Məhkəmə qərarları › İş №3(002)-304/2023

Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qərar — İş №3(002)-304/2023

15.02.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(002)-304/2023 15.02.2023 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Mürsəlov Rufan Kamil oğlunun sədrliyi, Mustafayeva Sevda Bahaddin qızının katibliyi, Qaradağ rayon icra şöbəsinin icra məmuru X2, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx xxxx 1988-ci ildə Cəbrayıl rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, Cəbrayıl rayonu, Soltanlı kəndində qeydiyyatda olmaqla Bakı şəhəri, ünvan 1 ünvanında yaşayan Şəxs Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair inzibati materiala məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Məmmədov X5 rayon Məhkəməsinin 2(072)-118/2020 saylı, 23 iyun 2022-ci il tarixli və 2(072)-311/2020 saylı, 26 avqust 2020-ci il tarixli icra vərəqələrini üzrlü səbəb olmadan icra etmədiyinə görə barəsində Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə tərtib edilmiş inzibatı material baxılması üçün məhkəməyə daxil olmuşdur. Məhkəmə iclasında iştirak edən Qaradağ rayon icra şöbəsinin icra məmuru X4 protokolu müdafiə edərək bildirmişdir ki, Cəbrayıl Rayon Məhkəməsinin 2(072)-118/2020 saylı, 23 iyun 2020-ci il tarixli icra vərəqəsinə əsasən 17 iyul 2013-cü il təvəllüdlü X7 və 29 sentyabr 2015-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanmaları üçün cavabdeh Şəxs hər ay hər uşağa görə 130 manat olmaqla, cəmi 260 manat sabit pul məbləğində alimentin tutularaq X1 xeyrinə verilməsi, alimentin tutulmasının əvvəlinin 23 iyun 2020-ci ildən tarixdən hesablanması qət edilmişdir. Həmin Məhkəmənin 2(072)-311/2020 saylı, 26 avqust 2020-ci il tarixli icra vərəqisnə əsasən isə cavabdeh Şəxs iddiaçıya hədiyyə şəklində verilmiş 1 ədəd 11 qram 770 manat dəyərində qızıl klon sep, 1 ədəd 5 qram 350 manat dəyərində qızıl üzük, 1 ədəd 4 qram 280 manat dəyərində qızıl üzük, 8 qram 560 manat dəyərində qızıl üzük-sırğa dəsti, 1 ədəd 6 qram 420 manat dəyərində qızıl qolbağı, 1 ədəd 4 qram 280 manat dəyərində qızıl zifr üzük, 1 ədəd ... 420 manat dəyərində qızıl paxlava üzük, 1 ədəd 3 qram 210 manat dəyərində qızıl sırğa olmaqdıqda isə onların dəyəri və 30 manat dövlət rüsumunun alınaraq iddiaçı X6 qızına verilməsi qət edilmişdir. Borclu icra məmurunun çağırışlarına vaxtlı-vaxtında gəlməklə məcburi köçkün kimi ailəsinə təyin edilmiş 120 manat məbləğində sosial müavinəti aliment borcunun ödənilməsinə yönəltmiş, lakin həmin məbləğ aliment məbləğindən az olduğu üçün aliment borcunu tam ödəməmiş, nəticədə bu günə cəmi 5180 manat aliment borcu yaranmışdır. Bundan başqa borclunun digər qətnamə üzrə qızıl-zinət əşyalarına görə 3320 manat borcu qalmışdır. Məhkəmə iclasının gedişində borclu aliment borcundan daha 200 manat ödəniş etmiş, 4980 manat isə borcu qalmışdır. Buna görə də borclu barəsində İXM-nin 528.1-ci maddəsi ilə 15 fevral 2023-cü il tarixli MN ******* saylı protokol tərtib etmiş və borclunu inzibati məsuliyyətə cəlb olunmasını xahiş etmişdir. O öz izahatında məhkəmə iclasının yeri və vaxtı barədə tələbkara məlumat veridyini, lakin tələbkarın İmişli rayonunda yaşaması səbəbindən məhkəmə iclasında iştirak edə bilmədiyini, lakin aliment borcunu tələb etdiyini ona bildirdiyini də qeyd etmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs öz izahatında göstərmişdir ki, icra vərəqələrindən məlumatı vardır. Kəllə-beyin travması olmaqla üçüncü qrup əlildir, buna görə də rəsmi iş tapa bilməməməklə heç bir yerdə onu işə qəbul etmirlər. Qeyri-rəsmi olaraq fəhləliklə məşğul olur və qazandığı puldan, həmçinin özünün və anasının aldığı məcburi köçkünlər üçün nəzərdə tutulmuş sosial yardımdan hər ay 120 manat aliment borcundan ödəyir. Lakin Cəbrayıl rayon Məhkəməsinin qətnaməsində aliment borcu 260 manat miqdarında nəzərdə tutulduğundan aliment borcunun ödənilməmiş məbləği yığılaraq 5180 manata çatmışdır. O məhkəmə iclasının gedişində tələbkarın xeyrinə 200 manat ödədiyini, növbəti on gün ərzində isə 500 manat aliment borcundan ödəniş edəcəyini, eləcə də digər qətnamə üzrə yaranmış borcunu ödəmək üçün səy göstərəcəyini bildirərək, həmçinin, ilk dəfə inzibati məsuliyyətə cəlb olunmasını, borcunu ödəməkdən qəsdən yayınmamasını və icra məmurunun çağırışlarına vaxtı-vaxtında gəlməsinin nəzərə alınaraq inzibati iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə, tərəflərin izahatını və icra işini nəzərdən keçirərək, hesab edir ki, borclu Şəxs əməlində hazırki vaxtda inzibati xəta tərkibi olmadığından inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, məhkəmə araşdırması zamanı borclunun yaranmış borcunu ödəməkdən qəsdən yayınmasına və eləcə də icra məmurunun qanuni tələblərinə qəsdən tabe olmamasına dair heç bir hal müəyyən edilməmişdir. Borclu məhkəmə iclasının gedişində aliment borcundan 200 manat ödəniş etmiş, 500 manat məbləğini isə yaxın on gün ərizndə tələbkarın hesabına köçürəcəyinə dair söz vermişdir. Bundan başqa borclu hər ay aliment borcundan müntəzəm olaraq 120 manat ödəniş edərək icra məmurunun çağırışlarına da vaxtlı-vaxtında gəlir. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, borclunun hər hansı bir rəsmi gəliri olmamaqla başqa formada da qazanc əldə etməsinə dair heç bir sübut aşkar edilməmişdir. İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinə əsasən məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. Həmin Məcəllənin 53.0.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 114.1.4-cü maddəsinə əsasən inzibati xəta haqqında işə baxılarkən inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında məsələ üzrə qərar çıxarılır. Həmin Məcəllənin 114.2.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Həmin Məcəllənin 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barədə şübhələr onun xeyrinə həll edilir. Qeyd olunanları nəzərə alaraq və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 115,128,129 və 130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs əməlində Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta tərkibi olmadığından başlanmış inzibati xəta haqqında icraata xitam verilsin. Qərardan onun surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Qaradağ rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Sədrlik edən: Rufan Mürsəlov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar