Məhkəmə qərarları › İş №3(002)-302/2021

Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qərar — İş №3(002)-302/2021

27.01.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(002)-302/2021 27.01.2021 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Mürsəlov Rufan Kamil oğlunun sədirliyi, Şahvələdov Ümüd Nadir oğlunun katibliyi, Qaradağ RPİ-nin 11-ci PB-nin sahə inspektoru, polis mayoru X2, 10 saylı Vəkil Bürosunun vəkili Vəkil, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs iştirakı ilə xx xxxxxx 1997-ci il tarixdə Ağcabədi rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, Ağcabədi rayonu, Rəncbərlər kəndində qeydiyyatda olan Şəxs Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Bakı şəhəri Qaradağ RPİ-nin 11-ci PB-dən daxil olmuş materiala baxaraq, MÜƏYYƏN ETDİM: Məhkəməyə təqdim edilmiş xx xxxxxx 2021-ci il tarixli MN ******* saylı protokoldan aydın olur ki, Şəxs xx xxxxxx 2021-ci il tarixdə Qaradağ rayonu ərazisində yerləşən 719 nömrəli YPX postunda polis əməkdaşlarına tabesizlik göstərərək, onların qanuni tələblərinə qəsdən tabe olmamışdır. Bu hərəkətləri ilə Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta törətmişdir. Məhkəmə iclasında iştirak edən Qaradağ RPİ-nin 11-ci PB-nin sahə inspektoru, polis mayoru X3 protokolu müdafiə edərək bildirmişdir ki, xx.xx.2021-ci il tarixdə saat 15:30 radələrində 719 saylı YPX postunun qarşısında Kamaz markalı **-BC-*** dövlət qeydiyyat nişanlı avtomaşın üzərində normadan artıq mişar daş olması və həmin avtomaşının üzərində 5 ədəd ödənilməyən cərimə borcu ilə bağlı həbsi olması səbəbilə YPX-nın əməkdaşları tərəfindən saxlanılan zaman avtomaşının sürücüsü Ağcabədi rayonu, Rəncbərlər kənd sakini xx.xx.1994 cü il təvəllüdlü, X1 vəsiqəsini təqdim edərkən onun müvafiq kateqoriyası olmadığı müəyyən edilmişdir. Bu barədə sürücüyə məlumat verilib hüquq və vəzifələri izah edildikdən sonra ona məxsus avtomaşının müvəqqəti dayanacağa yerləşdirilməsi barədə məlumat verilmişdir. Bu zaman avtomaşında sərnişin qismində əyləşən şəxs onun qardaşı olduğunu bildirən sonradan şəxsiyyəti məlum olan Şəxs avtomaşının cərimə meydançasına yerləşdiriləcəyi təqdirdə Bakı-Qazax yolunun rayon istiqamətinə gedən hissəsini bağlamasını tələb etmişdir. Bu zaman sürücü avtomaşını çəpəki vəziyyətdə hərəkət etdirən zaman YPX əməkdaşları sürücü kabinasına qalxaraq onu durdurmağa çalışsalarda, hətta YPX əməkdaşları ondan avtomobili saxlamasını dəfələrlə tələb etsələrdə o, polis əməkdaşlarının qanuni tələblərinə qəsdən tabesizlik göstərərək öz qanunsuz əməllərini davam etdirmişdir. Belə ki, o avtomobili idarə edib yolun rayon istiqamətinə gedən hissəsinin tam bağlanmasına müvəffəq olmuşdur. Polis əməkdaşlarının eləcə də hərəkət iştirakçılarının köməkliyi və təkidi ilə YPX əməkdaşları onu yol kənarına çıxarmalarına baxmayaraq o sükan arxasından düşməyəcəyini bildirib yenidən onlara tabesizlik göstərmişdir. Bu barədə ərazi üzrə 11-ci PB-nə məlumat verilmiş, hadisə yerinə yaxınlaşan PB-nin əməliyyat qrupunu görən sürücü avtomaşını yenidən hərəkətə gətirərək oradan uzaqlaşmağa cəhd göstərərək oradan uzaqlaşmışdır. Hadisə yerinə gələn PB-nin əməliyyat qrupunun avtopatrulu və YPX əməkdaşları eyni istiqamətdə hərəkət edib ondan dəfələrlə avtomobili saxlamasını tələb etsələr də o hərəkətinə davam edərək hərəkət iştirakçılarının normal hərəkətinə maneə yaratmışdır. Polis əməkdaşları məcburiyyət qarşısında qalıb həmin avtomaşını operativ üsulla saxlanılmasına müvəffəq olub süni tıxac vasitəsilə avtomobili saxlamağa müvəffəq olmuşlar. Sürücü hər vasitədən istifadə edərək yolun sağ istiqamətindən sol istiqamətinə soldan sağ istiqamətə cəhd göstərsədə daynmaq məcburiyyətində qalmışdır. Bundan sonra o, sükan arxasında qapılar bağlı vəziyyətdə dəfələrlə qaz pedalına ayağını basılı vəziyyətdə saxlayaraq orada vahimə yaradaraq insanların diqqətini özünə cəlb etməyə, eləcə də avtomobildən çıxan zəhərli tüstü ilə polis əməkdaşlarını oradan uzaqlaşdırmağa çalışsa da polis əməkdaşları avtomobilin yanacaq borusundan mühərrikə gedən borunu ayıraraq avtomaşını dayandırmağa müvəffəq olmuşlar. Əməliyyat qrupunun və YPX-nın əməkdaşları sürücüdən və onun yanında sərnişin qismində əyləşən qardaşı Şəxs dəfələrlə tabe olmasını, eləcə də sürücünün avtomaşından yerə düşməsini tələb etsələrdə sürücü polis əməkdaşlarının qanuni tələblərinə tabesizlik göstərməsi səbəbindən əməkdaşlar Polis haqqında qanunun 26-cı maddəsinə əsaslanaraq hər iki vətəndaşa fiziki qüvvə tətbiq olunaraq 11-ci PB-nə gətirilmişlər. Buna görə də Şəxs barəsində xx xxxxxx 2021-ci il tarixdə MN ******* saylı inzibati protokol tərtib edilmişdir. Məhkəmə iclasında iştirak edən inzibati xəta törətmiş şəxs Şəxs öz izahatında barəsində tərtib edilmiş protokolu qəbul etməyərək bildirmişdir ki, o, qeyd olunan ünvanda ailəsi ilə birlikdə yaşayır. xx xxxxxx 2021-ci il tarixdə qardaşı X5 ilə birlikdə qardaşının idarə etdiyi Kamaz markalı ** BC *** dövlət qeydiyyat nişanlı avtomaşınla Qaradağ rayonu ərazisində yerləşən daş karxanasından üzü rayon istiqamətində gedərkən 719 saylı postda polis əməkdaşları onları saxlayaraq onlardan 15 manat pul istəmişlər. Qardaşı Rauf pul vermədiyi üçün maşının dayanacağa sürülməsi tələb edilmişdir. Bundan sonra qardaşı Rauf bu haqsızlığı görüb Kamazla yolun rayona gedən hissəsini bağlamışdır. Bundan sonra o, avtomaşından düşərkən polis əməkdaşları onu təhqir edərək sinəsinə vurmuş, onu otaqların birinə aparıb zor tətbiq etmişlər. Kamazın yan şüşələrini qırıb yerə tökmüşlər. Məhkəmə araşdırması zamanı qeyd olunan hadisə ilə bağlı X4 İXM-nin 535.1-ci maddəsi ilə məhkəməyə daxil olmuş inzibati materialda olan videogörüntüyə baxış keçirilmişdir. Baxış zamanı müəyyən edilmişdir ki, X5 idarə etdiyi Kamaz markalı ** BC *** dövlət qeydiyyat nişanlı avtomaşınla polisin qanuni tələbinə tabe olmayaraq ictimai qaydanı kobud surətdə pozaraq davamlı şəkildə öz qanunsuz hərəkətlərini davam etdirərək Bakı-Qazax yolunun Qazax istiqamətində 719 saylı YPX postunun qarşısında yolun sağ hərəkət hissəsini tam bağlayaraq avtomobillərin hərəkətini dayandırmış, polis əməkdaşları ilə əsassız mübahisə edərək onların qanuni tələblərinə tabe olmamışdır. Bu zaman onun qardaşı Şəxs da yanında olmuş və polislərlə mübahisə edərək polisin qanuni tələbinə tabe olmayaraq polisin uzun müddətli iş rejimini pozmuşdur. Məhkəmə, iş materiallarını nəzərdən keçirərək və izahatları dinləyərək hesab edir ki, Şəxs törətdiyi inzibati xəta tam sübuta yetirilmişdir. İş materiallarına əlavə edilmiş xx xxxxxx 2021-ci il tarixli inzibati qaydada tutma haqqında protokoldan aydın olur ki, Şəxs qeyd olunan inzibati pozuntuya görə xx xxxxxx 2021-ci il tarixdə saat 18:00 radələrində inzibati qaydada tutulmuşdur. Azərbaycan Respublikası İXM-nin 21-ci maddəsində göstərilir ki, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Məhkəmə, Şəxs tərəfindən törədilmiş inzibati xətanın xarakterini, ictimai təhlükəlilik dərəcəsini, qardaşı X4 qeyd olunan inzibati pozuntuya görə inzibati qaydada həbs edilməsini və ilk dəfə inzibati məsuliyyətə cəlb edilməsini nəzərə alaraq hesab edir ki, Şəxs barəsində cərimə növündə inzibati tənbeh tədbirinin tətbiq edilməsi daha ədalətli və əsaslıdır. Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə fiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Həmin Məcəllənin 31.4-1-ci maddəsində göstərilir ki, inzibati qaydada tutulmuş şəxs barəsində inzibati həbs istisna olmaqla tətbiq edilən digər inzibati tənbehin həddi, bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yuxarı həddinin dörddə üçündən çox ola bilməz. Şəxs hüquqlarının müdafiəsi üçün Bakı şəhər 10 saylı Vəkil Bürosunun vəkili Vəkil tərəfindən üç iş saatı sərf olunmuşdur. Odur ki, göstərilmiş hüquqi yardımla bağlı on səkkiz manat məbləğində pul dövlət büdcəsinin vəsaiti hesabından Vəkil ödənilməsi üçün vəkil işlədiyi Bakı şəhər 10 saylı Vəkil Burosunun hesabına ödənilməlidir. Qeyd olunanları nəzərə alaraq və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 115,128,129 və 130-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək, həmin Məcəllənin 31.4-1-ci maddəsinin tələbləri nəzərə alınmaqla 150 (yüz əlli) manat məbləğində inzibati cərimə edilsin. Şəxs inzibati qaydada tutmadan məhkəmə zalından dərhal azad edilsin. İnzibati xəta törətmiş şəxsə göstərilmiş hüquqi yardımla bağlı 18 (on səkkiz) manat məbləğində pul dövlət büdcəsinin vəsaiti hesabından Vəkil ödənilməsi üçün vəkil işlədiyi Bakı şəhər 10 saylı Vəkil Burosunun hesabına köçürülsün. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim: Rufan Mürsəlov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar