Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 3(002)-389/2022 29.03.2022 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Mürsəlov Rufan Kamil oğlunun sədrliyi, Mustafayeva Sevda Bahaddin qızının katibliyi, Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi Bakı Regional Bölməsinin etibarnamə üzrə nümayəndəsi X3, Şəxs MMC-nin nümayəndəsi X1 iştirakları ilə, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 447.0.4-cü maddəsi ilə Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi Bakı Regional Bölməsi tərəfindən daxil olmuş inzibati xəta haqqında materiala məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi Bakı Regional Bölməsi tərəfindən Şəxs MMC-nin İnzibati Xətalar Məcəlləsinin 447.0.4-cü maddəsi ilə inzibati xəta törətməsinə dair material daxil olmuşdur. Daxil olmuş 10 mart 2022-ci il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokoldan görsənir ki, Şəxs MMC, İD **********, İD **********, İD ********** və İD ********** nömrəli müraciətlər əsasında ölkəyə idxal olunmuş ərzaqlıq kartof məhsul partiyasını qida təhlükəsizliyi sertifikatı almadan Bakı şəhəri, Qaradağ rayonu “Meyvəli” bazarında 22 fevral 2022-ci il tarixdə satmışdır. Məhkəmə iclasında iştirak edən Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi Bakı Regional Bölməsinin etibarnamə üzrə nümayəndəsi X6 öz izahatında tərtib olunmuş protokolu müdafiə edərək bildirmişdir ki, 22 fevral 2022-ci il tarixdə Şəxs MMC-yə məxsus İD ********** nömrəli, 23 dekabr 2021-ci il İD ********** nömrəli, 24 dekabr 2021-ci il tarixli İD ********** nömrəli və 27 dekabr 2021-ci il tarixli İD********** nömrəli müracitələri qanuna müvafiq olaraq sertifikatlaşdırılmadığı faktı və həmin müraciətlər üzrə Şəxs MMCyə məxsus anbara baxış keçirilən zaman dörd müraciət üzrə (hər müraciətdə 800 kisə ərzaqlıq kartof) 3200 kisə ərzaqlıq kartof məhsulu olmalı olduğu halda faktiki olaraq 1800 kisə ərzaqlıq kartof məhsulu aşkar edilmiş, 1400 kisə ərzalıq kartof məhsulunun isə sertifikatlaşdırılmamış satışı həyata keçirildiyi müəyyən edilmişdir. Bu haqda 04 mart 2022-ci il tarixli 23/İSN-2677 nömrəli bildiriş hüquqi şəxsin ünvanına göndərilmişdir. 10 mart 2022-ci il tarixldə Şəxs MMC, İD **********, İD **********, İD ********** və İD ********** nömrəli müraciətlər əsasında ölkəyə idxal olunmuş ərzaqlıq kartof məhsul partiyasını qida təhlükəsizliyi sertifikatı almadan Bakı şəhəri, Qaradağ rayonu “Meyvəli” bazarında 22 fevral 2022-ci il tarixdə satması ilə bağlı MN ******* nömrəli protokol tərtib olunmuşdur. Bütün bu halların nəzərə alınaraq Şəxs MMC barəsində inzibati tənbeh tədbirinin tətbiq olunmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati inzibati icraat aparılan hüquqi şəxs Şəxs MMC-nin nümayəndəsi X2 öz izahatında tərtib olunmuş protokolu qəbul etməyərək bildirmişdir ki, Şəxs (VÖEN: **********), Azərbaycan Respublikasında fəaliyyət göstərən və əsasən strateji qida və kənd təsərrüfatı məhsullarının idxalı və istehsalı ilə məşğul olan müəssisədir. Müəssisə, fəaliyyət göstərdiyi bütün dövrlər ərzində qida təhlükəsizliyini özünün priotitet vəzifəsi hesab etmiş və təsadüfi deyildir ki, indiyə qədər ölkəyə idxal olunan 175 maşın məhsulla bağlı heç bir zaman qida təhlükəsizliyinin pozulması və ya istehlakçıların hüquqlarının pozulması ilə əlaqədar olaraq inzibati cəzaya məruz qalmamışdır. Azərbaycan Respublikasının Qida Təhlükəsizlik Agentliyi Bakı Regional Bölməsi tərəfindən tərtib olunmuş akta və inzibati xəta haqqında işin aidiyyatı üzrə göndərilməsi barədə Qərardadla bağlı bildirmişdir ki, bu Akt və Qərardad tamamilə qanunsuzdur və Şəxs MMC tərəfindən heç bir inzibati xəta törədilməmişdir. Belə ki, qanunvericiliyə uyğun olaraq "RDC” MMC tərəfindən 20.12.2021-ci il, 23.12.2021-ci il, 24.12.2021-ci il, 27.12.2021-ci il tarixlərdə ölkəyə kartof məhsulları idxalı ilə əlaqədar olaraq Qida təhlükəsizlik sertifikatının əldə olunması üçün müraciətlər olunmuşdur. Həmin tarixlərdə Qida təhlükəsizlik sertifikatının əldə olunması üçün rüsum 20 Azərbaycan manatı təşkil etmişdir. 01 Yanvar 2022-ci il tarixdən etibarən, Azərbaycan Respublikasının Dövlət rüsumu haqqında qanunun 18.66-1-ci maddəsinə edilmiş dəyişikliyə əsasən, Qida təhlükəsizlik sertifikatının verilməsinə görə dövlət rüsumu 25 Azərbaycan manatı olaraq dəyişdirilmişdir. Azərbaycan Respublikasının Qida Təhlükəsizlik Agentliyi tərəfindən Şəxs MMC-yə göndərilmiş 01.02.2022-ci il tarixli və 03.02.2022-ci il tarixli ödəniş bildirişlərində müəssisədən hər bir idxala görə, 25 AZN ödəniş tələb olunmuşdur. Müəssisə tərəfindən 25 AZN bildirişin qanunvericiliyə uyğun olmadığı, qanunun tərəfin vəziyyətini pisləşdirdiyi halda geriyə tətbiq qüvvəsinin olmadığı dəfələrlə bildirilsə də, müvafiq düzəlişlər edilməmiş və məhsullara Qida təhlükəsizlik sertifikatının verilməsindən "Lisenziya və icazələr” haqqında Azərbaycan Respublikasının Qanununun 18-ci və 19-cu maddələri əsas gətirilərək imtina olunmuşdur. Həmin Qanunun 18.5-ci maddəsinə əsasən, dövlət rüsumu lisenziya və icazə verən orqanın verdiyi məlumat alındığı tarixdən 5 iş günü ərzində ərizəçi tərəfindən ödəniməli və ödənişi təsdiq edən sənəd lisenziya və icazəverən orqana təqdim edilməlidir. Təəssüflər olsun ki, Azərbaycan Respublikasının Qida Təhlükəsizlik Agentliyi “Lisenziya və icazələr” haqqında Azərbaycan Respublikasının qanununun qarşı tərəfin öhdəlikləri ilə bağlı hissələrinə istinad etsə də, qanunun öz öhdəlikləri ilə bağlı maddələri ilə bağlı heç bir fikir bildirməmişdir. Belə ki, eyni qanunun, 19.9-cu maddəsinə əsasən, Azərbaycan Respublikasının qanunlarında (“İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanunu istisna olmaqla) daha qısa müddət müəyyən edilməyibsə, icazə verən orqan təqdim olunmuş ərizəyə və ona əlavə edilmiş sənədlərə baxılmasının nəticəsi əsasında ərizənin qeydiyyata alındığı tarixdən 7 iş günündən gec olmayaraq icazəni verir və ya verilməsindən imtina haqqında inzibati akt qəbul edir. Müraciətlər 20-27 dekabr 2021-ci il tarixlərində olsa da, ödəniş bildirişləri (hansılar ki, qanunvericiliyə ziddi olaraq artırılmışdır) 01-03 fevral 2022-ci il tarixlərində göndərilmiş, sertifikatların verilməsindən imtina isə 15-17 Fevral 2022-ci il tarixlərində verilmişdir. Azərbaycan Respublikasının Qida Təhlükəsizlik Agentliyi tərəfindən qanunvericilik normaları dəfələrlə pozulmuşdur. Azərbaycan Respublikasının Qida Təhlükəsizlik Agentliyinin Şəxs MMC tərəfindən İnzibati Xətalar Məcəlləsinin 447.0.4-cü maddəsinin pozulması barədə iddiası isə tamamilə absurddur. Belə ki, həmin müddəaya əsasən, qanunvericiliyə əsasən məcburi sertifikatlaşdırılmalı olan, lakin sertifikatlaşdırılmamış malların istehsalına, satılmasına, işlərin yerinə yetirilməsinə, xidmətlərin göstərilməsinə görə fiziki şəxslər üç yüz əlli manatdan beş yüz manatadək məbləğdə, vəzifəli şəxslər min beş yüz manatdan iki min manatadək məbləğdə, hüquqi şəxslər dörd min manatdan altı min manatadək məbləğdə cərimə edilir. İş materiallarından da göründüyü kimi, Şəxs MMC tərəfindən malların satılması barədə heç bir sübut mövcud deyildir. AQTA-nın nümayəndəsi tərəfindən tərtib olunmuş akt tamamilə qanunsuzdur. Akta Şəxs MMC tərəfindən imza atmış şəxsin həmin aktı imzalamaq və müəssisədə mal qalığını müəyyən etmək səlahiyyəti yoxdur. Əlavə olaraq, həmin şəxs Şəxs MMC-də fəaliyyət göstərmir. Məsələ ilə bağlı ən əsas qeyd olunmalı məsələ isə, Şəxs MMC tərəfindən malların satılmamasıdır. Bildirmişdir ki, Şəxs MMC-nin bir anbar sahəsi mövcud deyildir və zaman-zaman bəzi məhsullar baxış üçün (satışdan əvvəl) digər anbara və ya başqa bir müəssisənin anbarına göndərilərək geri qaytarılır. Məhsulların müəyyən bir qisminin anbarda olmaması, məhsullarının satıldığının sübutu hesab olunmur və qanunvericilikdə məhsulları digər bir yerə daşımamaq barədə müəssisənin öhdəliyi mövcud deyildir. Əlavə olaraq, baxış keçirilən anbarın da həmin tarixdə Şəxs MMC-nin balansında olmadığı və anbarda daşınma prosedurlarının həyata keçirildiyini bildirmişdir. Bundan başqa AQTA tərəfindən sertifikatın verilməməsi səbəbindən məhsulun bir qismi yararsız hala düşərək xarab olmuş və tullanılmışdır. Odur ki, Şəxs MMC barəsində tərtib edilmiş inzibati xəta haqqında protokol əsassız hesab edilməklə inzibati iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə, tərəflərin izahatını və iş materiallarını araşdıraraq hesab edir ki, material natamam olduğundan geri qaytarılmalıdır. Belə ki, Şəxs MMC barəsində tərtib edilmiş 10 mart 2022-ci il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokol qanunvericiliyin tələblərinə uyğun tərtib edilməmişdir. Belə ki, protokol tərtib edilərkən guya ki, Şəxs MMC-nin nümayəndəsi X5 iştirak etdiyi və onun protokolu imzalamaqdan imtina etdiyi qeyd edilsə də X5 bu barədə hər hansı bir qeydi və ya imzası protokolda öz əksini tapmamışdır. Bundan başqa məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, iş materiallarına əlavə edilmiş və AQTA-nın Bakı Regional Bölməsi tərəfindən tərtib edilmiş 22 fevral 2022ci il tarixli akta Şəxs MMC-nin səlahiyyətli nüayəndəsi kimi X4 adlı şəxs imza etmişdir. Lakin həmin şəxsin Şəxs MMC-nin nümayəndəsi olmasına dair iş materiallarında heç bir sübut aşkar edilməmişdir. Bundan başqa AQTA-nın Bakı Regional Bölməsinin 22 fevral 2022-ci il tarixli aktında ərzalıq kartof məhsullarının bir qisminin satıldığı qeyd olunsa da bu halla bağlı məhkəməyə hər hansı bir sübut təqdim edilməmişdir. O cümlədən Şəxs MMC-nin nümayəndəsi X2 həmin məhsulların bir qisminin satılmadığını, onların bir hissəsinin hazırda yerində olduğunu, bir qisminin başqa anbarlarda saxlanıldığını, bir hissəsinin isə müddətin keçməsi ilə əlaqədar yararsız hala düşdüyündən tullanıldığını bildirmişdir. Bundan başqa məhkəmə arşadırması zamanı müəyyən edilmişdir ki, Şəxs MMC tərəfindən qeyd olunan kartof məhsullarının ölkəyə idxalı 2021-ci ilin dekabr ayının sonlarında həyata keçirilməklə, sertifikatların verilməsi məqsədilə 20-27 dekabr tarixlərdə AQTA-ya müraciətlər olunsa da hansısa naməlum səbəbdən AQTA tərəfindən uzun müddət keçdikdən sonra yəni, 01-03 fevral 2022-ci il tarixlərdə ödəniş bildirişləri göndərilmiş, sertifikatların verilməsindən imtina isə 15-17 fevral 2022-ci il tarixlərdə edilmişdir. Göründüyü kimi qanunvericilyin tələbləri pozulmuşdur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 100.1-ci maddəsinə əsasən bu Məcəllənin 54-cü maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, inzibati xətanın törədilməsi haqqında protokol tərtib edilir. İnzibati xəta haqqında protokolda aşağıdakılar göstərilir: 100.1.1. protokolun tərtib edildiyi tarix və yer; 100.1.2. protokolu tərtib etmiş şəxsin vəzifəsi, soyadı, adı, atasının adı; 100.1.3. barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs haqqında məlumat, o cümlədən vətəndaşın fərdi identifikasiya nömrəsi; 100.1.4. inzibati xətanın törədildiyi yer, vaxt və bu xətanın mahiyyəti; 100.1.5. inzibati xətaya görə məsuliyyət nəzərdə tutan bu Məcəllənin müvafiq maddəsi; 100.1.6. olduğu halda, şahidlərin və zərər çəkmiş şəxslərin adı, atasının adı, soyadı və onların yaşadığı yerin ünvanı; 100.1.7. barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsin və ya hüquqi şəxsin nümayəndəsinin izahatları; 100.1.8. inzibati xətanın aşkar edilməsində xüsusi texniki vasitələrdən istifadə olunmuşdursa, onların göstəriciləri, habelə istifadə olunmuş xüsusi texniki vasitənin tipi, markası, modeli, yerləşdiyi yer, ölçmə vasitəsinin son dəfə müqayisəli dövlət yoxlamasından keçdiyi vaxt (bunu təsdiq edən sənədin nömrəsi, tarixi) və növbəti yoxlamanın keçirilməli olduğu vaxt barədə məlumatlar; 100.1.9. inzibati xətanın törədilməsi nəticəsində şəxsin sağlamlığına yüngül zərər vurulmuşdursa və ya maddi zərər yetirilmişdirsə, bu hallar barədə qeydlər; 100.1.10. inzibati xəta haqqında iş üzrə icraat üçün zəruri olan digər məlumatlar. Həmin Məcəllənin 148-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlər üzrə icraatın vəzifələri şəxslərin hüquqlarını və azadlıqlarını, onların qanuni mənafelərini qorumaqdan, inzibati xəta haqqında hər bir işin hallarını vaxtında, hərtərəfli, tam və obyektiv surətdə aydınlaşdırmaqdan, inzibati xətat örətmiş şəxsi aşkar etməkdən və onu inzibati məsuliyyətə cəlb etməkdən, çıxarılmış qərarın icrasını təmin etməkdən, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəbləri və şəraiti aşkar etməkdən və inzibat xətaların qarşısını almaqdan ibarətdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. Həmin Məcəllənin 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Həmin Məcəllənin 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Həmin Məcəllənin 109.1.6-cı maddəsinə əsasən protokol və digər materiallar səlahiyyəti olmayan şəxslər tərəfindən tərtib edildikdə, protokol və digər sənədlər düzgün tərtib olunmadıqda, yaxud təqdim edilmiş materiallar natamam olduqda, işə baxılarkən tamamlamaq mümkün olmadıqda, inzibati xətalar haqqında protokolun və ya digər sənədlərin onu tərtib etmiş orqana, vəzifəli şəxsə geri qaytarılması barədə qərardad qəbul edilir. Həmin Məcəllənin 134.1.4-cü maddəsinə əsasən bu Məcəllənin 135.1.1 və 135.1.6cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında qərar qəbul edilir. Həmin Məcəllənin 135.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar aşağıdakılardır: 135.1.1 hakimin, səlahiyyətli orqanın (vəzifəl işəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmaması; 135.1.6. bu Məcəllə ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması. “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 129.1.3-cü maddəsinin şərh olunmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 04 noyabr 2020-ci il tarixli Qərarına əsasən inzibati xətalar qanunvericiliyinin ümumi və xüsusi normalarında məhkəmə qərardadlarından şikayət verilməsi nəzərdə tutulmamışdır. Beləliklə, məhkəmə hesab edir ki, işin halları hərtərəfli, tam və obyektiv araşdırılmadığından İnzibati Xətalar Məcəlləsinin tələbləri nəzərə alınmaqla iş materialları yenidən baxılması üçün müvafiq səlahiyyətli orqana geri qaytarılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 109, 128, 129, 133-137-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs MMC-nin İXM-nin 447.0.4-cü maddəsinə əsasən təqsirləndirilməsinə dair inzibati material natamam olduğundan, yenidən araşdırılıb baxılması üçün Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi Bakı Regional Bölməsinə geri qaytarılsın. Hakim Rufan Mürsəlov
Məhkəmə qərarları › İş №3(002)-389/2022
Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qərardad — İş №3(002)-389/2022
29.03.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver