Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(002)-322/2023 27.02.2023 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Dadaşova Şəfa Əliövsət qızının sədrliyi, Abbasov Fərid Zirəddin oğlunun katibliyi, Bakı şəhəri Qaradağ RPİ-nin 11-ci PB-nin sahə inspektoru X2, İnzibati xəta haqqında qərardan şikayət vermiş X3 iştirakı ilə, xx.xx.1996-cı il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, ünvan 1 ünvanında yaşayan X3 barəsində Bakı şəhəri Qaradağ rayon Polis İdarəsinin 11-cu polis bölməsinin rəisi X6 tərəfindən qəbul olunmuş 31 avqust 2022-ci il tarixli, MN seriyalı ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarından verdiyi şikayətə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: X7 Bakı şəhəri Qaradağ rayon Polis İdarəsinin 11-ci polis bölməsinin rəisi X6 tərəfindən qəbul olunmuş 31 avqust 2022-ci il tarixli, MN seriyalı ******* saylı qərarından şikayətlə məhkəməyə müraciət etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, atası X1 rayonu, 2-ci Alatava küçəsi, 24A ünvanda yerləşən fərdi yaşayış evini tikmişdir. X14 saxta sənədlər əsasında evi atasından almaq istəmiş, məhkəmə saxta sənədlər əsasında X14a və iki övladına həmin evdə yaşamaq hüququ vermişdir. Atasının xəstəliyindən istifadə edən X14 bacısı Aidə Eyvazovanı 2-ci Alatava küçəsi, 24A ünvanında yerləşən fərdi yaşayış evinə göndərmiş, qapının açarını sındırmaqla evə girmişlər. Aidə Eyvazova həmin evdən ailəyə məxsus 13000 manat pulu və 50 qramlıq qızıl sepi və sənədləri götürmüş, o, dəfələrlə həmin əmlakları tələb etsə də, həmin şəxs onu söyüb-təhqir etmişdir. Eləcə də, bibisi X10 qəsəbəsində mərhum babasından miras qalmış bağ evinin hasarını sökərək öz bağı ilə birləşdirmək istədiyinə görə, 2022-ci ilin iyun ayında bağ evinə gedərkən orada bibisi ilə rastlaşmış və bibisi onu və anasını söyüb təhqir etmişdir. Bundan sonra ondan polisə şikayət etmişdir. 07 fevral 2023-cü ildə Nizami rayon İcra şöbəsindən icra məmuru Tahir Ağayev telefon vasitəsilə onu şöbəyə dəvət etmiş və xx.xx.2023-cü il tarixli xəbərdarlıq məktubu verərək, barəsində inzibati xəta haqqında qərar əsasında 50 manat cərimə olunduğunu bildirilmişdir. O, həmin vaxt qeyd olunan qərarın və ərizənin surətini icra məmurundan götürüb, qərardan şikayət edəcəyini və bu qərarın mövcudluğundan məlumatı olmadığını bildirmişdir. O, icra şöbəsindən aldığı sənədlərlə tanış olarkən məlum olmuşdur ki, bibisi xx.xx.2022-ci ildə polis şöbəsinə ondan şikayət etmiş, Qaradağ RPİ-nin 11-ci Polis bölməsinin rəisi onu dəvət etmədən, izahatını almadan xx.xx.2022-ci il tarixli MN seriyalı ******* saylı qərar qəbul edərək, Azərbaycan Respublikası İXM-nin 510cu maddəsi ilə təqsirli bilinmiş və 50 manat inzibati cərimə edilmişdir. İnzibati xəta haqqında qərardan şikayət vermiş şəxs X7 məhkəmə iclasında şikayətini müdafiə edərək, izahatında göstərmişdir ki, hadisədən xəbəri olmamış, yalnız Nizami rayon İcra Şöbəsindən ona bildiriş daxil olduqdan sonra barəsində qəbul edilmiş qərardan məlumatı olmuşdur. Qərarın surətini 07 fevralda 2023-cü il tarixdə almışdır. Odur ki, barəsində qəbul edilmiş qərar əsassız olduğundan 31 avqust 2022-ci il tarixli, MN seriyalı ******* nömrəli qərarın ləğv edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında Bakı şəhəri Qaradağ RPİ-nin 11-ci PB-nin sahə inspektoru X4 izahatında bildirmişdir ki, Aidə Eyvazovanın daxil olan son şikayətindən sonra protokolu tərtib etmişdir. Qarşı tərəfi polis bölməsinə telefon zəngi vasitəsilə dəvət etməyə çalışsa da buna ail ola bilməmiş və bu səbəbdən protokolu yalnız bir tərəfin iştirakı ilə tərtib etmişdir. Barəsində icraat aparılan şəxsin ünvanına rəsmi qaydada məktub göndərməmiş, yalnız telefon vasitəsilə zəng etmişdir. X3 şikayət ərizəsi əsassız hesab edərək, Bakı şəhəri Qaradağ rayon Polis İdarəsinin 11-cu polis bölməsinin rəisi X6 tərəfindən qəbul olunmuş 31 avqust 2022-ci il tarixli, MN seriyalı ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın qüvvədə saxlanılmasını xahiş etmişdir. İş materiallarında olan Bakı şəhəri Qaradağ rayon Polis İdarəsinin 11-ci polis bölməsinin rəisi X6 tərəfindən qəbul olunmuş 31 avqust 2022-ci il tarixli, MN seriyalı ******* nömrəli inzibati tənbeh vermə haqqında qərara əsasən X7 Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsinə əsasən 50 manat cərimə edilmişdir. İş materiallarında olan Bakı şəhəri Nizami Rayon İcra Şöbəsinin 26 yanvar 2023-cü il tarixli məktubundan görünür ki, icra vərəqəsində göstərilən tələbi könüllü yerinə yetirməsi üçün Ə.M.Eyvazova xəbardarlıq edilmiş, həmçinin icra sənədinin üzrsüz səbəbdən icra edilmədiyi təqdirdə qanunvericilikdə nəzərdə tutulmuş müvafiq tədbirlərin həyata keçiriləcəyi də onun nəzərinə çatdırılmışdır. İnzibati xəta haqqında qərarı, eləcə də proses iştirakçılarının izahatını nəzərə alıb iş üzrə sübutları qiymətləndirərək məhkəmə hesab edir ki, X3 barəsində 31 avqust 2022-ci il tarixli, MN seriyalı ******* nömrəli inzibati xəta haqqında qərarı ləğv edilməlidir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsinə əsasən xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə - əlli manatdan yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda, on beş günədək müddətə inzibati həbs tətbiq olunur. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, kollegial orqanın üzvü, vəzifəli şəxs işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Həmin Məcəllənin 134.1.4-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayət və ya protestə baxıldıqda bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında qərar qəbul edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 48-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlər üzrə icraatın vəzifələri şəxslərin hüquqlarını və azadlıqlarını, onların qanuni mənafelərini qorumaqdan, inzibati xəta haqqında hər bir işin hallarını vaxtında, hərtərəfli, tam və obyektiv surətdə aydınlaşdırmaqdan, inzibati xəta törətmiş şəxsi aşkar etməkdən və onu inzibati məsuliyyətə cəlb etməkdən, çıxarılmış qərarın icrasını təmin etməkdən, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəbləri və şəraiti aşkar etməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Həmin Məcəllənin 100.2-ci maddəsinə əsasən protokol tərtib edilərkən, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsə və ya hüquqi şəxsin nümayəndəsinə, habelə inzibati xəta haqqında iş üzrə icraatın digər iştirakçılarına bu Məcəllədə nəzərdə tutulmuş hüquqları və vəzifələri izah edilir və bu barədə protokolda müvafiq qeyd aparılır. Həmin Məcəllənin 100.3-cü maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsə və ya hüquqi şəxsin nümayəndəsinə inzibati xəta haqqında protokolun surəti verilir. İnzibati xəta haqqında iş üzrə zərər çəkmiş şəxsin də inzibati xəta haqqında protokolun surətini almaq hüququ vardır. Həmin Məcəllənin 100.4-cü maddəsinə əsasən protokol onu tərtib etmiş şəxs, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxs və ya hüquqi şəxsin nümayəndəsi tərəfindən imzalanır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxs və ya hüquqi şəxsin nümayəndəsi protokolu imzalamaqdan imtina etdikdə, bu barədə protokolda müvafiq qeyd aparılır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsin və ya hüquqi şəxsin nümayəndəsinin izahatlar və protokolun məzmunu barəsində öz mülahizələrini təqdim etmək, habelə protokolu imzalamaqdan imtina etməsinin səbəblərini göstərmək hüquqları vardır. Onların bu izahatları və mülahizələri protokola əlavə olunur. Qaradağ Rayon Polis İdarəsinin 11-ci Polis Bölməsi tərəfindən qeyd edilən inzibati xəta haqqında işə baxılarkən qanunvericiliyin yuxarıda göstərilmiş tələblərinə riayət olunmamış, barəsində icraat aparılan şəxsin iştirakı təmin olunmamış, onun izahatı alınmamış və zəruri araşdırma aparılmadan işə baxılaraq protokol tərtib olunmuş və inzibati tənbeh vermə haqqında qərar qəbul edilmişdir. Beləliklə məhkəmə belə qənaətə gəlir ki, yuxarıda sadalanan qanunun tələbləri və işin halları baxımından X7 tərəfindən verilmiş şikayət qismən təmin olunaraq, X3 barəsində Bakı şəhəri Qaradağ rayon Polis İdarəsinin 11-ci polis bölməsinin rəisi X6 tərəfindən qəbul olunmuş 31 avqust 2022-ci il tarixli, MN seriyalı ******* nömrəli inzibati xəta haqqında iş üzrə qərarı ləğv edilməli və inzibati xəta haqqında işin yenidən baxılması səlahiyyətli orqana həvalə edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 115, 129.1.3, 133 və 134-cü maddələrini rəhbər tutaraq QƏRARA ALDİ: X3 şikayəti qismən təmin olunsun. Bakı şəhəri Qaradağ rayon Polis İdarəsinin 11-ci polis bölməsinin rəisi X6 tərəfindən qəbul olunmuş 31 avqust 2022-ci il tarixli, MN seriyalı ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar ləğv edilsin və iş yenidən baxılması Qaradağ rayon Polis İdarəsinin 11-ci Polis Bölməsinə tapşırılsın. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 129-cu maddəsində müəyyən edilmiş qaydada Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Şəfa Dadaşova
Məhkəmə qərarları › İş №3(002)-322/2023
Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qərar — İş №3(002)-322/2023
27.02.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver