Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(002)-3000/2024 04.11.2024 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Dadaşova Şəfa Əliövsət qızının sədrliyi, Məmmədova Ülviyyə Nizami qızının katibliyi, İnzibati xəta haqqında protokol tərtib edən Bakı şəhəri Qaradağ Rayon İcra Şöbəsinin icra məmuru X3, X1, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və iştirakları ilə, xx.xx.1983-cü il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, ünvan 1 ünvanında qeydiyyatda olan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə tənbeh tədbirinin tətbiq edilməsinə dair Bakı şəhəri Qaradağ Rayon İcra şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Bakı şəhəri Qaradağ Rayon İcra Şöbəsindən daxil olmuş xx.xx.2024-cü il tarixli MN ******* saylı inzibati xəta haqqında protokolda göstərilmişdir ki, Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(002)-1582/2024 nömrəli icra sənədinə əsasən Şəxs 19121,92 manat ödənilməmiş borcu mövcuddur. Borcluya dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq, icra məmurunun qanuni tələbini icra etməmişdir. Bununla da, o, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Məhkəmə iclasında Bakı şəhəri Qaradağ Rayon İcra şöbəsinin icra məmuru X6 tərtib etdiyi inzibati xəta haqqında protokolun dəlillərinə uyğun izahat vermiş və əlavə olaraq bildirmişdir ki, “İcra haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun olaraq icra sənədi üzrə icraata başlamaq haqqında qərar qəbul edilərək borcluya tələbin icrası üçün bildiriş göndərilmişdir. Bundan sonra, borclu Şəxs icra sənədinin icrası tələb olunmuşdur. Borclu, Şəxs Azərbaycan Respublikası adından qəbul edilmiş və icrası bütün şəxslər üçün məcburi olan məhkəmə qərarının icrasını tam təmin etməmiş, icra sənədinin icrasından qərəzli olaraq yayınmış, icra məmurunun qanuni tələblərini yerinə yetirməmişdir. Borclu tərəfindən edilən çağırışlara gəlməmiş, yaşayış ünvanına baxış keçirildikdə həmin ünvanda yaşamadığı müəyyən edilmişdir. Belə ki, onun Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 1(002)-251/2022 saylı xx.xx.2022-ci il tarixli hökmünə əsasən CM-nin 178.2.4-cü maddəsilə təqsirli bilinərək, 02 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edildiyi müəyyən edilmişdir. O, azadlığa çıxdıqdan sonra icra şöbəsinə çağırılaraq izahatı alınmış və o, izahatında rəsmi iş yeri olmadığı üçün ödənişləri həyata keçirə bilmədiyini bildirmişdir. Hazırda borcun ödənişi borclunun İİ dərəcə əlilliyi olan şəxs olaraq aldığı 70%-nə yönəldilmişdir. Göstərilənlərə əsasən, borclu Şəxs barəsində qanuna uyğun tədbir görülməsini məhkəmədən xahiş etmişdir. Məhkəmənin suallarına cavab olaraq icra məmuru bildirdi ki, məhkəmə elektron sistemində borclunun gəlir məlumatları bölməsində onun hazırki çalışdığı şirkətlərin hüquqi ünvanları müəyyən edilmədiyindən, həmin şirkətlərə icra sənədinin icrası üçün müvafiq sorğu göndərilməmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahat verərək qeyd etmişdir ki, o, aylıq 100 manat ödəniş edir. Barəsində ədalətli qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında tələbkar X4 izahatında bildirmişdir ki, borclu azadlığa çıxdıqdan sonra ona borcunu ödəməsi üçün möhlət verməsinə baxmayaraq, o, ödənişləri qərəzli icra etmir. Hazırda yığılmış borcunun ödənilməsini tələb edir, iş üzrə ədalətli qərar qəbul edilməsini xahiş etmişdir. İcraata başlama haqqında qərarın surətindən görünür ki, xx.xx.2024-cü il tarixdən Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(002)-1582/2024 nömrəli icra sənədi üzrə icraat başlanılmış və icraata başlanması haqqında qərar icra olunması üçün müvafiq bildirişlə borclu Şəxs göndərilmişdir. Bakı şəhəri Qaradağ Rayon İcra Şöbəsinin icra məmuru X6 tərəfindən tərtib edilmiş xx.xx.2024-cü il tarixli MN ******* nömrəli protokoldan görünür ki, Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(002)-1582/2024 nömrəli icra sənədinə əsasən Şəxs 19121,92 manat ödənilməmiş borcu mövcuddur. Borcluya dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq, icra məmurunun qanuni tələbini icra etməmişdir. Məhkəmə iclasında icra məmurunun izahatından aydın olur ki, borclunun İİ dərəcəli əlilliyi olan şəxs olaraq aldığı sosial müavinətin 70%-nə hazırki borcla bağlı tutulma yönəldilmişdir. Elektron məhkəmə sistemindən əldə olunmuş və iş materialına əlavə olunmuş məlumatdan görünür ki, Şəxs İİ dərəcəli əlilliyi olan şəxsdir. Həmçinin, onun hazırda "xxxx" MMC, "xxxx" MMC, "xxxx" MMC şirkətlərində çalışaraq hər birindən 250-260 manat olmaqla əmək haqqı aldığı müəyyən edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 30.2-ci maddəsinə əsasən hamilə qadınlar və ya himayəsində on dörd yaşınadək uşağı olan qadınlar, on dörd yaşına çatmamış uşağını təkbaşına böyüdən kişilər, on səkkiz yaşına çatmayan şəxslər, orqanizmin funksiyalarının 61-80 faiz və ya 81-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxslər, 18 yaşınadək əlilliyi müəyyən edilmiş şəxslər, altmış yaşına çatmış qadınlar və altmış beş yaşına çatmış kişilər, habelə bu Məcəllənin 41-ci fəslində nəzərdə tutulmuş inzibati xətalar istisna olmaqla digər inzibati xətalara görə hərbi qulluqçular barəsində inzibati həbs tətbiq edilə bilməz. Həmin Məcəllənin 53.1.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 105.1-ci maddəsinə əsasən Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Həmin Məcəllənin 110.1-ci maddəsinə əsasən inzibati xəta haqqında işə onun törədildiyi yerdə baxılır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin vəsatətinə əsasən inzibati xəta haqqında işə onun yaşadığı yer üzrə baxıla bilər; Həmin Məcəllənin 114.2.1-ci maddəsinə əsasən Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilir. Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsinə əsasən icra sənədindəki tələbin üzrsüz səbəbdən icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra edilməməsinə və ya icra məmurunun məhkəmə və ya başqa dövlət orqanlarının qərarlarının icrası ilə əlaqədar digər qanuni tələblərinin yerinə yetirilməməsinə görə fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin həmin Məcəllənin 9.2 və 35-ci maddələri baxımından şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 04 sentyabr 2018-ci il tarixli qərarında qeyd edilmişdir ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 9.2, 12 və 35-ci maddələrinin mənası baxımından, şəxs həmin Məcəllənin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməyə görə inzibati məsuliyyətə cəlb edildikdən sonra məhkəmə və digər orqanların qərarlarını icra etmədikdə (qərəzli olaraq icra etməmə istisna olmaqla), yenidən inzibati məsuliyyətə cəlb oluna bilər. İnzibati xəta haqqında protokolu, icra məmurunun, tələbkarın və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin izahatlarını, eləcədə inzibati materialda olan sənədləri nəzərə alıb iş üzrə sübutları qiymətləndirərək məhkəmə hesab edir ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın Şəxs tərəfindən qərəzli törədilməsi məhkəmə iclasında öz təsdiqini tapmamışdır. Bundan başqa məhkəmə iclasında borclunun yaranmış borcunu ödəməkdən qəsdən yayınmasına, icra məmurunun qanuni çağırışlarından boyun qaçırmasına dair heç bir hal müəyyən edilməmişdir. Belə ki, məhkəmə iclasında bir daha barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs tərəfindən tələbkarın xeyrinə, ümumilikdə 19121,92 manat ödəniş edildiyi müəyyən edilmişdir. Təqdim olunmuş sənədlərdən görünür ki, icra məmuru 2024-cü ilin avqust ayında icraata başlamaq haqqından qərar qəbul etmiş və borclu həmin qərarla 6 gün sonra tanış olmuşdur. Eyni zamanda borclunun İİ dərəcə əlilliyi olan şəxs olaraq aldığı müavinətin 70%-dən borc üzrə tutma həyata keçirilir. İcra məmuru tərəfindən borclunun iş yerinin olub-olmaması dəqiqləşdirilmədən, eyni zamanda borc üzrə tutmanın onun əmək haqqına yönəldilməsi istiqamətdə hər hansı tədbir görülmədən icraata başlama haqqında qərarın qəbul edildiyi tarixdən iki ay sonra, yəni 2024-cü ilin oktyabr ayında borclu barəsində axtarış elan edilmişdir. İcra məmuru tərəfindən icra sənədinin icra olunması istiqamətində əməli tədbirlər aparılmadığını nəzərə alaraq, məhkəmə, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin üzərinə düşən borcunun ödənilməsindən və icra məmurunun çağırışlarından qərəzli olaraq yayınması hallarının mövcud olmaması qənaətinə gəlir. Həmçinin icra məmuru tərəfindən borclunun elektron sistemdə gəlir məlumatları bölməsində müəyyən olunmuş şirkətlərdə çalışması ilə əlaqədar olaraq mübahisəsi gedən borcun ödənişinin həmin müəssisələrdən qazandığı əmək haqqına yönəldilməsi həyata keçirilməmişdir. Məhkəmə, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin öhdəliyində dörd övladının olduğunu nəzərə alaraq, hesab edir ki, onun barəsində İXM-nin 528.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş cərimə tənbeh tədbirinin tətbiq edilməsi əksinə hazırki vəziyyətinin ağırlaşmasına səbəb ola bilər. Həmçinin qanunvericiliyin tələbinə görə onun İİ dərəcəli əlilliyi olan şəxs olduğundan barəsində inzibati həbs tətbiq oluna bilməz. Məhkəmə qeyd edir ki, qeyd olunan hal özlüyündə, icra məmurunun qanuni tələblərinin, ümumilikdə isə müvafiq icra vərəqəsinin icra olunmamasına gətirib çıxarmış borclu tərəfindən həmin hərəkətlərin edilməməsinin obyektiv və subyektiv səbəblərini, eləcə də müvafiq icraat zamanı icra məmuru tərəfindən Azərbaycan Respublikasının qanunvericiliyinin tələblərinə əsasən lazımlı zəruri icra tədbirlərinin görülüb-görülməməsini araşdırmaqla, qarşılıqlı şəkildə tədqiq edilərək müəyyən edilməsini şərtləndirir. Belə ki, Azərbaycan Respublikası “İcra haqqında” Qanunun 8.2-ci maddəsinə icra məmuru icra sənədini aldığı vaxtdan üç gün müddətində icraata başlamaq haqqında qərar qəbul edir. Həmin qərarda icra məmuru icra sənədində göstərilmiş tələblərin borclu tərəfindən könüllü icrası üçün məhkəmənin qərarında digər icra müddəti müəyyən edilməmişdirsə, həmçinin bu maddənin üçüncü bəndində müəyyən edilmiş icra müddəti istisna olmaqla, icraata başlanıldığı vaxtdan ən çoxu on gün müddət təyin edir və bu barədə borcluya bildiriş verir. Bildirişdə həmin müddət başa çatdıqdan sonra göstərilən tələblərin məcburi qaydada icra ediləcəyi və bu Qanunla nəzərdə tutulmuş icra ödənişinin və icra hərəkətlərinin həyata keçirilməsi ilə bağlı xərclərin ondan tutulacağı göstərilir. Azərbaycan Respublikası “İcra haqqında” Qanunun 12-ci maddəsinə əsasən Qanunun 8.2-ci maddəsinin üçüncü bəndində nəzərdə tutulmuş hal istisna olmaqla, icra məmuru icra sənədini aldığı gündən iki ay müddətində bütün zəruri icra hərəkətlərini həyata keçirməlidir. Azərbaycan Respublikasının qanunvericiliyi ilə və ya icra sənədi ilə icrası dərhal nəzərdə tutulmuş tələblər təxirə salınmadan icra olunur. Odur ki, borclu Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməsinə dair inzibati xəta haqqında iş üzrə icraata əməlində inzibati xəta tərkibi olmadığından xitam verilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 48-51, 53, 114, 115, 128-130-cu maddələrini rəhbər tutaraq QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməsinə dair iş üzrə icraata barəsində inzibati icraat aparılan şəxsin əməlində inzibati xəta tərkibi olmadığından xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 129-cu maddəsində müəyyən edilmiş qaydada Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Şəfa Dadaşova
Məhkəmə qərarları › İş №3(002)-3000/2024
Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qərar — İş №3(002)-3000/2024
04.11.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver