Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(002)-365/2023 27.03.2023 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Dadaşova Şəfa Əliövsət qızının sədrliyi, Abbasov Fərid Zirəddin oğlunun katibliyi ilə, Qərardan şikayət vermiş şəxs X4, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi BDYPİ-nə bilavasitə tabe olan YPX Alayının İnzibati təcrübə üzrə qrupun inspektoru, polis baş leytenantı X1, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi BDYPİ-nin etirbarnamə üzrə nümayəndəsi X2 iştirakları ilə, X4 Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi YPX İnzibati Qrupunun polis baş leytenantı X5 tərəfindən qəbul edilmiş xx.xx.2022-ci il tarixli TP ******* saylı inzibati tənbeh vermə haqqında qərarından verdiyi şikayətə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ : Barəsində inzibati tənbeh vermə haqqında qərar qəbul edilmiş şəxs X8 şikayətlə məhkəməyə müraciət edərək Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi YPX İnzibati Qrupunun polis baş leytenantı X5 tərəfindən qəbul edilmiş xx.xx.2022-ci il tarixli TP ******* saylı qərarının ləğv olunmasını və əməlində inzibati xəta tərkibi olmadığından iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırmışdır ki, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin YPX İnzibati qrup BYPX inspektoru, polis baş leytenantı X6 tərəfindən tərtib edilmiş xx.xx.2022-ci il tarixli TP 54639991 saylı qərar əsasında İXM-nin 353.2, 332.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xəta törətdiyinə görə 600 manat məbləğində cərimə edilmişdir. Barəsində tərtib edilmiş qərarda qeyd edilir ki, xx.xx.2022-ci il tarixdə saat 12:16-da Bakı Dəmiryolçular (Sanqaçal) ərazisində HOWO 8X4ZZ3317N3867 W yük markalı 99SD653 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edərkən iriqabaritli və ya ağırçəkili nəqliyyat vasitələrinin icazə verilən çəki və yüklə birlikdə oxa düşən kütlə parametrlərini aşmaqla etibarnamə olmadan idarə etdiyinə görə cərimə edilmişdir. Bildirmişdir ki, HOWO 8X4ZZ3317N3867 W yük markalı 99SD653 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi X3 məxsus olmuş, həmin vaxt avtomobilin mülkiyyətçisi də onun yanında olmuş və bu səbəbdən də etibarnamənin olması lazım olmamışdır. O, avtomobilin sahibinin özünün razılığı və bilavasitə onun özünün iştirakı ilə Qobustan qəsəbəsindən Səngəçal qəsəbəsində çınqıl daş yükləyib aparmışdır. Həmin yük çəki dərəcəsini keçməmişdir. Artıq yük olmadığı halda əsassız olaraq barəsində protokol tərtib edilmişdir. Həmçinin barəsində inzibati protokol tərtib edilərkən İnzibati Xətalar Məcəlləsinin bir sıra tələbləri pozulmuş, inzibati xəta haqqında protokolda və qərarda nəqliyyat vasitəsinin oxa düşən parametlərinə dair tələblərin pozulması faktının nəyin əsasında müəyyən edildiyi göstərilməmişdir. Əgər hər hansı texniki vasitələrdən istifadə olunaraq bu cür pozuntu halı müəyyən edilmişdirsə həmin texniki vasitənin göstəricisi, tipi, markası, modeli, yerləşdiyi yeri və həmin vasitənin sertifikatının olub-olmaması göstərilməlidir. Bundan başqa inzibati xəta haqqında protokolda nəqliyyat vasitəsinin oxa düşən yükü icazə verilən kütləsi müəyyən edilmiş halları aşması barədə hər hansı bir qeyd aparılmamışdır. Qanunvericiliyin tələbinə görə xüsusi ölçü alətlərinin, cihazlarının və tərəzilərin standartlara uyğun olması barədə sertifikatı olmalıdır. Hesab edir ki, tam əsasız olaraq barəsində protokol tərtib edilmiş və əsasız olaraq inzibati qərar qəbul edilmişdir. Göstərilənlərə əsasən, məhkəmədən YPX İnzibati Qrupunun polis baş leytenantı X5 tərəfindən qəbul edilmiş xx.xx.2022-ci il tarixli TP ******* saylı qərarının ləğv edilməsini xahiş etmişdir. İnzibati xəta haqqında qərardan şikayət vermiş şəxs X8 məhkəmə iclasında çıxış edərək bildirmişdir ki, qərardan şikayət verməsinə səbəb ölçmə vasitələrinin yoxlanılması haqqında sertifikatın ona təqdim edilməməsi olmuşdur. Hazırda həmin sertifikatın surəti ona təqdim edilmişdir. Nəqliyyat vasitəsində yükün oxa düşən kütlə parametrlərini aşmaqla yükləndiyini etiraf edərək, barəsində qəbul edilmiş qərara etiraz etmədiyini qeyd etmişdir. Məhkəmə iclasında iştirak edən BDYPİ-nə bilavasitə tabe olan YPX Alayının İnzibati təcrübə üzrə qrupun inspektoru, polis baş leytenantı X5 çıxış edərək bildirmişdir ki, HOWO 8X4ZZ3317N3867 W yük markalı 99SD653 dövlət qeydiyyat nişanlı yük avtomobili saxlanılmış və nəqliyyat vasitəsi yüklə birlikdə çəkildikdə oxa düşən kütlə parametrlərini aşmaqla yüklənməsi müəyyən edilmişdir. Belə ki, oxların üzərinə düşən yük 32 ton olmalı halda, 60 ton olmuşdur. Ona görə hesab edir ki, xx.xx.2022-ci il tarixli protokol və onun əsasında qəbul edilmiş xx.xx.2022-ci il tarixli TP ******* inzibati tənbehvermə haqqında qərar qanuni və əsaslıdır. Göstərilənləri nəzərə alaraq, şikayətin təmin edilməməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Daxili İşlər Nazirliyi BDYPİ-nin etibarnamə üzrə nümayəndəsi X7 çıxış edərək bildirmişdir ki, xx.xx.2022-ci il tarixli protokol və onun əsasında qəbul edilmiş xx.xx.2022-ci il tarixli TP ******* inzibati tənbehvermə haqqında qərar qanuni və əsaslıdır. Göstərilənləri nəzərə alaraq şikayətin təmin edilməməsini xahiş etmişdir. Məhkəmə proses iştirakçılarının izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, şikayət əsassız olduğundan təmin edilməməlidir. Belə ki, iş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi YPX İnzibati Qrupunun polis baş leytenantı X5 tərəfindən qəbul edilmiş xx.xx.2022-ci il tarixli TP ******* saylı qərardan görünür ki, X8 05 dekabr 2022-ci il tarixdə, saat 12:16-da Bakı şəhəri, Qaradağ rayonu, Səngəçal qəsəbəsi ərazisində “HOWO 8X4ZZ3317N3867 W” yük markalı 99SD653 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edərkən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 353.2 və 332.1-ci maddələrinin tələbini pozmuş və nəticədə 600 (altı yüz) manat məbləğində inzibati cərimə edilmişdir. İş materiallarına əlavə olunmuş sənədlərdən görünür ki, 05 dekabr 2022-ci il tarixdə “HOWO 8X4ZZ3317N3867 W” yük markalı **-SD-*** dövlət qeydiyyat nişanlı yük avtomobili ilə daşınan yükün çəkisi 32 ton olmalı halda 60 ton 170 kq çəkidə olduğu müəyyən edilmişdir. Məhkəmə iclasında təqdim edilmiş CD diskə baxış keçirilərək müəyyən edilmişdir ki, X4 05 dekabr 2022-ci il tarixdə, saat 12:16-da Bakı şəhəri, Qaradağ rayonu, Səngəçal qəsəbəsi ərazisində idarə etdiyi “HOWO 8X4ZZ3317N3867 W” yük markalı 99SD653 dövlət qeydiyyat nişanlı avtomobil tərəzidə çəkilən zaman artıq yük daşıdığı müəyyən olunmuşdur. Məhkəmə iş materiallarını tədqiq edərək hesab edir ki, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi YPX İnzibati Qrupunun polis baş leytenantı X5 tərəfindən qəbul edilmiş xx.xx.2022-ci il tarixli TP ******* saylı inzibati tənbeh vermə haqqında qərarı qanuni və əsaslıdır, həmin qərarın ləğv edilərək iş üzrə icraata xitam verilməsi üçün heç bir əsas yoxdur. Belə ki, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 353.2-ci maddəsinə əsasən İriqabaritli və ya ağırçəkili nəqliyyat vasitələrinin icazə verilən çəki və yüklə birlikdə oxa düşən kütlə parametrlərini aşmaqla ümumi istifadədə olan avtomobil yollarında idarə edilməsinə görə - fiziki şəхslər altı yüz mаnаt məbləğində cərimə edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 99.1.1-ci maddəsinə əsasən inzibati xəta hadisəsinin mövcudluğunu göstərən kifayət qədər halların səlahiyyətli vəzifəli şəxs tərəfindən bilavasitə və ya xüsusi texniki vasitələrin köməyi ilə aşkar edilməsi inzibati xəta haqqında iş üzrə icraata başlamağa səbəb hesab edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 128-ci maddəsinə əsasən barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərər çəkmiş şəxs, müdafiəçi və nümayəndə, həmçinin bu Məcəllənin 43.2-ci maddəsində nəzərdə tutulan vəzifəli şəxs inzibati xəta haqqında iş üzrə qərardan şikayət, prokuror isə protest verə bilər. Azərbaycan Respublikasının İXM-nin 133.2.8-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim edilmiş materiallar əsasında yoxlanılır. Azərbaycan Respublikası İXM-nin 134.1.1-ci maddəsinə əsasən məhkəmə qərardan şikayətə baxarkən qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında qərar qəbul edir. Beləliklə məhkəmə hesab edir ki, YPX İnzibati Qrupunun baş leytenantı X5 tərəfindən qəbul edilmiş xx.xx.2022-ci il tarixli TP ******* saylı inzibati xəta haqqında iş üzrə qərarı qanuni və əsaslı olduğundan X4 şikayəti təmin edilməməli və qeyd edilən qərar dəyişdirilmədən saxlanılmalıdır. Həmçinin iş üzrə maddi sübut kimi tanınmış 1 ədəd CD disk iş materiallarında saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 128-134-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: X4 Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi YPX İnzibati Qrupunun polis baş leytenantı X5 tərəfindən qəbul edilmiş xx.xx.2022-ci il tarixli TP ******* saylı inzibati tənbeh vermə haqqında qərarından şikayəti təmin edilməsin. İş üzrə maddi sübut kimi tanınmış 01 ədəd CD disk iş materiallarında saxlanılsın. Qərardan onun surəti rəsmi qaydada verildiyi vaxtdan etibarən 10 gün müddətində Qaradağ Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hakim: Şəfa Dadaşova
Məhkəmə qərarları › İş №3(002)-365/2023
Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qərar — İş №3(002)-365/2023
27.03.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver