Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(002)-387/2025 10.03.2025 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Dadaşova Şəfa Əliövsət qızının sədrliyi, Məmmədova Ülviyyə Nizami qızının katibliyi, İnzibati xəta haqqında protokol tərtib edən Bakı şəhəri Qaradağ Rayon İcra Şöbəsinin icra məmuru X10, X1, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və onun vəkili Vəkil iştirakları ilə, xx.xx.1958-ci il tarixdə Yardımlı rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, ünvan 1 ünvanında qeydiyyatda olan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-1-ci maddəsi ilə tənbeh tədbirinin tətbiq edilməsinə dair Bakı şəhəri Qaradağ Rayon İcra şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Bakı şəhəri Qaradağ Rayon İcra Şöbəsindən daxil olmuş xx.xx.2025-ci il tarixli MN ******* saylı inzibati xəta haqqında protokolda göstərilmişdir ki, iddiaçı X5 cavabdeh "xxxx" ASC tərəfindən iş zaman baş vermiş bədbəxt hadisə nəticəsində aldığı xəsarətə görə ödənilməli olan ödənc yenidən hesablanaraq ona ödənilməlidir. Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(002)-488/2023 nömrəli icra sənədinə icra edilməsi üzrə borcluya dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq, icra məmurunun qanuni tələbini icra etməmişdir. Bununla da, o, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-1-ci nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Məhkəmə iclasında Bakı şəhəri Qaradağ Rayon İcra şöbəsinin icra məmuru X11 tərtib etdiyi inzibati xəta haqqında protokolun dəlillərinə uyğun izahat vermiş və əlavə olaraq bildirmişdir ki, “İcra haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun olaraq icra sənədi üzrə xx.xx.2024-cü il tarixli icraata başlamaq haqqında qərar qəbul edilərək həmin tarixdə borcluya tələbin könüllü icrası haqqında bildiriş göndərilmişdir. Bundan sonra, borclu Şəxs icra sənədinin icrası tələb olunmuşdur. Borclu 2019-cu ildən hazırki tarixədək icra sənədini icra etməmiş, tələbkarın xeyrinə müvafiq qaydada ödənişlər etməmişdir. Belə ki, müəssisə ödənişləri məhz tələbkarın əvvəllər işlədiyi vəzifədə hazırki dövrdə işləyən işçinin əmək haqqının 100 manat olmasını əsas gətirməklə ödənişləri hesablamışdır. Tələbkar bu vəziyyətdən narazıdır. Bundan əlavə, Dövlət Statistika Komitəsinə sorğu verilərək eyni vəzifə üzrə, yəni daş karyerində işləyən maşinistlərin orta aylıq əmək haqqı üzrə statistik göstəriciləri əldə edilmişdir. Lakin, "xxxx" ASC bu göstəricilərə riayət etmədən ödənişlər etmişdir. Göstərilənlərə əsasən, borclu Şəxs barəsində qanuna uyğun tədbir görülməsini məhkəmədən xahiş etmişdir. Məhkəmənin suallarına cavab olaraq icra məmuru X11 "xxxx" ASC tərəfindən tələbkarın xeyrinə 2024-cü ilin iyul ayında 120 manat, noyabr ayında 100 manat, 2025-ci ilin yanvar ayında 500 manat, fevral ayında 160 manat ödənişlər etmişdir. Hazırki tarixə isə 3607 manat borc ödənilməmiş qalmışdır. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin vəkili Vəkil çıxışında bildirdi ki, hazırda "xxxx" ASC-nin dağ-mədən sənayesi sahəsində istehsalatla məşğul olması üzrə müvafiq lisenziyasının müddəti bitmiş və hüquqi şəxsə yeni lisenziya verilmədiyindən istehsalat fəaliyyəti faktiki dayandırılmışdır. Hüquqi şəxsin barəsində cinayət işi başlanmış və istintaqı davam etməkdədir. "xxxx" ASC 2019-cu ildə fəaliyyətini dayandırmış, 2021-ci ildən yenidən fəaliyyətə başlamışdır. Lakin, fəaliyyəti dövründə zərurət olmadığı üçün daşkəsən maşinist vəzifəsinə işçi qəbul edilməmişdir. Bundan başqa hazırda "xxxx" ASC-də əmək müqaviləsi əsasında daşkəsən maşinist vəzifəsinə görə əməkhaqqı 100 azn müəyyən edilmişdir. Buna görə də tələbkara aylıq ödənilməli olan məbləğ həmin əməkhaqqının 20 faizi miqdarında, yəni iyirmi manat təşkil edir. "Qaradağ ASC-nin mühasibatlığı tərəfindən xx.xx.2024-cü il tarixdə araşdırma aparılmış və müəyyən olunmuşdur ki, həmin şəxsə ödənilməli olan ödəncin məbləği 720 manat təşkil edir. Bununla əlaqədar olaraq borclara görə müəssisənin fəaliyyəti dayandırıldığından məhkəmə qərarının icrasını təmin etmək məqsədi ilə həmin məbləğ iddiaçı Əbdülkərim Qədirova cari ilin iyul ayından başlayaraq hər ay hissə-hissə ödənilmişdir. Sözügedən icra sənədinin icrası ilə əlaqədar olaraq X2 hesabına xx.xx.2024cü il tarixdə 120 manat, xx.xx.2024-cü il tarixdə 100 manat və xx.xx.2025-ci il tarixdə 200 manat, fevral ayı tarixində isə 160 manat pul köçürülmüşdür. Göründüyü kimi borclu icra sənədinin icrasından qəsdən yayınmamış və mövcud maliyyə çətinliklərinə baxmayaraq, mütəmadi olaraq bundan sonra da icra etməkdə davam edəcəkdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs vəkilinin çıxışı ilə razılaşdığını bildirərək, inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. Bundan başqa, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəmə iclasında ona verilmiş suallara cavab olaraq bildirmişdir ki, icra məmuru tərəfindən ona hüquq və vəzifələri izah edilmiş, barəsində tərtib olunmuş inzibati xəta haqqında protokolla və ona əlavə edilmiş materiallarla tanış olmuş, işgəncəyə, qeyri-insani və ya ləyaqəti alçaldan rəftara məruz qalmamış, ona heç bir fiziki təzyiq və zorakılıq göstərilməmiş, əlilliyi olmayan şəxsdir. Məhkəmə iclasında iştirak edən tələbkar X7 ifadəsində bildirmişdir ki, borclu icra sənədini düzgün qaydada yerinə yetirmədiyi üçün o, bu haldan narazıdır. Çünki müəssisə tam fəaliyyət göstərməkdədir. Lakin borclu tərəfindən Azərbaycan Respublikası üzrə müəyyən edilmiş minimum əmək haqqına uyğun olmayan əmək haqqına münasibətdə 20 faiz miqdarda ona ödəniş hesablanır. Belə ki, ona 1993-cü il dən 2019-cu il tarixədək 50 manat hesablanaraq pensiya ödənilirdi. Hazırda borclu vergilərdən yayınmaq məqsədilə bu addımı atmış və işçilərin rəsmi maaşını 100 manat olaraq göstərmişdir. Göstərilənləri nəzərə alaraq, borclu barəsində qanuni tədbirlər görülməsini xahiş etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(002)-488/2023 nömrəli icra sənədinə əsasən iddiaçı X5 cavabdeh "xxxx" ASC tərəfindən iş zaman baş vermiş bədbəxt hadisə nəticəsində aldığı xəsarətə görə ödənilməli olan ödənc yenidən hesablanaraq ona ödənilməlidir. İş materiallarında olan Qaradağ Rayon İcra şöbəsinin xx.xx.2024-cü il tarixli icraata başlamaq haqqında qərarlardan görünür ki, Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(002)-488/2023 saylı icra sənədi üzrə icraata başlanılmışdır. İş materiallarında olan Qaradağ rayon İcra şöbəsinin xx.xx.2024-cü il tarixli könüllü icra barədə bildirişindən görünür ki, icra vərəqəsində göstərilən tələbi könüllü yerinə yetirməsi üçün Şəxs xəbərdarlıq edilmiş, həmçinin icra sənədinin üzrsüz səbəbdən icra edilmədiyi təqdirdə qanunvericilikdə nəzərdə tutulmuş müvafiq tədbirlərin həyata keçiriləcəyi də onun nəzərinə çatdırılmışdır. Bakı şəhəri Qaradağ Rayon İcra Şöbəsinin icra məmuru X11 tərəfindən tərtib edilmiş xx.xx.2025-ci il tarixli MN ******* nömrəli protokoldan görünür ki, iddiaçı X5 cavabdeh "xxxx"ASC tərəfindən iş zaman baş vermiş bədbəxt hadisə nəticəsində aldığı xəsarətə görə ödənilməli olan ödənc yenidən hesablanaraq ona ödənilməlidir. Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(002)-488/2023 nömrəli icra sənədinə icra edilməsi üzrə borcluya dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq, icra məmurunun qanuni tələbini icra etməmişdir. Bununla da, o, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-1-ci nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. İş materialına əlavə edilmiş əmək müqaviləsi bildirişlərindən görünür ki, "xxxx" ASCdə əmək müqaviləsi üzrə hazırda daşkəsən maşın maşinisti vəzifəsində çalışan T.D.Nüsrətov, A.M.Yusubov, Ə.M.Rəhimov, G.C.Əliyev, K.B.Hüseynov, M.İ.Nəsirov və s. digər şəxslərin əmək haqqı məbləği vaxtamuzd olmaqla 100 manat təşkil edir. Məhkəmə hazırki iş üzrə tərəflərin izahatını dinləyərək hesab edir ki, borclunun əməlində inzibati xəta tərkibi olmadığından iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53.1.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 105.1-ci maddəsinə əsasən Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Həmin Məcəllənin 110.1-ci maddəsinə əsasən inzibati xəta haqqında işə onun törədildiyi yerdə baxılır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin vəsatətinə əsasən inzibati xəta haqqında işə onun yaşadığı yer üzrə baxıla bilər; Həmin Məcəllənin 114.2.1-ci maddəsinə əsasən Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilir. Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsinə əsasən icra sənədindəki tələbin üzrsüz səbəbdən icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra edilməməsinə və ya icra məmurunun məhkəmə və ya başqa dövlət orqanlarının qərarlarının icrası ilə əlaqədar digər qanuni tələblərinin yerinə yetirilməməsinə görə fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. Həmin maddənin qeyd hissəsinə əsasən bu Məcəllənin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmiş borclu müvafiq icra sənədini həmin inzibati xəta haqqında iş üzrə məhkəmə qərar qəbul edənədək icra etdikdə inzibati məsuliyyətdən azad olunur. Həmin Məcəllənin 528.1-1-ci maddəsinə əsasən bu Məcəllənin 528.1-ci maddəsində nəzərdə tutulmuş xətanın inzibati tənbeh almış şəxs tərəfindən inzibati tənbeh vermə haqqında qərarın qanuni qüvvəyə mindiyi gündən bir il ərzində eyni icra sənədinə münasibətdə təkrar törədilməsinə görə fiziki şəxslər min manatdan min beş yüz manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla iki ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər iki min beş yüz manatdan dörd min manatadək məbləğdə, hüquqi şəxslər beş min manatdan yeddi min manatadək məbləğdə cərimə edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin həmin Məcəllənin 9.2 və 35-ci maddələri baxımından şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 04 sentyabr 2018-ci il tarixli qərarında qeyd edilmişdir ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 9.2, 12 və 35-ci maddələrinin mənası baxımından, şəxs həmin Məcəllənin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməyə görə inzibati məsuliyyətə cəlb edildikdən sonra məhkəmə və digər orqanların qərarlarını icra etmədikdə (qərəzli olaraq icra etməmə istisna olmaqla), yenidən inzibati məsuliyyətə cəlb oluna bilər. İnzibati xəta haqqında protokolu, icra məmurunun, tələbkarın və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin izahatlarını, eləcədə inzibati materialda olan sənədləri nəzərə alıb iş üzrə sübutları qiymətləndirərək məhkəmə hesab edir ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın Şəxs tərəfindən törədilməsi məhkəmə iclasında öz təsdiqini tapmamışdır. Hazırda "xxxx" ASC-də əmək müqaviləsi əsasında daşkəsən maşinist vəzifəsinə görə əməkhaqqı 100 azn müəyyən edilmişdir. Buna görə də tələbkara aylıq ödənilməli olan məbləğ həmin əməkhaqqının 20 faizi miqdarında, yəni iyirmi manat təşkil edir. "Qaradağ ASC-nin mühasibatlığı tərəfindən araşdırma aparılmış və müəyyən olunmuşdur ki, həmin şəxsə ödənilməli olan ödəncin məbləği müəyyən edilərək icra şöbəsinə məlumat verilmişdir. Borclara görə müəssisənin fəaliyyəti dayandırıldığından məhkəmə qərarının icrasını təmin etmək məqsədi ilə həmin məbləğ iddiaçı Əbdülkərim Qədirova cari ilin iyul ayından başlayaraq hər ay hissə-hissə ödənilmişdir. Sözügedən icra sənədinin icrası ilə əlaqədar olaraq X3 hesabına xx.xx.2024-cü il tarixdə 120 manat, xx.xx.2024-cü il tarixdə 100 manat və xx.xx.2025-ci il tarixdə 200 manat, fevral ayı tarixində isə 160 manat pul köçürülmüşdür. Göründüyü kimi borclu icra sənədinin icrasından qəsdən yayınmamış və mövcud maliyyə çətinliklərinə baxmayaraq, mütəmadi olaraq ödənişlər edilmişdir. Bundan başqa məhkəmə iclasında borclunun yaranmış borcunu ödəməkdən qəsdən yayınmasına dair də heç bir hal müəyyən edilməmişdir. Bu səbəbdən məhkəmə borclunun üzərinə düşən borcunun ödənilməsindən qərəzli olaraq yayınması hallarının mövcud olduğunu hesab etmir. Məhkəmə hesab edir ki, borclu barəsində İXM-nin 528.1-1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş cərimə və ya inzibati həbs tənbeh tədbirinin tətbiq ediməsi yuxarıda göstərilənlərə əsasən məqsədə müvafiq deyildir, həmçinin həmin maddənin qeyd hissəsi nəzərə alınaraq borclu məsuliyyətdən azad edilməlidir. Məhkəmə qeyd edir ki, qeyd olunan hal özlüyündə, icra məmurunun qanuni tələblərinin, ümumilikdə isə müvafiq icra vərəqəsinin icra olunmamasına gətirib çıxarmış borclu tərəfindən həmin hərəkətlərin edilməməsinin obyektiv və subyektiv səbəblərini, eləcə də müvafiq icraat zamanı icra məmuru tərəfindən Azərbaycan Respublikasının qanunvericiliyinin tələblərinə əsasən lazımlı zəruri icra tədbirlərinin görülüb-görülməməsini araşdırmaqla, qarşılıqlı şəkildə tədqiq edilərək müəyyən edilməsini şərtləndirir. Belə ki, Azərbaycan Respublikası “İcra haqqında” Qanunun 8.2-ci maddəsinə icra məmuru icra sənədini aldığı vaxtdan üç gün müddətində icraata başlamaq haqqında qərar qəbul edir. Həmin qərarda icra məmuru icra sənədində göstərilmiş tələblərin borclu tərəfindən könüllü icrası üçün məhkəmənin qərarında digər icra müddəti müəyyən edilməmişdirsə, həmçinin bu maddənin üçüncü bəndində müəyyən edilmiş icra müddəti istisna olmaqla, icraata başlanıldığı vaxtdan ən çoxu on gün müddət təyin edir və bu barədə borcluya bildiriş verir. Bildirişdə həmin müddət başa çatdıqdan sonra göstərilən tələblərin məcburi qaydada icra ediləcəyi və bu Qanunla nəzərdə tutulmuş icra ödənişinin və icra hərəkətlərinin həyata keçirilməsi ilə bağlı xərclərin ondan tutulacağı göstərilir. Azərbaycan Respublikası “İcra haqqında” Qanunun 12-ci maddəsinə əsasən Qanunun 8.2-ci maddəsinin üçüncü bəndində nəzərdə tutulmuş hal istisna olmaqla, icra məmuru icra sənədini aldığı gündən iki ay müddətində bütün zəruri icra hərəkətlərini həyata keçirməlidir. Azərbaycan Respublikasının qanunvericiliyi ilə və ya icra sənədi ilə icrası dərhal nəzərdə tutulmuş tələblər təxirə salınmadan icra olunur. Odur ki, borclu Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-1ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməsinə dair inzibati xəta haqqında iş üzrə icraata əməlində inzibati xəta tərkibi olmadığından xitam verilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 48-51, 53, 114, 115, 128-130-cu maddələrini rəhbər tutaraq QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməsinə dair iş üzrə icraata barəsində inzibati icraat aparılan şəxsin əməlində inzibati xəta tərkibi olmadığından xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 129-cu maddəsində müəyyən edilmiş qaydada Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Şəfa Dadaşova
Məhkəmə qərarları › İş №3(002)-387/2025
Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qərar — İş №3(002)-387/2025
10.03.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver