Məhkəmə qərarları › İş №3(002)-2988/2024

Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qərar — İş №3(002)-2988/2024

12.12.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(002)-2988/2024 12.12.2024 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Dadaşova Şəfa Əliövsət qızının sədrliyi, Məmmədova Ülviyyə Nizami qızının katibliyi, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 11 X5 və Təbii Sərvətlər İdarəsinin etibarnamə üzrə nümayəndəsi X1, Şəxs MMC-nin direktoru X2 iştirakları ilə, Şəxs barəsində (bundan sonra-”İSAP” MMC) Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 233.1, 237.1, 266.2, 271-ci maddələri ilə tərtib olunan inzibati xəta haqqında protokola dair inzibati xəta haqqında işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 11 X5 və Təbii Sərvətlər İdarəsi Şəxs MMC barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 233.1, 237.1, 266.2, 271-ci maddələri ilə MN ******* nömrəli, xx.xx.2024-cü il tarixli inzibati xəta haqqında protokol tərtib edərək, baxılması üçün aidiyyəti üzrə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinə göndərmişdir. Həmin inzibati xəta haqqında protokola əsasən Şəxs MMC tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 233.1, 237.1, 266.2, 271-ci maddələrində nəzərdə tutulmuş inzibati xətalar törədilmişdir. Məhkəmə iclasında iştirak edən səlahiyyətli orqan Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 11 X5 və Təbii Sərvətlər İdarəsinin nümayəndəsi X3 izahatında bildirmişdir ki, Şəxs MMC tərəfindən xx.xx.2024-cü il tarixdə Bakı şəhəri, Qaradağ rayonu, Salyan şossesi ünvanında metal emalı sexin fəaliyyəti nəticəsində ətraf mühitə atılan və axıdılan zərərli maddələrin miqdarının yol verilə bilən normativlərdən artıq olması, buraxılan tullantıların təmizlənməsi və tullantılara nəzarət üçün qurulmuş qurğudan ümumiyyətlə istifadə olunmaması və yaranmış tullantıların emalı yerlərinin müəyyənləşdirilməsi və həmin tullantıların ətrafa dağıdılması, o cümlədən bu tullantıların qalaqlanması qaydalarının pozulmasına, göstərilən tullantıları yandırarkən ətraf mühitin mühafizəsi tələblərinə əməl edilməməsi, ərazidə yanma izlərinin yaranması faktları müəyyən edilmişdir. Göstərilənləri nəzərə alaraq, hüquqi şəxs barəsində qanuni tədbirlər görülməsini məhkəmədən xahiş etmişdir. Həmçinin, məhkəmə tərəfindən ona ünvanlanmış suala cavab olaraq bildirmişdir ki, sadalanan xətaların Şəxs MMC tərəfindən törədilməsi faktına dair sübut qismində yalnız monitorinq aktına əlavə olunmuş fotoşəkillər təqdim edilmişdir. Məhkəmə iclasında iştirak edən Şəxs MMC-nin direktoru X4 bildirdi ki, sözügedən ərazi bütövlükdə Şəxs MMC-yə aid deyildir, həmin ərazidə "xxxx" MMC və "xxxx" MMC adlı digər hüquqi şəxslərə aid istehsalat sexləri işləyir. Həmin ərazidə müvafiq tullantıların qalaqlanması və ya onların yandırılması zamanı ətraf mühitin mühafizəsi tələblərinə əməl edilməməsi faktları məhz Şəxs MMC-nin fəaliyyəti ilə bağlı deyildir. Həmçinin müəssisədə qaz-toz təmizləyici qurğunun mövcud olmadığını etiraf edərək, bu qurğunun quraşdırılmasına maddi vəsaitinin kifayət etmədiyini bildirmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş 11 X5 və Təbii Sərvətlər İdarəsi tərəfindən tərtib edilmiş Şəxs MMC tərəfindən xx.xx.2024-cü il tarixdə Bakı şəhəri, Qaradağ rayonu, Salyan şossesi ünvanında metal emalı sexin fəaliyyəti nəticəsində ətraf mühitə atılan və axıdılan zərərli maddələrin miqdarının yol verilə bilən normativlərdən artıq olması, buraxılan tullantıların təmizlənməsi və tullantılara nəzarət üçün qurulmuş qurğudan ümumiyyətlə istifadə olunmaması və yaranmış tullantıların emalı yerlərinin müəyyənləşdirilməsi və həmin tullantıların ətrafa dağıdılması, o cümlədən bu tullantıların qalaqlanması qaydalarının pozulmasına, göstərilən tullantıları yandırarkən ətraf mühitin mühafizəsi tələblərinə əməl edilməməsi faktları müəyyən edilmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş 11 X5 və Təbii Sərvətlər İdarəsi tərəfindən tərtib edilmiş 87853 nömrəli, xx.xx.2024-cü il tarixli aktdan görünür ki, X6 Monitorinq İdarəsinin mütəxəssisləri tərəfindən keçirilmiş monitorinq zamanı İSAP” MMC tərəfindən Bakı şəhəri, Qaradağ rayonu, Salyan şossesi ünvanında metal emalı sexin fəaliyyəti nəticəsində ətraf mühitə atılan və axıdılan zərərli maddələrin miqdarının yol verilə bilən normativlərdən artıq olması, buraxılan tullantıların təmizlənməsi və tullantılara nəzarət üçün qurulmuş qurğudan ümumiyyətlə istifadə olunmaması və yaranmış tullantıların emalı yerlərinin müəyyənləşdirilməsi və həmin tullantıların ətrafa dağıdılması, o cümlədən bu tullantıların qalaqlanması qaydalarının pozulmasına, göstərilən tullantıları yandırarkən ətraf mühitin mühafizəsi tələblərinə əməl edilməməsi faktları müəyyən edilmişdir. Baxış zamanı həmçinin ərazidə yanma izlərinin olduğu aşkar edilmişdir. Hüquqi şəxsin direktoru tərəfindən tullantıların idarə olunması ilə bağlı müsbət ekoloji rəy və ya digər normativ sənəd təqdim edilməmişdir. Araşdırma zamanı ətraf mühitə atılmış zəhərli maddələrin miqdarının müəyyən edilməsi məqsədilə ölçmə-analiz işləri aparılmış, bu maddələrin ətraf mühit üçün yol verilə bilən həddən artıq olduğu müəyyən edilərək müvafiq akt tərtib edilmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş 11 X5 və Təbii Sərvətlər İdarəsi tərəfindən tərtib edilmiş 002442 nömrəli, xx.xx.2024-cü il tarixli aktdan görünür ki, aparılan analiz ölçmə işləri sabit hava şəraitində saat 12:30-dan 13:15-dək “Ankat 64M3- 03” səyyar cihazı vasitəsilə həyata keçirilmişdir. Ölçmənin nəticələrinə görə hüquqi şəxsə məxsus sexin sağ tərəfində CO-157 mq/m3 (norma 5,0mq/m3), sol tərəfində CO-13,7 mq/m3 (norma 5,0mq/m3) təşkil etmişdir və bu da ətraf mühit üçün yol verilən hədd normasından artıqdır, həmçinin araşdırma zamanı Şəxs MMC-nin metal əritmə zavodunda qaz-toz tutucu təmizləyici qurğu quraşdırılmaması halı müəyyən edilmişdir. İş materiallarında olan X2 izahatından görünür ki, o, müəssisədə qaz-toz təmizləyici qurğunun mövcud olmadığını bildirmişdir. İş materiallarında olan fotoşəkillərdən görünür ki, metaləritmə sexində daş, dəmir və digər növ tullantılar ətrafa dağıdılmışdır. Məhkəmə iş üzrə tərəflərin izahatını dinləyib, inzibati xəta haqqında protokolu və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edir ki, Şəxs MMC-nin Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 233.1, 237.1-ci maddələrində nəzərdə tutulan əməli törətməsi tam sübuta yetirilir. Həmçinin, məhkəmə səlahiyyətli orqan tərəfindən mötəbər sübut təqdim etməməsi nəticəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 266.2, 271-ci maddələrində nəzərdə tutulan əməli törətməsi halının məhz Şəxs MMC- tərəfindən törədilməsi kimi, qiymətləndirmir, eyni zamanda hesab edir ki, həmin xətalar üzrə onların təqsirliliyi sübut yetirilmir. Məhkəmə ilk növbədə qeyd edir ki, sexin fəaliyyəti zamanı ətraf mühitə buraxılan zəhərli maddələri zərərsizləşdirilməsi və qarşısının alınması məqsədilə qaz-toz təmizləyici qurğu quraşdırılmadığını nəzərə alaraq, təqdim olunmuş iş materiallarından və məhkəmə iclasında tədqiq edilmiş sübutlarla Şəxs MMC-yə məxsus metaləritmə sexinin fəaliyyəti zamanı yaranan zəhərli maddələrin ətraf mühitə axıdılması və nəticədə zəhərli maddələrin ətraf mühit üçün yol verilə bilən həddən artıq olması faktı təsdiqini tapmışdır. Bundan əlavə həmin bu halı hüquqi şəxsin nümayəndəsi izahatı zamanı da etiraf etmişdir. Həmçinin, məhkəmə qeyd etməyi zəruri hesab edir ki, atmosfer havasına zərərli kimyəvi, bioloji və fiziki təsir göstərən mənbələri olan hüquqi şəxslər atmosfer havasının mühafizəsi sahəsində istehsalat (müəssisə) nəzarətini həyata keçirməlidirlər. Lakin, məhkəmə iclasında hüquqi şəxsin nümayəndəsi MMC-nin balansında həmin zəhərli maddələri təmizləyən və ya zərərsizləşdirən qurğunun mövcud olmadığını bildirmişdir. Qanunvericiliyin tələbinə əsasən hüquqi şəxs atmosfer havasına zərərli maddələrin atılmasına nəzarəti və onların zərərsizləşdirilməsi üçün nəzərdə tutulmuş tikililərin, qurğuların və cihazların quraşdırılmasını həyata keçirməyə və onların istismar qaydalarına əməl etməyə borcludur. Əksi olan halda zərərli qazın (CO-dəm qazının) miqdarı müəyyən edilmiş normativdən yuxarı həddə ətraf mühitə atılaraq, ölkənin atmosfer qatına ciddi ziyan vurmaqdadır. Hüquqi şəxs tərəfindən müvafiq qabaqlayıcı tədbirlər aparılmadıqda, o cümlədən atmosfer havasının mühafizəsi sahəsində istehsalat (müəssisə) nəzarəti həyata keçirilmədikdə ətraf mühitə vurulan bu ziyan daha ciddi ekoloji fəlakətlərə gətirib çıxara bilər. Bununla da Şəxs MMC tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 233.1, 237.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətalar törədildiyi sübuta yetirilir. Həmçinin, məhkəmə təqdim olunmuş iş materiallarından və məhkəmə iclasında tədqiq edilmiş fotoşəkillərdən müəyyən etmişdir ki, Bakı şəhəri, Qaradağ rayonu, Salyan şossesi ərazisində fəaliyyət göstərən yeganə müəssisə Şəxs MMC olmadığından həmin ərazidə mövcud olan tullantıların məhz onlar tərəfindən tullantıların emalı yerlərinin müəyyənləşdirilməsi, layihələşdirilməsi, tikintisi, istifadəsi və ya ləğv edilməsi normalarının və tullantıların qalaqlanması qaydalarının pozulması halı təsdiqini tapmır. Belə ki, adı çəkilən ərazi bütövlükdə Şəxs MMC-yə aid deyildir, həmin ərazidə "xxxx" MMC və "xxxx" MMC adlı digər hüquqi şəxslərə aid istehsalat sexləri işləyir. Həmin ərazidə müvafiq tullantıların qalaqlanması və ya onların yandırılması zamanı ətraf mühitin mühafizəsi tələblərinə əməl edilməməsi faktları məhz Şəxs MMC-nin fəaliyyətinə şamil olunmamalıdır. Odur ki, Şəxs MMC tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 266.2 və 271-ci maddələrində nəzərdə tutulmuş inzibati xətalar törədildiyi sübuta yetirilməmişdir. Atmosfer havasının mühafizəsi haqqında Azərbaycan Respublikasının 27 mart 2001-ci il tarixli Qanununun: 25-ci maddəsinə əsasən atmosfer havasına zərərli kimyəvi, bioloji və fiziki təsir göstərən mənbələri olan hüquqi şəxslər atmosfer havasının mühafizəsi sahəsində istehsalat (müəssisə) nəzarətini həyata keçirirlər və bu məqsədlə cavabdeh şəxsi təyin edir və ya ekoloji xidməti təşkil edirlər. 27-ci maddəsinə əsasən atmosfer havasına atılan zərərli maddələrin stasionar və səyyar mənbələri olan hüquqi və fiziki şəxslərin vəzifələri bunlardır:

1. atmosfer havasına atılan zərərli maddələrin inventarlaşdırılmasının keçirilməsini və atmosfer havasına atılan zərərli maddələrin və onların fiziki təsirlərinin yol verilən həddinə dair normativlərə əməl olunmasını təmin etməyə;

3. atmosfer havasının çirklənməsi səviyyəsinin azaldılması məqsədilə az tullantılı və tullantısız texnologiyaları tətbiq etməyə;

4. atmosfer havasına zərərli maddələrin atılmasının qarşısının alınmasına, onların təkrar işlədilməsinə, zərərsizləşdirilməsinə, belə maddələrin istehsalına dair tədbirlərin hazırlanmasını və həyata keçirilməsini təmin etməyə;

6. atmosfer havasına atılan zərərli maddələrin və onların mənbələrinin uçotunun aparılmasını, həmçinin müəyyən edilmiş normativlərə əməl olunmasına istehsalat nəzarətini keçirməyə;

7. atmosfer havasına zərərli maddələrin atılmasına nəzarəti və onların zərərsizləşdirilməsi üçün nəzərdə tutulmuş tikililərin, qurğuların və cihazların quraşdırılmasını həyata keçirməyə və onların istismar qaydalarına əməl etməyə borcludurlar. 28-ci maddəsinə əsasən atmosfer havasının mühafizəsi haqqında qanunvericiliyin pozulmasına görə aşağıdakı hallarda qanunvericiliklə nəzərdə tutulmuş qaydada təqsirkar hesab edilən hüquqi və fiziki şəxslər, habelə vəzifəli şəxslər Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq məsuliyyət daşıyırlar:

1. bu Qanunda nəzərdə tutulmuş zərərli maddələrin atılmasını və zərərli fiziki təsirlərin normativləri və hədlərini aşdıqda;

2. müvafiq icra hakimiyyəti orqanlarının xüsusi icazəsi olmadan atmosfer havasına zərərli maddələr atdıqda;

3. xüsusi icazədə göstərilmiş normalardan artıq zərərli maddələri atdıqda və zərərli fiziki təsir etdikdə;

4. atmosfer havasına zərərli maddələrin atılmasına və zərərli fiziki təsirə nəzarət etmək məqsədilə quraşdırılmış qurğulardan, avadanlıqdan və cihazlardan istismar qaydaları pozulduqda;

7. atmosfer havasının mühafizəsinə dövlət nəzarətini həyata keçirən orqanların göstərişlərini yerinə yetirmədikdə;

9. müəssisə, idarə və təşkilatların yerləşdiyi yerlərdə atmosfer havasının vəziyyətinə nəzarət qaydalarına əməl etmədikdə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 233.1-ci maddəsinə əsasən ətraf mühitə atılan, axıdılan və ya basdırılan zərərli maddələrin miqdarının yol verilə bilən normativlərdən artıq olmasına görə vəzifəli şəxslər iki min beş yüz manatdan dörd min manatadək məbləğdə, hüquqi şəxslər on min beş yüz manatdan on iki min beş yüz manatadək məbləğdə cərimə edilir. Həmin Məcəllənin 237.1-ci maddəsinə əsasən yol verilə bilən son hədlərin normativləri səviyyəsində zərərli maddələrin və tullantıların zərərsizləşdirilməsi və istifadə edilməsi üzrə təmizləyici qurğularla və avadanlıqla təmin edilməyən, yaxud təbii resursların səmərəli istifadəsi, bərpası və torpaqların rekultivasiyası üzrə layihələşdirmə işləri başa çatdırılmadan müəssisələrin, qurğuların və başqa obyektlərin istismara verilməsinə görə vəzifəli şəxslər iki min manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər yeddi min beş yüz manatdan on min manatadək məbləğdə cərimə edilir. Həmin Məcəllənin 266.2-ci maddəsinə əsasən tullantıların emalı yerlərinin müəyyənləşdirilməsi, layihələşdirilməsi, tikintisi, istifadəsi və ya ləğv edilməsi normalarının və qaydalarının pozulmasına görə vəzifəli şəxslər üç min beş yüz manatdan dörd min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər on min manatdan on beş min manatadək məbləğdə cərimə edilir. Həmin Məcəllənin 271-ci maddəsinə əsasən tullantıların qalaqlanması qaydalarının pozulmasına, göstərilən tullantıları yandırarkən ətraf mühitin mühafizəsi tələblərinə əməl edilməməsinə görə fiziki şəxslər beş yüz manatdan səkkiz yüz manatadək məbləğdə, vəzifəli şəxslər iki min manatdan üç min manatadək məbləğdə, hüquqi şəxslər altı min beş yüz manatdan səkkiz min manatadək məbləğdə cərimə edilir. Beləliklə, məhkəmə belə nəticəyə gəlir ki, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 11 X5 və Təbii Sərvətlər İdarəsi tərəfindən xx.xx.2023-cü il tarixdə Bakı şəhəri, Qaradağ rayonu, Salyan şossesi ünvanında metal emalı sexin fəaliyyəti zamanı ətraf mühitə atılan zəhərli maddələrdən atmosfer havasının təmizlənməsi üçün qurğunun mövcud olmaması, eləcə də qurğudan istifadə edilməməsi nəticəsində zəhərli maddələrin ətraf mühitdə miqdarının normadan artıq olması hallarını müəyyən edilərək, aparılmış araşdırma nəticəsində xx.xx.2023-cü il tarixli MN ******* nömrəli inzibati xəta haqqında protokol qismən düzgün tərtib edilmişdir. Lakin, müvafiq monitorinqi aparmış səlahiyyətli orqan tərəfindən məhkəməyə yalnız ərazidə fəaliyyət göstərən sexlərin daxilindən və xaricdən çəkilmiş fotoşəkilləri təqdim edilmiş, qeyd olunan qalaqlanmış və yandırılmış tullantıların Şəxs MMC-nin istehsalat fəaliyyətinə aid olması halını təsdiq edəcək mötəbər sübutlar təqdim edilməmişdir. Bununla da məhkəmə yuxarıda sadalanan qanunun tələbləri və işin həqiqi halları baxımından belə qənaətə gəlir ki, barəsində inzibati icraat aparılan hüquqi şəxs Şəxs MMC-nin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 233.1 və 237.1-cimaddələri ilə təqsirli bilinərək onun barəsində 34.3-cü maddəsinə əsasən daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində inzibati tənbeh tədbirinin tətbiq edilməsi, eyni zamanda həmin Məcəllənin 266.2-ci və 271-ci maddələri ilə nəzərdə tutulan xətalar üzrə sonuncunun əməlində inzibati xəta tərkibi olmadığından həmin maddələr üzrə inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi məqsədəmüvafiqdir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 8, 43, 53, 109, 114, 115, 129-131-ci maddələrini rəhbər tutaraq, məhkəmə

QƏRARA ALDİ:

Şəxs MMC-nin Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 266.2-ci və 271-ci maddələri ilə nəzərdə tutulan inzibati xətaları törətməsinə dair iş üzrə icraata barəsində inzibati icraat aparılan hüquqi şəxsin əməlində inzibati xəta tərkibi olmadığından xitam verilsin. Şəxs MMC Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 233.1 və 237.1ci maddələri ilə nəzərdə tutulan inzibati xətaları törətməkdə təqsirli bilinsin və həmin Məcəllənin 34.3-cü maddəsinə əsasən 11000 (on bir min) manat miqdarında inzibati qaydada cərimə edilsin. Qərardan, rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 129-cu maddəsində müəyyən edilmiş qaydada Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər.

Hakim: Şəfa Dadaşova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar