Məhkəmə qərarları › İş №3(002)-3035/2024

Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qərar — İş №3(002)-3035/2024

16.12.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(002)-3035/2024 16.12.2024 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Mürsəlov Rufan Kamil oğlunun sədrliyi, Mustafayeva Sevda Bahaddin qızının katibliyi, Dövlət Gömrük Komitəsinin nümayəndəsi X1, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs vəkili Vəkil iştirakları ilə, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 504-cü maddəsi ilə inzibati məsuliyyətə cəlb olunmasına dair materiala Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Əməliyyat-İstintaq Baş İdarəsi tərəfindən Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 504-cü maddəsi ilə inzibati xəta törətməsinə dair material daxil olmuşdur. Məhkəməyə təqdim edilmiş Dövlət Gömrük Komitəsinin Əməliyyat-İstintaq Baş İdarəsinin 04 noyabr 2024-cü il tarixli, 10000-00108/24 saylı protokoldan və ona əlavə edilmiş sənədlərdən aydın olur ki, Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Əməliyyat-İstintaq Baş İdarəsi İstintaq İdarəsinin 2-ci şöbəsində araşdırması aparılmış 3- 33/1-033539/2024 nomrəli material üzrə 23 oktyabr 2024-cü il tarixdə qəbul edilmiş cinayət işinin başlanmasının rədd edilmesi haqqında" qorar ilə Azərbaycan Respublikasının vəətndaşı Şəxs əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 504-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanın tərkib əlamətləri olduğundan materiallardan zəruri sənədlər ayrılaraq baxılması üçün aidiyyəti üzrə Təhqiqat şöbəsinə verilmişdir. 3-33/1-033539/2024 nömrəli material üzrə 23 oktyabr 2024-cu il tarixdə qəbul edilmiş "cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərardan və materialdan ayrılmış sənədlərdən görünür ki, Azərbaycan Respublikasının vətəndaşı Şəxs gömrük qaydalarının pozulması yolu ilə 21 mart 2023-cü il tarixdə Azərbaycan Respublikası Dovlət Gömrük Komitəsinin Tovuz Gömrük İdarəsinin Qazax rayonu ərazisində yerləşən "Qırmızı Körpü" gömrük postundan keçirilməklə Azərbaycan Respublikasının gömrük ərazisinə gətirilmiş, gömrük rəsmiləşdirilməsi məqsədilə Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Aksizli Mallar üzrə Baş Gömrük İdarəsinə təyinat almış, gömrük rəsmiləşdirilməsinin aparıldığı tarixə zavod buraxılış ilindən 10 ildən artıq müddət keçdiyi üçün müvafiq gömrük rəsmiləşdirilməsindən keçirilmədən buraxılışına icazə verilmiş və Azərbaycan Respublikasının gömrük ərazisində olan "Mercedes-Benz 0403" markalı, 1997-ci il buraxılışı, şassi nömrəsi NMB**********3966 olan sərnişin avtobusunu eldə etmiş və saxlamış, həmçinin həmin sərnişin avtobusunun üzerində olan NMB**********3966 şassi nömrəsini qaynaq üsulu ilə olduğu yerden çıxarmış, daha sonradan özünün mülkiyyətində olan "Mercedes-Benz" markalı, 1988-ci il buraxılışı, 77RN192 dövlət nömrə nişanlı sornişin avtobusunun üzərində olan 34S891874 şassi nömrəsini qaynaq üsulu ilə olduğu yerden götürərək "Mercedes-Benz 0403" markalı 1997-ci il buraxılışlı sərnişin avtobusunun üzerinə qaynaq edərək, eyni zamanda "Mercedes-Benz" markalı, 1988-ci il buraxılışlı sərnişin avtobusunun üzərində olan 77RN192 dövlət nömrə nişanını "Mercedes-Benz 0403" markalı, 1997-ci il buraxılışı sərnişin avtobusunun üzərinə vurmaqla sözügedən sərnişin avtobusunu istifadə etmiş və onun üzərində qanunsuz sərəncam vermişdir. İş üzrə materiallarda olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin İnterpolun Milli Mərkəzi Bürosunun xx.xx.2024-cü il tarixli 3-13-25/2-7736/2024 nömrəli məktubu ilə təqdim olunmuş məlumatlardan görünür ki, NMB**********3966 şassi nömrəli "Mercedes-Benz 0403" markalı avtomobilin axtarışda olması barədə təşkilatın "e-ASF avtomatlaşdırılmış axtarış sistemində məlumat mövcud deyildir. İş üzrə materiallarda olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat ve Statistik İnformasiya İdarəsinin xx.xx.2024-cü il tarixli, 3-13-12/2- 109944/2024 nömrəli məktubu ilə təqdim olunmuş məlumatlardan görünür ki, "Mercedes- Benz 0303" markalı, **-RN-*** dövlət nömrə nişanlı, 1988-ci il buraxılışlı, şassi nömrəsi ********* olan nəqliyyat vasitəsinin mərkəzləşdirilmiş axtarış uçotlarında olması barədə hər hansı bir məlumat mövcud deyildir. İş üzrə materiallarda olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 25 iyul 2024-cü il tarixli, 3-16-16/2-3/1006-9/4729 nömrəli ekspert rəyindən görünür ki, tədqiqata təqdim edilmiş 77RN 192 dövlət nömrə nişanlı avtobusun ön hissəsində olan ban nömrəsi sonradan silinmiş, yük yerində olan ban nömrəsi isə qaynaq üsulla dəyişdirilməsinə uyğun gəlir. Tədqiqata təqdim edilmiş 1997-ci il buraxılışlı, "Mercedes Benz" markalı, "0403" modelli təyinatı üzrə istifadəyə yararlı vəziyyətdə avtobusun xx.xx.2024-cü il tarixə olan orta bazar qiyməti 85000 manat müəyyən edilir. İş üzrə materiallarda olan Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Aksizli Mallar üzrə Baş Gömrük İdarəsinin Rəsmişləşdirmə mərkəzinin xx.xx.2024-cü il tarixli 3-33-3300/012/002958 nömrəli xidməti qeydindən görünür ki, Azərbaycan Respublikasının ərazisində dövriyyəyə buraxılan (idxal və Azərbaycan Respublikasında istehsal edilen) avtonəqliyyat vasitələrindən atmosfer havasına atılan zərərli maddələrə dair tələblərin Avro-4 ekoloji normalarına uyğunlaşdırılması barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarına əsasən 01 aprel 2014-cü il tarixdən Avro-4 ekoloji normaları tətbiq edildiyi üçün "Mercedes-Benz 0403" markalı, LM403ML nömrə nişanlı, 1997-ci il buraxılışlı avtobusun "sərbəst dövriyyə üçün buraxılış” gömrük prosedurunda rəsmiləşdirilməsi mümkün deyildir. İş üzrə materiallarda olan xx.xx.2024-cü il tarixli "VAİS-ə baxış keçirilməsi haqqında" protokoldan görünür ki, "Mercedes Benz 0403" markalı LM403ML nömrə nişanlı avtobus sonuncu dəfə xx.xx.2023-cü il tarixdə Gürcüstan istiqametinden olmaqla Tovuz Gömrük İdarəsinin "Qırmızı Körpü" gömrük postundan keçməklə 99LL454 dövlət qeydiyyat nişanlı avtoqatarın üzərində yük qismində gətirilmiş, xx.xx.2023-cü il tarixdə Aksizli Mallar üzrə Baş Gömrük İdarəsində **********813 nömrəli sadələşdirilmiş bəyannamə asasında rəsmiləşdirilərək buraxılışa verilmiş, gömrük orqanına təqdim edilmiş yol-nəqliyyat (CMR) sənədində nəqliyyat vasitəsini Gürcüstandan göndərən şəxs qismində Mamedov Mubariz, qəbul edən şəxsin qismində isə Musaev Sabit kimi göstərildiyi halda həmin nəqliyyat vasitəsinin rəsmiləşdirilmesinə dair tərtib edilmiş sadələşdirilmiş bəyannamədə bəyannaməçinin Nazim Suleimanov olduğu, lakin Nazim Süleymanovun sözügedən nəqliyyat vasitəsini rəsmiləşdirmək üçün hüququnun olmasını tesdiq edəcək hər hansı sənədinin olmadığı müəyyən edilmişdir. İş üzrə materiallarda olan Azərbaycan Respublikası Dövlet Gömrük Komitəsinin Aksizli Mallar üzrə Baş Gömrük İdarəsinin 11 iyun 2024-cü il tarixli "nəqliyyat vasitəsinin saxlanılması haqqında" və "nəqliyyat vasitəsinə baxış keçirilməsi haqqında" protokollardan görünür ki, "Mercedes Benz 0403" markalı sərnişin avtobusu xx.xx.2024-cü il tarixdə keçirilmiş əməlkiyyat-axtarış tədbirləri nəticəsində Bakı şəhəri, Qaradağ rayonu ərazisində yerləşən "Sədərək Ticarət Mərkəzi" adlanan ərazidə saxlanılmış, baxış keçirilməsi üçün Bakı şəhəri Qaradağ rayonu ərazisində yerləşən "Xocasen" gömrük postuna gətirilmiş və burada baxış keçirilən zaman "Mercedes-Benz 0403" markalı sərnişin avtobusunun üzərində olan şassi nömrəsinin silindiyi müəyyən edilmişdir. Beləliklə iş üzrə materiallardan görünür ki, Azərbaycan Respublikasının vətəndaşı Şəxs Azərbaycan Respublikasının gömrük ərazisinə gömrük qaydalarının pozulması yolu ilə gətirildiyini bilə-bilə "Mercedes-Benz 0403" markalı, 1997-ci il buraxılışlı, şassi nömrəsi NMB**********3966 olan sərnişin avtobusunu əldə etmiş, saxlamış, ondan istifadə etmiş və üzərində sərəncam vermişdir. Bu hərəkəti ilə Azərbaycan Respublikasının vətəndaşı Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 504-cü maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Bu fakt 11 iyun 2024-cü il tarixli "nəqliyyat vasitəsinin saxlanılması haqqında" və "nəqliyyat vasitəsinə baxış keçirilməsi haqqında" protokollar, işdə olan izahatlar, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin İnterpol-un Milli Mərkəzi Bürosunun xx.xx.2024-cü il tarixli 3-13-25/2-7736/2024 nömrəli məktubu, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməlliyyat və Statistik İnformasiya İdarəsinin xx.xx.2024-cü il tarixli 3-13-12/2-109944/2024 nömrəli məktubu, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 25 iyul 2024-cü il tarixli 3-16-16/2-3/1006- 9/4729 nömrəli ekspert rəyi, Azərbaycan Respublikası Dövlət X3 Mallar üzrə Baş Gömrük İdarəsinin Rəsmişləşdirmə Mərkəzinin xx.xx.2024-cü il tarixli 3-33-3300/012/002958 nömrəli xidməti qeydi, xx.xx.2024-cü il tarixli “VAİS-ə baxış keçirilməsi haqqında” protokol və işdə olan digər sənədlərlə təsdiq edilir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Azərbaycan Respublikasının vətəndaşı Şəxs araşdırma zamanı verdiyi izahatında 20 ilə yaxın müddətdir ki, avtobus sürücüsü işlədiyini, özünün 1988-ci il buraxılışı "Mercedes Benz 0303 markalı 77RN192 nömrell avtobusunun olduğunu, 2023-cü ilin dekabr ayında "Turbo.az" internet saytında satışda olan 1996-ci il buraxılış, Gürcüstan nömrəli "Mercedes Benz 0403" markalı avtobusa rast gəldiyini, həmin avtobusu satan Gürcüstan vətəndaşı Mübariz ilə görüşərək 15000 manat qarşılığında avtobusu aldığını, 2 ay həmin avtobusu gürcü nömrəsi ilə Mingəçevir-Bakı marşrutu ilə idarə edib sərnişin daşıdığını, daha sonradan Gürcüstan nömrəli nəqliyyat vasitələrinin ölkə ərazisində fəaliyyətinə qadağa qoyulması səbəbindən 2024-cü ilin mart ayında 1988-ci il buraxılışlı "Mercedes Benz 0303" markalı avtobusu yenidən qeydiyyata alınması üçün DYP-ya təqdim etdiyini, yeni alınmış şəhadətnamədə şassi qeyri zavod, mühərrik nömrəsi silindiyini, şassi ətrafında qaynaq işləri aparılmış xüsusi qeyd yazıldıqdan sonra 77RN192 nömreli avtobusun qeydiyyat nişanlarını yeni aldığı avtobusun üzerinə bağladığını, köhnə avtobusa məxsus 34S891874 nömreli BAN şassi nömrəsini 1996-cı il buraxılışlı yeni aldığı avtobusun üzerine qaynaq etdiyini, daha sonra həmin avtobusla "Mingəçevir-Sədərək Ticarət Mərkəzi" xətti ilə yük daşımağa başladığını, xx.xx.2024-cü il tarixdə əməliyyat müvəkkilləri tərəfindən saxlanılaraq Dövlət Gömrük Komitəsinin Aksizli Mallar üzrə Baş Gömrük İdarəsinə getirildiyini, idarə etdiyi avtobusa baxış zamanı həmin xüsusatların aşkar edildiyini, etdiyi əməlin qanunzidd olduğunu dərk etdiyini, bunu etməkdə məqsədinin qeyd olunan avtobusun 1996-cı il buraxılışlı olması səbəbindən onu rəsmiləşdirmədən idarə etmək olduğunu, avtobusun BAN nömrəsini dəyişməkdə heç kəsin ona kömək etmədiyini, 77RN192 nömrəli avtobusu kəsib doğradığını, detallarını gürcü nömrəli avtobusa qaynaq etdiyini, qalan detalları isə metal yığımı yerinə satdığını bildirmişdir. Məhkəmənin 10 dekabr 2024-cü il tarixli iclasında iştirak edən Dövlət Gömrük Komitəsinin 1-ci şöbənin böyük müstəntiqi, gömrük xidməti mayoru X4 tərtib etdiyi 04 noyabr 2024-cü il tarixli, 10000-00108/24 saylı protokolu müdafiə edərək göstərmişdir ki, maddi sübut hal-hazırda Dövlət Gömrük Komitəsinin “Xocasən” Gömrük Postunda saxlanılır. Odur ki, protokolun təmin olunmasını xahiş etmişdir. Məhkəmənin 16 dekabr 2024-cü il tarixli iclasında iştirak edən Dövlət Gömrük Komitəsi Təhqiqat şöbəsinin baş təhqiqatçısı X2 öz izahatında tərtib edilmiş protokolu müdafiə edərək Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 504-cü maddəsi ilə inzibati məsuliyyətə cəlb olunmasını xahiş etmişdir. Məhkəmənin 03 dekabr 2024-cü il tarixli iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs barəsində tərtib edilmiş protokolu qəbul etməyərək barəsində İXM-nin 504-cü maddəsi ilə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs vəkili Vəkil öz izahatında hüquqlarını müdafiə etdiyi Şəxs barəsində qəbul edilmiş protokolu qəbul etməyərək Şəxs İXM-nin 504-cü maddəsi ilə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə hesab edir ki, Şəxs tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 504-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsi iş materialları ilə tam sübuta yetirilir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 504-cü maddəsinə əsasən, malların və ya nəqliyyat vasitələrinin Azərbaycan Respublikasının gömrük ərazisinə gömrük qaydaları pozulmaqla gətirilməsini bilə-bilə həmin malların digər şəxslər tərəfindən əldə edilməsinə, daşınmasına, saxlanmasına, onlardan istifadə edilməsinə və ya onlar üzərində sərəncam verilməsinə görə - inzibati xətanın bilavasitə obyekti olan mallar və nəqliyyat vasitələri müsadirə edilir, yaxud həmin malların və nəqliyyat vasitələrinin dəyərinin qırx faizindən səksən faizinədək məbləğdə cərimə edilir. Həmin Məcəllənin 21-ci maddəsində göstərilir ki, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Məhkəmə törədilmiş inzibati xətanın xarakterini və ictimai təhlükəlilik dərəcəsini nəzərə alaraq hesab edir ki, inzibati tənbeh kimi inzibati xətanın bilavasitə obyekti olan nəqliyyat vasitəsinin müsadirə edilməsini daha məqsədə müvafiq hesab edir. Qeyd olunanlara əsasən, Azərbaycan Respublikasının İXM-nin 18.5, 114-115 və 117ci maddələrini rəhbər tutub, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 504-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək inzibati tənbeh kimi inzibati xətanın bilavasitə obyekti olan və Dövlət Gömrük Komitəsinin “Xocasən” Gömrük Postunda saxlanılan, üzərinə 34S891874 şassi nömrəsi qaynaq edilmiş, 77RN192 dövlət nömrə nişanı üzərinə taxılmış "Mercedes-Benz 0403" markalı, 1997-ci il buraxılışlı sərnişin avtobusu müsadirə edilsin. Qərardan, onu surətinin rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hakim: Rufan Mürsəlov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar