Məhkəmə qərarları › İş №3(002)-302/2023

Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qərar — İş №3(002)-302/2023

15.02.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(002)-302/2023 15.02.2023 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Dadaşova Şəfa Əliövsət qızının sədrliyi, Abbasov Fərid Zirəddin oğlunun katibliyi, inzibati xəta haqqında protokol tərtib etmiş şəxs Bakı şəhəri Qaradağ Rayon Polis İdarəsinin 10-cu PB-nin sahə rəisi, polis mayoru X1, zərərçəkmiş şəxs X2, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx xxxx 1985-ci il tarixdə Neftçala şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı (FİN: xxxxxxx), orta təhsilli, subay, ünvan 1 ünvanında qeydiyyatda olan Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta haqqında materiala baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair 15 fevral 2023-cü il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər Qaradağ Rayon Məhkəməsinə daxil olmuşdur. İnzibati xəta haqqında protokola və ona əlavə edilmiş materiallara əsasən, Şəxs 14 fevral 2023-cü il tarixdə saat 21:00 radələrində Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, 28 may küçəsində yerləşən «Kingsmart» mağazalar şəbəkəsinə aid marketdən oğurluq etmiş, bununla da, Azərbaycan Respublikasının İXM-nin 227-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Məhkəmə iclasında iştirak edən Qaradağ RPİ-nin 10-cu PB-nin polis sahə rəisi A.A.Əsədullayev tərtib etdiyi inzibati xəta haqqında protokolu müdafiə edərək bildirmişdir ki, R.S.Kərimovun Qaradağ RPİ-nin 10-cu PB-yə etdiyi müraciət əsasında Polis Bölməsində araşdırma aparılmış, vurulmuş ziyanın məbləği nəzərə alınmaqla 15 fevral 2023-cü il tarixdə toplanmış material üzrə cinayət işinin başlanması rədd edilmiş, Şəxs barəsində Azərbaycan Respublikasının İXM-nin 227-ci maddəsi ilə inzibati tədbir görülməsi qərara alınmışdır. Bu səbəbdən də, sonuncunun barəsində Azərbaycan Respublikasının İXM-nin 227-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilərək məhkəməyə təqdim edilmişdir. Göstərilənləri nəzərə alaraq, X.E.Allahverdiyev barəsində müvafiq inzibati tənbeh tədbirinin tətbiq edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs ona istinad edilən əməli törətdiyini etiraf edərək bildirmişdir ki, işsizdir, heç bir yerdə işləmir. Qaradağ rayon, Lökbatan qəsəbəsi ərazisində yerləşən «Kingsmart» mağazalar şəbəkəsinə aid marketlərdən dəfələrlə oğurluq etmişdir. O, mağazaya iş vaxtı getmiş, orada bir müddət gəzdikdən sonra yağ olan vitrinlərə yaxınlaşmışdır. Yağ vitrinindən əlinə keçən 1 kq-lıq qablaşdırmada olan 2-3 paçka müxtəlif firmalara məxsus yağları əynində olan gödəkçənin alt hissəsinə qoyaraq mağazadan çıxmışdır. Oğurladığı yağları dəyərindən aşağı qiymətə müxtəlif mağazalara ucuz qiymətə satdıqdan sonra əldə etdiyi pulu öz şəxsi maraqlarına xərcləmişdir. O, Lökbatan qəsəbəsində yerləşən «Kingsmart» mağazalar şəbəkəsinə aid marketdən dəfələrlə müxtəlif firmalara məxsus 1 kq-lıq qablaşdırmada olan yağlar oğurlamışdır. Sonuncu dəfə xx.xx.2023-cü il tarixdə hava qaraldıqdan sonra Lökbatan qəsəbəsində yerləşən «Kingsmart» mağazalar şəbəkəsinə aid marketdən oğurladığı 2 ədəd 1 kq-lıq qablaşdırmada olan yağları oğurlayıb çıxarkən mağazanın rəhbərliyi tərəfindən saxlanılmışdır. O, mağazanın rəhbərliyinə onlara məxsus yağları oğurladığını etiraf etmişdir. «Kingsmart» mağazalar şəbəkəsinə aid hər iki marketdən ümumilikdə 5-6 dəfə yağ oğurluğu etmişdir. Oğurladığı yağların qiyməti barədə dəqiq məlumatı yoxdur. Hazırda əməlindən peşmandır və bir daha belə hərəkətlərə yol verməyəcəyini nəzərə alaraq, barəsində yüngül inzibati tənbeh tədbirinin tətbiq edilməsini məhkəmədən xahiş etmişdir. Həmçinin ona verilmiş suala cavab olaraq bildirmişdir ki, zərərçəkmiş şəxsə vurulmuş ziyanın ödənilməsinə isə maddi vəziyyəti hazırda uyğun deyildir. Bundan başqa, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəmə iclasında ona verilmiş suallara cavab olaraq bildirmişdir ki, o, zərərçəkmiş şəxsə vurduğu zərəri ödəməmişdir. Həmçinin bildirmişdir ki, polis əməkdaşları tərəfindən saxlanılarkən hüquq və vəzifələri ona izah edilmiş, müdafiəçinin pulsuz hüquqi yardımından istifadə etmək hüququ izah edilsə də, bundan özü imtina etmiş, barəsində tərtib olunmuş inzibati xəta haqqında protokolla və ona əlavə edilmiş materiallarla tanış olmuş, işgəncəyə, qeyri-insani və ya ləyaqəti alçaldan rəftara məruz qalmamış, ona heç bir fiziki təzyiq və zorakılıq göstərilməmişdir. Bundan əlavə, məhkəməyə ərizə təqdim edərək bildirmişdir ki, hazırda məhkəmə iclasında hüquqlarının müdafiəçi tərəfindən müdafiə edilməsinə ehtiyacı yoxdur, bu, onun maddi vəziyyəti ilə əlaqədar deyildir. Heç bir əlillik dərəcəsi yoxdur. Məhkəmə iclasında iştirak edən zərərçəkmiş şəxs X4 izahat verərək bildirmişdir ki, «Kingsmart» mağazalar şəbəkəsində müdir vəzifəsində çalışır. Mağaza daxilində olan müşahidə kameralarına baxan zaman ayrı-ayrı vaxtlarda 30-35 yaşlarında naməlum şəxsin yağ vitrinindən yağları oğurlamasını müəyyən etmişdir. Mağazaya 500 manat miqdarında ziyan dəymiəsi barədə ərizə ilə 10-cu polis bölməsinə müraciət etmişdir. Həmçinin barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs şikayətçi olduğunu və ona dəymiş ziyanın ödənilmədiyini qeyd etmişdir. Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyərək və inzibati xəta haqqında işin materiallarını araşdıraraq hesab edir ki, X.E.Allahverdiyevin Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi tam sübuta yetirilir. Belə ki, iş materiallarında olan Qaradağ RPİ-nin 10-cu Polis Bölməsinin rəisi vəzifəsini müvəqqəti icra edən Nicat İslamlıya ünvanlanmış 15 fevral 2023-cü il tarixli raportdan görünür ki, ünvan 2 ünvanında yaşayan xx.xx.1977-ci il təvəllüdlü Rəşad Kərimov ərizə və izahatla Qaradağ RPİ-nin 10-cu PB-yə müraciət edərək, Qaradağ rayon, Lökbatan qəsəbəsi ərazisində yerləşən «Kingsmart» mağazalar şəbəkəsinə aid marketin müdiri vəzifəsində işlədiyini, işlədiyi mağazanın daxilində olan müşahidə kameralarına baxan zaman ayrı-ayrı vaxtlarda mağazanın daxilində olan 30-35 yaşlarında kişinin yağ vitrinindən yağ oğurladığını müəyyən etmiş, xx.xx.2022-ci il tarixdə müşahidə kameralarına yenidən baxış keçirən zaman əvvələr mağazadan oğurluq etmiş şəxsin yenidən orada olduğunu, yağ vitrinindən yağ oğurlayaraq mağazanı tərk edən zaman tərəfindən saxlanıldığını və polis əməkdaşlarına təhvil verdiyini bildirmişdir. Məhkəmə iclasında ünvanlanmış suala cavab olaraq bildirmişdir ki, oğurluq edən şəxsin ayrı-ayrı vaxtlarda mağazanın daxilindən yağ vitrinindən 5-6 dəfə ümumi dəyəri 500 manata yaxın olan Fransa istehsalı yağları oğurlaması halları aşkar edərək müşahidə kameralarında olan video görüntülərı yaddaş kartına köçürmüşdür. Oğurluq nəticəsində ona ümumilikdə 500 (beş yüz) manat maddi ziyan dəydiyini bildirmişdir. Beləliklə, toplanmış təhqiqat materialından görünür ki, vətəndaş X2 ərizəsində göstərilən xüsusatlarda talanmış əmlakın dəyəri 500 (beş yüz ) manat təşkil etdiyi üçün, əməli törətmiş Şəxs əməlində Azərbaycan Respublikası CM-nin 177.1-ci maddəsinin tərkibi yaranmır, ona görədə cinayət işinin başlanması rədd edilmişdir. Hadisəni törətmiş Şəxs əməlində Azərbaycan Respublikası İXM-in 227-ci maddəsinin tərkib əlaməti olduğundan həmin şəxsin inzibati məsuliyyətə cəlb edilməsi məqsədilə inzibati icraat açılması üçün Qərarın bir surəti 10-cu PB-nin rəhbərliyinə raportla məruzə olunmuşdur. İş materiallarında olan cinayət işinin başlanmasının rədd edilməsi haqqında 15 fevral 2023-cü il tarixli qərardan görünür ki, X2 müraciəti əsasında toplanmış material üzrə cinayət işinin başlanması rədd edilmiş, Şəxs barəsində Azərbaycan Respublikasının İXMnin 227-ci maddəsi ilə inzibati tədbir görülməsi qərara alınmışdır. Məhkəmə iclasında “Azemis” elektron məhkəmə sisteminin digər məhkəmə işləri barədə məlumatlar bölməsindən məlum olmuşdur ki, Şəxs əvvəllər dəfələrlə analoji və digər inzibati xətalar törətməsi səbəbindən onun barəsində məhkəmələr tərəfindən inzibati tənbeh tətbiq edilməsi barədə qərar qəbul olunmuşdur. İş materiallarında olan tutma haqqında protokoldan görünür ki, Şəxs 14 fevral 2023cü il tarixdə saat 23:15-də inzibati qaydada tutulmuşdur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsinə əsasən xırda talama, yəni oğurlama, mənimsəmə, israfçılıq, qulluq mövqeyindən sui-istifadə və ya dələduzluq yolu ilə özgəsinin əmlakını talamağa görə - yüz altmış saatdan iki yüz qırx saatadək ictimai işlər və ya işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda isə üç ayadək müddətə inzibati həbs tətbiq edilir. Həmin Məcəllənin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 9.1-ci maddəsinin tələbinə görə, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Həmin Məcəllənin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə Azərbaycan Respublikasının İXM-nin 32-ci maddəsinə əsasən X.E.Allahverdiyevin özünü təqsirli bilməsini məsuliyyəti yüngülləşdirən hal kimi qiymətləndirir. Həmin Məcəllənin 33-cü maddəsinə əsasən X.E.Allahverdiyevin məsuliyyətini ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə X.E.Allahverdiyevin törətdiyi inzibati xətanın hallarını, şəxsiyyətini xarakterizə edən halları və cəmiyyətin maraqlarını, həmçinin eyni əməli əvvəllər törədərkən barəsində inzibati tənbeh tətbiq olunmasına baxmayaraq, islah olunmadığını nəzərə alaraq hesab edir ki, onun barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş həbs növündə inzibati tənbeh tədbirinin tətbiq edilməsi məqsədəmüvafiqdir. Məhkəmə həmçinin hesab edir ki, inzibati həbsdə saxlama müddətinin əvvəli şəxsin faktiki hüquqlarının məhdudlaşdırıldığı andan, yəni 14 fevral 2023-cü il tarixdən, saat 23:15-dən hesablanmalıdır. Həmin Məcəllənin 89.5-ci maddəsinə əsasən inzibati qaydada tutma müddəti inzibati xəta törətmiş şəxsin protokol tərtib etmək üçün gətirildiyi vaxtdan, sərxoş halda olmuş şəxsin isə ayıldığı vaxtdan hesablanır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114-117, 128-130 və 227-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək barəsində 02 ay müddətə inzibati həbs tətbiq edilsin. İnzibati həbs müddətinin əvvəli 14 fevral 2023-cü il tarixdən, saat 23:15-dən hesablansın. Şəxs Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi tərəfindən müəyyən edilən yerdə mühafizə altında saxlanılsın. Qərarın icrası Azərbaycan Respublikası Bakı şəhəri Qaradağ Rayon Polis İdarəsinə və Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinə bilavasitə tabe olan inzibati həbs olunanların saxlanılma mərkəzinə həvalə edilsin. Qərarın surəti tərəflərə rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Qaradağ Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Şəfa Dadaşova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar