylı inzibati tənbeh vermə haqqında qərarından X2 tərəfindən verilmiş şikayətə baxılaraq həmin şikayət qismən təmin edilmiş, xx.xx.2024-cü il tarixli TP ******* saylı inzibati tənbeh vermə haqqında qərar ləğv olunaraq, iş araşdırılması üçün səlahiyyətli orqana göndərilmişdir. Məhkəmə şikayət vermiş şəxsin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin olunmalıdır. Belə ki, səlahiyyətli orqanın inzibati xəta hadisəsi kimi qeyd etdiyi əməlin baş verdiyi yerdə yəni Bakı şəhəri, D.Əliyeva və A.S.Puşkin küçələrinin kəsişməsində əks istiqamətə dönmə manevrinin həyata keçirilməsi üçün nişanlanma xətti, yəni “X4” Azərbaycan Respublikasının Qanununa 69-cu maddəsinin 11-ci bəndində qeyd olunmuş 1.11 yol nişanı mövcuddur. Beləliklə məhkəmə hesab edir ki, şikayət vermiş şəxsin eyni fakt üzrə ilkin müraciətinə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 3(006)-3327/2024 saylı xx.xx.2024cü il tarixli qərarına əsasən baxılaraq qismən təmin edilmiş və yenidən araşdırılması üçün səlahiyyətli orqana qaytarılmışdır. Lakin, səlahiyyətli orqan tərəfindən əlavə heç bir araşdırma və dəqiqləşdirmə aparılmadan, yenidən eyni qərar qəbul olunmuş, səlahiyyətli nümayəndənin məhkəmə iclasında iştirakı təmin edilməmiş, inzibati xətanın baş verməsinə təsdiq edəcək hər hansı dəlil təqdim olunmamışdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəllənin 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. Həmin Məcəllənin 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Həmin Məcəllənin 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Həmin Məcəllənin 48-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlər üzrə icraatın vəzifələri şəxslərin hüquqlarını və azadlıqlarını, onların qanuni mənafelərini qorumaqdan, inzibati xəta haqqında hər bir işin hallarını vaxtında, hərtərəfli, tam və obyektiv surətdə aydınlaşdırmaqdan, inzibati xəta törətmiş şəxsi aşkar etməkdən və onu inzibati məsuliyyətə cəlb etməkdən, çıxarılmış qərarın icrasını təmin etməkdən, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəbləri və şəraiti aşkar etməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, İnzibati tənbeh vermə haqqında qərardan şikayət vermiş şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 53.1.1-ci maddəsinə əsasən inzibati xəta hadisəsi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 129.1.3-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından məhkəməyə verilən şikayət - şikayət verən şəxsin yaşayış yeri və ya hüquqi şəxsin ünvanının olduğu yer üzrə rayon (şəhər) məhkəməsinə verilir. Həmin Məcəllənin 134.1.3-cü maddəsinə əsasən bu Məcəllənin 135.1.5- 1ci maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında; Həmin Məcəllənin 135.1.5-1-ci maddəsinə əsasən isə bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş halların müəyyən olunması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslardır. Beləliklə, məhkəmə iclasında müəyyən edilmişdir ki, iş üzrə inzibati xəta hadisəsi olmadığından şikayət təmin olunmalı və Daxili İşlər Nazirliyi Baş Dövlət Yol Polisi İdarəsinin xx.xx.2024-cü il tarixli TP ******* saylı inzibati tənbeh vermə haqqında qərarı ləğv edilməli və Azərbaycan Respublikası İXM-nin 53.2-ci maddəsinin tələblərinə əsasən inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İXM-nin 133-137-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: X1 şikayəti təmin olunsun. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 53.2-ci maddəsinə əsasən Daxili İşlər Nazirliyi Baş Dövlət Yol Polisi İdarəsinin xx.xx.2024-cü il tarixli TP ******* saylı inzibati tənbeh vermə haqqında qərarı ləğv edilsin və iş üzrə icraata xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində apellyasiya şikayəti verilə bilər. Hakim: Şəfa Dadaşova
Məhkəmə qərarları › İş №3(002)-2972/2024
Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qərar — İş №3(002)-2972/2024
30.10.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver