Məhkəmə qərarları › İş №3(002)-33/2024

Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qərar — İş №3(002)-33/2024

09.01.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(002)-33/2024 09.01.2024 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Qurbanov Teymur Əhməd oğlunun sədrliyi, İlyasov Ceyhun Bəhruz oğlunun katibliyi ilə, Qaradağ rayon İcra şöbəsinin icra məmuru X2, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs iştirakı ilə, xx.xx.1993-cü il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: İnzibati xəta haqqında protokolda qeyd olunmuşdur ki, Şəxs iki uşağın yetkinlik yaşına çatana qədər saxlanılması üçün hər ay hər uşağa görə 193 manat olmaqla, ümumilikdə 386 manat sabit pul məbləğində aliment tutularaq X1 xeyrinə ödənilməsinə dair Bakı şəhəri Xətai rayon məhkəməsinin 2(011)-4560/2022 saylı, 22 avqust 2022-ci il tarixli icra sənədinin icrası ilə əlaqədar icra məmurunun qanunvericilikdən irəli gələn tələblərini icra etməkdən qəsdən yayınmışdır. Qeyd edilənlərlə bağlı Qaradağ rayon İcra şöbəsinin icra məmuru X3 tərəfindən Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsilə nəzərdə tutulan MN serialı ******* saylı 9 yanvar 2024-cü il tarixli inzibati xəta haqqında protokol tərtib edilmişdir. Qaradağ rayon İcra şöbəsinin icra məmuru X3 məhkəmə iclasında bildirmişdir ki, icra sənədi icra olunması üçün Qaradağ rayon İcra şöbəsinə göndərilmişdir. Qanunvericilikdə nəzərdə tutulmuş qaydada icraata başlamaq haqqında qərar qəbul olunaraq tələbin könüllü icrasına dair bildirişlə birlikdə borcluya ünvanlanmışdır. Bu günkü günə Şəxs 852 manat aliment borcu yaranmışdır. Borclu icra sənədini icra etməkdən qəsdən yayınır. Bununla da, Şəxs öz hərəkətləri ilə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın əlamətlərini özündə əks etdirən inzibati xətanı törətdiyi üçün barəsində protokol tərtib etmişdir. Qeyd olunanlara əsasən Şəxs barəsində qanunamüvafiq qaydada tədbir görülməsini xahiş etmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs məhkəmə iclasında izahat verərək bildirmişdir ki, icra sənədindən məlumatlıdır və aliment öhdəliyi üzrə hər ay mütəmadi ödənişlər edir. Hollandiya Respublikasında işləyir, maaşını ala bilmədiyi üçün son iki ay ödəniş edə bilməmiş və aliment borcu yaranmışdır. Aliment öhdəliyinin icrasından qəsdən yayınmır. Hazırki vaxtadək ümumilikdə 5324 manat ödəniş etmişdir. Qalan borcunu da yanvar ayının 20-dək tam ödəyəcəkdir. Məhkəmə hesab edir ki, Şəxs əməlində inzibati xəta tərkibi olmadığından, barəsində inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, inzibati protokol tərtib edilərkən Şəxs borc öhdəliyini vaxtında icra etmək imkanına sahib olub-olmadığı araşdırılmamış və onun qətnaməni üzürsüz səbəbdən icra etməməsi barədə səhv qənaətə gəlinmişdir. Bundan başqa iş materiallarından və tərəflərin izahatından da göründüyü kimi Şəxs qətnamənin icrasından qərəzli şəkildə yayınmamışdır. Əksinə o, icra sənədi üzrə müəyyən ödənişlər etmişdir ki, bu da onun borc öhdəliyinin icrasından qərəzli şəkildə yayınmadığına əsas verir. Azərbaycan Respublikası MPM-nin 15.2-ci maddəsinə əsasən məhkəmələrin qanuni qüvvəyə minmiş qətnaməsi, qərardadı, qərarı, əmri bütün dövlət hakimiyyəti, yerli özünüidarə orqanları, onların vəzifəli şəxsləri, ictimai birliklər, siyası partiyalar, həmkarlar ittifaqları, onların vəzifəli şəxsləri, həmçinin fiziki və hüquqi şəxslər üçün məcburidir və Azərbaycan Respublikasının bütün ərazisində hökmən icra olunmalıdır. Məhkəmə iclasında müəyyən edilmişdir ki, icra sənədi üzrə borclu Şəxs qəsdən olaraq qətnamənin icrasından boyun qaçırmamışdır. Azərbaycan Respublikası İXM-nin 53.0.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanılmış icraata isə xitam verilir. Azərbaycan Respublikası İXM-nin 105.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Bu səbəbdən də məhkəmə hesab edir ki, Şəxs əməlində icra sənədini üzürsüz səbəbdən qərəzli şəkildə icra etməməklə əlaqədar Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta tərkibi olmadığından, başlanmış inzibati xəta barədə icraata xitam verilməlidir. Şərh olunanları əsasən və Azərbaycan Respublikası İXM-nin 114-cü, 115-ci, 128-130 maddələrini rəhbər tutaraq məhkəmə q ə r a r a a l d ı: Şəxs əməlində Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta tərkibi olmadığından başlanmış inzibati xəta haqqında icraata xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində Qaradağ Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim Teymur Qurbanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar