Məhkəmə qərarları › İş №3(002)-3/2023

Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qərar — İş №3(002)-3/2023

05.01.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(002)-3/2023 05.01.2023 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Mürsəlov Rufan Kamil oğlunun sədrliyi, Mustafayeva Sevda Bahaddin qızının katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan X6, Azərbaycan Respublikası Dövlət Reklam Agentliyi Bakı şəhəri Reklam İdarəsinin nümayəndəsi X1 iştirakları ilə, X6 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 428.7.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair Azərbaycan Respublikası Dövlət Reklam Agentliyi Bakı şəhəri Reklam İdarəsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikası Dövlət Reklam Agentliyi Bakı şəhəri Reklam İdarəsi tərəfindən X8 barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 428.7.1-ci maddəsi ilə MN ******* nömrəli, 22 noyabr 2022-ci il tarixli inzibati xəta haqqında protokol tərtib edilərək, baxılması üçün Qaradağ rayon məhkəməsinə göndərilmişdir. İnzibati xəta haqqında protokoldan görünür ki, X8 tərəfindən Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, Bünyadzadə küçəsi, dalan 2, 28 May və Bünyadzadə küçələrinin kəsişməsində yerləşən mühərrik yağlarının satışı həyata keçirilən obyektində 22 noyabr 2022-ci il tarixdə, saat 14:30-da müvafiq icazə olmadan açıq məkanda reklam yerləşdirilməsi faktı müəyyən edilmişdir. X2 tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 428.7.1-ci maddəsində nəzərdə tutulan inzibati xəta törədilmişdir. Məhkəmə iclasında iştirak edən Azərbaycan Respublikası Dövlət Reklam Agentliyi Bakı şəhəri Reklam İdarəsinin nümayəndəsi X3 tərtib edilmiş protokolu müdafiə edərək bildirmişdir ki, fərdi sahibkar X7 məxsus “Tomoil mühərrik yağları” adlı obyektin üzərində yerləşdirilən fotoşəkillər "Reklam haqqında" Azərbaycan Respublikasının Qanununun 2.0.1 -ci və 26.1-ci maddələrinin tələblərinə cavab verməməklə bayıra ünvanlanır, həmçinin reklam obyektinə reklam istehlakçısının diqqətini cəlb etmək, marağını formalaşdırmaq və saxlamaq, əmtəəni bazarda tanıtmaq və satışını stimullaşdırmaq məqsədi daşıyır. İdarə tərəfindən fərdi sahibkara 15 noyabr 2022-ci il tarixində "müvafiq qanun pozuntularının aradan qaldırılması barədə icrası məcburi olan" göstəriş ünvanlanmış, yayımlanan reklamlara görə 5 gün ərzində müvafiq icazə alınması tələb edilmiş və icazə alınmadan reklam yayımı davam etdiriləcəyi təqdirdə müvafiq tədbirlər görüləcəyi diqqətinə çatdırılmışdır. İdarənin əməkdaşları tərəfindən 22 noyabr 2022-ci il tarixdə həyata keçirilmiş nəzarət tədbirləri nəticəsində fərdi sahibkar tərəfindən xəbərdarlığa məhəl qoyulmadığı və icazəsiz reklam yayımının davam etdirildiyi müəyyən olunmuşdur. Həmçinin, inzibati xəta haqqında protokola əlavə edilmiş fotoşəkillərin lokasiya, tarix və saat məlumatlarından da görünür ki, həmin protokol xətanın törədildiyi yerdə tərtib edilmiş və sözügedən fotoşəkillər protokol tərtib olunduğu gün və saatda çəkilmişdir. O öz izahatında daha sonra göstərmişdir ki, həmin reklam xarakterli fotoşəkillərin hər birinin ölçüsü 1 kvadratmetrdən az olsa da ümumi sayı birdən çoxdur. Odur ki, fərdi sahibkar X8 barəsində inzibati tənbeh tədbiri tətbiq edilməsi barədə qərar çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən fərdi sahibkar X8 öz izahatında bildirmişdir ki, Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, Bünyadzadə küçəsi, dalan 2, 28 May və Bünyadzadə küçələrinin kəsişməsində yerləşən və xüsusi mülkiyyətdə olan qeyri-yaşayış sahəsini icarə müqaviləsi əsasında işlətməklə həmin obyektdə avtomobil mühərrik yağlarının satışı ilə məşğul olur. Bakı şəhəri Reklam İdarəsinin baş müfəttişi X4 tərtib etdiyi 22 noyabr 2022-ci il tarixli MN seriyalı ******* nömrəli protokolu qanunun tələblərinə zidd olaraq tərtib edilmiş və bu barədə ona rəsmi və yaxud qeyri-rəsmi qaydada heç bir məlumat verilməmişdir. Belə ki, həmin vaxt o, obyektdə olmamış və onun iştirakı olmadan özlərini rəsmi qaydada təqdim etməyən şəxslər protokol tərtib edərək getmişlər. O öz izahatında daha sonra bildirmişdir ki, həmin obyektin giriş hissəsində olan qapı və pəncərələrə yapışdırılmış şəkillər heç bir reklam məqsədi daşımır. Çünki həmin şəkillərdə göstərilən yağların satışı həmin obyektdə həyata keçirilmir. Həmin şəkillər sadəcə obyektə düşən gün işığının qarşısını almaq və həmin obyektin fəaliyyət növünü istehlakçıya çatdırmaq məqəsdilə içəri tərəfdən, yəni açıq məkanda olmamaqla və hər biri 1 kv metrdən az olmaqla müxtəlif şəkillərdən ibarətdir. Həmçinin sahibkarı olduğu obyektin üzərində yerləşdirilən mühərrik yağlarının rəsmləri olan fotoşəkillər ilə nə hər hansı malı (xidməti, işi) fərdiləşdirilmək, nə kommersiya (qeyri-kommersiya) təklifi vermək, nə də ki əmtəəni bazarda tanıtmaq və satışını stimullaşdırmağı reklam etmək mümkün deyil. Yəni, reklam və reklam obyekti yoxdur. İXM-nin 12-ci maddəsinin tələbinə görə isə inzibati xəta hesab olunan əməl (hərəkət və ya hərəkətsizlik) olmadıqda inzibati məsuliyyət yaranmır. Həmçinin Bakı şəhər Reklam İdarəsinin ona ünvanladığı 15 noyabr 2022 -ci il tarixli göstərişdən və 23 noyabr 2022-ci il tarixli məktubdan məlumatlı olmamaqla həmin sənədlərin kim tərəfindən qəbul edilməsi ona məlum deyildir. Yəni sahibkarı olduğu obyektə hər hansı göstəriş və ya xəbərdarlıq daxil olmamışdır. Yəni, protokolda qeyd edilən məlumatlar həqiqətə uyğun deyildir. Qeyd edilənləri və inzibati xəta hadisəsinin olmamasını nəzərə alaraq məhkəmədən iş üzrə icraata xitam verilməsi barədə qərar çıxarmasını xahiş etmişdir. Məhkəmə, tərəflərin izahatını və işdə olan sənədləri nəzərdən keçirərək belə qənaətə gəlir ki, fərdi sahibkar X8 barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 428.7.1-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata əməlində inzibati xəta tərkibi olmadığından xitam verilməlidir. Belə ki, “Reklam haqqında” Qanunun 2.0.1-ci maddəsində göstərilir ki, reklam – reklam istehlakçısının diqqətini reklam obyektinə müxtəlif vasitə və üsullardan istifadə olunmaqla istənilən formada cəlb etmək, marağını formalaşdırmaq və saxlamaq, əmtəəni bazarda tanıtmaq və satışını stimullaşdırmaq məqsədi ilə yayımlanan məlumatdır. Həmin Qanunun 26.1-ci maddəsinə əsasən reklam birbaşa və ya reklam daşıyıcısı vasitəsilə torpaq sahələrində, bina, qurğu və digər tikililərin fasadlarında (divarlarında, hasarlarında), dam örtüklərində, bayıra ünvanlanmaqla qapıların, pəncərələrin (pəncərə altlıqlarının), vitrinlərin çöl və iç tərəflərində, habelə açıq məkanda olan avadanlıqlarda, avtomobil yollarının dayanacaqlarında və yeraltı keçidlərində, hava şarlarının, aerostat və dirijablların üzərində yerləşdirildiyi halda açıq məkanda reklam hesab olunur. Həmin Qanunun 26.8-ci maddəsində göstərilir ki, birbaşa aid olduğu xidmət, ticarət və ya digər obyektlərin giriş hissəsində, fasadında (divarında, hasarında) yerləşdirilən və həmin obyektlərin adını, mənsubiyyətini, fəaliyyət növünü, ünvanını və iş rejimini istehlakçıya çatdıran sayı 1-dən, ümumi ölçüsü 1 kvadratmetrdən artıq olmayan lövhələr (yazılar), habelə ölçüsündən asılı olmayaraq, şəhər informasiya stendlərində qeyrikommersiya məqsədi ilə yerləşdirilən plakatlar, siyasi reklamlar, qeyri-hökumət təşkilatlarının, hüquqi (o cümlədən dövlət mülkiyyətində olan və ya paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə məxsus olan hüquqi şəxslərin) və fiziki şəxslərin kommersiya fəaliyyəti ilə bağlı olmayan elanlar, həmçinin dövlət orqanlarına aid olan lövhələr və Azərbaycan Respublikası Şəhərsalma və Tikinti Məcəlləsinin 86.1-ci maddəsində nəzərdə tutulmuş məlumat lövhələri reklam qurğuları və yerləşdirilməsinə icazə alınması tələb olunan reklam hesab edilmir İş materiallarına əlavə olunmuş fotoşəkillərdən də aydın olur ki, qeyd olunan obyektin üzərində müxtəlif brendlərə məxsus və hər birinin ölçüsü 1 kv metrdən az olan müxtəlif mühərrik yağlarının və avtomobillərin şəkilləri olmaqla həmin görüntülər reklam xarakterli deyil, bir növ həmin obyektin fəaliyyət növü ilə bağlı istehlakçıya məlumat çatdırmaq ilə bağlı olmuşdur. Məhkəmə araşdırması zamanı qeyd olunan fotoşəkillərin həmin obyektdə konkret olaraq hər hansı bir brendi reklam etmək niyyətində olması müəyyən edilməmişdir. Yəni burda sahibkarın əsas məqsədinin sahibi olduğu obyektin mənsubiyyəti və fəaliyyəti ilə bağlı vətəndaşlarda ümumi fikir formalaşdırmaq olduğu qənaətinə gəlmək olar. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir; Həmin Məcəllənin 8.3-cü maddəsində göstrilir ki, inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Beləliklə yuxarıda sadalanan qanunun tələbləri və işin həqiqi halları baxımından məhkəmə belə qənaətə gəlir ki, barəsində inzibati icraat aparılan X6 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 428.7.1-ci maddəsi ilə inzibati xəta törətməsinə dair iş üzrə icraata əməlində inzibati xəta tərkibi olmadığından xitam verilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 48-51, 53, 114, 115, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: X8 tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 428.7.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməsinə dair iş üzrə icraata əməlində inzibati xəta tərkibi olmadığından xitam verilsin. Qərardan, onun surətinin təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Qaradağ rayon məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə şikayət və protest verilə bilər. Hakim Rufan Mürsəlov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar