Məhkəmə qərarları › İş №3(002)-364/2023

Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qərar — İş №3(002)-364/2023

28.02.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(002)-364/2023 28.02.2023 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Dadaşova Şəfa Əliövsət qızının sədrliyi, Abbasov Fərid Zirəddin oğlunun katibliyi, inzibati xəta haqqında protokolu tərtib etmiş Qaradağ RPİ-nin 10-cu PB-nin polis sahə rəisi X1, zərərçəkmiş şəxs X2, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx xxxx 1994-cü il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı (FİN: xxxxxxx), ünvan 1 ünvanında qeydiyyatda olan Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta haqqında materiala baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair 28 fevral 2023-cü il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər Qaradağ Rayon Məhkəməsinə daxil olmuşdur. İnzibati xəta haqqında protokola və ona əlavə edilmiş materiallara əsasən, Şəxs 23 fevral 2023-cü il tarixdə Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, 28 may küçəsində yerləşən «Kingsmart» mağazalar şəbəkəsinə aid marketdən oğurluq etmiş, bununla da, Azərbaycan Respublikasının İXM-nin 227-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Məhkəmə iclasında iştirak edən Qaradağ RPİ-nin 10-cu PB-nin polis sahə rəisi Ə.V.Seyidəliyev tərtib etdiyi inzibati xəta haqqında protokolu müdafiə edərək bildirmişdir ki, R.S.Kərimovun Qaradağ RPİ-nin 10-cu PB-yə etdiyi müraciət əsasında araşdırma aparılmış, vurulmuş ziyanın məbləği nəzərə alınmaqla 28 fevral 2023-cü il tarixdə toplanmış material üzrə cinayət işinin başlanması rədd edilmiş, Şəxs barəsində Azərbaycan Respublikasının İXM-nin 227-ci maddəsi ilə inzibati tədbir görülməsi qərara alınmışdır. Bu səbəbdən də, sonuncunun barəsində Azərbaycan Respublikasının İXM-nin 227-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilərək məhkəməyə təqdim edilmişdir. Göstərilənləri nəzərə alaraq, Şəxs barəsində müvafiq inzibati tənbeh tədbirinin tətbiq edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs ona istinad edilən əməli törətdiyini etiraf edərək bildirmişdir ki, işsizdir, heç bir yerdə işləmir. Qaradağ rayon, Lökbatan qəsəbəsi ərazisində yerləşən «Kingsmart» mağazalar şəbəkəsinə aid marketlərdən xx.xx.2023-cü il tarixdə və xx.xx.2023-cü il tarixdə yağ oğurlamışdır. Həmin oğurluq hadisələrini törədərkən yanında əvvəllər Ayan kimi tanıdığı, sonradan Mahirə Məmmədova olduğunu bildiyi şəxs olmuşdur. xx.xx.2023-cü il tarixdə həmin xanımla birlikdə olan zaman Azərbaycan Dövət Kukla Teatrının yanından Lökbatan qəsəbəsinə gəlmişlər. Ayan yəni Mahirə ona mağazaya girəcəklərini demişdir. Onlar birlikdə Lökbatan qəsəbəsinə gəlmiş və orada "Kingsmart" mağazalar şəbəkəsinə aid olan böyük ərzaq mağazasına daxil olmuşlar. Mağazada gəzişərkən yağlar olan vitrindən 2 ədəd yağ götürüb səbətə qoymuşdur. Bundan sonra digər vitrinlərdən birinin arxasına keçib Mahirə ilə birlikdə onu gizlicə çantaya yerləşdirmişlər. Ödəniş üçün kassaya yaxınlaşdıqda şübhə yaranmaması üçün şirniyyat götürüb ödənişini etmiş və mağazadan uzaqlaşmışlar. Oğurladıqları yağın 1 kiloqramının qiyməti 17 manat olmuşdur. Oğurluq hadisəsini rahat etdikləri üçün növbəti gün yenidən oğurluq etmək qərarına gəlmişlər. Yenə də Mahirə ilə birlikdə eyni "Kingsmart" mağazasına daxil olmuş və 2 ədəd "Westgold" yağı götürüb əvvəlki qaydada çantada gizlətmişlər. Bundan sonra ödəniş etmədən mağazadan yağı oğurlamışlar. Həmin yağları Mahirə aparıb “Kubinka” adlanan ərazidə 20 manata satmış və sosial ehtiyaclarını qarşılamışlar. xx.xx.2023-cü il tarixdə polis əməkdaşları onunla əlaqə saxlamış və polis bölməsinə gətirilmişdir. xx.xx.2023-cü il tarixdə və xx.xx.2023-cü il tarixdə Lökbatan qəsəbəsində yerləşən "Kingsmart" mağazasından Mahirə ilə birlikdə ümumilikdə 4 ədəd "Westgold" yağını oğurladığını səmimi olaraq etiraf etmişdir. Hazırda əməlindən peşmandır və bir daha belə hərəkətlərə yol verməyəcəyini nəzərə alaraq, barəsində yüngül inzibati tənbeh tədbirinin tətbiq edilməsini məhkəmədən xahiş etmişdir. Həmçinin ona verilmiş suala cavab olaraq bildirmişdir ki, zərərçəkmiş şəxsə vurulmuş ziyanın ödənilməsinə isə maddi vəziyyəti hazırda uyğun deyildir, eyni zamanda o, əvvəllər Azərbaycan Respublikası CM-nin 120.2.1, 120.2.4, 120.2.9, 120.2.11 və 181.3.3-cü maddələri ilə məhkum olunmuşdur. Bundan başqa, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəmə iclasında ona verilmiş suallara cavab olaraq bildirmişdir ki, o, polis əməkdaşları tərəfindən saxlanılarkən hüquq və vəzifələri ona izah edilmiş, müdafiəçinin pulsuz hüquqi yardımından istifadə etmək hüququ izah edilsə də, bundan özü imtina etmiş, barəsində tərtib olunmuş inzibati xəta haqqında protokolla və ona əlavə edilmiş materiallarla tanış olmuş, işgəncəyə, qeyri-insani və ya ləyaqəti alçaldan rəftara məruz qalmamış, ona heç bir fiziki təzyiq və zorakılıq göstərilməmişdir. Bundan əlavə, məhkəməyə ərizə təqdim edərək bildirmişdir ki, hazırda məhkəmə iclasında hüquqlarının müdafiəçi tərəfindən müdafiə edilməsinə ehtiyacı yoxdur, bu, onun maddi vəziyyəti ilə əlaqədar deyildir. Heç bir əlillik dərəcəsi yoxdur. Məhkəmə iclasında iştirak edən zərərçəkmiş şəxs X4 izahat verərək bildirmişdir ki, «Kingsmart» mağazalar şəbəkəsində müdir vəzifəsində çalışır. xx.xx.2023-cü il və xx.xx.2023-cü il tarixdə mağazadan 1 ədədi 17 manat 90 qəpik dəyərində olan 4 ədəd “Westgold” yağı oğurlanmışdır. Bu barədə xx.xx.2023-cü il tarixdə ərizə ilə Qaradağ RPİnin 10-cu PB-yə müraciət etmişdir. Həmçinin barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs şikayətçi olduğunu və ona dəymiş ziyanın ödənilmədiyini qeyd etmişdir. Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyərək və inzibati xəta haqqında işin materiallarını araşdıraraq hesab edir ki, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi tam sübuta yetirilir. Belə ki, iş materiallarında olan Qaradağ RPİ-nin 10-cu Polis Bölməsinin rəisi vəzifəsini müvəqqəti icra edən Nicat İslamlıya ünvanlanmış 28 fevral 2023-cü il tarixli raportdan görünür ki, ünvan 2 ünvanında yaşayan, Qaradağ rayon, Lökbatan qəsəbəsi, 28 May küçəsində yerləşən «Kingsmart» mağazasının müdiri vəzifəsində işləyən xx.xx.1977ci il təvəllüdlü X4 xx.xx.2023-cü il tarixdə ərizə ilə Qaradağ RPİ-nin 10-cu PB-nə müraciət edərək xx.xx.2023-cü il və xx.xx.2023-cü il tarixlərdə müdiri vəzifəsində çalışdığı mağazadan hər biri 17 manat 90 qəpik dəyərində olan 4 ədəd “Vestgold” yağını oğurlayan 2 şəxsdən birini – qadın cinsinə mənsub olan başqa bir şəxslə birlikdə mağazada saxladığını bildirmişdir. Hadisəni törətmiş Şəxs və X3 barəsində, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə qərar qəbul edilmişdir. Həmin qərarın icrasının təmin edilməsi üçün aidiyyəti əməkdaşlara göstəriş verilməsi xahiş edilmişdir. Beləliklə, toplanmış təhqiqat materialından görünür ki, vətəndaş X2 ərizəsində göstərilən xüsusatlarda talanmış əmlakın dəyəri 71 manat 60 qəpik təşkil etdiyi üçün, əməli törətmiş Şəxs əməlində Azərbaycan Respublikası CM-nin 177.1-ci maddəsinin tərkibi yaranmır, ona görədə cinayət işinin başlanması rədd edilmişdir. Hadisəni törətmiş Şəxs əməlində Azərbaycan Respublikası İXM-in 227-ci maddəsinin tərkib əlaməti olduğundan həmin şəxsin inzibati məsuliyyətə cəlb edilməsi məqsədilə inzibati icraat açılması üçün Qərarın bir surəti 10-cu PB-nin rəhbərliyinə raportla məruzə olunmuşdur. İş materiallarında olan cinayət işinin başlanmasının rədd edilməsi haqqında 28 fevral 2023-cü il tarixli qərardan görünür ki, X2 müraciəti əsasında toplanmış material üzrə cinayət işinin başlanması rədd edilmiş, Şəxs barəsində Azərbaycan Respublikasının İXMnin 227-ci maddəsi ilə inzibati tədbir görülməsi qərara alınmışdır. İş materiallarında olan 28 fevral 2023-cü il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs 23 fevral 2023-cü il tarixdə Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, 28 may küçəsində yerləşən «Kingsmart» mağazalar şəbəkəsinə aid marketdən oğurluq etmiş, bununla da, Azərbaycan Respublikasının İXMnin 227-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsinə əsasən xırda talama, yəni oğurlama, mənimsəmə, israfçılıq, qulluq mövqeyindən sui-istifadə və ya dələduzluq yolu ilə özgəsinin əmlakını talamağa görə - yüz altmış saatdan iki yüz qırx saatadək ictimai işlər və ya işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda isə üç ayadək müddətə inzibati həbs tətbiq edilir. Həmin Məcəllənin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 9.1-ci maddəsinin tələbinə görə, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Həmin Məcəllənin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə Azərbaycan Respublikasının İXM-nin 32-ci maddəsinə əsasən Şəxs özünü təqsirli bilməsini məsuliyyəti yüngülləşdirən hal kimi qiymətləndirir. Həmin Məcəllənin 33-cü maddəsinə əsasən Şəxs məsuliyyətini ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə Şəxs törətdiyi inzibati xətanın hallarını, şəxsiyyətini xarakterizə edən halları və cəmiyyətin maraqlarını nəzərə alaraq, hesab edir ki, onun barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş həbs növündə inzibati tənbeh tədbirinin tətbiq edilməsi məqsədəmüvafiqdir. Məhkəmə həmçinin hesab edir ki, inzibati həbsdə saxlama müddətinin əvvəli şəxsin faktiki hüquqlarının məhdudlaşdırıldığı andan, yəni 28 fevral 2023-cü il tarixdən, saat 11:00-dan hesablanmalıdır. Həmin Məcəllənin 89.5-ci maddəsinə əsasən inzibati qaydada tutma müddəti inzibati xəta törətmiş şəxsin protokol tərtib etmək üçün gətirildiyi vaxtdan, sərxoş halda olmuş şəxsin isə ayıldığı vaxtdan hesablanır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114-117, 128-130 və 227-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə R A R A A L D İ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək barəsində 01 (bir) ay müddətə inzibati həbs tətbiq edilsin. İnzibati həbs müddətinin əvvəli 28 fevral 2023-cü il tarixdən, saat 11:00-dan hesablansın. Şəxs Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi tərəfindən müəyyən edilən yerdə mühafizə altında saxlanılsın. Qərarın icrası Bakı şəhəri Qaradağ Rayon Polis İdarəsinə və Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinə bilavasitə tabe olan inzibati həbs olunanların saxlanılma mərkəzinə həvalə edilsin. Qərarın surəti tərəfə təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Qaradağ Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Şəfa Dadaşova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar