Məhkəmə qərarları › İş №3(002)-3146/2024

Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qərar — İş №3(002)-3146/2024

03.12.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(002)-3146/2024 03.12.2024 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Mürsəlov Rufan Kamil oğlunun sədrliyi, Mustafayeva Sevda Bahaddin qızının katibliyi, Qaradağ RPİ-nin 10-cu PŞ-nin sahə rəisi, polis mayoru X1, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx xxxx 1973-cu ildə Qazax rayonu, Çaylı kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, Qazax rayonu, Çaylı kəndində qeydiyyatda olmaqla Sumqayıt şəhəri, Kimyaçılar qəsəbəsi, ünvanını bilmədiyi fərdi evdə kirayədə yaşayan Şəxs Azərbaycan Respublikası İXM-nin 510-cu və 535.1-ci maddələri ilə təqsirləndirilməsinə dair inzibati materiala məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Daxil olmuş inzibati materialdan və protokoldan aydın olur ki, Şəxs 03 dekabr 2024cü il tarixdə, saat 08:10 radələrində Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi ərazisində, Bakı-Qazax yolunun 14-cü kilometrində DYP əməkdaşlarının tədbiri zamanı onlara tabesizlik göstərmiş və ictimai qaydanı pozmuşdur. Buna görə də onun barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə 03 dekabr 2024-cü il tarixdə MN ******* saylı protokol tərtib edilmişdir. Məhkəmə iclasında iştirak edən Qaradağ RPİ-nin 10-cu PŞ-nin sahə rəisi, polis mayoru X2 öz izahatında protokolu müdafiə edərək bildirmişdir ki, 03 dekabr 2024-cü il tarixdə, səhər saat 08:10 radələrində Lökbatan qəsəbəsində Bakı-Qazax yolunun 14-cü kilometrində Qaradağ RPİ-nin DYPŞ-nın YPX inspektorları, polis baş serjantları X4 və X3 xidmət apararkən “Dayanmaq qadağandır” nişanının təsiri altında olan ** KL *** dövlət qeydiyyat nişanlı avtomaşınla bağlı tədbir görərkən sürücü maşından düşüb uca səslə əsgər yola saldığını, buna görə avtomaşını orada saxladığını bildirmişdir. Polis əməkdaşları dəfələrlə törətdiyi əməlin qayda pozuntusu olduğunu başa salmağa çalışsalar da o polisə əhəmiyyət verməmiş, şəxsiyyəti müəyyən etmək istədikdə isə “get işinlə məşğul ol” deyərək polisin qanuni tələblərinə əhəmiyyət verməmişdir. Odur ki onun barəsində İXM-nin 510 və 535.1-ci maddələri ilə inzibati xəta haqqında protokol tərtib olunaraq baxılması üçün Qaradağ rayon məhkəməsinə göndərilmişdir. O öz izahatında əlavə olaraq raport yazmış DYPŞ əməkdaşlarının hal-hazırda xidməti fəaliyyətləri ilə bağlı məhkəmədə iştirak edə bilməyəcəklərini və baş vermiş hadisə barədə hər hansı bir audio və ya video yazının olmadığını bildirmişdir. Hal-hazırda tərtib etdiyi protokolu müdafiə edərək barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs barəsində müvafiq tənbeh tədbirinin tətbiq edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs öz izahatında barəsində tərtib edilmiş protokolu qəbul etməyərək göstərmişdir ki, Qazax rayonu, Çaylı kəndində qeydiyyatda olmaqla Sumqayıt şəhəri, Kimyaçılar qəsəbəsi, ünvanını bilmədiyi fərdi evdə kirayədə ailəsi ilə birlikdə yaşayır, evli olmaqla bir oğlu X5 iştirakçısı olmaqla müxtəlif təltifləri vardır. İkinci oğlu isə həri xidmətini başa vurmaqla müddətdən artıq hərbi qulluqçu kimi işə düzəlmişdir. 03 dekabr 2024-cü il tarixdə, səhər saat 08:10 radələrində Lökbatan qəsəbəsində Bakı-Qazax yolunun 14-cü kilometrində özünə məxsus ** KL *** dövlət qeydiyyat nişanlı avtomobillə yolun kənarında dayanaraq müddətdən artıq hərbi xidmətə qəbul olunmuş oğlunu hərbi xidmətə yola salarkən YPX əməkdaşları ona yaxınlaşaraq avtomobili “dayanmaq qadağandır” nişanını altında saxladığına görə avtomobili tez oradan aparmasını bildirmişlər. Bu zaman oğlunu aparan avtobus oraya yaxınlaşdığı üçün o yol polisi əməkdaşlarına beş dəqiqəyə oradan uzaqlaşacağını bildirmişdir. Polis əməkdaşları isə onunla razılaşmayaraq mübahisə etməyə başlamış və onu təhqir etmişlər. O da məcbur olub polislərə cavab qaytarmışdır. Nəticə polis əməkdaşları onu 10-cu PŞ-ya getməli olduğu bildirilmişlər. O heç bir müqavimət və ya tabesizlik göstərmədən polis maşınına əyləşərək 10-cu PŞ-ya getmişdir. O heç kimi təhqir etmədiyini, sadəcə polis əməkdaşları onun şəxsiyyətini yoxlamaq istəyərkən əsəbi olduğu üçün polis əməkdaşlarının yanında nalayiq ifadələr işlətmişdir. Odur ki, əməlində hər hansı inzibati xəta tərkibinin olmadığını bildirərək iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə tərəflərin izahatını və iş materiallarını nəzərdən keçirib hesab edir ki, Şəxs əməlində ictimai qaydanı qəsdən pozaraq xırda xuliqanlıq əməli törtəməsi öz təsdiqini tapsa da onun polis əməkdaşlarının qanuni tələblərinə qəsdən tabe olmaması öz təsdiqini tapmamışdır. Odur ki, məhkəmə hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməsinə dair hissədə əməlində inzibati xəta tərkibi olmaması əsası ilə xitam verilməli və yalnız İXM-nin 510-cu maddəsi ilə inzibati məsuliyyətə cəlb olunmalıdır. Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə fiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Həmin Məcəllənin İXM-nin 510-cu maddəsinə əsasən xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə əlli manatdan yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda, on beş günədək müddətə inzibati həbs tətbiq olunur. Həmin Məcəllənin 21-ci maddəsində göstərilir ki, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 34.3-cü maddəsinə əsasən şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Bu halda törədilmiş xətalardan hər hansı birinə görə nəzərdə tutulmuş əlavə tənbehlərdən biri əsas tənbehə əlavə edilə bilər. Beləliklə, məhkəmə Şəxs tərəfindən törədilmiş inzibati xətanın xarakterini və ictimai təhlükəlilik dərəcəsini, əməlini etiraf edərək səmimi peşiman olmasını və polis əməkdaşlarının ona qarşı hər hansı şikayət və ya tələbinin olmamasını nəzərə alaraq hesab edir ki, onun barəsində İXM-nin 510-cu maddəsində nəzərdə tutulmuş cərimə növündə tənbeh tədbirinin tətbiq edilməsi daha məqsədə müvafiqdir. Qeyd olunanları nəzərə alaraq və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 115,128,129 və 130-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: Şəxs əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta tərkibi olmadığından həmin maddə üzrə başlanmış inzibati xəta haqqında icraata xitam verilsin. Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 50 (əlli) manat məbləğində inzibati cərimə edilsin. Qərardan, onun surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Qaradağ rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hakim: Rufan Mürsəlov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar