Məhkəmə qərarları › İş №3(002)-3022/2024

Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qərar — İş №3(002)-3022/2024

05.12.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(002)-3022/2024 05.12.2024 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Mürsəlov Rufan Kamil oğlunun sədrliyi, Mustafayeva Sevda Bahaddin qızının katibliyi, Şikayət vermiş şəxs X3 iştirakı ilə, Qaradağ RPİ-nin 10-cu PŞ-nın polis sahə inspektoru X6 tərəfindən qəbul edilmiş 02 aprel 2024-cü il tarixli, EPQ ******* saylı inzibati tənbeh vermə haqqında qərardan X4 tərəfindən verilmiş şikayətə Qaradağ rayon Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: ünvan 1 ünvanında yaşayan X4 ərizə ilə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinə müraciət edərək Qaradağ RPİ-nin 10-cu PŞ-nın EPQ ******* saylı, 02 aprel 2024-cü il tarixli inzibati tənbeh vermə haqqında qərarın “İnzibati icraat haqqında” Qanunun 65.1-ci maddəsinə görə ləğv edilməsini və inzibati xəta pozuntusunun olmması səbəbilə iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Şikayətdə göstərilmişdir ki, xx.xx.2024-ci il tarixində yuxarıda göstərilən və yaşadığı ünvanda bir it saxladığına görə Qaradağ Rayon Polis şöbəsi tərəfindən İXM-nin 290.1.1-ci maddəsi rəhbər tutularaq qarar qəbul edilmişdir. Qərar inzibati xəta haqqında ******* saylı protokol əsasında tərtib edildikdə İXM-nin 290.1.1 maddəsini əsas gətirərək tərtib edən orqan dəlil və ya sübut göstərə bilməmişdir. Həm protokol, həm onun əsasında qərar pozuntularla tərtib edilib. Hadisənin predmeti haqqında protokolda "vət. X2 park yaşayış kompleksində ev heyvanlarının qadağan edilmiş yerlərdə saxlanılmasına, qidalandırılmasına, gəzdirilməsinə və ya yetişdirilməsinə” göstərilsə də, hansı müvafiq icra icra hakimiyyəti orqanının, həmin orqanın müəyyən etdiyi həmin qadağan edilmiş yer barədə və həmin "müvafiq icra icra hakimiyyəti orqanının müəyyən etdiyi sənədi və hadisə haqqında digər təfərrüatlar da göstərilməmişdir. Hadisənin predmetini təsdiq edən sübut sadəcə bu cümlə ilə göstərilib "ev heyvanlarının qadağan edilmiş yerlərdə saxlanılmasına, qidalandırılmasına, gəzdirilməsinə və ya yetişdirilməsinə". Halbuki bu sübutlar olduğu yerin ünvanı və məzmunu mütləq göstərilməlidir. Sanki sübut olan fotoşəkillər haqqında heç bir məlumat yoxdur: kim çəkib, harda çəkib, nə çəkib, çəkməyə icazəsi olubmu və.s. Halbuki, inzibati xətanın aşkar edilmasində xüsusi texniki vasitədən istifadə olunmuşdursa, onun növü, modeli, markası, tipi, göstəriciləri və.s qeyd olunmalıdır. Protokol və həm də qərarda imzası qoyulmalı olduğu yerdə protokol və qərarı tartib edən şəxsin qolu ilə onun tam adı yazılıb. Onun imzası deyil, o, imza qoymamışdır. Protokolu ona göstərməmişlər, imzalamaq təklif etməyiblər. Protokolda həmçinin göstərilir ki, o, X4, izahat verməkdən imtina etmişdir. (bunu təsdiq edən heç bir tərtib edilmiş akt yoxdur). Bu yalandır, izahat vermişdir. Özü tərəfindən bunları demək istəyir. Yuxarıda göstərilən ünvanda ailəsi ilə yaşayır. O bir it saxlayır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-cu il 9 mart tarixli, 38 nömrəli qərarı ilə təsdiq edilmiş "Azərbaycan Republikasının yaşayış məntəqələrində it, pişik və ya digər ev heyvanlarının saxlanması Qaydalarındaki" 2-ci hissəsinə ("Heyvanların saxlanması şərtləri") əsasən baytarlıq, sanitariya-gigiyena, səsküy və digər normalan pozmamaqla, şəhərdə və şəhərtipli qəsəbələrdə çoxmərtəbəli binaların ayrıca mənzillərində yaşayan hər bir ailəyə qonşulara narahatlıq yaratmamaq şərtilə bir it və iki pişik saxlamağa icazə verilir. Qeyd olnan qaydalarda yalnız çoxmərtəbəli binaların ayrıca mənzillərində ev heyvanlarının sayı müəyyən edilib, həyət evlərində və həyətyanı sahələrdə belə məhdudiyyət yoxdur. Heyvanı mütamadi olaraq baytarlıq nəzarətindən keçirilirlər. Bu iti öz istəyi ilə öz evinə götürmüş və bir ildən çox müddətdir ki, saxlayır. Yuxarıda göstərilən "Azərbaycan Respublikasının yaşayış məntəqələrində it, pişik və ya digər ev heyvanlarının saxlanması Qaydalarında 8-ci hissədə ("Heyvanların saxlanması qaydalarına nəzarət"), 8.1.2 maddəsində göstərildiyi kimi "daxili işlər orqanları müvafiq qanunvericilik aktlarına uyğun olaraq, heyvanların saxlanması haqqında qaydaları pozan şəxslər barədə tədbirlər görülməsi üçün ərazi baytarlıq idarələrinə məlumat verir". Halbuki, protokolu tərtib edən orqan tərəfindən Baytarlıq İdarəsinə və hətta Qaradağ rayon İcra Hakimiyyətinə belə məlumat verilməyib, hansısa mübahisə yaradan nüanslar olsa belə, onların aradan qaldırılması haqqında təkliflər və ya hər hansı bir tədbirlər görülməyib. Avropa İnsan Hüquqları Məhkəməsi (Avropa Məhkəməsi) presidentlərində qeyd edib ki, iki şərtin (normanın ümumi xarakteri və tənbehin cazalandırma məqsədi) mövcudluğu şəxsin cinayət ittihamına məruz qalmasını müəyyən etmək üçün yetərlidir. (Lauko v. Slovakia, judgment of 2 September 1998, Reports 1998-Vİ, § 58). Avropa Məhkəməsinin Azərbaycan Respublikası İXM-nin bu xüsusiyyətini artıq bir sıra işlərdə təkrar edib. (Asadbeyli and Others v. Azerbaijan, judgment of 11 December 2012;55 152-55). Ərizəçi hesab edir ki, o qeyd olunan ittiham üzrə mühakimə olunarkən onun mühakiməsi konvensiyanın 6-cı maddəsinin bir sıra tələblərinə cavab verməyib. Belə ki, onun mühakimə olunması zamanı çəkişmə prinsipi pozulub, onun barəsində yetərincə əsaslandırılmamış qərar qəbul edilib. Ərizəçi hesab edir ki, onun hüquqlarının pozulması ölkədə inzibati xətalara dair işlərə baxılmasına dair qanunvericilikdə mövcud olan əhəmiyyətli sistem problemləri ilə bağlıdır. Ərizəçi barəsində 02 mart 2024-ci ildə onun İXM-nin 290.1.1 cü maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməsi barədə protokol tərtib edilmişdir. Protokolda sadəcə bu maddənin tələblərini pozduğu, yəni ev heyvanlarının qadağan edilmiş yerlərdə saxlanılmasına, qidalandırılmasına, gəzdirilməsinə və ya yetişdirilməsinə qeyd olunmuşdur. Lakin hansı hansı qaydaları pozması, bu qaydaların tələblərinin nədən ibarət olması, itlərin yemlənməsinin qadağan olunan yer barədə sənəd və ərizəçinin barədə protokolda heç bir şey göstərilməmişdir. Ərizəçi barəsində protokol hazır blankda tərtib edilsə də, blankda bir çox qrafalar doldurulmamışdır. Ərizəçinin inzibati xətanı harada törətməsi, bu xətanı təsbit edən hər hansı texniki vasitlər, xətanı görən şahidlər, ərizəçinin izahatı və vəsatətləri, ərizəçiyə hüquqlarının izah edilməsi barədə qrafalar boş saxlanılmıdşır. Eyni tarixdə bu protokol əsasında qərar qəbul edilib ərizəçi cərimə edilmişdir. Ərizəçi barəsində qəbul edilən cərimə olunması barədə qərar da blankda tərtib edilmiş və bu qərar da yarımçıq olmuşdur, qərarda ümumiyyətlə ərizəçinin hansı əməli törətməsi göstərilməmiş, yalnız təqsirli bilindiyi "İXM-nin 290.1.1-cü maddəsi" qeyd olunmuşdur. Ərizəçinin təqsirli bilinməsi barədə qərarın əsasını yalnız ərizəçi barəsində tərtib edilmiş inzibati xəta haqqında protokol təşkil edir. Avropa Məhkəməsi Azərbaycanda inzibati xətalarla bağlı işlərə baxarkən yalnız protokola istinad edərək şəxsin təqsirliliyi məsələsini həll etməsi ilə bağlı problemləri artıq bir çox işlərdə vurğulayıb. (Gafgaz Mammadov v. Azerbaijan no. 60259/11, § 85, 15 October 2015). Ərizəçi hesab edir ki, İnzibati Xətalarla bağlı qanunvericilikdə olan əhəmiyyətli problem bu işlərə baxarkən ərizəçilərin hüquqlarının pozulması ilə nəticələnir. Belə ki, qanunvericilikdə vəzifəli şəxslərin tərtib etdiyi protokolların hüquqi təbiəti mübahisəlidir. Bu protokollar həm şəxslərə qarşı ittiham irəli sürən sənəd (İXM maddə 100), həm də bu ittihamı təsdiq edən sübutlardır. (İXM maddə 76.1) Bu da məhkəmələrin yalnız protokola istinad edərək şəxsin təqsirli bilinməsi barədə qərar qəbul etməsinə şərait yaradır. Hesab edir ki, bu standartlarla mühakimə edilmə Konvensiyanın 6-cı maddəsinin ruhuna uyğun çəkişməli proses sayıla bilməz. Yuxarıda qeyd olunan Qafqaz Məmmədov işində vurğulandığı kimi bu çəkişmə prinsipini pozulmasını gücləndirən daha bir amil inzibati xətalarla bağlı prosesdə ittihamçı tərəf olaraq prokurorların iştirak etməməsidir. Belə şərtlər altında ittiham həm də özünün sübutuna çevrilir. Ərizəçinin situasiyasında vəziyyəti ağırlaşdıran amil, onun barəsində tərtib edilən protokolun əhəmiyyətli natamam olması, onun tərtib edilməsi barədə ona hüquqlarının izah edilməməsi və onun izahatının alınmaması mövqeyinin öyrənilməməsi olmuşdur. Ərizəçi barəsində qərar qəbul edilərkən də onun iştirakı təmin edilməmişdir. Ərizəçi yalnız qərarı alandan sonra ondan şikayət vermək imkanı əldə etmişdir. Məhkəmənin iclasında iştirak edən şikayət vermiş şəxs X4 öz izahatında verdiyi şikayəti müdafiə edərək təqsirli olmadığına görə barəsində qəbul edilmiş 02 aprel 2024-cü il tarixli, EPQ ******* saylı inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsini və iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə Qaradağ RPİ-nin 10-cu PŞ-na rəsmi qaydada təkrarən məlumat verilməsinə baxmayaraq qeyd olunan təşkilatdan nümayəndə məhkəmə iclasında iştirak etməmiş, bunun səbələri barədə də məhkəməyə heç bir məlumat verilməmiş və iş üzrə materiallar məhkəməyə təqdim edilməmişdir. Məhkəmə işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, şikayət vermiş şəxsin izahatını dinləyib və iş materiallarını araşdıraraq hesab edir ki, Qaradağ RPİ-nin 10-cu PŞ-nın polis sahə inspektoru X6 tərəfindən qəbul edilmiş 02 aprel 2024-cü il tarixli, EPQ ******* saylı inzibati tənbeh vermə haqqında qərar ləğv edilməli və inzibati xəta haqqında iş yenidən baxılması üçün onu qəbul etmiş orqana geri qaytarılmalıdır. Belə ki, şikayətə əlavə edilmiş 02 aprel 2024-cü il tarixli, EXP ******* saylı inzibati xəta haqqında protokolda göstərilmişdir ki; “ Respublika paytaxtı, küçə, xx.xx.2024, səhər (saat 6-12), Qobu Park yaşayış kompleksi bina 22-də X4 tərəfindən İXM-nın 290.1.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. Buna görə də o, EPQ ******* saylı, 02 aprel 2024-cü il tarixli qərarla İXM 290.1.1-ci maddəsi ilə təqsirli bilinərək elektron qaydada 200 manat məbləğində cərimə edilmişdir. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, X4 barəsində tərtib edilmiş 02 aprel 2024-cü il tarixli, EXP ******* saylı inzibati xəta haqqında protokol və 02 aprel 2024cü il tarixli, EPQ ******* saylı inzibati tənbeh vermə haqqında qərar Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 100-cü maddəsinin tələbləri pozulmaqla şəxsin barəsində əsassız tərtib edilməklə inzibati xəta törətməsi ehtimal olunan X1 törətdiyi inzibati pozunutunun nədən ibarət olması (o cümlədən inzibati xətanın törədildiyi yer, vaxt və bu xətanın mahiyyəti, protokol qəbul edilərkən şəxsin iştirak edib-etməməsi, onun hüquq və vəzifələrinin izah edilməsi, inzibati xətanın törədilməsinin hansı sübutlarla müəyyən edilməsi, maddi sübutların olub-olmaması, həmin maddi sübutların qablaşdırılaraq götürülüb-götürülməməsi və sair bir çox halları) müəyyən edilməmişdir. Bundan başqa məhkəmə araşdırması zamanı qeyd olunan inzibati xətanın törədilməsinə dair məhkəməyə heç bir sübut, o cümlədən inzibati xəta törədilməsi ehtimal edilən şəxslərin izahatları, inzibati xətanın aşkar edilməsində istifadə olunan foto və ya video görüntülər və s. sübutlar təqdim edilməmişdir. Azərbaycan Respublikasının İXM-nin 100.1-ci maddəsinə əsasən bu Məcəllənin 54cü maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, inzibati xətanın törədilməsi haqqında protokol tərtib edilir. İnzibati xəta haqqında protokolda aşağıdakılar göstərilir: 100.1.1. protokolun tərtib edildiyi tarix və yer; 100.1.2. protokolu tərtib etmiş şəxsin vəzifəsi, soyadı, adı, atasının adı; 100.1.3. barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs haqqında məlumat, o cümlədən vətəndaşın fərdi identifikasiya nömrəsi; 100.1.4. inzibati xətanın törədildiyi yer, vaxt və bu xətanın mahiyyəti; 100.1.5. inzibati xətaya görə məsuliyyət nəzərdə tutan bu Məcəllənin müvafiq maddəsi; 100.1.6. olduğu halda, şahidlərin və zərər çəkmiş şəxslərin adı, atasının adı, soyadı və onların yaşadığı yerin ünvanı; 100.1.7. barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsin və ya hüquqi şəxsin nümayəndəsinin izahatları; 100.1.8. inzibati xətanın aşkar edilməsində xüsusi texniki vasitələrdən istifadə olunmuşdursa, onların göstəriciləri, habelə istifadə olunmuş xüsusi texniki vasitənin tipi, markası, modeli, yerləşdiyi yer, ölçmə vasitəsinin son dəfə müqayisəli dövlət yoxlamasından keçdiyi vaxt (bunu təsdiq edən sənədin nömrəsi, tarixi) və növbəti yoxlamanın keçirilməli olduğu vaxt barədə məlumatlar; 100.1.9. inzibati xətanın törədilməsi nəticəsində şəxsin sağlamlığına yüngül zərər vurulmuşdursa və ya maddi zərər yetirilmişdirsə, bu hallar barədə qeydlər; 100.1.10. inzibati xəta haqqında iş üzrə icraat üçün zəruri olan digər məlumatlar. Həmin Məcəllənin 100.2-ci maddəsinə əsasən protokol tərtib edilərkən, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsə və ya hüquqi şəxsin nümayəndəsinə, habelə inzibati xəta haqqında iş üzrə icraatın digər iştirakçılarına bu Məcəllədə nəzərdə tutulmuş hüquqları və vəzifələri izah edilir və bu barədə protokolda müvafiq qeyd aparılır. Həmin Məcəllənin 100.3-cü maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsə və ya hüquqi şəxsin nümayəndəsinə inzibati xəta haqqında protokolun surəti verilir. İnzibati xəta haqqında iş üzrə zərər çəkmiş şəxsin də inzibati xəta haqqında protokolun surətini almaq hüququ vardır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. Həmin Məcəllənin 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Həmin Məcəllənin 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Həmin Məcəllənin 134.1.4-cü maddəsinə əsasən bu Məcəllənin 135.1.1 və 135.1.6cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında qərar qəbul edilir. Həmin Məcəllənin 135.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar aşağıdakılardır: 135.1.1 hakimin, səlahiyyətli orqanın (vəzifəl işəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmaması; 135.1.6. bu Məcəllə ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması. Beləliklə, məhkəmə hesab edir ki, şikayətçi X3 pozulmuş hüquqlarının təmin edilməsi məqsədi ilə Qaradağ RPİ-nin 10-cu PŞ-nın polis sahə inspektoru X6 tərəfindən qəbul edilmiş 02 aprel 2024-cü il tarixli, EPQ ******* saylı inzibati tənbeh vermə haqqında qərar ləğv edilməli, işin halları hərtərəfli, tam və obyektiv araşdırılmadığından İnzibati Xətalar Məcəlləsinin tələbləri nəzərə alınmaqla iş materialları yenidən baxılması üçün müvafiq səlahiyyətli orqana geri qaytarılmalıdır. Yuxarıda göstərilənləri və Azərbaycan Respublikasının İXM-nin 128, 129, 133-137 ci maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şikayət qismən təmin edilsin. X3 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 290.1.1-ci maddəsi ilə tənbeh edilməsinə dair 02 aprel 2024-cü il tarixli, EPQ ******* saylı qərar ləğv edilsin və inzibati xəta haqqında iş yenidən araşdırılıb baxılması üçün müvafiq səlahiyyətli orqana geri qaytarılsın. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Rufan Mürsəlov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar