Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(002)-334/2023 24.02.2023 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Dadaşova Şəfa Əliövsət qızının sədrliyi, Abbasov Fərid Zirəddin oğlunun katibliyi, inzibati xəta haqqında protokol tərtib etmiş şəxs Bakı şəhəri Qaradağ Rayon Polis İdarəsinin 11-ci PB-nin sahə inspektoru, polis mayoru X2, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx.xx.1979-cu ildə Şamaxı rayonunda doğulmuş, Azərbaycan Respublikası vətəndaşı (FİN:xxxxxxx), evli, orta təhsilli, Bakı şəhəri, Yasamal rayonu, Ə.Cavad küçəsi, ev 47 üvanında yaşayan Şəxs Azərbaycan Respublikasının İXM-in 535.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsinə dair Bakı şəhər Qaradağ Rayon Polis İdarəsinin 11-ci Polis Bölməsindən daxil olmuş inzibati xəta haqqında iş materiallarına açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: Bakı şəhəri Qaradağ Rayon Polis İdarəsinin 11-ci Polis Bölməsindən daxil olmuş xx.xx.2023-cü il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokolda göstərilmişdir ki, Şəxs xx.xx.2023-cü il tarixdə saat 18:40 radələrində BDYPİ-nin 719 saylı postunun yaxınlığında Yol evi yaşayış sahəsinə yaxın yerdə polisin qanuni tələbinə tabe olmamış, bununla da Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. İnzibati xəta haqqında protokolu tərtib etmiş Bakı şəhəri Qaradağ Rayon Polis İdarəsinin 11-ci PB-nin sahə inspektoru, polis kapitanı X4 məhkəmə iclasında çıxış edərək bildirmişdir ki, xx.xx.2023-cü il tarixdə saat 18:40 radələrində bir nəfər şəxs polis əməkdaşlarının qanuni tələblərinə tabe olmadığı üçün saxlanılaraq 11-ci polis bölməsinə gətirilmiş, onun Şəxs olduğu müəyyən edilmiş və barəsində İXM-nin 535.1-ci maddəsi ilə protokol tərtib olunaraq baxılması üçün aidiyyəti üzrə Qaradağ Rayon Məhkəməsinə göndərilmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs məhkəmə iclasında özünü təqsirli bilərək verdiyi izahatında göstərmişdir ki, xx.xx.2023-cü il tarixdə Bakı- Qazax yolunun Qobustan qəsəbəsi ərazisindən keçən hissəsində yol evi yaşayış sahəsində yolun kənarında idarə etdiyi **-MV-*** dövlət qeydiyyat nişanlı yük avtomobilini yolun tam kənarında qum ilə yüklənmiş vəziyyətdə saxlayıb gözləyərkən YPX əməkdaşları ona yaxınlaşmış maşının kimə məxsus olduğunu soruşmuşlar. O maşının özünə məxsus olduğunu demiş, polis əməkdaşları maşında olan yükün çəkisini bilmək üçün maşının tərəzi postuna getməli olduğunu ona bildirmişlər. O, maşına yaxınlaşıb mühərriki işə salmaq istəsə də maşın nasaz olduğuna görə mühərrik işə düşməmişdir. Buna görə polis əməkdaşları ilə arasında mübahisə yaranmış, onu 11-ci PB-nə gətirmişlər. Göstərilənləri nəzərə alaraq, barəsində ədalətli qərar qəbul edilməsini xahiş etmişdir. Həmçinin bildirmişdir ki, bir neçə ay əvvəl icazə verilən çəki və yüklə birlikdə oxa düşən kütlə parametrlərini aşmaqla ümumi istifadədə olan avtomobil yollarında idarə edilməsinə görə onun barəsində Azərbaycan Respublikasının İXM-nin 353.2-ci maddəsinə əsasən inzibati xəta haqqında protokol tərtib olunaraq 600 manat məbləğində cərimə edilmişdir. xx.xx.2023-cü il tarixdə saat 18:40-da polis əməkdaşları tərəfindən Polis Bölməsinə gətirilərkən hüquq və vəzifələri ona izah edilmiş, müdafiəçinin pulsuz hüquqi yardımından istifadə etmək hüququ izah edilsə də, bundan özü imtina etmiş, barəsində tərtib olunmuş inzibati xəta haqqında protokolla və ona əlavə edilmiş materiallarla tanış olmuş, işgəncəyə, qeyri-insani və ya ləyaqəti alçaldan rəftara məruz qalmamış, ona heç bir fiziki təzyiq və zorakılıq göstərilməmiş, tutulduğu və harada saxlanıldığı barədə ailə üzvlərinə məlumat verilmişdir. Əlilliyi yoxdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş BDYPİ-nin YPXA inspektoru, polis serjantı X3 məhkəmə iclasında izahat verərək bildirmişdir ki, xx.xx.2023-cü il tarixdə saat 18:00 radələrində xidmət etdikləri zaman efir vasitəsilə BDYPİ-nin kamera şöbəsinin 990 xidmətindən **-MV-*** dövlət qeydiyyat nişanlı yük avtomobilini icazə verilən çəki və yüklə birlikdə oxa düşən kütlə parametrlərini aşmaqla ümumi istifadədə olan avtomobil yollarında idarə etdiyinə görə stasionar posta dəvət etmələri barədə göstəriş verilmişdir. Hadisə yerinə gedərək sürücüyə tərəziyə getməsi barədə xəbərdarlıq etmişlər, lakin sürücü buna məhəl qoymamış nəqliyyat vasitəsini tərəziyə aparmaqdan imtina etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş BDYPİ-nin YPXA inspektoru, polis mayoru X8 məhkəmə iclasında izahat verərək bildirmişdir ki, xx.xx.2023-cü il tarixdə saat 18:00 radələrində xidmət olduğu zaman **-MV-*** dövlət qeydiyyat nişanlı yük avtomobilini icazə verilən çəki və yüklə birlikdə oxa düşən kütlə parametrlərini aşmaqla ümumi istifadədə olan avtomobil yollarında idarə etməsi barədə məlumat daxil olmuşdur. O, aidiyyəti əməkdaşlara yük avtomobilinin saxlanması barədə göstəriş vermişdir. Lakin problem yarandığı üçün hadisə yerinə özü də getmişdir. Orada saxlanılan şəxsin Şəxs olduğu müəyyən olunmuşdur. O, yük avtomobilini icazə verilən çəki və yüklə birlikdə oxa düşən kütlə parametrlərini aşmaqla ümumi istifadədə olan avtomobil yollarında idarə etməsi görə 600 manat cərimə olunduğunu, nəqliyyat vasitəsində olan yükün normadan artıq olduğunu bildiyini, yenidən tərəziyə aparılacağı təqdirdə növbəti dəfə onun barəsində daha ciddi cəza, yəni sürücülük hüququnun məhdudlaşdırılması və 1200 manat cərimə tətbiq olunacağından məlumatlı olduğunu bildirmiş və bu səbəbdən tərəziyə getməkdən imtina etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş BDYPİ-nin YPXA inspektoru, polis baş serjantı X1 digər şahid BDYPİ-nin YPXA inspektoru, polis mayoru X5 ifadəsinə oxşar eyni məzmunlu ifadə vermişdir. İş materiallarında olan Qaradağ Rayon Polis İdarəsinin 11-ci PB-nin rəisi Yasər İbadova ünvanlanmış 23 fevral 2023-cü il tarixli raportdan görünür ki, xx.xx.2023-cü il tarixdə saat 18:00 radələrində xidmət etdikləri zaman efir vasitəsilə BDYPİ-nin kamera şöbəsinin 990 xidmətindən **-MV-*** dövlət qeydiyyat nişanlı yük avtomobilinə artıq yükün daşınmasına görə stasionar posta dəvət etmələri barədə göstəriş verilmişdir. Nəqliyyat vasitəsinin Bakı Qazax yolunun 49-cu km-də dayandığı bildirilmişdir. Yaxınlaşan zaman sürücünün Şəxs olduğu məlum olmuşdur. Sürücüyə vəzifə borcu izah edilmiş, lakin sürücü polisin qanuni tələbinə tabe olmamışdır. Bu barədə Qaradağ RPİ-nin 11-ci PB-yə məlumat verilmişdir. Şəxs barəsində qanuna müvafiq tədbir görülməsinə göstəriş verilməsi xahiş olunmuşdur. İş materiallarında olan “X10 haqqında“ protokoldan görünür ki, Şəxs 23 fevral 2023cü il tarixdə saat 18:40-da inzibati qaydada tutulmuşdur. İş materiallarında olan xx.xx.2023-cü il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokolda göstərilmişdir ki, Şəxs xx.xx.2023-cü il tarixdə saat 18:40 radələrində BDYPİ-nin 719 saylı postunun yaxınlığında Yol evi yaşayış sahəsinə yaxın yerdə polisin qanuni tələbinə tabe olmamış, bununla da Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. “Polis haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinin İİ hissəsinə görə Azərbaycan Respublikasının ərazisində olan bütün hüquqi və fiziki şəxslər polis əməkdaşının qanuni tələblərini icra etməlidirlər. Həmin Qanunun 17-ci maddəsinin 1-ci bəndinə görə hər bir şəxsdən cinayətlərə və digər hüquqpozmalara, şəxsiyyət və ictimai asayiş üçün təhlükə törədən və onlara şərait yaradan hərəkətlərə son qoyulmasını tələb etmək polis əməkdaşının hüququdur. Həmin Məcəllənin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 12-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Həmin Məcəllənin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Azərbaycan Respublikası İXM-nin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə - fiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Məhkəmə iclasında tədqiq edilmiş inzibati xəta haqqında protokol, 23 fevral 2023-cü il tarixli raport, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan və protokol tərtib etmiş şəxslərin, həmçinin şahidlərin izahatları, habelə inzibati materialda olan digər sənədlərlə sübuta yetirilmişdir ki, Şəxs xx.xx.2023-cü il tarixdə saat 18:40 radələrində BDYPİ-nin 719 saylı postunun yaxınlığında Yol evi yaşayış sahəsinə yaxın yerdə polisin qanuni tələbinə tabe olmamış, bununla da Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Məhkəmə, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən, fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini, onun təqsirinin dərəcəsini, əmlak vəziyyətini, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Azərbaycan Respublikası İXM-nin 31.4-1-ci maddəsinə əsasən inzibati qaydada tutulmuş şəxs barəsində inzibati həbs istisna olmaqla tətbiq edilən digər inzibati tənbehin həddi, bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yuxarı həddinin dörddə üçündən çox ola bilməz. Beləliklə məhkəmə törədilmiş inzibati xətanın xarakterini, inzibati xətanı törətmiş şəxsin şəxsiyyətini, himayəsində 3 azyaşlı övladının olmasını, ailədə yeganə işləyən şəxs olduğunu məsuliyyəti yüngülləşdirən hal kimi əməlindən səmimi peşmançılıq çəkməsini, ilk dəfə inzibati məsuliyyətə cəlb olunmasını və məsuliyyəti ağırlaşdıran halların müəyyən edilməməsini nəzərə alıb, iş üzrə sübutları qiymətləndirərək hesab edir ki, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinməli və ona Həmin maddənin sanksiyası hədləri daxilində İXM-nin 31.4-1-ci maddəsinin tələbləri nəzərə alınmaqla cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 114 və 115-ci maddələrini rəhbər tutaraq QƏRARAALDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə təqsirli bilinərək, həmin Məcəllənin 31.4-1-ci maddəsinin tələbləri nəzərə alınmaqla 150 (bir yüz əlli) manat məbləğində inzibati cərimə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 129-cu maddəsində müəyyən edilmiş qaydada Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Şəfa Dadaşova
Məhkəmə qərarları › İş №3(002)-334/2023
Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qərar — İş №3(002)-334/2023
24.02.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver