Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(002)-350/2025 10.03.2025 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Dadaşova Şəfa Əliövsət qızının sədrliyi, Məmmədova Ülviyyə Nizami qızının katibliyi, Şikayət vermiş şəxs X3, Bakı şəhəri Qaradağ rayon Polis İdarəsinin Dövlət yol polisi şöbəsinin YNH üzrə baş inspektoru X1 iştirakları ilə, X3 Qaradağ rayon Polis İdarəsinin Dövlət yol polisi şöbəsinin xx.xx.2025-ci il tarixli, TP ******* nömrəli qərarından şikayətinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: X5 şikayət ərizəsi ilə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinə müraciət edərək Qaradağ rayon Polis İdarəsinin Dövlət yol polisi şöbəsinin xx.xx.2025-ci il tarixli, TP ******* saylı qərara xitam verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Şikayət ərizəsi onunla əsaslandırılmışdır ki, X5 xx.xx.2024-cü il tarixdə istifadəsində olan **-XO-*** dövlət qeydiyyat nişanlı “X7” markalı nəqliyyat vasitəsini Qaradağ royaonu Abşeron TM ərazisində yerləşən yolda idarə edərkən Qaradağ rayon DYPŞ əməkdaşı tərəfindən barəsində inzibati xəta haqqında protokol tərtib edilmişdir. Baş vermiş hadisədə polis inspektoru ona yolayrıcını keçmə qaydalarının pozulması xətasına yol verdiyini bildirsə də, o, sağdan hərəkət zamanı üstünlüyə malik olan avtomobilə heç bir maneə yaratmadan yolun sol istiqamətindən sürətlənmə zolağına keçid etmişdir. Onun hərəkət etdiyi zolaqla sağdan hərəkətdə üstünlüyü olan digər avtomobilin sürdüyü zolaqlar toqquşmadığından maneəsiz hərəkət etmişdir. Nəticədə xx.xx.2025-ci il tarixli, TP ******* saylı qərarla Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.2 və 342.5-ci maddələrinə əsasən 100 manat məbləğində cərimə edilmişdir. Göstərilənlərə əsasən xx.xx.2025-ci il tarixli, TP ******* saylı qərara xitam verilməsi xahiş edilmişdir. Məhkəmə iclasında iştirak edən X5 izahatında bildirmişdir ki, həmin hadisə vaxtı o, 3 zolaqlı yolda, eləcə də zolağın enli olması və digər üstünlüyə malik avtomobilin hərəkətinə maneə yaratmaması səbəbindən sağ zolağa keçid etmişdir. Özünü təqsirli hesab etmədiyi halda barəsində qərar qəbul edilmiş xx.xx.2025-ci il tarixli, TP ******* saylı qərara xitam verilməsini xahiş etmişdir. Həmçinin, suallara cavab olaraq bildirmişdir ki, barəsində tətbiq edilmiş inzibati tənbeh tədbiri barədə məlumatlı olduqdan sonra öncə yuxarı inzibati orqana qərardan şikayət etmiş, lakin müsbət cavab əldə etmədiyi üçün daha sonra məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında iştirak edən Bakı şəhəri Qaradağ rayon Polis İdarəsinin Dövlət yol polisi şöbəsinin YNH üzrə baş inspektoru X2 çıxışında bildirdi ki, hadisə 2 zolaqlı yol üzərində baş vermişdir. Qərardan şikayət vermiş şəxsin avtomobili yol ayrıcına daxil olarkən özündən sağda olan nəqliyyat vasitəsinə yol verməli olduğu halda bunu etməmiş, öz yolunda hərəkətdə olan nəqliyyat vasitəsini ani şəkildə əyləcdən istifadə etməyə vadar etmişdir. Digər avtomobil əyləcdən istifadə etmədiyi təqdirdə isə qəza vəziyyəti qaçılmaz olardı. Eyni əhəmiyyətli yolların kəsişdiyi yolayrıcında relssiz nəqliyyat vasitəsinin sürücüsü sağdan yaxınlaşan nəqliyyat vasitələrinə yol verməlidir. Eyni istiqamətə gedən nəqliyyat vasitələri yerdəyişməni eyni vaxtda edirlərsə, onda sürücü özündən sağdakı nəqliyyat vasitəsinə yol verməlidir. Qeyd olunanları və təqdim edilmiş videogörüntünü nəzərə alaraq, Şikayətin təmin edilməməsini xahiş etmişdir. Məhkəmə şikayət ərizəsinə, həmçinin təqdim olunmuş sübutlara qiymət verərək hesab edir ki, şikayət əsassız olduğundan təmin olunmamalıdır. Belə ki, işə əlavə edilmiş xx.xx.2025-ci il tarixli, TP ******* saylı qərara əsasən xx.xx.2025-ci il tarixdə **-XO-*** dövlət qeydiyyat nişanlı “X7” minik markalı avtomobil ilə hərəkətə olarkən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.2 maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmiş və barəsində 100 manat məbləğində inzibati cərimə tənbeh tədbiri tətbiq edilmişdir. İş materialına əlavə edilmiş 01 ədəd DVD diskə əlavə edilmiş görüntülərdən görünür ki, **-XO-*** dövlət qeydiyyat nişanlı “X7” minik markalı avtomobil iki zolaqlı yola çıxış edərkən sağ zolaqda hərəkətdə olma üstünlüyünə malik avtomobilə münasibətdə növbəliliyi gözləmədən sağ zolağa keçid etmiş, həmin avtomobili ani şəkildə əyləcdən istifadəyə məruz qoymuş, bununla da yolayrıcını keçmə qaydalarının pozulması xətasına yol vermişdir. Beləliklə, məhkəmə X3 şikayətinin dəlillərini işdə olan sübutlar və izahatlara əsasən qiymətləndirərək hesab edir ki, şikayət əsassızdır və rədd edilməlidir. Belə ki, şikayətçi X5 xx.xx.2024-cü il tarixdə **-XO-*** dövlət qeydiyyat nişanlı “X7” minik markalı avtomobil ilə hərəkətə olarkən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Azərbaycan Respublikasının Konstitusiyasının 72-ci maddəsinə əsasən dövlət və cəmiyyət qarşısında hər bir şəxs onun hüquq və azadlıqlarından bilavasitə irəli gələn vəzifələr daşıyır. Hər kəsin üzərinə vəzifələr yalnız bu Konstitusiya ilə və ya qanunla qoyula bilər. Hər bir şəxs Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına əməl etməli, başqa şəxslərin hüquq və azadlıqlarına hörmət bəsləməli, qanunla müəyyən edilmiş digər vəzifələri yerinə yetirməlidir. Qanunu bilməmək məsuliyyətdən azad etmir. “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanunun 42-ci maddəsinin 5-ci bəndinə əsasən sürücü yerdəyişmə zamanı hərəkət istiqamətini dəyişmədən eyni səmtə gedən nəqliyyat vasitələrinə yol verməlidir. Eyni səmtə gedən nəqliyyat vasitələri yerdəyişməni eyni vaxtda edirlərsə, onda sürücü özündən sağdakı nəqliyyat vasitəsinə yol verməlidir. Həmin Qanunun 77-ci maddəsinin 3-cü bəndinə əsasən eyni əhəmiyyətli yolların kəsişdiyi yolayrıcında relssiz nəqliyyat vasitəsinin sürücüsü sağdan yaxınlaşan nəqliyyat vasitələrinə yol verməlidir. Belə ki, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsinə əsasən svetoforun və ya nizamlayıcının qadağanedici işarəsi verilərkən hərəkətin davam etdirilməsinə, 3.1 “Giriş qadağandır” yol nişanının tələblərinin və ya sərnişin daşıma, əks istiqamətli hərəkət zolağına çıxmaqla ötmə və ya manevr etmə, yolayrıcını keçmə qaydalarının pozulmasına, ümumi istifadədə olan nəqliyyat vasitələrinin, yaxud adamlar daşınan yük avtomobillərinin sərnişinlərlə yanacaqdoldurma məntəqəsinə daxil olmasına, 1.1, 1.3 və 1.11 üfüqi nişanlanma xətlərinin tələblərinə riayət etməyərək sola və ya geriyə dönməyə, yaxud maneəni kənardan keçməyə görə yüz manat məbləğində cərimə edilir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin inzibati xəta haqqında işin baxılmağa hazırlanması adlanan 106-cı maddəsinə əsasən hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xətalar haqqında işlərə baxarkən bir sıra məsələləri o cümlədən inzibati xəta haqqında protokol və işin digər materialları bu Məcəllənin tələbinə müvafiq olaraq tərtib edildiyini (106.0.3), mahiyyəti üzrə baxılması üçün işdə kifayət qədər sübutlar toplandığını (106.0.5) həll edir. Həmin Məcəllənin 129.1.3-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından məhkəməyə verilən şikayət - şikayət verən şəxsin yaşayış yeri və ya hüquqi şəxsin ünvanının olduğu yer üzrə rayon (şəhər) məhkəməsinə verilir. Həmin Məcəllənin 133.2.8-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim edilmiş materiallar əsasında yoxlanılır. Beləliklə, məhkəmə hesab edir ki, Qaradağ rayon Polis İdarəsinin Dövlət yol polisi şöbəsinin xx.xx.2025-ci il tarixli, TP ******* saylı inzibati xəta tənbeh vermə haqqında qərarı qanuni və əsaslı olduğundan X3 verdiyi şikayət təmin edilməməli və qeyd edilən qərar dəyişdirilmədən saxlanılmalıdır. İş üzrə 01 ədəd CD disk iş materialında saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 133-137-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: X3 şikayəti təmin edilməsin. Qaradağ rayon Polis İdarəsinin Dövlət yol polisi şöbəsinin xx.xx.2025-ci il tarixli, TP ******* saylı inzibati tənbehvermə haqqında qərarı qanuni və əsaslı olduğundan dəyişdirilmədən saxlanılsın. İş üzrə 01 ədəd CD disk iş materialında saxlanılsın. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Şəfa Dadaşova
Məhkəmə qərarları › İş №3(002)-350/2025
Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qərar — İş №3(002)-350/2025
10.03.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver