Məhkəmə qərarları › İş №3(002)-32/2024

Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qərar — İş №3(002)-32/2024

05.02.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(002)-32/2024 05.02.2024 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Mürsəlov Rufan Kamil oğlunun sədrliyi, Mustafayeva Sevda Bahaddin qızının katibliyi, Azərbaycan Respublikası X5 Bakı şəhəri Reklam İdarəsinin nümayəndəsi X1, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs MMC-nin direktoru X4 iştirakları ilə, Şəxs MMC-nin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 428.7.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair X5 Bakı şəhəri Reklam İdarəsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikası X5 Bakı şəhəri Reklam İdarəsi tərəfindən Şəxs MMC barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 428.7.1-ci maddəsi ilə MN ******* nömrəli, 27 noyabr 2023-cü il tarixli inzibati xəta haqqında protokol tərtib edilərək, baxılması üçün Qaradağ rayon məhkəməsinə göndərilmişdir. İnzibati xəta haqqında protokoldan görünür ki, Şəxs MMC tərəfindən ünvan 1 ünvanında 27 noyabr 2023-cü il tarixdə, saat 11:30-da «Express Avtoyuma» adlı obyektin üzərində olan reklamların açıq məkanda müvafiq icazə olmadan yerləşdirilməsi faktı müəyyən edilmişdir. Nəticədə Şəxs MMC tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 428.7.1-ci maddəsində nəzərdə tutulan inzibati xəta törədilmişdir. Məhkəmə iclasında iştirak edən Azərbaycan Respublikası X5 Bakı şəhəri Reklam İdarəsinin nümayəndəsi X2 tərtib edilmiş protokolu müdafiə edərək bildirmişdir ki, Azərbaycan Respublikası X5nin Bakı Şəhəri Reklam İdarəsi tərəfindən ünvan 1 ünvanında yerləşən Şəxs MMC-yə məxsus «Express Avtoyuma» adlı obyektin üzərində "Reklam haqqında" Azərbaycan Respublikasının Qanununun tələblərinin pozularaq müvafiq icazə olmadan açıq məkanda reklam yerləşdirildiyi aşkar edilmiş və bu barədə 26 oktyabr 2023-cü il tarixli akt tərtib edilmişdir. Daha sonra 02 noyabr 2023-cü il tarixdə Şəxs MMC şirkətinə rəsmi qaydada “müvafiq qanun pozuntularının aradan qaldırılması barədə icrası məcburi olan göstəriş ünvanlanmış və həmin göstərişin 04 noyabr 2023-cü il tarixdə sözügedən şirkət tərəfindən qəbul edilməsindən imtina edilmişdir. Həmçinin qanunla müəyyən edilmiş qaydada və müddətdə göstərişin icrası təmin edilməmişdir. Göstərişdə "Reklam haqqında" Azərbaycan Respublikasının Qanununun 26-cı maddəsini və Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 19 dekabr tarixli 1743 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Açıq məkanda reklam yerləşdirilməsinə icazə verilməsi və bu sahədə nəzarətin həyata keçirilməsi Qaydası"nın 3-cü bəndini rəhbər tutaraq 27 noyabr 2023-cü il tarixli Aktda qeyd olunan qanun pozuntularının 5 gün ərzində aradan qaldırılması şirkətdən tələb edilmiş, icrası məcburi olan göstərişin alındığı vaxtdan 5 gün ərzində açıq məkanda reklam yerləşdirilməsinə icazə alınması üçün Bakı Şəhəri Reklam İdarəsinə müraciət etmələri və ya icazəsiz reklam yayımını dayandırmaları tələb olunmuşdur. Lakin şirkət tərəfindən nəzərdə tutulan müddətdə pozuntu aradan qaldırılmamışdır. Nəticədə 27 noyabr 2023-cü il tarixdə, MN ******* nömrəli protokol tərtib edilmişdir. Şirkət tərəfindən reklam yerləşdirilməsinə görə 27 noybar 2023-cü il tarixdə ödəniş edilsə də bu 01 sentyabr 2022-ci il tarixdən 01 sentybar 2023-cü il tarixədək olan dövr üçün reklam yerləşdirilməsini nəzərdə tutur. Bu da həmin hüquqi şəxsi inzibati məsuliyyətdən azad etmir. Odur ki, Şəxs MMC barəsində inzibati tənbeh tədbiri tətbiq edilməsi barədə qərar çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Şəxs MMC şirkətinin direktoru X6 öz izahatında bildirmişdir ki, Şəxs MMC tərəfindən ünvan 1 ünvanında yerləşən obyektdə açıq havada reklam yerləşdirilməsi ilə bağlı 2023-cü ilin sentyabr ayınadək olan dövr üçün müvafiq ödənişlər etmişdir. Bundan başqa ona Reklam Agentliyindən sadəcə ödəniş etməsi ilə bağlı bildiriş daxil olmuşdur. Lakin ona reklamın aradan qaldırılması ilə bağlı bildiriş gəlib çatmayıb. Bundan başqa son üç ayda həmin plakat orda olmamışdır. Bundan başqa direktoru olduğu şirkət barəsində inzibati xəta haqqınd protokol tərtib olunarkən şirkətin nümayəndəsi cəlb olunmamışdır. Yəni, protokolda qeyd edilən məlumatlar həqiqətə uyğun deyildir. Qeyd edilənləri və inzibati xəta hadisəsinin olmamasını nəzərə alaraq məhkəmədən iş üzrə icraata xitam verilməsi barədə qərar çıxarmasını xahiş etmişdir. Məhkəmə, tərəflərin izahatını və işdə olan sənədləri nəzərdən keçirərək belə qənaətə gəlir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs MMC-nin İnzibati Xətalar Məcəlləsinin 428.7.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi işin halları ilə tam sübuta yetirlir. Belə ki, iş materiallarında olan 02 noyabr 2023-cü il tarixli, 1-31/2-4034/2023 saylı göstərişdən aydın olur ki, icrası məcburi olan göstərişi alındığı vaxtdan 5 gün ərzində açıq məkanda reklam yerləşdirilməsinə icazə alınması üçün Bakı Şəhəri Reklam İdarəsinə müraciət etmələri və ya icazəsiz reklam yayımını dayandırmaları tələb olunmuş, əks təqdirdə, müvafiq icazə olmadan açıq məkanda reklam yerləşdirilməsinə görə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 428.7.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törədildiyi üçün pozuntuların aradan qaldırılması üçün müəyyən edilmiş müddətin başa çatdığı tarixdən 1 iş günü ərzində barənizdə inzibati xəta haqqında protokol tərtib ediləcəyi qeyd edilmişdir. İş materiallarında olan “Reqion Express” poçt xidmətinin sifarişli poçt qəbzindən aydın olur ki, qeyd olunan göstərişin 04 noyabr 2023-cü il tarixdə Şəxs MMC tərəfindən qəbul edilməsindən imtina edilmişdir. “Reklam haqqında” Qanunun 2.0.1-ci maddəsində göstərilir ki, reklam –reklam istehlakçısının diqqətini reklam obyektinə müxtəlif vasitə və üsullardan istifadə olunmaqla istənilən formada cəlb etmək, marağını formalaşdırmaq və saxlamaq, əmtəəni bazarda tanıtmaq və satışını stimullaşdırmaq məqsədi ilə yayımlanan məlumatdır. Həmin Qanunun 26.1-ci maddəsinə əsasən reklam birbaşa və ya reklam daşıyıcısı vasitəsilə torpaq sahələrində, bina, qurğu və digər tikililərin fasadlarında (divarlarında, hasarlarında), dam örtüklərində, bayıra ünvanlanmaqla qapıların, pəncərələrin (pəncərə altlıqlarının), vitrinlərin çöl və iç tərəflərində, habelə açıq məkanda olan avadanlıqlarda, avtomobil yollarının dayanacaqlarında və yeraltı keçidlərində, hava şarlarının, aerostat və dirijablların üzərində yerləşdirildiyi halda açıq məkanda reklam hesab olunur. Həmin Qanunun 26.8-ci maddəsində göstərilir ki, birbaşa aid olduğu xidmət, ticarət və ya digər obyektlərin giriş hissəsində, fasadında (divarında, hasarında) yerləşdirilən və həmin obyektlərin adını, mənsubiyyətini, fəaliyyət növünü, ünvanını və iş rejimini istehlakçıya çatdıran sayı 1-dən, ümumi ölçüsü 1 kvadratmetrdən artıq olmayan lövhələr (yazılar), habelə ölçüsündən asılı olmayaraq, şəhər informasiya stendlərində qeyrikommersiya məqsədi ilə yerləşdirilən plakatlar, siyasi reklamlar, qeyri-hökumət təşkilatlarının, hüquqi (o cümlədən dövlət mülkiyyətində olan və ya paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə məxsus olan hüquqi şəxslərin) və fiziki şəxslərin kommersiya fəaliyyəti ilə bağlı olmayan elanlar, həmçinin dövlət orqanlarına aid olan lövhələr və Azərbaycan Respublikası Şəhərsalma və Tikinti Məcəlləsinin 86.1-ci maddəsində nəzərdə tutulmuş məlumat lövhələri reklam qurğuları və yerləşdirilməsinə icazə alınması tələb olunan reklam hesab edilmir. İş materiallarına əlavə olunmuş fotoşəkillərdən də Şəxs MMC-nin açıq məkanda reklam yerləşdirilməsi faktı öz təsdiqini tapmışdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 428.7.1-ci maddəsində göstərilir ki, müvafiq icazə olmadan, həmçinin onun tələbləri pozulmaqla açıq məkanda reklam yerləşdirilməsinə görə fiziki şəxslər üç yüz manatdan beş yüz manatadək məbləğdə, vəzifəli şəxslər min beş yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər beş min manatdan on min manatadək məbləğdə cərimə edilir. Həmin Məcəllənin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 21-ci maddəsinin tələbinə görə inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 31.3-cü maddəsinin tələbinə əsasən hüquqi şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, inzibati xətanın xarakteri, inzibati xəta nəticəsində hüquqi şəxsin əldə etdiyi xeyrin həcmi və ya onun maraqlarının təmin edilməsinin xarakteri və dərəcəsi, hüquqi şəxsi xarakterizə edən hallar, o cümlədən onun maliyyə və əmlak vəziyyəti, xeyriyyəçilik və ya digər ictimai faydalı fəaliyyətlə məşğul olması, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Beləliklə, məhkəmə Şəxs MMC-nin törətdiyi inzibati xətanın xarakterini, inzibati xəta nəticəsində onun maraqlarının təmin edilməsinin dərəcəsini, hüquqi şəxsi xarakterizə edən halları və s. nəzərə alaraq hesab edir ki, Şəxs MMC-nin hüquqi şəxs qismində İnzibati Xətalar Məcəlləsinin 428.7.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş aşağı həddə cərimə növündə tənbeh tədbirinin tətbiq edilməsi daha məqsədəmüvafiqdir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 49-51, 114-115, 117, 129 və 130-cu maddələrini rəhbər tutaraq məhkəmə QƏRARA ALDİ: Şəxs MMC (VÖEN: **********) Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 428.7.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinməklə 5000 (beş min) manat məbləğində inzibati cərimə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Rufan Mürsəlov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar