Məhkəmə qərarları › İş №3(002)-376/2021

Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qərar — İş №3(002)-376/2021

01.03.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(002)-376/2021 01.03.2021 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Həsənov İslam Telman oğlunun sədrliyi, Mustafayeva Zeynəb Əbülfət qızının katibliyi ilə, Şəxs bundan sonra - (Şəxs MMC) Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 482.2-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb olunmasına dair materiala Qaradağ Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Qaradağ Rayon Məhkəməsinə Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Bakı Baş Gömrük İdarəsi tərəfindən Şəxs MMC-nin Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 482.2-ci maddəsi ilə inzibati xəta törətməsinə dair material daxil olmuşdur. Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Bakı Baş Gömrük İdarəsi tərəfindən daxil olmuş inzibati xəta haqqında iş üzrə xx xxxxxx 2021-ci il tarixli, 00100-- 0150/21 nömrəli protokoldan görünür ki, Şəxs" Məhdud Məsuliyyətli Cəmiyyəti (VÖEN **********) İran İslam Respublikasından 183 nömrəli xx.xx.2021 -ci il tarixli invoys sənədinin müşayiəti ilə LR368RL/VV830V nömrə nişanlı yük avtomobilində idxal etdiyi malları xx xxxxxx 2021-ci il tarixdə Bakı Baş Gömrük İdarəsinin Bakı şəhəri Qaradağ rayonu, Xocasən yolu, Meyvəli terminalında yerləşən “Xocasən” gömrük postunda **********8450 sorğu nömrəli Gömrük bəyannaməsi ilə “sərbəst dövriyyə üçün buraxılış” gömrük prosedurunda yerləşdirmək məqsədi ilə bəyan edərkən botanik adı Cucumis sativus olan İran İslam Respublikası mənşəli təzə xiyar yükünün faktiki çəkisi 7310 kq olduğu halda, bəyannamənin 2-ci mal mövqeyində 4450 kq çəkidə bəyan etməklə 1 kq-nın dəyəri 3,90 manat olmaqla ümumi dəyəri az miqdarda, yəni 11154 manat təşkil edən 2860 kq xiyar yükünü düzgün bəyan etməmişdir, Barəsində inzibati icraat aparılan hüquqi şəxs və səlahiyyətli orqan məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, məhkəmə iclasında səlahiyyətli nümayəndələrinin iştirakını təmin etməmişlər, bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 64.3 və 112.4-cü maddələrinə əsasən barəsində inzibati icraat aparılan hüquqi şəxsin və səlahiyyəti orqanın nümayəndəsinin iştirakları olmadan işə baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: xx xxxxxx 2021-ci il tarixli yoxlama haqqında protokoldan görünür ki, gömrük yoxlaması zamanı İran İslam Respublikasından ünvan 1 ünvanında qeydiyyatda olan Şəxs MMC-nin adına LR368RL/VV830V dövlət nömrə nişanlı avtomaşın ilə daxil olmuş və Bakı Baş Görmrük İdarəsində **********8450 saylı, xx.xx.2021-ci il tarixli gömrük bəyannaməsi ilə bəyan edilərək rəsmiləşdirilmiş yükə gömrük yoxlanılması keçirildi. Baxış zamanı a/mda **********8450 saylı gömrük bəyannaməsində bəyan olunan mallardan əlavə bəyan olunmayan 2860 kq artıq xiyar yükü aşkar edilmişdir. **********8450 sorğu nömrəli xx.xx.2021-ci il tarixli Gömrük bəyannaməsindən görünür ki, bəyannamənin 31-ci qrafasına əsasən Şəxs MMC tərəfindən idxal edilmiş təzə badımcan yükü 4416,00 kq olmaqla bəyan edilmişdir. Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2021-ci il tarixli 9/528 saylı ekspertiza rəyindən görünür ki, ekspertiza tədqiqatına təqdim edilmiş İran İslam Respublikası məhsulu olan 1 kq xiyarın orta bazar qiyməti təxminən 3.90 manat, 2860 kq-nin qiyməti isə 11154.00 manat müəyyən edilir. Tədqiqatın dəyəri 100 manat təşkil edir. Şəxs MMC-nin nümayəndəsi Mehdiyev İftixar Möhsüm oğlu xx.xx.2021-ci il tarixli 00100-0150/21 nömrəli inzibati xəta haqqında protokolun surətini həmin tarixdə almışdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir; 4-cü maddəsinə əsasən, bu Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır; 6.1-ci maddəsinə əsasən, inzibati xətalara görə inzibati tənbeh həmin Məcəlləyə uyğun olaraq tətbiq edilir; 9.1-ci maddəsinə əsasən, İnzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır; 12.1-ci maddəsində göstərilir ki, həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur; 31.3-cü maddəsinə əsasən Hüquqi şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, inzibati xətanın xarakteri, inzibati xəta nəticəsində hüquqi şəxsin əldə etdiyi xeyrin həcmi və ya onun maraqlarının təmin edilməsinin xarakteri və dərəcəsi, hüquqi şəxsi xarakterizə edən hallar, o cümlədən onun maliyyə və əmlak vəziyyəti, xeyriyyəçilik və ya digər ictimai faydalı fəaliyyətlə məşğul olması, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır; 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. 482.2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının gömrük sərhədindən keçirilən malların və nəqliyyat vasitələrinin düzgün bəyan edilməməsinə görə, yəni gömrük bəyannaməsində, təkrar ixrac bildirişində, qısa idxal (ixrac) bəyannaməsində, sadələşdirilmiş bəyannamədə, gömrük rəsmiləşdirilməsinə dair ərizədə və gömrük orqanlarının Azərbaycan Respublikasının Gömrük Məcəlləsinə uyğun olaraq tələb etdiyi digər sənədlərdə və məlumatlarda Azərbaycan Respublikasının gömrük sərhədindən keçirilən malları və nəqliyyat vasitələrini gömrük ödənişlərindən, habelə qanunvericiliklə müəyyənləşdirilmiş qadağan və məhdudiyyətlərdən azad etməyə, yaxud gömrük ödənişlərinin məbləğini azaltmağa əsas verən, malların və nəqliyyat vasitələrinin gömrük proseduru, miqdarı, sayı, gömrük dəyəri, mənşə ölkəsi barədə və ya digər düzgün olmayan məlumatların göstərilməsinə görə, bu az miqdarda olduqda -inzibati xətanın bilavasitə obyekti olan mallar və nəqliyyat vasitələrinin dəyərinin otuz faizindən altmış faizinədək məbləğdə cərimə edilir. Məhkəmə inzibati material üzrə araşdırılan sübutların məcmusunu hərtərəfli, tam və obyektiv qiymətləndirərək hesab edir ki, Şəxs MMC tərəfindən Azərbaycan Respublikası İXM-nin 482.2-ci maddəsində nəzərdə tutulan inzibati xətanın törədilməsi araşdırılmış sübutlarla öz təsdiqini tapır. Məhkəmə Şəxs MMC-yə tənbeh tətbiq edərkən törədilmiş inzibati xətanın xarakterini, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halların olmadığını nəzərə alıb hesab edir ki, Şəxs MMC barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 482.2-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş tənbeh tətbiq edilməklə, hüquqi şəxs qismində inzibati xətanın bilavasitə obyekti olan malın dəyərinin 40 faizi miqdarında cərimə edilməsi məqsədəmüvafiqdir. Məhkəmə həmçinin hesab edir ki, inzibati iş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 100 (yüz) manat məbləğində pul Şəxs MMC-dən tutularaq dövlət büdcəsinə keçirilməlidir. Belə ki, Azərbaycan Respublikası İXM-nin 55.2-ci maddəsinə əsasən fiziki şəxslər barəsində inzibati xətalar haqqında işlər üzrə məsrəflər dövlət hesabına ödənilir. Hüquqi şəxslər barəsində inzibati xətalar haqqında işlər üzrə məsrəflər isə həmin şəxslərin üzərinə qoyulur. Qeyd olunanlara əsasən, Azərbaycan Respublikasının İXM-nin 26, 31, 40, 43, 48, 84, 112, 114, 115 və 117 maddələrini rəhbər tutub, məhkəmə Q Ə R A R A A L D İ: Şəxs MMC Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 482.2-ci maddəsində nəzərdə tutulmuş xətanı törətməkdə təqsirli bilinsin və hüquqi şəxs qismində inzibati xətanın bilavasitə obyekti olan malların dəyərinin 40 faizi miqdarında, yəni 4461,6 (dörd min dörd yüz altmış bir manat altı qəpik) manat məbləğində cərimə edilsin. İş üzrə ekspertiza tədqiqatının dəyəri olan 100 (yüz) manat məbləğində pul «Şəxs » MMC-dən tutularaq dövlət nəfinə keçirilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: İslam Həsənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar