Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(002)-317/2023 07.03.2023 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Dadaşova Şəfa Əliövsət qızının sədrliyi, Abbasov Fərid Zirəddin oğlunun katibliyi, Qərardan şikayət vermiş şəxs X1, İnzibati tənbeh vermə haqqında qərar qəbul etmiş orqan Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin nümayəndəsi X2 iştirakları ilə, 08 aprel 1982-ci ildə Salyan rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, Salyan rayonu, Qarabağlı kəndində qeydiyyatda olan X1 Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin xx.xx.2023-cü il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsi barədə şikayətinə açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: X4 şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin xx.xx.2023-cü il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, xx.xx.2023-cü il tarixdə saat 13.00 radələrində Qaradağ rayonu, Ələt qəsəbəsi, Daşgil məntəqəsinin dəniz sahilində "X9" MMC-nin ərazisində tanışı X3 tikilisində nahar edən zaman 5 nəfər üzü qara maskalı mülki şəxslər özlərini təqdim etmədən ona fiziki təzyiq göstərərək içəri daxil olmuş, otaq əşyalarını altüst etmiş və otaqda olan ona məxsus 1 ədəd qanuni sənədləri olan ov tüfəngini götürərək VAZ-2121 Niva markalı 99EO943 dövlət qeydiyyat nişanlı avtomobil ilə ərazini tərk etmişlər. Sonradan onların ETSN-nin 11 saylı RETSİ-nin əməkdaşları olduğunu öyrənmişdir. xx.xx.2023-cü il tarixdə o, İdarəyə gələrək tüfəngini geri tələb etmişdir. Həmin əməkdaşlar tüfəngi Qaradağ rayon Polis İdarəsinə təhvil verdiklərini və silahı oradan götürmək üçün protokolun surətini təqdim etməyini ona bildirmişlər. Bundan sonra barəsində inzibati xəta haqqında protokol tərtib edərək imzalamasını xahiş etmişlər, o, isə heç bir ov qaydasını pozmadığı üçün imza atmaqdan imtina etmişdir. Lakin onlar tüfəngin ancaq protokol əsasında qaytaralacağını və qərar qəbul ediləcəyi təqdirdə onu izahat vermək üçün dəvət edəcəklərini bildirərək imzalamasının mütləq olmasını bildirmişlər. O, isə protokolu imzalamışdır. xx.xx.2023-cü il tarixdə barəsində inzibati tənbeh vermə haqqında qərarın qəbul edilmiş və 1000 manat məbləğində cərimə tətbiq edilmişdir. O, idarəyə gedərək həmin qərarın surətini almışdır. Həmçinin bildirmişdir ki, heç bir ov qaydasını pozmamış, ovda olmamış, qərar isə onun izahatı alınmamış qəbul edilmişdir. Yuxarıda göstərilənlərə əsasən, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 272.3 maddəsi əsasında 1000 manat məbləğində cərimə edilməsi barədə çıxarılmış xx.xx.2023-cü il tarixli MN ******* nömrəli qərarın əsassız olması və qeyri-qanuniliyi ilə əlaqədar ləğv olunması haqqında qərar qəbul edilməsini xahiş etmişdir. Barəsində inzibati tənbeh tədbiri tətbiq edilmiş X4 məhkəmə iclasında şikayətini müdafiə edərək, şikayətin məzmununa uyğun izahat verərək bildirmişdir ki, o və dostu Taleh Mövlayev həmin ərazidə ov etməmişlər, istirahət məqsədi ilə oraya gəlmişlər, silahlarda olan nasazlıqları aradan qaldırmaq üçün Salman Babayevə göstərmək istəmişlər. Məhkəmə iclasında Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin nümayəndəsi X6 şikayətçinin dəlilləri ilə razılaşmayaraq göstərdi ki, inzibati xəta haqqında qərar qəbul edilərkən qanunvericiliyin tələblərinə tam əməl edilmişdir. Xəzər dənizi sahili zolağında Ələt qəsəbəsi yaxınlığında ov edən şəxslər aşkar edilmişdir. Qanunsuz ov edən şəxslərə yaxınlaşan zaman onlar qaçaraq yaxınlıqda olan tikiliyə daxil olmuşlar. İdarənin əməkdaşları həmin tikiliyə baxış keçirən zaman 25 ədəd 12 kalibrli mərmi aşkar olunaraq götürülmüşdür. Götürülmüş silahlardan biri Rusiya istehsalı olan “**********” seriyalı, digəri isə Türkiyə istehsalı olan “12 kalibrli Koç-arms Gazelie” markalı ov silahı olmuşdur. Beləliklə E.Vəliyev tərəfindən “Ovçuluq haqqında” və “Azərbaycan Respublikası ərazisində ovçuluğun aparılması Qaydaları” nın tələbləri pozulmuşdur. Bu hal onun idarədə yazdığı ərizəsi ilə bir daha təsdiqini tapır. Ona görə də hesab edir ki, X1 şikayət ərizəsi əsassızdır və təmin edilməməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X7 izahatında bildirmişdir ki, 10 yanvar 2023-cü il tarixdə saat 13:00 radələrində tanımadığı şəxslər onlar olan otağa daxil olmuş və orada axtarış aparmışlar. Həmin şəxslər digər otağa daxil olaraq 2 ədəd ov silahını götürmüş və həmin silahların şəklini çəkmişlər. Daha sonra həmin şəxslərin 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin nümayəndələri olduqları məlum olmuşdur. Bundan sonra onları idarəyə çağırmış və orada protokola imza etmişlər. Məhkəmə iclasında şahid qismində dindirilmiş X8 izahatında bildirmişdir ki, Elnura və ona məxsus silahın sənədləri qaydasında olmuşdur. O, silahları Salmanın otağında qoyub üstünü örtmüşdür. Tanımadığı şəxslər otağa daxil olaraq 2 ədəd ov silahını götürmüş oradan uzaqlaşmışlar. 3-4 gün sonra onları idarəyə dəvət etmişlər. Məhkəmə şikayət ərizəsini, proses iştirakçılarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin edilməməlidir. Belə ki, iş materiallarında olan Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin rəisi X5 tərəfindən qəbul edilmiş 27 yanvar 2023-cü il tarixli, MN seriyalı ******* nömrəli inzibati xəta haqqında iş üzrə qərarın surətindən görünür ki, Qaradağ rayonu, Ələt qəsəbəsi, Daşgil adlanan ərazi, Xəzər dənizi sahilində müvafiq icazə olmadan ov etdiyinə görə X4 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 272.3-cü maddəsi ilə təqsirli bilinərək, 1000 manat məbləğində cərimə edilmişdir. İş materiallarında olan 10 yanvar 2023-cü il tarixli aktdan görünür ki, 10 yanvar 2023cü il tarixdə Qaradağ rayonu, Ələt qəsəbəsi yaxınlığında, (Daş gil adlanan ərazi) Xəzər dənizi sahil zolağında qanunsuz ov edilməsinin qarşısının alınması məqsədilə reyd keçirilmişdir. Keçirilmiş reyd zamanı sözügedən ərazidə ov edən silahlı şəxslər müşahidə edilmişdir. Qanunsuz ov edən şəxslərə yaxınlaşan zaman 2 nəfər (silahlı şəkildə) qaçaraq yaxınlıqdakı tikiliyə daxil olmuşdur. Həmin şəxslərin şəxsiyyətini təyin etmək və silahın sənədlərinin qanunvericiliyin tələblərinə uyğun olduğunu müəyyən üçün həmin tikiliyə baxış keçirilmiş, lakin özünü Salman Babayev kimi təqdim edən şəxs tikiliyə baxış keçirilməsinə və qanunsuz ov edən şəxslərin şəxsiyyətini müəyyən etməyə və silahların qanunvericiliyin tələblərinə uyğun olduğunu yoxlamağa şərait yaratmamışdır. Salman Babayev idarənin əməkdaşlarına qarşı nalayiq ifadələr işlətmiş və fiziki güc tətbiq edərək maddi ziyan vurmuşdur. Buna baxmayaraq idarənin əməkdaşları tikiliyə baxış keçirmiş və 2 ədəd silah dolu vəziyyətdə aşkar olunaraq inzibati araşdırmanın davam etdirlməsi üçün götürülmüşdür. Baxış zamanı 2 nəfər şəxsin şəxsiyyətini müəyyən etmək mümkün olmamış və onlardan 25 ədəd 12 kalibrli mərmi aşkar olunaraq götürülmüşdür. Götürülmüş silahlardan biri Rusiya istehsalı olan “**********” seriyalı, digəri isə Türkiyə istehsalı olan “12 kalibrli Koç-arms Gazelie” markalı ov silahıdır. Beləliklə sözügedən şəxslər “Ovçuluq haqqında” Azərbaycan Respublikasının qanunun və Nazirlər Kabinetinin 10 №-li xx.xx.2005-ci il tarixli qərarı ilə təsdiq edilmiş” Azərbaycan Respublikasının ərazisində ovçuluğun aparılması qaydalarının tələbləri pozulmuşdur. İş materiallarında olan Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Bioloji müxtəlifliyin qorunması və xüsusi mühafizə olunan təbiət ərazilərinin inkişafı departamentinin 05 iyul 2018-ci il tarixli, 06/431 nömrəli məktubundan görünür ki, “X9” MMC-nin direktoru Salman Babayevlə söhbət aparılmış və o, Bakı şəhəri, Qaradağ rayonu, Ələt qəsəbəsində yerləşən Daşgil ovçuluq təsərrufatının ərazisinin onlara verildiyi təqdirdə orada ov aparılmayacağı, odlu silahdan istifadə olunmayacağına dair öhdəlik götürmüş, yalnız ərazidən qanunvericiliyə uyğun balıqçılıq məqsədləri üçün istifadə olunacağını bildirmişdir. İş materiallarında olan Elnur Vəliyev tərəfindən verilmiş izahatdan görünür ki, o, bir daha özünə məxsus odlu silahla ov etməyəcəyinə söz vermiş, törətdiyi əməli etiraf etmişdir. “Ovçuluq haqqında” Azərbaycan Respublikasının Qanunun 12.1-ci maddəsinə əsasən Ovçuluq fəaliyyəti bu Qanunda nəzərdə tutulmuş qaydada müvafiq icra hakimiyyəti orqanı tərəfindən ovçuluq üçün ayrılmış ov yerlərində həyata keçirilir. Həmin Qanunun 12.2-ci maddəsinə əsasən ovçuluq fəaliyyəti ödənişlidir. Bu fəaliyyət ovçuluq bileti və ov etmək üçün verilən icazə əsasında həyata keçirilir. Həmin Qanunun 20.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının ərazisində ov edilməsi aşağıdakı hallarda qadağan edilir: 20.1.1. müvafiq icra hakimiyyəti orqanı tərəfindən nəzərdə tutulmamış günlərdə; 20.1.2. ovçuluq bileti və ov etmək üçün icazə olmadıqda; 20.1.3. başqa şəxsə aid olan ovçuluq biletindən, ov etmək üçün icazədən və ov silahından istifadə edildikdə; 20.1.4. ov etmək üçün verilmiş icazədə göstərilən yerdə ov edilmədikdə; 20.1.5. ovçuluq təsərrüfatlarında qeydiyyatdan keçmədikdə; 20.1.6. ov etmək üçün icazədə göstərilmiş normadan (saydan) artıq ov edildikdə. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 272.3-cü maddəsinə əsasən ov qaydalarının kobud şəkildə pozulmasına (lazımi icazə olmadan və ya qadağan edilmiş yerlərdə, yaxud qadağan olunmuş müddətlərdə, qadağan edilmiş alətlərlə və ya üsullarla ov edilməsinə), habelə digər ov qaydalarının müntəzəm pozulmasına görə- inzibati xətanın törədilməsində alət və ya inzibati xətanın bilavasitə obyekti olmuş predmetlər müsadirə edilməklə və ya müsadirə edilməməklə, min manatdan iki min manatadək məbləğdə cərimə edilir, yaxud altı aydan iki ilədək müddətə ov hüququ məhdudlaşdırılır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Həmin Məcəllənin 9.1-ci maddəsinin tələbinə görə inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmin 12.1-ci maddəsinə əsasən Bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Azərbaycan Respublikası İXM-nin 21-ci maddəsinə əsasən İnzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır; Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Beləliklə, şikayətçinin özünün Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsində yazdığı etirafedici izahatı, həmçinin məhkəmə iclasında ov etməyəcəyi halda silahın hansı səbəbdən həmin vaxt onda olmasına dair əsaslı izahat verə bilməməsi ilə onun İnzibati Xətalar Məcəlləsinin 272.3-cü maddəsində nəzərdə tutulmuş əməli törətməsi təsdiqini tapdığından onun inzibati xətada təqsirli bilinərək tənbeh edilməsi qanuni olmuş, xx.xx.2023-cü il tarixli qərarının inzibati tənbehin vermə haqqında qərar qəbul edilərkən hər hansı pozuntuya yol verilməmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 134.1.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında qərar qəbul edilir. Məhkəmə iş üzrə sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, X1 Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin qəbul etdiyi inzibati tənbeh vermə haqqında xx.xx.2023-cü il tarixli qərarın ləğv edilməsinə dair şikayəti əsassız olduğundan təmin edilməməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128- 136-cı maddələrini rəhbər tutub, məhkəmə QƏRARA ALDİ: X1 Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin rəisi Vaqif Cavadov tərəfindən qəbul edilmiş xx.xx.2023-cü il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsinə dair şikayəti təmin edilməsin. Qərardan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Şəfa Dadaşova
Məhkəmə qərarları › İş №3(002)-317/2023
Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qərar — İş №3(002)-317/2023
07.03.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver