Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(002)-315/2023 17.02.2023 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Dadaşova Şəfa Əliövsət qızının sədrliyi, Abbasov Fərid Zirəddin oğlunun katibliyi, Bakı şəhəri Qaradağ RPİ-nin 11-ci PB-nin sahə inspektoru, polis mayoru X2, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs iştirakları ilə, xx xxxxxx 1994-cü ildə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, işləməyən, Bakı şəhəri, Qaradağ rayonu, ünvan 1 ünvanında qeydiyyatda olan və Bakı şəhəri, ünvan 3 ünvanında yaşayan Şəxs barəsində Azərbaycan Respublikasının İXM-in 206-cı maddəsi ilə Bakı şəhəri Qaradağ rayon Polis İdarəsi 11-ci Polis Bölməsindən daxil olmuş inzibati xəta haqqında iş materiallarına açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair inzibati xəta haqqında 17 fevral 2023-cü il tarixli MN ******* saylı inzibati protokol Qaradağ Rayon Məhkəməsinə təqdim edilmişdir. İnzibati xəta haqqında protokol onunla əsaslandırılmışdır ki, 21 oktyabr 2022-ci il tarixində axşam saatlarında PPX-nin əməkdaşları tərəfindən Şəxs cibindən bir ədəd gümüşü kağıza bükülmüş bükümü yerə atan zaman saxlanılmış, müayinə zamanı onun narkotik vasitədən istifadə etməsi müəyyən edilmişdir. Məhkəmə iclasında iştirak edən inzibati xəta haqqında protokolu tərtib etmiş şəxs 11ci PB-nin sahə inspektoru Z.Q.Qiyasov protokolu müdafiə edərək, Şəxs barəsində ədalətli qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatında qeyd etmişdir ki, ailəsi ilə birlikdə yaşayır. Hal-hazırda heç bir yerdə işləmir. Xeyli müddətdir ki, narkotik vasitə qəbul edir, xx.xx.2022-ci il tarixdə günorta saatlarında şəxsi işi ilə bağlı Bakı şəhəri, 8-ci km maşın bazarına getmişdir. Maşın bazarında gəzərkən diqqəti yerdə olan siqaretin gümüşü kağızına bükülmüş büküm cəlb etdiyindən həmin büküm götürmüş və açmışdır. Bükümdə narkotik maddə olan qurudulmuş marixuana aşkar etmişdir. Narkotik maddə qəbul etdiyi üçün yerdən tapdığı narkotik maddəni əynindəki göy rəngli cins şalvarının sağ yan cibində gizlətmişdir. xx.xx.2022-ci il tarixdə saat 01:00 radələrində narkotik maddəni qəbul etmək üçün küçəyə çıxmış, gizlənmək üçün yer axtarmışdır. Səngəçal qəsəbəsində yerləşən iki mərtəbəli binaların yanında PPX avtomaşının görmüş, qorxduğu üçün cibindəki bir ədəd bükümdə olan narkotik maddəni yerə atmışdır. Polis əməkdaşları bunu görüb ona yaxınlaşmış, yerə atdığı narkotik maddəni götürmüşlər. Bundan sonra o, polis əməkdaşlarına həmin bükümdəki narkotik maddə olan qurudulmuş marixuana olduğunu bildirmişdir. Bundan sonra polis əməkdaşları onu 11-ci PB-yə gətirmişlər. Növbətçi hissədə üzərinə baxış keçirilmiş, şübhəli əşya və ya predmet aşkar edilməmişdir. Lakin yerə atdığı bir ədəd siqaretin gümüş kağızına bükülmüş bükümü polis əməkdaşına təqdim etmiş, həmin büküm açılmış, bükümdən yaşıl rəngli narkotik maddə olan qurudulmuş marixuana aşkar edilmişdir. İlkin sorğu zamanı narkotik maddənin ona məxsus olmasını, yerdən tapdığını öz istifadəsi üçün üzərində saxladığını bildirmişdir. Bu barədə protokol tərtib olunmuş, qəbul etmək istədiyi narkotik vasitəyə oxşar kütlə zərfə qoyularaq möhürlənmiş, protokola və zərfin üzərinə imzalamışdır. Hal-hazırda əməlindən peşmandır və barəsində ədalətli qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Bundan əlavə verilmiş suala cavab olaraq bildirmişdir ki, PB-nin əməkdaşları tərəfindən hüquq və vəzifələri ona izah edilmiş, müdafiəçinin pulsuz hüquqi yardımından istifadə etmək hüququ izah edilsə də, bundan özü imtina etmiş, barəsində tərtib olunmuş inzibati xəta haqqında protokolla və ona əlavə edilmiş materiallarla tanış olmuş, işgəncəyə, qeyri-insani və ya ləyaqəti alçaldan rəftara məruz qalmamış, ona heç bir fiziki təzyiq və zorakılıq göstərilməmişdir. Heç bir əlilliyi yoxdur. İş materiallarına əlavə edilmiş Qaradağ RPİ-nin 11-ci PB-nin təhqiqatçısı, polis mayoru Təzəxan Dəmirov tərəfindən qəbul edilmiş 16 noyabr 2022-ci il tarixli “cinayət işinin başlanmasının rədd edilməsi barədə” qərarından aydın olur ki, Şəxs barəsində toplanmış material üzrə cinayət işinin başlanması rədd edilmiş, onların barəsində İXM-nin 206-cı maddəsi ilə inzibati qaydada tədbir görülməsi üçün qəbul edilmiş qərarın surəti Qaradağ RPİ-nin 11-ci PB-nin aidiyyəti əməkdaşlarına həvalə edilməsi qərara alınmışdır. İş materiallarında olan Qaradağ RPİ-nin 11-ci PB-nin rəisi Yasər İbadova ünvanlanmış xx.xx.2022-ci il tarixli raportdan görünür ki, xx.xx.2022-ci il tarixdə təqribən 01:00 radələrində Səngəçal qəsəbəsində polis əməkdaşları xidmətdə olarkən qəsəbənin iki mərtəbələr adlanan ərazisində bir nəfər şəxsin özünü şübhəli apardığını görmüşlər. Dərhal həmin şəxsə yaxınlaşmış, özlərini təqdim etmişlər. Həmin şəxsə yaxınlaşan zaman şalvarın sağ cibindən çıxardığı bükümü yerə atdığını görmüşlər. Həmin şəxsi 11-ci PB-yə dəvət etmişlər, bölmədə həmin şəxsin Şəxs olduğu müəyyən edilmişdir. İş materiallarında olan narkotik sərxoşluq vəziyyətinin narkotik vasitələrin və psixotrop maddələrin istehlakı hallarının müəyyən edilməsi məqsədi ilə tibbi müayinənin keçirilməsi haqqında 21 oktyabr 2022-ci il tarixli 4696 nömrəli aktdan görünür ki, müayinə nəticəsində Şəxs analiz nəticələrində THC (+) aşkar edilmişdir. İş materialında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 25 oktyabr 2022-ci il tarixli 7/1208 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş “... Şəxs məxsus bir ədəd bükümdə narkotik vasitəyə oxşar maddə...” yazılan zərfdə 1 ədəd gümüşü-ağ kağız kəsiyi bükümündə təmiz çəkisi 0.032 qram olan bitki mənşəli kütlə çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitəqurudulmuş marixuanadır. Aparılmış ekspertiza tədqiqatının dəyəri 88,00 (səksən səkkiz) manatdır. İş materialında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Respublika Narkoloji Mərkəzi Ambulator X1 haqqında xx.xx.2022-ci il tarixli 6581 nömrəli rəyindən görünür ki, Şəxs psixosimulyatorların və kannabinoidlərin birgə qəbulu nəticəsində yaranan asılılıq sindromu aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində profilaktik qeydiyyata alınması məsləhət görülmüşdür. Maddi sübut kimi tanıma haqqında 01 noyabr 2022-ci il tarixli qərardan görünür ki, Şəxs üzərindən aşkar olunaraq götürülmüş, üzərində ekspertiza tədqiqatı aparıldıqdan sonra qalığının ümumi xalis çəkisi 0.012 qram narkotik vasitə-qurudulmuş marixuana bir ədəd zərfdə qablaşdırılmış və möhürlənmiş halda material üzrə maddi sübut kimi tanınmış, saxlanılması üçün Qaradağ RPİ-nin MSY-nə təhvil verilmişdir. «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında» Qanunla təsdiq edilmiş «Narkotik vasitələr» adlı İ siyahının 12-ci qrafasına əsasən təmiz halda 5 qram qurudulmuş marixuana şəxsi istehlak miqdarından artıq miqdar hesab olunur. Şəxs həmin inzibati xətanı törətməsi onun barəsində tərtib olunmuş yuxarıda qeyd edilən inzibati xəta haqqında protokol, cinayət işinin başlanmasının rədd edilməsi barədə qərar, həmin qərarda istinad edilmiş ekspertiza rəyi, özünün məhkəməyə verdiyi etirafedici izahatı ilə tam sübuta yetirilir. Lakin məhkəmə qeyd edir ki, inzibati icraatın başlanılmasına əsas olan cinayət işinin başlanılmasının rədd edilməsinə dair qərar xx.xx.2022-ci il tarixdə qəbul edilmişdir. Həmin qərarın qəbul edildiyi gündən üç ay keçdiyindən barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs inzibati tənbeh verilə bilməz. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 38.1-ci maddəsinin tələbinə görə inzibati tənbeh inzibati xətanın törədildiyi gündən ən geci üç ay keçənədək verilə bilər. Yol hərəkəti qaydaları, gömrük qaydaları, ətraf mühitin qorunması qaydaları, xarici dövlətlərin qeyri-hökumət təşkilatlarının filial və ya nümayəndəliklərinin fəaliyyət göstərməsi qaydaları, qrant müqavilələrinin (qərarlarının) qeydə alınması qaydaları, eləcə də maliyyə, vergilərin və rüsumların ödənilməsi qaydaları əleyhinə olan inzibati xətalara görə, habelə hüquqi şəxslərin dövlət reyestri üçün zəruri məlumatların verilməməsinə, qeyri-hökumət təşkilatları haqqında və cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında qanunvericiliyin, habelə əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasında olması və yaşaması qaydalarının pozulmasına, xırda talamaya görə inzibati tənbeh inzibati xətanın törədildiyi gündən ən geci bir il keçənədək verilə bilər. Həmin Məcəllənin 38.3-cü maddəsinə əsasən, cinayət işinin başlanması rədd edildikdə və ya cinayət işinə xitam verildikdə, lakin şəxsin əməllərində inzibati xəta tərkibinin bütün əlamətləri olduqda, inzibati tənbeh cinayət işinin başlanmasının rədd edilməsi və ya ona xitam verilməsi haqqında qərar qəbul edildiyi gündən ən geci üç ay keçənədək verilə bilər. Həmin Məcəllənin 37.2-ci maddəsinə əsasən məcburi müalicənin tətbiq edilməsinin məqsədi bu Məcəllənin 37.1-ci maddəsində göstərilən şəxslərin müalicə olunmasından, səhhətinin və psixoloji vəziyyətinin yaxşılaşdırılmasından, ixtisaslaşdırılmış tibbi yardım və sosial qayğı göstərməklə onların normal həyat tərzinə qaytarılmasından, gələcəkdə həmin şəxslərin insan psixikasına təsir göstərən maddələrdən sui-istifadəsinin və yeni inzibati xətalar törətməsinin qarşısının alınmasından ibarətdir. Həmin Məcəllənin 37.4-cü maddəsinə əsasən şəxs barəsində narkomaniyadan məcburi müalicə təyin edildikdə, məhkəmə bu barədə qanuni qüvvəyə minmiş qərarının surətini icra olunması üçün ixtisaslaşdırılmış tibb müəssisəsinə, habelə məcburi müalicənin icrasına nəzarət edilməsi üçün icra məmuruna göndərir. Həmin Məcəllənin 53.1.6-cı maddəsinə əsasən, bu Məcəllənin 38-ci maddəsində nəzərdə tutulmuş müddətlər başa çatdıqda başlanmış icraata xitam verilir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 105.1-ci maddəsinə əsasən, həmin Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Həmin Məcəllənin 114.2.1-ci maddəsinə əsasən, bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Həmin Məcəllənin 77.3-cü maddəsinə əsasən icraatında inzibati xəta haqqında iş olan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) iş üzrə icraat başa çatanadək maddi sübutların qorunub saxlanılmasının təmin edilməsi üçün tədbirlər görməli, inzibati xəta haqqında iş üzrə icraat başa çatdıqdan sonra maddi sübutlar haqqında qərar qəbul etməlidir; Həmin Məcəllənin 55.2-ci maddəsinə əsasən fiziki şəxslər barəsində inzibati xətalar haqqında işlər üzrə məsrəflər dövlət hesabına ödənilir. Hüquqi şəxslər barəsində inzibati xətalar haqqında işlər üzrə məsrəflər isə həmin şəxslərin üzərinə qoyulur. Həmin Məcəllənin 206-cı maddəsinə əsasən Qanunsuz olaraq narkotik vasitələrin, psixotrop maddələrin istehlakına, satış məqsədi olmadan şəxsi istehlak miqdarında hazırlanmasına, əldə edilməsinə, saxlanılmasına, daşınmasına və ya göndərilməsinə görə - üç yüz manatdan dörd yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə və xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda isə iki ayadək müddətə inzibati həbs tətbiq edilir; Beləliklə iş materiallarını araşdırıb, iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək məhkəmə hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsində nəzərdə tutulmuş xətanı törətməkdə təqsirli bilinməli, lakin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 38.3-cü maddəsində nəzərdə tutulmuş müddət keçdiyindən iş üzrə icraata xitam verilməli, eyni zamanda ona narkomaniyadan məcburi müalicə təyin edilməli, ərazi narkoloji dispanserində profilaktik qeydiyyata alınmalı, məcburi müalicənin icrasına nəzarət Bakı Şəhəri Probasiya İdarəsinə həvalə edilməli, iş üzrə maddi sübut kimi tanınan narkotik vasitə olan qurudulmuş marixuana məhv edilməli, ekspertiza tədqiqatının dəyəri dövlət büdcəsi hesabına ödənilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 30, 40, 43, 48-51, 114, 115, 128-130-cu maddələrini rəhbər tutaraq QƏRARA ALDİ: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsi ilə təqsirli bilinsin və həmin Məcəllənin 38.3-cü maddəsinin tələblərinə əsasən başlanılmış inzibati xəta haqqında icraata xitam verilsin. Şəxs narkomaniyadan məcburi müalicə təyin edilsin. Ərazi narkoloji dispanserində qeydiyyata götürülsün. Məcburi müalicənin icrasına nəzarət Bakı Şəhəri Probasiya İdarəsinə həvalə edilsin. İş üzrə maddi sübut kimi tanınmış və Qaradağ RPİ-nin MSY-də saxlanılan 0,012 qram narkotik vasitə olan – qurudulmuş marixuana məhv edilsin. Şəxs ekspertiza tədqiqatlarının ümumi dəyərindən ibarət 88,00 (səksən səkkiz manat) manat məhkəmə məsrəflərindən tam şəkildə azad edilsin və həmin məbləğ Dövlət Büdcəsi vəsaiti hesabından ödənilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 129-cu maddəsində müəyyən edilmiş qaydada Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Şəfa Dadaşova
Məhkəmə qərarları › İş №3(002)-315/2023
Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qərar — İş №3(002)-315/2023
17.02.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver