Məhkəmə qərarları › İş №3(002)-317/2021

Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qərar — İş №3(002)-317/2021

01.02.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(002)-317/2021 01.02.2021 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Həsənov İslam Telman oğlunun sədrliyi, Mustafayeva Zeynəb Əbülfət qızının katibliyi, Qaradağ rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X1, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxs Şəxs iştirakları ilə, xx xxxxxx 1987-ci il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, işləməyən, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayan Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb olunmasına dair materiala Qaradağ Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Bakı şəhəri Qaradağ rayon İcra və Probasiya şöbəsindən daxil olmuş 01 fevral 2021ci il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokolda göstərilmişdir ki, Şəxs X2 xeyrinə hər ay bir uşağa görə 150 manat sabit pul məbləğində alimentin tutulmasına dair Quba rayon Məhkəməsinin 2(027)-1327/2018 saylı, 05.09.2018-ci il tarixli icra vərəqəsinin icrası ilə əlaqədar icra məmurunun qanunvericilikdən irəli gələn tələblərini icra etməkdən qəsdən yayınmışdır. Bakı şəhəri Qaradağ rayon İcra və probasiya şöbəsinin icra məmuru X4 məhkəmə iclasında tərtib etdiyi inzibati xəta haqqında protokolu müdafiə etdiyini qeyd edib, əlavə olaraq bildirmişdir ki, Quba rayon Məhkəməsinin 2(027)-1327/2018 saylı, 05.09.2018-ci il tarixli qətnaməsi ilə 09.03.2015-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün 05.09.2018-ci il tarixdən başlayaraq Şəxs X2 xeyrinə hər ay bir uşağa görə 150 manat sabit pul məbləğində aliment tutulması qət edilmişdir, icra sənədi şöbənin icraatına daxil olmuş, 18 dekabr 2018-ci il tarixdə icraata başlamaq haqqında qərar qəbul edilərək tələbin könüllü icra olunması üçün borclu Şəxs ünvanına bildiriş göndərilmiş, lakin icra sənədinin tam icrası könüllü təmin edilməmişdir. Məhkəmə qərarını könüllü icra etmədiyinə görə borclunun adına əmlak vəziyyətinin və gəlirinin müəyyən edilməsi məqsədilə müvafiq orqanlara sorğular edilmiş, lakin borclunun hər hansı gəliri və onun adına hər hansı əmlak müəyyən edilməmişdir. Borclunun olduğu yer müəyyən olunmadığından 04.11.2020-ci il tarixdə barəsində axtarış elan edilməsi haqqında qərar qəbul olunaraq adiyyəti orqana göndərilmişdir. Borclu Şəxs icra sənədi üzrə yaranmış 3100 manat ümumi borcundan cəmi 2020-ci ildə 1100 manat tələbkar X2 xeyrinə ödəniş etmişdir. Borclu axtarış qərarına əsasən 01 fevral 2021-ci -ci il tarixdə Qaradağ rayon İcra və Probasiya şöbəsinə təhvil verilmiş və həmin tarixdə onun izahatı alınmış və o izahatında icra sənədini icra etməmə səbəbi kimi Pandemiya dövründəki işsizlik olduğunu göstərmişdir. Borclunun bu günə olan aliment borcu 3100 manat təşkil edir. Görülmüş icra tədbirləri nəticə vermədiyindən borclu Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə 01 fevral 2021-ci il tarixli, MN ******* nömrəli protokol tərtib olunmuş və baxılması üçün Bakı şəhər Qaradağ Rayon Məhkəməsinə göndərilmişdir. Borclu Şəxs inzibati xəta haqqında materiala öz münasibətini bildirərək qeyd etmişdir ki, Quba rayon Məhkəməsinin 2(027)-1327/2018 saylı, 05.09.2018-ci il tarixli icra sənədindən xəbərdardır. Maddi imkansızlığı səbəbindən aliment öhdəliklərini icra edə bilmir. Gələcəkdə imkanı olacağı təqdirdə aliment borcundan ödənişlər edəcəkdir. Məhkəmədən əməlindən peşman olduğunu və göstərilənləri nəzərə alaraq barəsində qanuni qərar qəbul edilməsini xahiş etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Quba rayon Məhkəməsinin 2(027)-1327/2018 saylı, 05.09.2018-ci il tarixli qətnaməsi ilə 09.03.2015-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün 05.09.2018ci il tarixdən başlayaraq Şəxs X2 xeyrinə hər ay bir uşağa görə 150 manat sabit pul məbləğində aliment tutulması qət edilmişdir. İcraata başlama haqqında 18.12.2018-ci il tarixli qərarın surətindən görünür ki, Quba rayon Məhkəməsinin 2(027)-1327/2018 saylı, 05.09.2018-ci il tarixli icra sənədi əsasında iş üzrə icraat başlanılmış və icraata başlanması haqqında qərar dərhal icra olunması üçün bildirişlə borclu Şəxs, məlumat üçün isə tələbkara göndərilmişdir. Borclunun axtarışı haqqında 04.11.2020-ci il tarixli qərarın surətindən görünür ki, xx.xx.1987-ci il təvəllüdlü X5 barəsində axtarış elan edilmiş, qərar icra olunması üçün Bakı şəhəri Qaradağ Rayon Polis İdarəsinə göndərilmişdir. Bakı şəhəri Qaradağ Rayon Polis İdarəsinin xidmət üzrə rəis müavini, polis polkovniki Oqtay Süleymanlının Bakı şəhəri Qaradağ Rayon İcra və Probasiya Şöbəsinin rəisi vəzifəsini icra edən Kamal Əliyevə ünvanlandığı 01 fevral 2021-ci il tarixli, 069-1928- 1221 nömrəli məktubunun surətindən görünür ki, barəsində 10.11.2020-ci il tarixli, 30895 nömrəli mülki axtarış işi açılmış Şəxs yeri müəyyən olunaraq Bakı şəhəri Qaradağ Rayon İcra və Probasiya Şöbəsinə təmin olunması məqsədilə göndərilmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 15.2-ci maddəsinə əsasən məhkəmələrin qanuni qüvvəyə minmiş qətnaməsi, qərardadı, qərarı, əmri bütün dövlət hakimiyyəti, yerli özünüidarə orqanları, onların vəzifəli şəxsləri, ictimai birliklər, siyasi partiyalar, həmkarlar ittifaqları, onların vəzifəli şəxsləri, həmçinin fiziki və hüquqi şəxslər üçün məcburidir və Azərbaycan Respublikasının bütün ərazisində hökmən icra olunmalıdır. İcra haqqında Azərbaycan Respublikası Qanununun 13.1.4-1 maddəsinə əsasən şəxsin saxlanılması üçün vəsaitlərin, o cümlədən alimentlərin alınması haqqında məhkəmə qərarları əsasında verilən icra vərəqələri dərhal icra olunmalıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 12-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur; 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır; 31.4. Bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yalnız yuxarı həddi müəyyən edildikdə, tətbiq edilən inzibati tənbeh onun yuxarı həddinin dörddə birindən az ola bilməz; 528.1-ci maddəsinə əsasən məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə fiziki şəxslər beş yüz manatdan min manatadək miqdarda cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla bir ayadək inzibati həbs tətbiq olunur. Məhkəmə iclasında tədqiq edilmiş inzibati xəta haqqında protokol, icra məmurunun, borclunun izahatları və inzibati materialda olan digər sənədlərlə sübuta yetirilmişdir ki, borclu Şəxs məhkəmə qətnaməsi üzrə üzərinə qoyulmuş aliment öhdəliyini üzrsüz səbəbdən yerinə yetirməyərək, qanunla müəyyən olunmuş müddətdə icra sənədlərinin icrasını təmin etməmiş, borcun ödənilməsinə laqeydlik göstərmiş və icra vərəqələrinin icrasına səhlənkar yanaşmışdır. Quba rayon Məhkəməsinin 2(027)-1327/2018 saylı, 05.09.2018-ci il tarixli icra sənədi üzrə borclu Şəxs tərəfindən bu günədək icra sənədinin tam icra edilməməsi məhkəmə tərəfindən icra sənədinin icrasından qərəzli yayınması olaraq qiymətləndirilir. Belə ki, qanuni qüvvəyə minmiş məhkəmə aktını icra etmək üçün Şəxs kifayət qədər imkana və vaxta malik olmasına baxmayaraq səhlənkar yanaşaraq icra sənədi üzrə öhdəliyini tam və vaxtında icra etməmişdir. Bu isə öz növbəsində keçən müddət ərzində icrası məcburi olan Azərbaycan Respublikası adından qəbul edilmiş məhkəmə aktına vətəndaşın səthi və etinasız yanaşmasına dəlalət edir. Bununla da, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Beləliklə məhkəmə, törədilmiş inzibati xətanın xarakterini, inzibati xətanı törətmiş şəxsin şəxsiyyətini, məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməməsini nəzərə alaraq, iş üzrə sübutları qiymətləndirib, hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin sanksiyasının hədləri daxilində inzibati həbs növündə inzibati tənbeh tətbiq edilməli və həbsetmənin əvvəli azadlığının faktiki məhdudlaşdırıldığı andan, yəni 01 fevral 2021-ci il, saat 17:30dan hesablanmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 114 və 115-ci maddələrini rəhbər tutaraq QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək, onun barəsində 10 (on) gün müddətində inzibati həbs növündə tənbeh tədbiri tətbiq edilsin. İnzibati həbs haqqında qərar dərhal icra edilsin. Qərarın icrası Bakı şəhəri Qaradağ rayon Polis İdarəsinə və Daxili İşlər Nazirliyinə bilavasitə tabe olan inzibati həbs olunanların saxlanılma mərkəzinə həvalə edilsin. İnzibati həbsetmənin əvvəli 01 fevral 2021-ci il saat 17:30-dan hesablansın. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 129-cu maddəsində müəyyən edilmiş qaydada Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: İslam Həsənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar