Məhkəmə qərarları › İş №3(002)-362/2023

Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qərar — İş №3(002)-362/2023

28.02.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(002)-362/2023 28.02.2023 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Dadaşova Şəfa Əliövsət qızının sədrliyi, Abbasov Fərid Zirəddin oğlunun katibliyi, Bakı şəhəri Qaradağ rayon İcra Şöbəsinin icra məmuru X1, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxs Şəxs iştirakları ilə, xx xxxx 1971-ci il tarixdə Qubadlı rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, işləməyən, Bakı şəhəri ünvan 1 ünvanında yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.2-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsinə dair Bakı şəhəri Qaradağ rayon İcra şöbəsindən daxil olmuş materiala məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs Azərbaycan Respublikasının İXM-nin 529.2-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair inzibati xəta haqqında protokol Qaradağ Rayon Məhkəməsinə daxil olmuşdur. İnzibati xəta haqqında protokoldan görünür ki, Şəxs Qaradağ Rayon Məhkəməsinin 3(002)-1575/2022 saylı, xx.xx.2022-ci il tarixli icra sənədinin icrasını təmin etməkdən üzrsüz səbəbdən boyun qaçırır. İcra sənədinə əəsasən Şəxs 500 manat tutularaq dövlət büdcəsinə ödənilməlidir. Göstərilənlərə əsasən borclu Şəxs Azərbaycan Respublikasının İXM-nin 529.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Bakı şəhəri Qaradağ rayon İcra Şöbəsinin icra məmuru X2 məhkəmə iclasında tərtib etdiyi inzibati xəta haqqında protokolun dəlillərinə uyğun izahat verərək bildirmişdir ki, icra sənədi 13 dekabr 2022-ci il tarixdə şöbəyə daxil olmuş, müvafiq qaydada icraata başlamaq haqqında qərar qəbul edilərək icra sənədi üzrə tələbin könüllü icra olunması üçün borclunun yaşadığı ünvana bildiriş göndərilmişdir. Borclu Şəxs icra sənədinin icrası istiqamətində səy göstərməmişdir. Borclu, məhkəmə qərarını icra etməyəcəyi təqdirdə məsuliyyətə cəlb olunacağı barədə xəbərdar edilməsinə baxmayaraq, hazırki vaxtadək icra sənədi üzrə müəyyən edilmiş tələbi yerinə yetirməmiş, şöbəyə müxtəlif vaxtlarda rəsmi xəbərdarlıqla dəvət olunsa da gəlməkdən yayınmışdır. Beləliklə, icra sənədinin tələbini icra etməkdən boyun qaçırmış, məhkəmə qərarının real icrasına yönələn heç bir tədbir görməmişdir. Borclu Şəxs icra sənədini könüllü icra etmədiyindən əmlakının və gəlirinin olub-olmamasını müəyyən etmək üçün müvafiq orqanlara sorğular verilmiş, lakin əmkakının olmadığı, 80 manat məbləğində pensiya aldığı müəyyən edilmişdir. Borclu 28 fevral 2023-cü il tarixdə şöbəyə dəvət olunmuş, barəsində çıxarılmış icra sənədi üzrə izahatı alınmış və Qaradağ Rayon Məhkəməsinin 3(002)-1575/2022 saylı, xx.xx.2022-ci il tarixli icra sənədinə əsasən 500 manat inzibati cərimənin dövlət nəfinə ödənilməsi barədə xəbərdarlıq edilmişdir. Buna baxmayaraq, Şəxs tələbin təmin olunması bildirilsə də, o, maddi imkanı olmadığı üçün icra edə bilmədiyini bildirmişdir. Göstərilənləri nəzərə alaraq, borclu Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 529.2-ci maddəsi ilə protokol tərtib edilərək məhkəməyə göndərilmişdir. Barəsində inzibati icraat aparılan şəxs Şəxs inzibati xəta haqqında materiala öz münasibətini bildirərək qeyd etmişdir ki, Qaradağ Rayon Məhkəməsinin 3(002)-1575/2022 saylı, xx.xx.2021-ci il tarixli icra sənədindən xəbərdardır. Lakin həmin borcu birdəfəlik ödəməyə imkanı yoxdur. Əsas borcundan üç-dörd min manat ödəniş etmişdir. 500 manat cərimə edilməsi barədə xəbərdar olmasına baxmayaraq, işsiz olduğu üçün həmin məbləği tam ödəyə bilmədiyini, yalnız hissə-hissə ödəyə biləcəyini, həmçinin müharibə veteranı olduğunu bildirmişdir. Əlavə olaraq, icra şöbəsinə polis tərəfindən məcburi gətirilmədiyini, könüllü gəldiyini, müdafiəçinin hüquqi yardımından istifadə etmək istəmədiyini, bu halın onun maddi vəziyyəti ilə bağlı olmadığını, həmçinin əlilliyi olan şəxs olmadığını bildirmiş, qeyd etdiklərini nəzərə alaraq, barəsində yüngül inzibati tənbeh tədbirinin tətbiq edilməsini xahiş etmişdir. Məhkəmə inzibati protokolu nəzərdən keçirib, toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Şəxs Azərbaycan Respublikasının İXM-nin 529.2-ci maddəsində nəzərdə tutulan əməli törətməsi tam sübuta yetirilir. Belə ki, iş materiallarında olan Qaradağ Rayon Məhkəməsinin 3(002)-1575/2022 saylı, xx.xx.2022-ci il tarixli icra vərəqəsindən görünür ki, Şəxs Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 500 manat məbləğində cərimə edilmişdir. İş materiallarında olan Qaradağ rayon İcra şöbəsinin 13 dekabr 2022-ci il tarixli icraata başlamaq haqqında qərardan görünür ki, Qaradağ Rayon Məhkəməsinin 05 noyabr 2022-ci il tarixli, 2(002)-1575/2022 saylı icra sənədi üzrə icraata başlanılmışdır. İş materiallarında olan Qaradağ rayon İcra şöbəsinin Şəxs ünvanladığı tələbin könüllü icrası haqqında bildirişdən görünür ki, Qaradağ Rayon Məhkəməsinin 3(002)- 1575/2022 saylı, xx.xx.2022-ci il tarixli icra vərəqəsində göstərilən tələbi könüllü yerinə yetirməsi üçün Şəxs xəbardarlıq edilmişdir. Həmçinin qanuni qüvvəyə minmiş məhkəmə qərarının qərəzli icra edilməməsinə görə qanunvericilikdə nəzərdə tutulmuş müvafiq məsuliyyətə cəlb oluna biləcəyi onun nəzərinə çatdırılmışdır. İş materiallarında olan Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 10 yanvar 2023cü il tarixli, 8(002)-7/2023 nömrəli qərarından görünür ki, Şəxs Qaradağ rayon İcra şöbəsinə məcburi gətirilməsi qərara alınmışdır. Qərarın icrası Qaradağ Rayon Polis İdarəsinə həvalə olunmuşdur. İş materiallarında olan Bakı şəhəri Qaradağ RPİ-nin 10-cu Polis Bölməsindən daxil olmuş 27 fevral 2023-cü il tarixli məktubundan görünür ki, Şəxs aidiyyəti üzrə Qaradağ rayon İcra Şöbəsinə təqdim edilmişdir. İş materiallarına əlavə edilmiş izahatlardan görünür ki, 28 fevral 2023-cü il tarixdə Şəxs icra şöbəsinə gələrək izahat vermiş, izahatlarında 500 manat cərimə edilməsi barədə xəbərdar olduğunu, lakin işsiz olduğu üçün, ödəmək imkanı olmadığını, heç bir ödəniş etmədiyini, bundan sonra da ödəməyəcəyini qeyd etmişdir. Beləliklə müəyyən edilmişdir ki, Qaradağ Rayon Məhkəməsinin 3(002)-1575/2022 saylı, xx.xx.2022-ci il tarixli icra sənədinə əsasən Şəxs 500 manat cərimə edilmişdir. Qeyd edilən icra sənədinin icrası ilə əlaqədar Qaradağ rayon İcra şöbəsi tərəfindən Şəxs tələbin könüllü icrası barədə bildiriş göndərilməsinə, şöbəyə dəvət olunmasına baxmayaraq, o, icranı könüllü təmin etməmiş və heç bir rəsmi əsas təqdim etmədən icra sənədinin icrasını təmin edə bilməyəcəyini bildirmişdir. Beləliklə, Şəxs Qaradağ Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarını 25 gündən artıq müddət ərzində icra etməmişdir. Azərbaycan Respublikasının İXM-nin 529.2-ci maddəsinə əsasən Yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətaların və bu Məcəllənin 353.2-ci maddəsində nəzərdə tutulan inzibati xətanın törədilməsinə görə inzibati cərimə istisna olmaqla, inzibati cərimə növündə inzibati tənbeh tətbiq etmə haqqında məhkəmə qərarının qanuni qüvvəyə mindiyi gündən 25 gün müddətində qanunla müəyyən edilmiş əsaslar olmadan icra edilməməsinə görə - yüz altmış saatdan iki yüz qırx saatadək ictimai işlər, işin hallarına görə və xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda isə üç ayadək müddətə inzibati həbs tətbiq olunur. «İcra haqqında» Azərbaycan Respublikası Qanununun 82.1-ci maddəsinə əsasən borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədi icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə üzrsüz səbəbdən icra olunmadıqda, icra məmuru borclunun Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada inzibati məsuliyyətə cəlb olunması üçün inzibati xəta haqqında protokol tərtib edir və onu işin digər materialları ilə birlikdə müvafiq məhkəməyə göndərir. Azərbaycan Respublikasının İXM-nin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 9.1-ci maddəsinin tələbinə görə, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Məhkəmə barəsində inzibati iş üzrə icraat aparılan şəxs Şəxs barəsində inzibati tənbeh tətbiq edərkən onun törətdiyi inzibati xətanın xarakterini və ictimai təhlükəlilik dərəcəsini, inzibati xəta törədən şəxsin şəxsiyyətini, onun əmlak vəziyyətini, o cümlədən Azərbaycan Respublikasının İXM-nin 32 və 33-cü maddələrində nəzərdə tutulmuş məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Şəxs əməlində Azərbaycan Respublikasının İXM-nin 32 və 33-cü maddələri ilə nəzərdə tutulmuş məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə Şəxs törətdiyi inzibati xətanın hallarını nəzərə alaraq hesab edir ki, onun barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.2-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş həbs növündə inzibati tənbeh tədbirinin tətbiq edilməsi məqsədəmüvafiqdir. Məhkəmə həmçinin hesab edir ki, inzibati həbsdə saxlama müddətinin əvvəli inzibati xəta törətmiş şəxsin protokol tərtib etmək üçün gətirildiyi vaxtdan, yəni 28 fevral 2023-cü il saat 11:00-dan hesablanmalıdır. Belə ki, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 89.5-ci maddəsinə əsasən inzibati qaydada tutma müddəti inzibati xəta törətmiş şəxsin protokol tərtib etmək üçün gətirildiyi vaxtdan, sərxoş halda olmuş şəxsin isə ayıldığı vaxtdan hesablanır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 21, 43, 106-112, 114.1.1, 115.1, 115.5, 117, 128.2.1, 130.1 və 528.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 529.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək, onun barəsində 25 (iyirmi beş) gün müddətində inzibati həbs növündə tənbeh tədbiri tətbiq edilsin. İnzibati həbsetmənin əvvəli 28 fevral 2023-cü il saat 11:00-dan hesablansın. İnzibati həbs haqqında qərar dərhal icra edilsin. Qərarın icrası Bakı şəhəri Qaradağ rayon Polis İdarəsinə və Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinə bilavasitə tabe olan inzibati həbs olunanların saxlanılma mərkəzinə həvalə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 129-cu maddəsində müəyyən edilmiş qaydada Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Şəfa Dadaşova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar