Məhkəmə qərarları › İş №3(002)-370/2025

Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qərardad — İş №3(002)-370/2025

27.02.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 3(002)-370/2025 27.02.2025 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Mürsəlov Rufan Kamil oğlunun sədrliyi, Mustafayeva Sevda Bahaddin qızının katibliyi, Qaradağ RPİ-nin 10-cu PŞ-nın sahə inspektoru, polis kapitanı X4, Zərərçəkmiş şəxs, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx xxxx 1998-ci ildə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, Zəngilan rayonu, Üzümçülər qəsəbəsi ünvanında qeydiyyatda olmaqla Bakı şəhəri, ünvan 3 ünvanında yaşayan Şəxs Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsi ilə təqsirləndirilməsinə dair inzibati materialın icraata qəbul edilməsi məsələsinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Məhkəməyə daxil olmuş sənədlərdən aydın olur ki, Zərərçəkmiş şəxs 19 yanvar 2025-cü il tarixdə, saat 00 radələrində Bakı şəhəri, ünvan 4 ünvanında Şəxs və onun anası X2 tərəfindən döyülmüşdür. Buna görə də Qaradağ RPİ-nin 10-cu PŞ-nın sahə inspektoru, polis kapitanı X7 tərəfindən Qaradağ RPİ-nin 10-cu PŞ-nin baş təhqiqatçısı, polis mayoru X3 “cinayət işinin başlanılmasının rədd edilməsi haqqında” 29 yanvar 2025cü il tarixli qərarı əsasında Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə MN ******* saylı, 27 fevral 2025-ci il tarixli inzibati protokol tərtib olunmuşdur. Məhkəmə iclasında iştirak edən Qaradağ RPİ-nin 10-cu PŞ-nın sahə inspektoru, polis kapitanı X7 tərtib olunmuş protokolu müdafiə edərək bildrimişdir ki, o həmin protokolu Qaradağ RPİ-nin 10-cu PŞ-nin baş təhqiqatçısı, polis mayoru X3 29 yanvar 2025-ci il tarixli “cinayət işinin başlanmasının rədd edilməsi haqqında” qərarına əsasən tərtib etmişdir. Həmin qərara əsasən Zərərçəkmiş şəxs müraciəti əsasında toplanmış material üzrə cinayət işinin başlanması rədd edilmiş, qərarın surətinin məlumat üçün ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən rayon prokurorluğuna və Zərərçəkmiş şəxs göndərilməsi, Zərərçəkmiş şəxs döyən Şəxs və X1 əməllərində Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsinin tərkibi yarandığından inzibati qaydada məsuliyyətə cəlb olunması qərara alınmışdır. Bundan sonra həmin iş onun icraatına verilmiş və onun tərəfindən Şəxs barəsində İXM-nin 157-ci maddəsinə əsasən protokol tərtib edilmişdir. Hal-hazırda da tərtib etdiyi protokolu müdafiə edərək Şəxs inzibati məsuliyyətə cəlb edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Zərərçəkmiş şəxs öz izahatında bildirmişdir ki, təxminən 10 günə yaxın olar ki, bacısı Samaruxun yaşadığı ünvanda müvəqqəti qonaq kimi uşaqları ilə birlikdə yaşayır. 19 yanvar 2025-ci il tarixdə, saat təxminən 00 radələrində 21 nömrəli binanın qarşısında olan zaman həmin binada yaşayan yaşlı bir qadın onu söyüb təhqir etməyə başlamışdır. O həmin qadına nə üçün onu söyüb təhqir etdiyini soruşduqda, həmin qadın sifətinə sillə ilə vurmuş, yanında olan oğlu əli ilə onu itələmiş və həmçinin sifətinə sillə ilə vurmuş, həmin vaxtı yanlarında onu vuran qadının əri də dayanmışdır. Qadının əri onu söyüb təhqir etmişdir. Yaranmış mübahisə vaxtı yanlarına iki nəfər tanımadığı şəxs yaxınlaşaraq onları ayırmışdır. O əlinə baxdıqda sol əlinin adsız barmağında olan protez dırnağının qopduğunu görmüş, lakin konkret olaraq bunun necə baş verdiyini bilməmişdir. Bundan sonra o, DİN-in 102 xidmətinə zəng vuraraq baş vermiş hadisə barədə məlumat vermişdir. Aralarında yaranmış mübahisə Qaradağ rayonu, Lökbatan qəsəbəsi, Qobu Park yaşayış kompelsi 2, bina 21-in yanında baş vermiş, mübahisə iki-üç dəqiqə davam etmişdir. Mübahisə vaxtı orada heç kim olmamışdır, lakin onlar onu vurduqdan sonra tanımadığı iki nəfər şəxs onları ayırmışdır. Şəxs və anası sifətinə vurduqları üçün xəsarəti sifət nahiyyəsindədir. Bundan əlavə mübahisə vaxtı sol əlinin adsız barmağında olan protez dırnağı qopmuşdur. Hal-hazırda da şikayətçi olmaqla Şəxs inzibati məsuliyyətə cəlb edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs öz izahatında barəsində qəbul edilmiş protkolu qəbul etməyərək göstərmişdir ki, 2019-cu il tarixdən Bakı şəhəri, ünvan 5 ünvanında ailə üzvləri ilə birlikdə yaşayır. 19 yanvar 2025-ci il tarixdə, saat təxminən 00 radələrində yaşadığı binanın qarşısında, anası Natəvan Abbasova, qardaşı Abbasov Adəmi və atası Abbasov Rövşən ilə birlikdə yaşadığı binanın içərisinə daxil olmaq istəyən zaman tanımadığı bir nəfər kişinin onları az qala itələyərək içəri keçmək istədiyini görmüş, ona bu barədə iradını bildirmişdir. Bunu görən Səmərrux adlı qonşusu pəncərədən onlara "evimə gələnlə nə işiniz var" sözlərini deməklə qışqırmağa başlamışdır. Bundan sonra yanlarına tanımadığı, lakin adını sonradan bildiyi Səməruxun bacısı Zərərçəkmiş şəxs yaxınlaşaraq onun və ailə üzvlərinin üstünə qışqıraraq söyüb təhqir etməyə başlamışdır. Xatirə səs-küy salaraq bədənini binanın divarına vuraraq yaxasını cırmışdır. Bu zaman hadisə yerinə polis əməkdaşları yaxınlaşaraq onları polis bölməsinə dəvət etmişlər. Aralarında yaranmış mübahisə Qaradağ rayonu, Lökbatan qəsəbəsi, Qobu Park yaşayış kompelsi 2, bina 21 yanında baş vermişdir. Hadisə zamanı o Xatirəni vurmamış və ümumiyyətlə ona yaxınlaşmamışdır. Odur ki, iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə izahatları dinləyib və iş materiallarını nəzərdən keçirib hesab edir ki, təqdim edilmiş sənədlər natamam olduğundan və inzibati işə mahiyyəti üzrə baxılaraq yekun məhkəmə qərarı qəbul edilməsi mümkün olmadığından inzibati protokol və ona əlavə olunmuş sənədlər Bakı şəhər Qaradağ rayon Polis İdarəsinin 10-cu PŞ-na qaytarılmalıdır. Belə ki, iş materiallarına əlavə edilmiş 27 fevral 2025-cü il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokol İXM-nin tələbləri kobud şəkildə pozulmaqla inzibati xətanın törədildiyi yer, vaxt və bu xətanın mahiyyəti, şikayət vermiş şəxsin hüquq və vəzifələrinin izah edilməsi, inzibati xətanın törədilməsinin hansı sübutlarla müəyyən edilməsi və ümumiyyətlə inzibati xətanın nədən ibarət olması və sair bir çox halları müəyyən edilməmişdir. Bundan başqa məhkəmə iclasında Zərərçəkmiş şəxs Şəxs tərəfindən döyülməsi faktı da tərəflərin izahatları ilə öz təsdiqini tapmamışdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 100.1.1-ci maddəsində protokolun tərtib edildiyi tarix və yer; 100.1.2. protokolu tərtib etmiş şəxsin vəzifəsi, soyadı, adı, atasının adı; 100.1.3. barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs haqqında məlumat; 100.1.4. inzibati xətanın törədildiyi yer, vaxt və bu xətanın mahiyyəti; 100.1.5. inzibati xətaya görə məsuliyyət nəzərdə tutan bu Məcəllənin müvafiq maddəsi; 100.1.6. olduğu halda, şahidlərin və zərər çəkmiş şəxslərin adı, atasının adı, soyadı və onların yaşadığı yerin ünvanı; 100.1.7. barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsin və ya hüquqi şəxsin nümayəndəsinin izahatları; 100.1.8. inzibati xətanın aşkar edilməsində xüsusi texniki vasitələrdən istifadə olunmuşdursa, onların göstəriciləri, habelə istifadə olunmuş xüsusi texniki vasitənin tipi, markası, modeli, yerləşdiyi yer, ölçmə vasitəsinin son dəfə müqayisəli dövlət yoxlamasından keçdiyi vaxt (bunu təsdiq edən sənədin nömrəsi, tarixi) və növbəti yoxlamanın keçirilməli olduğu vaxt barədə məlumatlar; 100.1.9. inzibati xətanın törədilməsi nəticəsində şəxsin sağlamlığına yüngül zərər vurulmuşdursa və ya maddi zərər yetirilmişdirsə, bu hallar barədə qeydlər; 100.1.10. inzibati xəta haqqında iş üzrə icraat üçün zəruri olan başqa məlumatlar göstərilməlidir. Bundan başqa məhkəmə araşdırması zamanı Şəxs tərəfindən törədilməsi ehtimal olunan hadisəni görən şəxslərin dairəsi müəyyən edilərək dindirilməmiş, hadisə baş verən ərazidə videokameraların mövcud olub-olmaması aydınlaşdırılmamaqla iş materiallarına əlavə edilməsi təmin edilməmiş, iş üzrə alınmış ekspert rəyi natamam olmaqla Zərərçəkmiş şəxs aldığı xəsarətlərin özü tərəfindən və ya kənar şəxslər tərəfindən yetirilməsi müəyyən edilməmişdir. Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsində göstərilir ki, döymə və sair zorakı hərəkətlərlə qəsdən fiziki ağrı yetirməyə görə üç yüz manatdan beş yüz manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, iki ayadək müddətə inzibati həbs tətbiq olunur. Həmin Məcəllənin 76.1-ci maddəsin əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 109.1.6-cı maddəsinə əsasən protokol və digər materiallar səlahiyyəti olmayan şəxslər tərəfindən tərtib edildikdə, protokol və digər sənədlər düzgün tərtib olunmadıqda, yaxud təqdim edilmiş materiallar natamam olduqda, işə baxılarkən tamamlamaq mümkün olmadıqda, inzibati xətalar haqqında protokolun və ya digər sənədlərin onu tərtib etmiş orqana, vəzifəli şəxsə geri qaytarılır. Bütün bu yuxarıda göstərilənlər ona əsas verir ki, qeyd olunan iş üzrə toplanmış inzibati material yenidən araşdırılması üçün geri qaytarılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 40,43 və 109cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə təqsirləndirilməsinə dair barəsində tərtib edilmiş 27 fevral 2025-c il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokol və ona əlavə olunmuş sənədlər natamam olduğundan yenidən araşdırmanın aparılması üçün Qaradağ RPİ-nin 10-cu PŞ-na geri qaytarılsın. Hakim: Rufan Mürsəlov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar