Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(002)-369/2025 27.02.2025 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Dadaşova Şəfa Əliövsət qızının sədrliyi, Məmmədova Ülviyyə Nizami qızının katibliyi, İnzibati xəta haqqında protokolu tərtib etmiş şəxs Qaradağ RPİ-nin 10-cu PŞ-nin sahə inspektoru X5, Zərər çəkmiş şəxs X3, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və müdafiəçi X2 iştirakı ilə, xx.xx.1975-ci il tarixdə Biləsuvar rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı (FİN: xxxxxxx), Bakı şəhəri, ünvan 1 ünvanında yaşayan Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə təqsirli bilinməsinə dair inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İnzibati xəta haqqında xx.xx.2025-ci il tarixli MN ******* saylı protokoldan görünür ki, Şəxs xx.xx.2025-ci il tarixdə Sədərək Ticarət Mərkəzində zərərçəkmiş şəxs X6 döymüşdür. Bununla da İXM-nin 157-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Məhkəmə iclasında iştirak edən inzibati xəta haqqında protokol tərtib etmiş Qaradağ RPİ-nin 10-cu PŞ-nin sahə inspektoru X12 tərtib etdiyi inzibati xəta haqqında protokolu müdafiə edərək bildirmişdir ki, ünvan 2 ünvanında yaşayan X10 xx.xx.2025-ci il tarixdə saat təxminən 00:00 radələrində yaşadığı binanın qarşısında olan zaman Şəxs tərəfindən döyülmüşdür. Bununla da Şəxs İXM-nin 157-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Baş vermiş hadisə ilə bağlı polis şöbəsində araşdırma aparılmış, zərərçəkmiş şəxs X3 müraciətinə dair toplanmış materialda Azərbaycan Respublikası CM-nin müvafiq maddəsinin tərkib hissəsi yaranmadığından material üzrə xx.xx.2025-ci il tarixli qərarla cinayət işi başlanmasının rədd edilməsi haqqında qərar qəbul edilmişdir. Bundan sonra Şəxs barəsində inzibati xəta haqqında protokol tərtib edilərək məhkəməyə göndərilmişdir. Göstərilənləri nəzərə alaraq Şəxs barəsində ədalətli qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs özünü təqsirli bilməyərək izahatında göstərmişdir ki, həmin tarixdə ailə üzvləri ilə birlikdə gecə 00:00 radələrində evə qayıdan zaman yaşadıqları blokdan bir nəfər cavan oğlan sərxoş vəziyyətdə çıxmış və çıxarkən çiyni ilə ona dəymişdir. Bu zaman oğlu həmin şəxsə irad bildirmiş, münaqişə yaranmış, münaqişəyə onun əri, qonşuları Səmərux və onunla yaşayan bacısı Xatirə də daxil olmuşlar. O, ərinin əvvəllər müharibə zamanı baş-beyin travması alması səbəbindən, ərinin sözügedən münaqişə zamanı çox əsəbi davrandığını görüb, qarşı tərəfə xəsarət yetirməsi təhlükəsinin qarşını almaq məqsədilə münaqişəni yatırmağa cəhd göstərmişdir. Lakin, münaqişə zamanı Xatirə İsayeva əli ilə onun hicabından tutmuş, sonuncunun bu hərəkəti nəticəsində hicab boğazını sıxdığı üçün boğulmağa başlamışdır. O, özünü müdafiə məqsədilə hicabını buraxması və Xatirəni özündən uzaqlaşdırmaq üçün əl-qol hərəkətləri atmış, nəticədə əli Xatirənin üz nahiyəsinə dəymişdir. Lakin, Xatirə ona əlavə hər hansı zərbə vurmamışdır. Hazırda Xatirə ilə barışmamışdır. İş üzrə ədalətli qərar verilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən zərərçəkmiş şəxs X10 ifadəsində bildirdi ki, hadisə günü bacısı binanın həyətində münaqişədə təkləndiyini bildirərək təcili şəkildə onu hadisə yerinə çağırmışdır. Hadisə yerinə gələn zaman qonşu Şəxs onun ağız nahiyəsinə şillə vurmuş, bu səbəbdən dodağı xəsarət almışdır. Eləcə də barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin oğlu Ramin ona hücum edərək avtomobilinin üstünə yıxıb boğmağa başlamışdır. Hadisə zamanı Natavanın əri ona xəsarət yetirməsə də, ünvanına təhqiramiz ifadələr səsləndirmişdir. Hazırda Şəxs ilə barışmamışlar, sonuncu üzr istəmədiyi təqdirdə isə ondan şikayətçidir. İş üzrə ədalətli qərar verilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən şahid X7 ifadə verərək bildirdi ki, hadisə günü gecə radələrində yığıncaqdan evinə tanışı Orxanın avtomobili ilə qayıtmış, Orxan blokdan çölə çıxan zaman qonşusu Raminlə üzləşmiş və Ramin onunla dalaşmağa başlamışdır. Bu vəziyyəti gördükdə o, Raminə evinə gələn qonaqla dalaşmamasını bildirdikdə münaqişə yaranmış, Ramin və Raminin ailə üzvləri də münaqişəyə qoşulmuşlar. Hadisə zamanı o, bacısı Xatirəni zəng vuraraq köməyə çağırmış, Xatirə gələndə qonşusu Şəxs sonuncuya şillə vuraraq ağız nahiyyəsini yaralamış, Xatirə isə onlara heç bir zərbə vurmamışdır. Məhkəmə iclasında iştirak edən şahid X11 ifadə verərək bildirdi ki, hadisə günü gecə ailə üzvləri ilə birlikdə evə qayıdan zaman yaşadıqları binanın giriş qapısından bir sərxoş oğlanın çıxdığını görmüşdür. Oğlan binadan çıxan zaman ona binaya daxil olması üçün ilk növbədə ailə üzvlərinə yol verməli olduğunu irad bildirdikdə, qonşusu Səmərux binadan çıxaraq “evinə gələn qonaqdan nə istədiyini” qışqıraraq soruşmuşdur. Atası əvvəllər müharibə iştirakçısı olması və baş-beyin travması alması səbəbindən əsəblərini idarə edə bilməyərək qonşu ilə mübahisə etməyə başlamışdır. Hadisə zamanı anası Şəxs onları sakitləşdirməyə çalışmış, əlavə hərəkətlərə yol verməmişdir. Lakin hadisə yerinə Xatirə gələn zaman o, anasının hicabından yapışmış, anası isə onu əli ilə özündən kənarlaşdırmaq üçün itələmişdir. Məhkəmə iclasında iştirak edən müdafiəçi X9 çıxışında bildirdi ki, Şəxs əməlində inzibati xəta tərkibi yoxdur. O, hadisə zamanı özünü müdafiə etmişdir. Sonuncunun hərəkətlərində qərəzlilik olmasının sübut edilmədiyini nəzərə alaraq, iş üzrə icraata xitam verilməsini xahiş etdi. Məhkəmə proses iştirakçılarının izahatlarını, dinləyərək, ekspert rəylərini və inzibati xəta haqqında işin digər materiallarını araşdıraraq hesab edir ki, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi tam sübuta yetirilir. Belə ki, iş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə-Tibbi Ekspertiza və X8” X18 canlı şəxsin ekspertizası xx.xx.2025-ci il tarixli, 27 saylı ekspertin rəyindən görünür ki, X1 bədən səthi üzərində aşkar edilmiş xəsarətlər alt dodağın selikli qişasına qansızma, boynun, sağ bazu və döş qəfəsi nahiyələrinin qançırları, sağ bud nahiyəsinin sıyrıqları bərk küt əşya təsirindən müayinədən 2-3 gün əvvəl törənmişlər, törənmişlər, qərarın təsviri hissəsində göstərilən xx.xx.2025-ci il tarixdə əmələ gələ bilərdilər və sağlamlığa zərər vurmayan xəsarətlərə aid olduqları üçün dərəcələri təyin edilmir. İnzibati xəta haqqında xx.xx.2025-ci il tarixli MN ******* saylı protokoldan görünür ki, ünvan 2 ünvanında yaşayan X10 xx.xx.2025-ci il tarixdə saat təxminən 00 radələrində yaşadığı binanın qarşısında olan zaman Ramin, Raminin anası və atası tərəfindən döyülmüşdür. Bununla da İXM-nin 157-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. İş materiallarında olan cinayət işinin başlanmasının rədd edilməsi haqqında xx.xx.2025-ci il tarixli qərardan görünür ki, X3 və Şəxs müraciətinə dair toplanmış materialda Azərbaycan Respublikasının CM-nin müvafiq maddəsinin tərkib hissəsi yaranmadığından material üzrə cinayət işi başlanması rədd edilmiş, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə məsuliyyətə cəlb edilmişdir. Beləliklə, məhkəmə iclasında Şəxs sözügedən əməli törətməsinə dair toplanmış və tədqiq edilmiş sübutların məcmusu, proses iştirakçılarının izahatı, ekspert rəyi, inzibati xəta haqqında protokol və digər iş materialları ilə onun təqsirli olması tam sübuta yetirildi. Onun əməli məhkəmə tərəfindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə tövsif edilməli və həmin maddənin sanksiyası həddində onun barəsində inzibati tənbeh tədbiri tətbiq edilməlidir. Qeyd edilən əməlin inzibati xəta olmasını aradan qaldıran hallar, həmçinin inzibati məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsinə əsasən döymə və sair zorakı hərəkətlərlə qəsdən fiziki ağrı yetirməyə görə - üç yüz manatdan beş yüz manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, iki ayadək müddətə inzibati həbs tətbiq olunur. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə inzibati tənbeh tətbiq edərkən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 9-cu maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 32-ci maddəsinə əsaslanmaqla Şəxs ailə vəziyyəti, ilk dəfə inzibati məsuliyyətə cəlb olunması məsuliyyəti yüngülləşdirən hallar kimi qiymətləndirir. Şəxs əməlində həmin Məcəlləsinin 33-cü maddəsində nəzərdə tutulmuş məsuliyyəti ağırlaşdıran hallar müəyyən etmədi. Qeyd olunanları nəzərə almaqla məhkəmə, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə inzibati tənbeh tətbiq etmə məsələsini müzakirə edib, törədilmiş xətanın xarakterini və hallarını, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən halları, onun təqsirinin dərəcəsini və tətbiq olunacaq inzibati tənbehin şəxsin islah olunmasına təsirini nəzərə alaraq, belə nəticəyə gəlir ki, inzibati tənbehin məqsədi Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsində nəzərdə tutulmuş cərimə növündə inzibati tənbeh tədbiri tətbiq olunduğu təqdirdə təmin edilə bilər və ona cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də inzibati tənbehin məqsədinə uyğundur. Şəxs göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri 10 saylı Vəkil Bürosunun vəkili X4 məhkəmədə iştirak etdiyi 1 saata görə 6 (altı) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri 10 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 21, 43, 106-112, 114.1.1, 115.1, 115.5, 117, 128.2.1, 130.1 və 157-ci maddələrini rəhbər tutaraq, məhəkmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə təqsirli bilinərək 300 (üç yüz) manat məbləğində inzibati cərimə edilsin. Şəxs göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri 10 saylı Vəkil Bürosunun vəkili X4 məhkəmədə iştirak etdiyi 1 saata görə 6 (altı) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri 10 saylı Vəkil Bürosunun hesabına köçürülsün. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Şəfa Dadaşova
Məhkəmə qərarları › İş №3(002)-369/2025
Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qərar — İş №3(002)-369/2025
27.02.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver