Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(002)-367/2024 13.02.2024 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Qurbanov Teymur Əhməd oğlunun sədrliyi, İlyasov Ceyhun Bəhruz oğlunun katibliyi ilə, X1, Baş X5 İdarəsinin EQ/16263299 saylı, xx.xx.2023-cü il tarixli inzibati tənbeh vermə haqqında qərarından verdiyi şikayətə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: X3 şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək BDYPİ-nin EQ/16263299 saylı, xx.xx.2023-cü il tarixli inzibati tənbeh haqqında qərarın ləğv edilməsini və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, Baş X5 İdarəsinin xx.xx.2023-cü il tarixli, EQ/16263299 saylı qərarla İXM-nin 327.1 və 332.3-cü maddələri ilə 300 manat cərimə edilmişdir. Qəbul edilmiş qərarla razı deyil, aşağıdakı səbəblərə görə barəsində qəbul edilmiş qərar ləğv edilməli və iş üzrə icraata xitam verilməlidir.Belə ki, qərarda qeyd edilir ki, o, xx.xx.2023-cü il tarixdə, saat 12:27-də Bakı-Quba yolunun 9 km-də Volkswagen passat minik markalı, **-XZ-*** dövlət nömrə nişanlı nəqliyyat vasitəsini idarə etmək hüququ məhdudlaşdırılmış şəxs tərəfindən nəqliyyat vasitəsini idarə edilməsi müəyyən edilmişdir. Barəsində inzibati tənbeh vermə haqqında qərar qəbul edilərkən nəqliyyat vasitəsini idarə etmək hüququ məhdudlaşdırıldığından 300 manat cərimə edilmişdir. Nəqliyyat vasitələrini idarə etmək hüququ Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin qərarına əsasən 6 ay müddətinə məhdudlaşdırılsa da bütün cərimələrini 12 avqust 2023cü il tarixdə ödəmişdir. Ödəniş edildiyinə görə BDYPİ tərəfindən qeydiyyat aparılmamış və əsassız olaraq barəsində məhkəməyə müraciət edilmişdir. Onun barəsində məhkəməyə müraciət edilməsindən xəbəri olmamış və bunu bildikdən sonra məhkəməyə müraciət etmiş və məhkəmənin 12 sentyabr 2023-cü il tarixli qərarı ilə nəqliyyat vasitəsini idarə etmək hüququnun 6 ay müddətinə məhdudlaşdırılmasına dair qərarın icraatına xitam verilmişdir. Barəsində xx.xx.2023-cü il tarixli inzibati tənbeh vermə haqqında qərar qəbul edilərkən ödənilməmiş cəriməsi olmamışdır. Ödənilməmiş cəriməsi olmadığına görə qərarın icrasına xitam verilməli idi. Ona görə barəsində tərtib edilmiş xx.xx.2023-cü il tarixdə inzibati tənbeh vermə haqqında qərar əsassızdır, həmin qərar ləğv edilərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi xahiş olunmuşdur. Məhkəmə iclasının vaxtı və yeri barədə qanunvericiliklə nəzərdə tutulmuş qaydada məlumat verilməsinə baxmayaraq, şikayətçi və BDYPİ-nin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, gəlməmələrinin səbəbləri barədə də məhkəməyə heç bir məlumat verilməmiş və eləcə də qeyd olunan inzibati işlə əlaqədar BDYPİ-nin nümayəndəsi məhkəməyə hər hansı bir sübut təqdim etməmişdir. Məhkəmə işə şikayətçinin və BDYPİnin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan Baş X5 İdarəsinin EQ/16263299 saylı, xx.xx.2023-cü il tarixli qərardan görünür ki, X3 barəsində Azərbaycan Respublikası İnzibati Xətalara Məcəlləsinin 327.1 və 332.3-cü maddələri ilə 300 manat məbləğində inzibati cərimə növündə inzibati tənbeh vermə haqqında qərar qəbul edilmişdir. Məhkəmə, inzibati xəta haqqında protokolu, qərarı və ona əlavə olunmuş sənədləri araşdıraraq, iş üzrə toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, şikayət qismən təmin edilməli, Baş X5 İdarəsinin EQ/16263299 saylı, xx.xx.2023-cü il tarixli inzibati tənbeh vermə haqqında qərarı İXM-nin 332.3-cü maddəsi ilə ilə təqsirli bilinməsinə dair hissədə qanunsuz olduğundan ləğv edilməli və X3 barəsində həmin maddə ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Məhkəmə araşadırması zamanı X3 barəsində Baş X5 İdarəsi tərəfindən EQ/16263299 saylı, xx.xx.2023-cü il tarixli inzibati tənbeh vermə haqqında qərar qəbul edilərkən inzibati xətalar haqqında qanunvericiliyin kobud şəkildə pozulduğu müəyyən edilmişdir. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 122.1-ci maddəsinə əsasən bu Məcəllənin 327.1 - 327.5, 328, 329.1, 329.2, 330, 339.1-1, 346, 346-1.1, 346- 1.5, 353.2 və 469.3-cü maddələrində nəzərdə tutulmuş xətalar foto və ya video qeydiyyat funksiyalarına malik xüsusi texniki vasitələrin köməyi ilə aşkar edildikdə, xüsusi texniki vasitələrin məlumatları müvafiq icra hakimiyyəti orqanının mərkəzi informasiya sisteminin proqram təminatı əsasında real vaxt rejimində elektron formada birbaşa həmin mərkəzi informasiya sisteminə ötürülür, inzibati xətanı törətmiş şəxsin iştirakı olmadan real vaxt rejimində, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada elektron sənəd şəklində inzibati tənbeh vermə haqqında elektron qərar çıxarılır və həmin mərkəzi informasiya sisteminin müvafiq səlahiyyətli əməkdaşının elektron imzası ilə təsdiqlənir. Təsdiq edilmiş həmin qərar real vaxt rejimində, xüsusi texniki vasitələrin məlumatları əlavə edilməklə, elektron qaydada müvafiq icra hakimiyyəti orqanının informasiya sisteminə göndərilir. Normanın məzmunundan aydın olur ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 122.1-ci maddəsində nəzərdə tutulmuş qaydada inzibati iş üzrə icraat yalnız bilavasitə həmin maddədə müəyyən edilmiş inzibati xətalar üzrə aparıla bilər. Məhkəmə hesab edir ki, X2 istinad edilən İXM-nin 332.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xəta foto və ya video qeydiyyat funksiyalarına malik xüsusi texniki vasitələrin köməyi ilə qeydə alınan inzibati xəta olmadığından sonuncunun iştirakı ilə müvafiq araşdırma aparılmadan birbaşa elektron qərar qəbul edilməsi qanunsuz olmuşdur. Azərbaycan Respublikası İXM-nin 12-ci maddəsinə əsasən, "Bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur." İXM-nin 3-cü maddəsinə görə isə, "Yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Təqsir inzibati xətanın əsas elementidir. Əməlin hüquqazidd olmasına baxmayaraq, təqsirin olmaması əməlin inzibati xəta kimi sayılmamasına səbəb olur. Beləliklə, iş materiallarından görünür ki, mübahisələndirilən inzibati xəta üzrə əməldə inzibati xəta tərkibi olub-olmaması araşdırılmadan X1 təqsirinin olması əsas götürülərək qərar qəbul olunmuşdur. Bundan başqa BDYPİ-nə məhkəmə iclasında iştirakı və iş üzrə sübutların məhkəməyə təqdim edilməsi barədə dəfələrlə məlumat verilsə də BDYPİ məhkəmə iclasında iştirak etməmiş və iş üzrə əhəmiyyət kəsb edən sübutları məhkəməyə təqdim etməmişdir. Azərbaycan Respublikası İXM-nin 8.1-ci maddəsində göstərilir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. Həmin Məcəllənin 8.2-ci maddəsində göstərilir ki, inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Həmin Məcəllənin 8.3-cü maddəsində göstərilir ki, inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Həmin Məcəllənin 75-ci maddəsinə əsasən inzibati xəta hadisəsi (inzibati xəta törədilmişdirmi), inzibati xəta törətmiş şəxs, inzibati xəta törətməkdə şəxsin təqsiri mütləq sübuta yetirilməlidir. Həmin Məcəllənin 84-cü maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Həmin Məcəllənin 53.1.1-ci maddəsinə əsasən inzibati xəta hadisəsi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 105.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Həmin Məcəllənin 134.1.3-cü maddəsinin tələbindən aydın olur ki, inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə baxılarkən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulduğu hallarda qərar ləğv edilərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilir. Beləliklə məhkəmə yuxarıda qeyd olunanlara əsasən və İXM-in 8, 114, 115, 128-131ci və 134-cü maddələrini rəhbər tutaraq,məhkəmə QƏRARAALDİ: X1 şikayəti qismən təmin edilsin. Baş X5 İdarəsinin EQ/16263299 saylı, xx.xx.2023-cü il tarixli inzibati tənbeh vermə haqqında qərarı X1 İXM-nin 332.3-cü maddəsi ilə təqsirli bilinməsinə dair hissədə ləğv edilsin və barəsində həmin maddə ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. X3 barəsində Baş X5 İdarəsinin EQ/16263299 saylı, xx.xx.2023-cü il tarixli qərarı ilə tətbiq edilmiş cərimənin məbləği azaldılmaqla Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsinin sanksiyası həddində, yəni 40 (qırx) manat məbləğində müəyyən edilsin. Qərarın icrası Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X5 İdarəsinə həvalə edilsin. Qərardan rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim Teymur Qurbanov
Məhkəmə qərarları › İş №3(002)-367/2024
Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qərar — İş №3(002)-367/2024
13.02.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver