Məhkəmə qərarları › İş №3(002)-317/2022

Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qərar — İş №3(002)-317/2022

23.02.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(002)-317/2022 23.02.2022 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Mürsəlov Rufan Kamil oğlunun sədrliyi, Məmmədova Ülviyyə Nizami qızının katibliyi, Qaradağ rayon icra şöbəsinin böyük icra məmuru X4, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx xxxxxx 1992-ci ildə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, Bakı şəhəri, Qaradağ rayonu, ünvan 1 ünvanında qeydiyyatda olan X5 barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Qaradağ rayon İcra Şöbəsinin böyük icra məmuru X7, borclu X3 barəsində protokol tərtib edərək, Qaradağ rayon Məhkəməsinin 2(002)-427/2018 saylı, 08 avqust 2018-ci il tarixli icra sənədinin icrası ilə bağlı icra məmurunun qanuni tələblərini yerinə yetirmədiyinə görə onun İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Qaradağ rayon İcra Şöbəsinin böyük icra məmuru X7 öz izahatında protokolu müdafiə edərək bildirdi ki, Qaradağ rayon Məhkəməsinin 2(002)- 427/2018 saylı, 08 avqust 2018-ci il tarixli icra vərəqəsinə əsasən X1 və Şəxs müştərək qaydada 7980.13 ABŞ dolları əsas borc, 5112.73 ABŞ dolları məbləğində faiz borcu, 09.93 ABŞ dolları məbləğində cərimə borcu, ümumilikdə 13101 ABŞ dolları 79 sent ödəniş gününə Azərbaycan manatı məzənnəsi ilə və 30 manat ödənilmiş dövlət rüsumu tutularaq "xxxx" ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun xeyrinə ödənilməsi qət edilmişdir. İcra sənədi icraata daxil olduqdan sonra qanunvericilikdə nəzərdə tutulmuş qaydada icraata başlamaq haqqında qərar qəbul olunaraq tələbin könüllü icrasına dair bildirişlə birgə borcluya göndərilmişdir. Borclu bu günədək borcundan heç bir ödəniş etməmiş bu səbəbdən də barəsində Azərbaycan Respublikasının İXM-nin 528.1-ci maddəsinə əsasən 23 fevral 2022-ci il tarixli, MN ******* saylı protokol tərtib edilmişdir. Buna görə də borclu X3 barəsində inzibati tənbeh tədbirinin tətbiq edilməsini xahiş etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs X5 öz izahatında bildirmişdir ki, qətnamədən xəbəri vardır. Lakin qeyd olunan 8934 ABŞ dolları borcu ilə razı deyil. Belə ki, o, bu işdə X2 zamin durmuş, yəni bu borc onun olmamışdır. Bundan əlavə hal-hazırda özünün “Nikoyl” Banka borcu var. O “tır” sürücüsü olduğunu, aldığı əməkhaqqının qeyd olunan borclarının ödənilməsinə kifayət etmədiyini bildirərək iş üzrə inzibati materiala xitam verilməsini xahiş etmişdir. Tərtib edilmiş inzibati protokoldan, iş materiallarından, borclunun və icra məmurunun izahatlarından aydın olur ki, X3 yaranmış borcundan xəbəri olmaqla heç bir üzrlü səbəb olmadan icra sənədini uzun müddətdir ki, icra etməmişdir. X3 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməsi özünün şəxsi etirafı və inzibati xəta haqqında tərtib edilmiş 23 fevral 2022-ci il tarixli, MN ******* saylı protokolla və işin digər halları ilə tam təsdiq olunur. Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsinə əsasən məhkəmə qərarlarını üzürsüz səbəbdən icara etməmək və icra məmurunun qanuni tələblərinə tabe olmamaq inzibatı məsulliyət yaradır. İnzibati Xətalar Məcəllənin İXM-nin 21-ci maddəsində göstərilir ki, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Məhkəmə, X5 tərəfindən törədilmiş inzibati xətanın xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini və hal-hazırda rəsmi işləməməklə müvafiq gəlirə malik olmamasını nəzərə alaraq barəsində aşağı həddə cərimə növündə inzibati tənbeh tədbirinin tətbiq edilməsini daha məqsədə müvafiq hesab edir. Qeyd olunanları nəzərə alaraq və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 115,128,129 və 130-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: X5 Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 500 (beş yüz) manat məbləğində cərimə edilsin. Qərardan, onun surətinin rəsmi qayda təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Qaradağ Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hakim: Rufan Mürsəlov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar