Məhkəmə qərarları › İş №3(002)-325/2024

Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qərar — İş №3(002)-325/2024

20.02.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(002)-325/2024 20.02.2024 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Mürsəlov Rufan Kamil oğlunun sədrliyi, Mustafayeva Sevda Bahaddin qızının katibliyi, Zərərçəkən şəxs X1 iştirakı ilə, xx xxxxxxxx 1993-cü ildə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, ünvan 1 ünvanında qeydiyyatda olan Şəxs barədə, Bakı şəhəri Qaradağ RPİ-dən daxil olmuş inzibati xəta haqqında protokola və ona əlavə edilmiş materiallara, məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Məhkəməyə təqdim edilmiş 15 yanvar 2024-cü il tarixli, İXP ******* saylı inzibati xəta haqqında protokoldan və iş materiallarından aydın olur ki, 17 dekabr 2023-cü il tarixdə, saat təxminən 14:55 radələrində 1993-cü il təvəllüdlü Şəxs etibarnamə əsasında idarə etdiyi “Mercedes Benz C230 minik” markalı, AZ ** RP *** dövlət qeydiyyat nişanlı avtomobillə Qaradağ rayonu, Lökbatan qəsəbəsi, “Sədərək” ticarət mərkəzinin daxili yolunda hərəkətdə olarkən "Yol hərəkəti haqqında "Azərbaycan Respublikasının Qanununun 54-cü maddəsinin tələbini pozaraq “Super Toys” oyuncaq mağazasının qarşısındakı 1.14.1 üfüqi nişanlama xətti ilə nişanlanmış nizamlanmayan piyada keçidində yolu sağdan sola keçən piyada 1992-ci il təvəllüdlü X2 vurmuş və onun yüngül dərəcəli bədən xəsarəti alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi törətmiş və hadisə yerindən yayınmışdır. Buna görə də Şəxs barəsində İXM-nin 327.8-ci maddəsinə əsasən inzibati protokol tərtib edilmişdir. İş materiallarına əlavə edilmiş və məhkəmə baxışı zamanı tədqiq edilmiş Qaradağ RPİ-nin TŞ-nın baş təhqiqatçısı, polis mayoru X5 tərəfindən qəbul edilmiş 07 yanvar 2024ci il tarixli “cinayət işinin başlanmasının rədd edilməsi haqqında” qərarın nəticə hissəsindən aydın olur ki, qərarın təsviri hissəsində göstərilənlərə əsasən toplanmış material üzrə cinayət tərkibi olmadığından cinayət işinin başlanması rədd edilmiş, Şəxs Azərbaycan Respublikası İXM-in 327.6-cı və 327.8-ci maddələrində nəzərdə tutulmuş inzibati məsuliyyətə cəlb edilməsi üçün materialın Qaradağ RPİ-nin DYPŞ-na göndərilməsi, qərarın surətinin məlumat üçün ibtidai araşdırmaya prossessual rəhbərliyi həyata keçirən rayon prokurorluğuna və tərəflərə göndərilməsi qərara alınmışdır. Məhkəmə iclasında iştirak edən X4 öz izahatında bildirmişdir ki, “Sədərək” TM-də “Super Toys” oyuncaq mağazasında velosiped ustası işləyir, 17 dekabr 2023-cü il tarixdə, saat təxminən 14:55 radələrində işlədiyi “Super Toys” mağazasından çıxıb mağazanın qarşısındakı piyada zolağı ilə yolu keçərkən qəflətən ona nəzərən soldan gələn ağ rəngli “Sedan” tipli markasını və nömrə nişanını xatırlamadığı avtomobil onu vurmuşdur. Belə ki, maşının sağ arxa təkəri onun sağ ayağının üstündən keçmiş və o yerə yıxılmışdır. O dərhal ayağa qalxmış, həmin avtomobilə fit vermişdir ki, dayansın. Lakin sürücü sürətlə uzaqlaşıb deyə o nəqliyyat vasitəsinin nömrə nişanını götürə bilməmişdir. Daha sonra o DİN-nin 102 xidmətinə hadisə barədə məlumat vermişdir. Hadisə zamanı sağ ayağından xəsarət almışdır. 18 dekabr 2023-cü il tarixdə Lökbatan qəsəbəsində “Asmed Klinikasında” rentgen müayinəsindən keçmiş, orada ona sümüklərdə sınıq və çat olmamışdır. O halhazırda barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs qarşı şikayət və tələbinin olmadığını bildirmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə Bakı şəhəri Qaradağ RPİ-nin DYPŞ-na və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs təkrarən məlumat verilsə də, qeyd olunan tərəflər məhkəmə iclasında iştirak etməmiş və iştirak etməmələrinin səbəbləri barədə də heç bir məlumat verməmişdir. Məhkəmə işə qeyd olunan tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materialına əlavə olunmuş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə- Tibbi Ekspertiza və X3” Publik hüquqi şəxsin 25 dekabr 2023-cü il tarixli, 926 saylı ekspert rəyindən görünür ki, vətəndaş V.M. İsmayılovun məhkəmə-tibbi ekspertizası zamanı aşkar edilmiş xəsarətlər-sağ ayaq barmaqlarının cüzi hərəkət məhdudluğu ilə müşayiət olunan sağ ayaqüstü nahiyyənin yumşaq toxumalarının qançır- şişkinlik fonunda əziyi, sağ baldır, sol diz, sol bazu və sağ iç topuq nahiyyələrinin sıyrıqları bər küt əşya (əşyalar) təsirindən törənmişdir, qərarın təsviri hissəsində göstərilən xx.xx.2023-cü il tarixdə əmələ gələ bilərdilər və dərəcələrinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurmaya aid edilir. Vətəndaş V.M.İsmayılovun almış olduğu xəsarətlərin xarakteri və lokalizasayalarını nəzərə alıb demək olar ki, həmin xəsarətlər qərarın təsviri hissəsində göstərilən şəraitdə yəni, piyada qismində olarkən baş vermiş yol nəqliyyat hadisəsi nəticəsində əmələ gələ bilərdilər. Məhkəmə iş materiallarını araşdıraraq və işdə iştirak edən zərərçəkmiş şəxsin izahatını dinləyərək hesab edir ki, Şəxs tərəfindən inzibati xətanın törədilməsi inzibati xəta haqqında protokolla və işdə olan digər sənədlərlə tam təsdiq olunur. Məhkəmə törədilmiş inzibati xətanın xarakterini və ictimai təhlükəlilik dərəcəsini və zərəçəkmiş şəxsin halhazırda heç bir şikayət və tələbinin olmamasını nəzərə alaraq hesab edir ki, Şəxs Azərbaycan Respublikası İXM-nin 327.8-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək barəsində cərimə növündə inzibati tənbeh tədbirinin tətbiq edilməsi daha ədalətli və məqsədə müvafiqdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsində göstərilir ki, bu bu Məcəllənin 327.1 - 327.6, 328 və 330-cu maddələrində nəzərdə tutulmuş xətalar nəticəsində zərər çəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinə görə - üç yüz manat məbləğində cərimə edilir və ya nəqliyyat vasitəsini idarə etmək hüququ аltı аydаn bir ilədək müddətə məhdudlaşdırılır. Həmin Məcəllənin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Qeyd olunanları nəzərə alaraq və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 115,128,129 və 130-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İXM-nin 327.8-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 300 (üç yüz) manat məbləğində cərimə edilsin. Qərardan, onun surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Bakı Apellyasiya məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim: Rufan Mürsəlov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar