Məhkəmə qərarları › İş №3(002)-329/2022

Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qərar — İş №3(002)-329/2022

15.03.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(002)-329/2022 15.03.2022 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Mürsəlov Rufan Kamil oğlunun sədrliyi, Mustafayeva Sevda Bahaddin qızının katibliyi, Zərərçəkən şəxs X2 və X3, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs iştirakları ilə, 22 aprel 1999-cu ildə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, Qobu-Park 2, ev 2, mənzil 27-də yaşayan Şəxs barədə, Bakı şəhəri Qaradağ RPİ-dən daxil olmuş inzibati xəta haqqında protokola və ona əlavə edilmiş materiallara, məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Məhkəməyə təqdim edilmiş 21 sentyabr 2021-ci il tarixli İXP ******* saylı inzibati xəta haqqında protokoldan və iş materiallarından aydın olur ki, vətəndaş X5 13 iyul 2021-ci il tarixdə, saat təxminən 15:30 radələrində idarə etdiyi “Chevrolet Aveo” markalı, ** UA *** dövlət qeydiyyat nişanlı minik avtomobili ilə vətəndaş Şəxs idarə etdiyi “Toyota Carolla” markalı, ** VE *** dövlət qeydiyyat nişanlı minik avtomobili arasında toqquşma baş vermişdir. Hadisə nəticəsində “Chevrolet Aveo” markalı avtomobilin sürücüsü X5 və avtomobildə sərnişin qismində əyləşmiş vətəndaşlar X6 və X11 yüngül dərəcəli bədən xəsarəti almışlar. Buna görə də Şəxs barəsində İXM-nin 327.8-ci maddəsinə əsasən inzibati protokol tərtib edilmişdir. İş materiallarına əlavə edilmiş və məhkəmə baxışı zamanı tədqiq edilmiş Qaradağ RPİ-nin TŞ-nın baş təhqiqatçısı, polis mayoru Elbəyi Allahverdiyev tərəfindən qəbul edilmiş 14 avqust 2021-ci il tarixli “cinayət işinin başlanmasının rədd edilməsi haqqında” qərarın surətindən aydın olur ki, qərarın təsviri hissəsində göstərilənlərə əsasən əməlində cinayət tərkibi olmadığına görə toplanmış material üzrə cinayət işinin başlanması rədd edilmiş, “Toyota Carolla” markalı, ** VE *** dövlət qeydiyyat nişanlı avtomaşının sürücüsü vətəndaş Şəxs hərəkətlərində “Yol hərəkəti haqqında“ Azərbaycan Respublikası Qanununun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin tələblərinə uyğunsuzluq olduğuna görə və baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində “Chevrolet Aveo” markalı avtomobilin sürücüsü X5 və sərnişin qismində əyləşmiş vətəndaş X6 və X11 yüngül dərəcəli bədən xəsarəti aldıqları üçün sürücü Şəxs əməlində Azərbaycan Respublikası İXM-in 327.8-ci maddəsinin tərkib əlaməti vardır. Ona görə onun barəsində inzibati qaydada ölçü götürülməsindən ötrü toplanmış material Qaradağ RPİ-nin DYPŞ-nə göndərilməsi qərara alınmışdır. Məhkəmə iclasında iştirak edən zərərçəkən şəxs X6 bildirmişdir ki, Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, Qobu-Park 1 yaşayış kompleksi, ev 9, mənzil 58-də ailəsi ilə birlikdə yaşayır. 13 iyul 2021-ci il tarixdə, saat təxminən 15 radələrində Bakı şəhəri, 20 yanvar metrostansiyası yaxınlığında Lökbatan qəsəbəsi, Qobu-Park yaşayış kompleksinə getmək məqsədilə taksi, “Chevrolet Aveo” markalı, ** UA *** dövlət qeydiyyat nişanlı avtomaşının arxa sol oturacağında əyləşmiş, ondan başqa avtomaşında arxa sağ oturacaqda bir nəfər qadın, qarşı sağ oturacaqda isə bir nəfər kişi əyləşmişdir. Saat təxminən 15:30 radələrində Qaradağ rayonu, Lökbatan qəsəbəsi, Lökbatan-Qobu yolu ilə Qobu qəsəbəsi istiqamətində olan zaman əyləşdiyi avtomaşınla əks istiqamətdə hərəkətdə olan avtomaşının qarşı sol yan hissəsi arasında toqquşma baş vermiş, zərbənin təsirindən baş və bədənin sol hissəsindən xəsarət almışdır. Yol maşını ilə əvvəlcə Lökbatan qəsəbəsində yerləşən təcili tibbi yardım stansiyasına ilkin tibbi yardım göstərilməsi üçün aparılmış, ordan isə 3 saylı Sabunçu şəhər xəstəxanasına aparılmışdır. Orda olarkən sürücü yanında olmamışdır. 14 iyul 2021-ci il tarixində xəsətəxanada olarkən onu X5 oradan zorla çıxardaraq müayinə olunmaq adı ilə məcburən “Avrasiya” özəl xəsətxanasına aparmış lakin sonradan ona heç bir yardım göstərilməmişdir. Nə hadisə zamanı, nə də hadisədən sonra müalicə almaq üçün yazılan dərmanların alınmasında sürücü Qasımov Vahid ona heç bir maddi yardım göstərməmişdir. O izahatında daha sonra göstərmişdir ki, qəza nəticəsində kəllə-beyin travması alıb, baş nayihəsinə 18 tikiş yarası vurulmaqla ağır dərəcəli bədən xəsarəti almışdır. Lakin buna baxmayaraq ona məlum olmayan səbəblərdən aldığı xəsarətlər ekspertiza tərəfindən yüngül dərəcəli kimi qiymətləndirilmişdir. Hadisə ilə bağlı polisdə olarkən verdiyi izahatı özü yazmamış, və oxumayaraq imza etmişdir. Bundan başqa baş vermiş nəqliyyat hadisəsi hər iki sürücünün, yəni, X3 və Şəxs təqsiri ucbatından baş versə də, əsas günahkar X5 olmuşdur. Lakin istintaq zamanı onun hərəkətinə düzgün hüquqi qiymət verilməmişdir. Məhkəmə iclasında iştirak edən X5 öz izahatında bildirmişdir ki, baş etibarnamə ilə idarə etdiyi X8 məxsus “Chevrolet Aveo” markalı, ** UA *** dövlət qeydiyyat nişanlı avtomaşınla taksi fəaliyyəti ilə məşğul olur. Otuz doqquz ilə yaxın müddətdir ki, sürücülük təcrübəsi olmaqla “BC” dərəcəli sürücülük vəsiqəsi var. 13.07.2021-ci il tarixində günorta saatlarında idarə etdiyi avtomaşınla “20 Yanvar” metro stansiyası yaxınlığında Lökbatan qəsəbəsi, Qobu-Park yaşayış massivinə gedən bir nəfər oğlan və iki nəfər qadın sərnişinləri bir manatdan olmaqla götürüb Lökatan qəsəbəsi istiqamətində yola düşmüşdür. Saat təxminən 15:30-a radələrində Qaradağ rayonu, Lökbatan qəsəbəsi, Lökbatan-Qobu yolu ilə üzə Qobu qəsəbəsi istiqamətində saatda təxminən 40-50 km sürətlə hərəkət edirmiş. Qarşıda döngə olduğu üçün sürəti nisbətən azaldıb saatda təxminən 20-30 km sürətlə döngəli yola çatarkən döngədən əks istiqamətdə hərəkətdə olan “Toyota Carolla” markalı avtomaşının sürətlə hərəkətdə olduğunu və döngədən onun üzərinə gəldiyini görüb hadisənin qarşını almaq məqsədilə əyləci basmış, lakin məsafə az olduğundan hadisənin qarşını almaqda almağa texniki imkanı olmamış və onun yolunda idarə etdiyi avtomaşının qarşı sol qanad hissəsi ilə həmin avtomaşının qarşı sol qanad hissəsi arasında toqquşma baş vermişdir. Toqquşmadan sonra idarə etdiyi avtomaşının arxa hissəsi zərbənin təsirindən bir qədər yolun kənarına sürüşüb yolun hərəkət istiqamətində dayanmışdır. Bir qədər özünə gəldikdən sonra avtomaşından düşüb sərnişinlərdən iki qadının müstəlif xəsarətlər aldığını görmüş, onlara yardım göstərmiş və yol maşınlarından biri ilə həmin qadınları təcili tibbi yardım stansiyasına yola salmışdır. Avtomaşında əyləşən bir nəfər oğlan isə heç bir xəsarət olmadığı üçün ordan çıxıb getmişdir. O avtomaşını idarə edərkən maşında üç nəfər sərnişin olmaqla avtomaşın yüksüz vəziyyətdə olmuş və hadisədən əvvəl spirtli içki qəbul etməmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs öz izahatında bildirmişdir ki, etibarnamə əsasında idarə etdiyi X4 məxsus “Toyota Carolla” markalı, 99 VE986 dövlət qeydiyyat nişanlı avtomaşınla taksi fəaliyyəti ilə məşğul olur. Dörd ilə yaxın müddətdə sürücülük təcrübəsi olmaqla “BC” dərəcəli sürücülük vəsiqə var. 13.07.2021-ci il tarixdə günorta saatlarında idarə etdiyi avtomaşınla yaşadığı Qobu-Park 2 yaşayış massivindən dörd nəfər üzdən tanıdığı şəxsləri bir manatdan 20 yanvar metrostansiyasına aparmaq məqsədilə götürüb Qaradağ rayonu, Qobu-Lökbatan yolu ilə üzü Lökbatan qəsəbəsi istiqamətində saatda təxminən 40-50 km sürətlə hərəkət edirmiş. Saat təxminən 15:30 radələrində idarə etdiyi avtomaşınla üzü “Xəyal” restoranı istiqamətində döngəli yolu keçdikdən sonra hərəkətdə olduğu zaman əks istiqamətdə hərəkətdə olan “Chevrolet Aveo” markalı avtomaşının döngədə onun yoluna çıxdığını görüb hadisənin qarşısını almaq məqsədilə əyləci basıb avtomaşını nisbətən sağ tərəfə çəkmiş, lakin məsafə az olduğundan hadisənin qarşısını almağa texniki imkanı olmamış və onu yolunda idarə etdiyi avtomaşının qarşı sol qanad hissəsi ilə həmin avtomaşının qarşı sol qanad hissəsi arasında toqquşma baş vermişdir. Toqquşmadan sonra idarə etdiyi avtomaşın öz hərəkət zolağında üzü Lökbatan qəsəbəsi istiqamətində, toqquşduğu avtomaşın isə üzü Qobu qəsəbəsi istiqamətində dayanmışdır. Bir qədər özünə gəldikdən sonra sərnişinlərlə birlikdə avtomaşından yerə düşmüş və hadisə zamanı o və avtomaşındakılardan heç kim xəsarət almamışdır. Toqquşduğu avtomaşında olan sərnişinlərdən iki qadının müstəlif xəsarətlər aldığını görmüş, onlara yardım göstərmiş və yol maşınlarından biri ilə həmin qadınları təcili tibbi yardım stansiyasına yola salmışdır. O avtomaşını idarə edərkən maşında dörd nəfər sərnişin olmaqla avtomaşın yüksüz vəziyyətdə olmuş və hadisədən əvvəl spirtli içki qəbul etməmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə zərərçəkən şəxs X9 məlumat verilsə də, o, məhkəmə iclasında iştirak etməmiş və iştirak etməməsinin səbəbləri barədə də heç bir məlumat verməmişdir. Məhkəmə işə qeyd olunan şəxsin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materialına əlavə olunmuş Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Respublika Narkoloji Mərkəzinin 04 avqust 2021-ci il tarixli, 2/22180 nömrəli tibbi müayinə aktından aydın olur ki, Şəxs 04 avqust 2021-ci il tarixdə, saat 15:50 radələrində tibbi müayinədən keçirilərkən ayıq olduğu müəyyən edilmişdir. İş materialına əlavə olunmuş, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə- Tibbi Ekspertiza və X7” Publik hüquqi şəxsin Qaradağ rayon şöbəsindən daxil olmuş 11 avqust 2021-ci il tarixli, 476 saylı ekspert rəyindən görünür ki, X2 aldığı xəsarətlər; qapalı kəllə beyin travması, baş beyin silkələnməsi ilə müşayiət olunan başın sol alın-təpə nahiyəsinin əzilmiş yarası, sol bazunun, sol kürək nayihəsinin və döş qəfəsinin qançırları bərk küt əşya (əşyalar) təsirindən qərarın təsviri hissəsində göstərilən və onun tibbi yardım üçün 3 saylı Şəhər Klinik Xəstəxanasına müraciət etdiyi 13 iyul 2021-ci il tarixdə əmələ gələ bilərdilər və dərəcəsinə görə ümumilikdə sağlamlığın qısa müddətdə pozulmasına səbəb olan sağlamlığa YÜNGÜL zərərvurmaya aid edilir. X1 almış olduğu xəsarətlərin xarakter və lokalizasiyasılarını nəzərə alıb demək olar ki, həmin xəsarətlər qərarın təsviri hissəsində göstərilən şəraitdə yəni, sərnişini olduğu avtomaşının digər avtomaşınla toqquşması nəticəsində törənə bilərdilər. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 05 avqust 2021-ci il tarixli, 8/1683 saylı rəyindən aydın olur ki, təhqiqat tərəfindən təqdim olunmuş məlumatlara əsasən “Toyota Corolla” markalı, ** VE *** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Şəxs hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. Təhqiqat tərəfindən təqdim olunmuş məlumatlara əsasən “Chevrolet Aveo” markalı ** UA *** dövlət qeydiyyat nişalı avtomobilin sürücüsü X3 hadisənin qarşısının alınması ilə əlaqədar hərəkətlərini tədqiq etmək mümkün deyildir. Məhkəmə iş materillarını araşdıraraq və işdə iştirak edən şəxslərin izahatlarını dinləyərək hesab edir ki, Şəxs tərəfindən inzibati xətanın törədilməsi inzibati xəta haqqında protokolla və işdə olan digər sənədlərlə tam təsdiq olunur. Ona görə də törədilmiş inzibati xətanın xarakteri və ictimai təhlükəlilik dərəcəsi nəzərə alınmaqla Şəxs Azərbaycan Respublikası İXM-nin 327.8-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməsi daha ədalətli və məqsədə müvafiqdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsinə əsasən bu Məcəllənin 327.1 - 327.6, 328 və 330-cu maddələrində nəzərdə tutulmuş xətalar nəticəsində zərər çəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinə görə iki yüz manat məbləğində cərimə edilir və ya nəqliyyat vasitəsini idarə etmək hüququ bir ilədək müddətə məhdudlaşdırılır. Həmin Məcəllənin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Qeyd olunanları nəzərə alaraq və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 115,128,129 və 130-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İXM-nin 327.8-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək nəqliyyat vasitələrini idarə etmək hüququ 08 (səkkiz) ay müddətə məhdudlaşdırılsın. Qərardan, onun surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on)gün müddətində Bakı Apellyasiya məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim: Rufan Mürsəlov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar