Məhkəmə qərarları › İş №3(002)-3098/2024

Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qərar — İş №3(002)-3098/2024

29.11.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(002)-3098/2024 29.11.2024 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Mürsəlov Rufan Kamil oğlunun sədrliyi, Mustafayeva Sevda Bahaddin qızının katibliyi, Bakı şəhəri Qaradağ RPİ-nin 10-cu PŞ-nin sahə rəisi, polis kapitanı X1, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx xxxx 1996-cı ildə Ağsu rayonu, Ərəbmehdibəy kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, Ağsu rayonu, Ərəbmehdibəy kəndində qeydiyyatda olmaqla Bakı şəhəri, Binəqədi rayonu, Sulutəpə qəsəbəsi, R.Allahverdiyev küçəsində yerləşən ünvansız mənzildə yaşayan Şəxs Azərbaycan Respublikası İXM-nin 510-cu və 535.1-ci maddələri ilə təqsirləndirilməsinə dair inzibati materiala məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Daxil olmuş inzibati materialdan aydın olur ki, Şəxs 28 noyabr 2024-cü il tarixdə, saat təxminən 10:00 radələrində Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsində yerləşən Qaradağ RPİ-nin qarşısında polis əməkdaşlarına qarşı nalayiq ifadələr işlətməklə və onlara tabesizlik göstərməklə ictimai qaydanı pozmuş və xırda xuliqanlıq hərəkətləri törətmişdir. Buna görə də onun barəsində Azərbaycan Respublikası İXM-nin 510 və 535.1ci maddələri ilə 28 noyabr 2024-cü il tarixdə MN ******* saylı protokol tərtib edilərək baxılması üçün Qaradağ rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında iştirak edən Qaradağ RPİ-nin 10-cu PŞ-nın sahə rəisi, polis kapitanı X2 öz izahatında protokolu müdafiə edərək bildirmişdir ki, vətəndaş Şəxs şikayət əsasında Qaradağ RPİ-nin İŞ-nə dəvət edilərkən o polis əməkdaşlarının ünvanına nalayiq ifadələr işlədərək tabesizlik göstərmişdir. Ona görə də həmin şəxs 10-cu PŞ-na təmin edilərək onun barəsində İXM-nin 510 və 535.1-ci maddələri ilə inzibati xəta haqqında protokol tərtib olunaraq baxılması üçün Qaradağ rayon məhkəməsinə göndərilmişdir. Halhazırda tərtib etdiyi protokolu müdafiə edərək barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs barəsində müvafiq tənbeh tədbirinin tətbiq edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs izahat verərək göstərmişdir ki, Bakı şəhəri, Binəqədi rayonu, Sulutəpə qəsəbəsi, R.Allahverdiyev küçəsində yerləşən ünvansız mənzildə ailəsi ilə birlikdə yaşayır. Təxminən üç-dörd ildir ki, “Sədərək” TM-də satıcı kimi işləmiş, satıcı işlədiyi mağazada yeddi yüz manat borcu olduğu üçün işdən ayrılmışdır. Borclu olduğu şəxs ondan polisə şiakyət verdiyi üçün Qaradağ RPİ-yə dəvət olunmuş, bu zaman onunla telefonda danışan şəxsin polis əməkdaşı olduğunu bilməyərək onun ünvanına nalayiq ifadələr işlətmişdir. Bundan başqa polislər onun yaşadığı ünvana gəlib polis şöbəsinə dəvət edərkən isə onlara qarşı hər hansı tabesizlik göstərməmişdir. O öz izahatında daha sonra törətdiyi əməldən peşiman olduğunu bildirərək barəsində başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə tərəflərin izahatını və iş materiallarını nəzərdən keçirib hesab edir ki, Şəxs əməlində onun ictimai qaydanı qəsdən pozaraq xırda xuliqanlıq əməli törtəməsi öz təsdiqini tapsa da onun polis əməkdaşlarının qanuni tələblərinə qəsdən tabe olmaması öz təsdiqini tapmamışdır. Odur ki, məhkəmə hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməsinə dair hissədə xitam verilməli və o, İXM-nin 510-cu maddəsi ilə inzibati məsuliyyətə cəlb olunmalıdır. İş materiallarına əlavə edilmiş 28 noyabr 2024-cü il tarixli “İnzibati qaydada tutma haqqında” protokoldan ayın olur ki, Şəxs qeyd olunan hadisə ilə əlaqədar 28 noyabr 2024cü il tarixdə, gecə saat 20:00-da tutulmuşdur. Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə fiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Həmin Məcəllənin İXM-nin 510-cu maddəsinə əsasən xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə əlli manatdan yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda, on beş günədək müddətə inzibati həbs tətbiq olunur. Həmin Məcəllənin 21-ci maddəsində göstərilir ki, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Beləliklə, məhkəmə Şəxs tərəfindən törədilmiş inzibati xətanın xarakterini və ictimai təhlükəlilik dərəcəsini nəzərə alaraq hesab edir ki, onun barəsində İXM-nin 510-cu maddəsində nəzərdə tutulmuş inzibati “həbs” növündə tənbeh tədbirinin tətbiq edilməsi daha məqsədə müvafiqdir. Qeyd olunanları nəzərə alaraq və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 115,128,129 və 130-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: 1.Şəxs əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta tərkibi olmadığından həmin maddə üzrə başlanmış inzibati xəta haqqında icraata xitam verilsin. 2.Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib 04 (dörd) gün müddətinə inzibati qaydada həbs edilsin.

3. Şəxs təyin edilmiş inzibati həbs müddətinin əvvəli inzibati qaydada tutulduğu vaxtdan yəni, 28 noyabr 2024-cü il tarixdən, axşam saat 20:00-dan hesablansın. 4.Qərarın icrası Qaradağ rayon Polis İdarəsinə və Qaradağ RPİ-nin 10-cu PŞ-na həvalə edilsin. 5.Qərardan, onun surətinin təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Qaradağ rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər.

Hakim: Rufan Mürsəlov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar