Məhkəmə qərarları › İş №3(002)-357/2025

Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qərar — İş №3(002)-357/2025

26.02.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(002)-357/2025 26.02.2025 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Mürsəlov Rufan Kamil oğlunun sədrliyi, Abbasov Fərid Zirəddin oğlunun katibliyi, Qaradağ rayon icra şöbəsinin böyük icra məmuru X4, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx xxxxxx 1991-ci ildə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, deməsinə görə heç bir yerdə işləməyən, ünvan 1 ünvanında qeydiyyatda olan Şəxs Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair inzibati materiala məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Şəxs Qaradağ rayon Məhkəməsinin 16(002)-139/2024 saylı, 18 sentyabr 2024-cü il tarixli icra vərəqəsini üzrlü səbəb olmadan icra etmədiyinə görə barəsində Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə 26 fevral 2025-cü il tarixli MN ******* saylı protokol tərtib edilərək inzibatı material baxılması üçün məhkəməyə daxil olmuşdur. Məhkəmə iclasında iştirak edən Qaradağ rayon icra şöbəsinin böyük icra məmuru X7 protokolu müdafiə edərək bildirmişdir ki, Qaradağ rayon Məhkəməsinin 16(002)-139/2024 saylı, 18 sentyabr 2024-cü il tarixli icra vərəqəsinə əsasən, 17 sentyabr 2024-cü il tarixdən başlayaraq Bakı şəhəri Qaradağ rayon Məhkəməsinin icraatında olan 2(002)-3182/2024 saylı mülki işə mahiyyəti üzrə baxılıb yekun məhkəmə aktı qəbul edilənədək xx.xx.2020-ci il təvəllüdlü X2 və xx.xx.2021-ci il tarixli X1 üçün Şəxs hər ay hər uşağa 235 manat olmaqla, iki uşağa görə 470 manat sabit pul məbləğində alimentin tutularaq Zərərçəkmiş şəxs ödənilməsi qət edilmişdir. Həmin icra sənədi icra olunması üçün Qaradağ rayon icra və probasiya şöbəsinə göndərilmiş, qanunvericlikdə nəzərdə tutulmuş qaydada icraata başalamaq haqqında qərar qəbul olunaraq 19 sentyabr 2024-cü il tarixdə tələbin könüllü icrasına dair bildirişlə birlikdə borcluya ünvanlanmışdır. Borclu tərəfindən müəyyən vaxtlarda bəzi ödənişlər edilmişdir. Belə ki, borclu aliment borcundan 01 noyabr 2024-cü il tarixdə iki yüz manat, 13 dekabr 2024-cü il tarixdə qırx manat, 23 dekabr 2024-cü il tarixdə min manat, 23 yanvar 2025-ci il tarixdə dörd yüz manat, 01 fevral 2025-ci il tarixdə yüz əlli manat ödəniş etmiş, bu gün, yəni 26 fevral 2025-ci il tarixdə daha üç yüz manat ödəniş etmiş, bu günə cəmi 460 manat aliment borcu qalmışdır. O öz izahatında daha sonra borclunun çağırışlara əsasən vaxtında gəldiyini, hazırki məhkəmə iclası barədə tələbkara məlumat verildiyini, tələbkarın hal-hazırda Saatlı rayonu, Əbilli kəndində olduğunu, məhkəmə iclasının onun iştirakı olmadan keçirilməsini və aliment borcunun ödənilməsini tələb etdiyini bildirmişdir. Odur ki, tərtib edilmiş protokolun təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs öz izahatında barəsində tərtib edilmiş protokolu qəbul etməyərək göstərmişdir ki, icra vərəqəsindən məlumatı vardır və indiyədək aliment borcunu mütəmadi olaraq ödəmişdir. Belə ki, 01 noyabr 2024-cü il tarixdə iki yüz manat, 13 dekabr 2024-cü il tarixdə isə qırx manat, 23 dekabr 2024-cü il tarixdə min manat, 23 yanvar 2025-ci il tarixdə dörd yüz manat, 01 fevral 2025-ci il tarixdə yüz əlli manat ödəniş etmiş, bu gün, yəni 26 fevral 2025-ci il tarixdə borc alaraq daha üç yüz manat ödəniş etmiş, bu günə cəmi 460 manat aliment borcu qalmışdır. Həmin borcu da qısa müddətdə ödəməyə söz verir. O öz izahatında daha sonra göstərmişdir ki, rəsmi və ya qeyri-rəsmi qaydada heç bir yerdə işləmir və hər hansı bir qazancı da yoxdur. Məişət tullantıları yığıb satmaqla məşğul olur və bundan hər gün təxminən 5-8 manat gəlir əldə edir. İcra məmurunun çağırışlarından da heç vaxt yayınmamışdır. Odur ki, bütün qeyd etdiklərinin nəzərə alınaraq barəsində olan inzibati iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə, tərəflərin izahatını və icra işini nəzərdən keçirərək, hesab edir ki, borclu Şəxs əməlində hazırki vaxtda inzibati xəta tərkibi olmadığından inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, məhkəmə araşdırılması zamanı müəyyən edilmişdir ki, borclu barəsində inzibati xəta haqqında protokol tərtib olunduqdan dərhal sonra yaranmış borcundan 300 manat ödəniş etmişdir. Bundan başqa işdə olan qəbzlərdən aydın olur ki , borclu 01 noyabr 2024-cü il tarixdə iki yüz manat, 13 dekabr 2024-cü il tarixdə isə qırx manat, 23 dekabr 2024-cü il tarixdə min manat, 23 yanvar 2025-ci il tarixdə dörd yüz manat, 01 fevral 2025-ci il tarixdə yüz əlli manat ödəniş etmişdir. Nəticədə borclunun bu günə cəmi 460 manat aliment borcu qalmış və o həmin aliment borcunu qısa müddət ərzində ödəyəcəyini bildirmişdir. Göründüyü kimi borclunun yaranmış borcunu ödəməkdən qəsdən yayınmasına dair heç bir hal müəyyən edilməmişdir. İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinə əsasən məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. Həmin Məcəllənin 53.0.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 114.1.4-cü maddəsinə əsasən inzibati xəta haqqında işə baxılarkən inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında məsələ üzrə qərar çıxarılır. Həmin Məcəllənin 114.2.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Beləliklə məhkəmə yuxarıda qeyd olunanları nəzərə alaraq hesab edir ki, borclu Şəxs əməlində hal-hazırda inzibati xəta tərkibinin olması öz təsdiqini tapmamışdır. Həmin Məcəllənin 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barədə şübhələr onun xeyrinə həll edilir. Qeyd olunanları nəzərə alaraq və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 115,128,129 və 130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs əməlində Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta tərkibi olmadığından başlanmış inzibati xəta haqqında icraata xitam verilsin. Qərardan onun surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Qaradağ rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Sədrlik edən: Rufan Mürsəlov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar