Məhkəmə qərarları › İş №3(002)-3071/2024

Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qərar — İş №3(002)-3071/2024

27.11.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(002)-3071/2024 27.11.2024 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Mürsəlov Rufan Kamil oğlunun sədrliyi, Mustafayeva Sevda Bahaddin qızının katibliyi, Qaradağ rayon icra şöbəsinin icra məmuru X1, Tələbkar Zərərçəkmiş şəxs, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan vəzifəli şəxs Şəxs iştirakları ilə, xx xxxxxx 1958-ci ildə Yardımlı rayonu, Daşkənd kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta ixtisas təhsilli, "xxxx" ASC-nin direktoru, ünvan 1 ünvanında qeydiyyatda olan Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Qaradağ rayon İcra Şöbəsinin icra məmuru X2, borclu, "xxxx" ASC-nin direktoru Şəxs barəsində protokol tərtib edərək, Bakı şəhəri Qaradağ rayon Məhkəməsinin 2(002)- 488/2023 saylı, 16 iyun 2023-cü il tarixli icra vərəqəsinin icrası ilə bağlı icra məmurunun qanuni tələblərini yerinə yetirmədiyinə görə onun İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Qaradağ rayon İcra Şöbəsinin icra məmuru X2 öz izahatında protokolu müdafiə edərək bildirmişdir ki, Bakı şəhəri Qaradağ rayon Məhkəməsinin 2(002)-488/2023 saylı, 16 iyun 2023-cü il tarixli icra vərəqəsinə əsasən iddia təmin edilmiş, iddiaçı Zərərçəkmiş şəxs cavabdeh "xxxx" ASC tərəfindən iş zamanı baş vermiş bədbəxt hadisə nəticəsində aldığı xəsarətə görə ödənilməli olan ödəncin yenidən heablanaraq ona ödənilməsi qət edilmişdir. İcra sənədi icraata daxil olduqdan sonra 03 may 2024-cü il tarixdə qanunvericilikdə nəzərdə tutulmuş qaydada icraata başlamaq haqqında qərar qəbul olunaraq tələbin könüllü icrasına dair bildirişlə birgə borcluya göndərilmişdir. Borclu hüquqi şəxs tərəfindən qeyd olunan ödənişin məbləği qəsdən az göstərilərək icra sənədi onlara göndərildiyi vaxtdan yalnız 26 iyun 2024-cü il tarixdə tələbkara 120 manat ödəniş edilmişdir. Belə ki, borclu hüquqi şəxs 2019-cu ilin oktyabr ayına qədər tələbkara hər ay əlli manat ödəniş etmiş, 2020-ci ilin son beş ayı ərzində heç bir ödəniş etməmiş, 2021-ci ildən 2024-cü ilədək isə yuxarıda göstərilən miqdardan əlavə heç bir ödəniş etməmişdir. "xxxx" ASC tərəfindən aparılmış hesablamalara görə iddiaçı Zərərçəkmiş şəxs əmək haqqı 100 manat olmaqla əmək qabiliyyətini itirdiyi faizlə üç il müddət üçün veriləcək məbləğ 720 manat kimi hesablanmışdır. Qaradağ rayon İcra Şöbəsi tərəfindən 2019-cu ilin əvvəlindən bu günə qədər daş kəsən maşinist vəzifəsi üzrə aylıq əmək haqqının məbləği barədə məlumat alınması üçün Dövlət Statistika Komitəsinə müraciət edilmiş, Komitədən İcra Şöbəsinə ünvanlanmış 14 oktyabr 2024-cü il tarixli məktubda “dekorativ və tikinti daşlarının hasilatı sahəsində orta aylıq nominal əmək haqqı”nın manatla məbləği hesablanaraq onlara göndərilmişdir. Məktuba əsasən “dekorativ və tikinti daşlarının hasilatı sahəsində orta aylıq nominal əmək haqqı” 2019, 2020-ci illər üçün 339, 2021-ci il üçün 342, 2022-ci il tarixdə 366, 2023-cü il üçün 415,1 manat və 2024-cü ilin yanvar-avqust aylarında 424,5 manat olmuşdur. Qeyd olunan statistik məlumata əsasən "xxxx" ASC-nin bu günə iddiaçıya ödəməli olduğu məbləğ 4027.50 (dörd min iyirmi yeddi manat əlli qəpik) təşkil edir. Beləliklə Şəxs direktoru olduğu "xxxx" ASC tərəfindən tələbkara ödənilməli olan ödənişin məbləği düzgün hesablanmamış və ödəniş edilməmişdir. Buna görə də hüquqi şəxsin direktoru Şəxs barəsində vəzifəli şəxs kimi Azərbaycan Respublikasının İXM-nin 528.1-ci maddəsinə əsasən 27 noyabr 2024-cü il tarixli, MN ******* saylı protokol tərtib edilmişdir. İcra məmuru öz izahatında borclu "xxxx" ASC-nin direktoru Şəxs vəzifəli şəxs kimi barəsində inzibati tənbeh tədbirinin tətbiq edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən tələbkar Zərərçəkmiş şəxs öz izahatında bildirmişdir ki, o 1976-cı ilin avqust ayından “Qaradağ Tikinti Materialları Kombinatı”nda işə başlamışdır. İstehsal sahəsində maşinist köməkçisi, daşkəsən maşinist və növbə rəisi vəziflərində çalışmışdır. O, daşkəsən maşinist işləyərkən 1993-cü ildə həmin idarədə xəsarət almış, həkim ekspert komisiyasının rəyi ilə ona 20 faiz əmək qabiliyyətini itiməklə İİİ dərəcə əlillik statustu verilmişdir. Hal-hazırda "xxxx" ASC adlanan hüquqi şəxs tərəfindən 2019-cu ilə qədər hər ay ona 50 manat ödəniş olunsa da 2019-cu ilin noyabr və dekabr ayları, 2020-ci ilin isə beş ayı istisna olmaqla ona hər hansı ödəniş edilməmişdir. Buna görə də bədbəxt hadisə nəticəsində dəymiş ziyana görə müavinət tələbi ilə Bakı şəhəri Qaradağ rayon Məhkəməsinə müraciət etmiş, məhkəməninin 16 iyun 2023-cü il tarixli, 2(002)-488/2023 saylı qətnaməsi ilə baş vermiş bədbəxt hadisə nəticəsində aldığı xəsarətə görə ödənilməli olan ödəncin yenidən heablanaraq ona ödənilməsi qət edilmişdir. "xxxx" ASC-nin bu günə ona ödəməli olduğu məbləğ 4027.50 (dörd min iyirmi yeddi manat əlli qəpik) təşkil edir. Odur ki, hüquqi şəxs təərfindən həmin məbləğin tam ödənilməsini, bu baş vermədikdə isə hüquqi şəxsin inzibati məsuliyyətə cəlb olunmasını xahiş etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs öz izahatında tərtib edilmiş protokolu qəbul etməyərək bildirmişdir ki, icra vərəqəsindən məlumatı vardır. Belə ki, direktoru olduğu "xxxx" ASC tərəfindən 2019-cu ilədək hər ay müvafiq məbləğdə ödəniş edilmişdir. 2019-cu ildə “Covid 19” pandemiyasına görə şirkətdə iş dayanmış, ona görə də həmin məbləği ödəyə bilməmişlər. Bundan başqa hal-hazırda "xxxx" ASC-də müqavilə əsasında daşkəsən maşinist vəzifəsinə görə əməkhaqqı 100 azn müəyyən edilmişdir. Buna görə də tələbkara aylıq ödənilməli olan məbləğ həmin əməkhaqqının 20 faizi miqdarında, yəni iyirmi manat təşkil edir. Buna görə də şirkətin son üç ildə daxil olmaqla tələbkara ödəməli olan məbləğ 720 manat təşkil edir. Həmin məbləği də dekabr ayının sonuna qədər tələbkara tam şəkildə ödəyəcəklər. Bütün bu qeyd etdiklərinin nəzərə alınaraq "xxxx" ASC-nin barəsində başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Tərtib edilmiş inzibati protokoldan, iş materiallarından, borclunun və icra məmurunun izahatlarından aydın olur ki, "xxxx" ASC direktoru Şəxs rəhbəri olduğu hüquqi şəxsin yaranmış borcundan xəbəri olsa da həmin borcun ödənilməsi üçün hər hansı tədbirlər görməmiş və beləliklə də heç bir üzrlü səbəb olmadan icra sənədi uzun müddətdir ki, icra edilməmişdir. Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməsi tərəflərin izahatları, inzibati xəta haqqında tərtib edilmiş 27 noyabr 2024-cü il tarixli, MN ******* saylı protokolla və işin digər halları ilə tam təsdiq olunur. Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsinə əsasən İcra sənədindəki tələbin üzrsüz səbəbdən icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra edilməməsinə və ya icra məmurunun məhkəmə və ya başqa dövlət orqanlarının qərarlarının icrası ilə əlaqədar digər qanuni tələblərinin yerinə yetirilməməsinə görə fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. Həmin Məcəllənin 30.2-ci maddəsində göstərilir ki, hamilə qadınlar və ya himayəsində on dörd yaşınadək uşağı olan qadınlar, on dörd yaşına çatmamış uşağını təkbaşına böyüdən kişilər, on səkkiz yaşına çatmayan şəxslər, birinci və ya ikinci dərəcə əlilliyi olan şəxslər, sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqlar, altmış yaşına çatmış qadınlar və altmış beş yaşına çatmış kişilər, habelə bu Məcəllənin 41-ci fəslində nəzərdə tutulmuş inzibati xətalar istisna olmaqla digər inzibati xətalara görə hərbi qulluqçular barəsində inzibati həbs tətbiq edilə bilməz. İnzibati Xətalar Məcəllənin İXM-nin 21-ci maddəsində göstərilir ki, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Məhkəmə, Şəxs tərəfindən törədilmiş inzibati xətanın xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini və yaşını nəzərə alaraq hesab edir ki, onun barəsində cərimə növündə inzibati tənbeh tədbirinin tətbiq edilməsi daha məqsədə müvafiqdir. Qeyd olunanları nəzərə alaraq və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 115,128,129 və 130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs vəzifəli şəxs kimi Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 1200 (bir min iki yüz) manat məbləğində cərimə edilsin. Qərardan, onun surətinin rəsmi qayda təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Qaradağ Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hakim: Rufan Mürsəlov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar