Məhkəmə qərarları › İş №3(002)-34/2025

Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qərar — İş №3(002)-34/2025

21.01.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(002)-34/2025 21.01.2025 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Mürsəlov Rufan Kamil oğlunun sədrliyi, Mustafayeva Sevda Bahaddin qızının katibliyi, «Holcim (Azərbaycan)» ASC-nin nümayəndəsi X1 iştirakı ilə, AZ1083, Bakı şəhəri, Qaradağ rayonu, Sahil ştq, Salyan şossesi ünvanında qeydiyyatda olan «Holcim (Azərbaycan)» ASC barəsində Azərbaycan Respublikasının Mərkəzi Bankından daxil olmuş inzibati materiala məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: «Holcim (Azərbaycan)» ASC barəsində Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsinə əsasən inzibati protokol tərtib edilərək baxılması üçün Qaradağ rayon Məhkəməsinə göndərilmişdir. İşdə olan 26 dekabr 2024-cü il tarixli EP ******* №-li protokoldan aydın olur ki, «Holcim (Azərbaycan)» ASC 20000.00 ABŞ dolları məbləğində vəsaiti 25 noyabr 2022-ci il tarixdə xaricə köçürmüş və iki il müddət keçsə də 20000.00 ABŞ dolları məbləğində vəsait hesabına alınan malları (xidməti) ölkəyə idxal etməmiş, valyuta vəsaitini geri qaytarmamışdır. Xəta 26 noyabr 2024-cü il tarixdə hüquqi şəxsin qeyd olunan ünvanında törədilmişdir. Buna görə həmin təşkilat barəsində barəsində İXM-nin 430.4-cü maddəsinə əsasən inzibati protokol tərtib edilmişdir. Məhkəmə iclasında iştirak edən «Holcim (Azərbaycan)» ASC-nın nümayəndəsi X2 «Holcim (Azərbaycan)» ASC barəsində tətbiq edilmiş potokolu qəbul etməyərək öz izahatında göstərmişdir ki, «Holcim (Azərbaycan)» ASC tərəfindən X4 kredit götürülməsi üçün müraciət edilmiş, həmin köçürmə 25 noyabr 2022-ci il tarixdə baş tutmuşdur. Belə ki, ASC-yə kreditin verilməsi üçün X6 tərəfindən araşdırma və sənədləşmə işləri aparılmalı idi. Həmin sənədləşmə işlərinin, yəni xidmətlərin göstərilməsinin dəyəri iyirmi min ABŞ dolları məbləğindədir. Bunu «Holcim (Azərbaycan)» ASC ilə X6 arasında bağlanan 21 noyabr 2024-cü il tarixli təhvil-təslim aktı da sübut edir. Odur ki, öz izahatında təmsil etdiyi şirkətin əməlində İXM-nin 430.4-cü maddəsinin tərkibi olmadığından, iş üzrə icraata xitam verilməsini xahiş etmiş və bu barədə müvafiq sənədləri məhkəməyə təqdim etmişdir. Qanunvericlikdə nəzərdə tutulmuş qaydada məlumatlandırılmasına baxmayaraq Azərbaycan Respublikasının Mərkəzi Bankının nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş və iştirak etməməsinin səbəbləri barədə də məhkəməyə heç bir məlumat verməmişlər. Məhkəmə işə nümayəndənin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, nümayəndənin izahatını dinləyib, iş materiallarını və nümayəndənin təqdim etdiyi sənədləri araşdırıb hesab edir ki, «Holcim (Azərbaycan)» ASC-nin törətdiyi inzibati xəta iş materialları ilə sübuta yetirilmədiyinə görə «Holcim (Azərbaycan)» ASC barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi ilə inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, «Holcim (Azərbaycan)» ASC-nin nümayəndəsi X1 məhkəmə baxışı zamanı təqdim etdiyi 21 noyabr 2024-cü il tarixli “Təhvil-təslim Aktı”ndan ayın olur ki; “1. AİB 4 noyabr 2022-ci il tarixli Mandat Məktubuna uyğun olaraq öz öhdəliklərini qənaətbəxş səviyyədə yerinə yetirib. •Azərbaycan daxilində 0 ABŞ dolları • Azerbaycandan kənarda 20 000.00 ABŞ dolları

2. Şirkət yuxarıda qeyd olunan 4 noyabr 2022-ci il tarixli Mandat Məktubuna uyğun olaraq AİB tərəfindən görülen işləri qəbul edir və hər iki tərəf təsdiq edir ki, xx.xx.2022-ci il tarixli 20'000.00 ABŞ dolları məblağində AİB-ə tam ödənilib. Beləliklə məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, «Holcim (Azərbaycan)» ASC tərəfindən X5 25 noyabr 2022-ci il tarixdə köçürülmüş 20 000.00 ABŞ dolları dəyərində vəsaitə uyğun olaraq iki il müddət keçənədək vəsait hesabına xidmətlərin göstərilməsi faktı baş vermişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53.1.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 114.2.1-ci maddəsinə əsasən, bu Məcəllənin 53-cü maddələrində nəzərdə tutulmuş hallar olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, «Holcim (Azərbaycan)» ASC Azərbaycan Respublikası İXM-nin 430.4-cü maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməsi sübuta yetmədiyindən həmin iş üzrə icraata xitam verilməlidir. Beləliklə, yuxarıda qeyd olunanları nəzərə alaraq və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 38, 43, 53, 114-115, 128-129 və 211.2-ci maddələrini rəhbər tutaraq,

QƏRARA ALDİ:

«Holcim (Azərbaycan)» ASC-nin (VÖEN: **********) 26 dekabr 2024-cü il tarixli EP ******* №-li protokola əsasən Azərbaycan Respublikası İXM-nin 430.4-cü maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsinə dair iş üzrə icraata əməlində inzibati xəta tərkibi olmadığından xitam verilsin. Qərardan, onun surətinin rəsmi qaydada təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər.

Hakim: Rufan Mürsəlov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar