Məhkəmə qərarları › İş №3(002)-389/2023

Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qərar — İş №3(002)-389/2023

07.03.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(002)-389/2023 07.03.2023 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Dadaşova Şəfa Əliövsət qızının sədrliyi, Abbasov Fərid Zirəddin oğlunun katibliyi, Bakı şəhəri Qaradağ Rayon İcra Şöbəsinin icra məmuru X1, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx.xx.1975-ci il tarixdə Qəbələ şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, işləməyən, ünvan 1 ünvanında qeydiyyatda olmaqla, ünvan 2 yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə tənbeh tədbirinin tətbiq edilməsinə dair Bakı şəhəri Qaradağ Rayon İcra şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Bakı şəhəri Qaradağ Rayon İcra Şöbəsindən daxil olmuş xx.xx.2023-cü il tarixli inzibati xəta haqqında protokolda göstərilmişdir ki, Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 25 avqust 2015-ci il tarixli, 2(002)-3291/2015 nömrəli icra sənədinə əsasən cavabdeh Şəxs borc aldığı 88830 manat, mənəvi ziyana görə 5000 manat və 37 manat ödənilmiş dövlət rüsumu, cəmi 93867 manat alınaraq iddiaçı X2 ödənilməlidir. Borcluya dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq, üzərinə düşən öhdəlikləri yerinə yetirmədiyindən hazırki tarixə ümumilikdə 93867 manat aliment borcu qalmışdır. Bununla da, o, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Məhkəmə iclasında Bakı şəhəri Qaradağ Rayon İcra şöbəsinin icra məmuru X3 tərtib etdiyi inzibati xəta haqqında protokolun dəlillərinə uyğun izahat vermiş və əlavə olaraq bildirmişdir ki, “İcra haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun olaraq icra sənədi üzrə icraata başlamaq haqqında qərar qəbul edilərək borcluya tələbin icrası üçün bildiriş göndərilmişdir. Bundan sonra, borclu Şəxs icra sənədinin icrası tələb olunmuşdur. Borclu, Şəxs Azərbaycan Respublikası adından qəbul edilmiş və icrası bütün şəxslər üçün məcburi olan məhkəmə qərarının icrasını tam təmin etməmiş, icra sənədinin icrasında qərəzli olaraq yayınmış, icra məmurunun qanuni tələblərini yerinə yetirməmişdir. Borclu şəxs Şəxs hazırkı tarixə 93867 manat borcu mövcuddur. Göstərilənlərə əsasən, borclu Şəxs barəsində qanuna uyğun tədbir görülməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatında bildirmişdir ki, Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 25 avqust 2015-ci il tarixli, 2(002)-3291/2015 nömrəli qətnaməsindən və icra sənədindən xəbəri yoxdur. Belə ki, qeydiyyatda olduğu ünvanda yaşamır, 06 mart 2008-ci il tarixdə ölkə xaricinə getmişdir. İcra məmuru tərəfindən icra tədbirlərinə dair tərtib edilərək göndərilmiş xəbərdarlıq və bildiriş məktublarından xəbərsizdir. Hazırda işsiz olduğundan və maddi imkansızlığı səbəbindən borcunu tam ödəyə bilmir. Borcunu ödəməkdən yayınmır, əksinə öhdəliyini tam icra etmək niyyətindədir. Məhkəmə iclasına gələrkən 2840 manat tələbkarın xeyrinə ödəniş etdiyini və göstərdiyi xüsusatları nəzərə alaraq, inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Bundan başqa, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəmə iclasında ona verilmiş suallara cavab olaraq bildirmişdir ki, xx.xx.2023-cü il tarixdə, saat 10:30-da icra şöbəsinə gətirilmiş, icra məmuru tərəfindən ona hüquq və vəzifələri izah edilmiş, barəsində tərtib olunmuş inzibati xəta haqqında protokolla və ona əlavə edilmiş materiallarla tanış olmuş, işgəncəyə, qeyri-insani və ya ləyaqəti alçaldan rəftara məruz qalmamış, ona heç bir fiziki təzyiq və zorakılıq göstərilməmişdir. Əlavə olaraq Şəxs məhkəməyə ərizə təqdim edərək bildirmişdir ki, hazırda məhkəmə iclasında hüquqlarının müdafiəçi tərəfindən müdafiə edilməsinə ehtiyacı yoxdur, bu, onun maddi vəziyyəti ilə əlaqədar deyildir. Heç bir əlillik dərəcəsi yoxdur. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 25 avqust 2015-ci il tarixli, 2(002)-3291/2015 nömrəli icra sənədinə əsasən cavabdeh Şəxs borc aldığı 88830 manat, mənəvi ziyana görə 5000 manat və 37 manat ödənilmiş dövlət rüsumu, cəmi 93867 manat alınaraq iddiaçı X2 ödənilməlidir. İcraata başlama haqqında qərarın surətindən görünür ki, xx.xx.2015-ci il tarixdən Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 25 avqust 2015-ci il tarixli, 2(002)-3291/2015 nömrəli icra sənədi üzrə icraat başlanılmış və icraata başlanması haqqında qərar icra olunması üçün müvafiq bildirişlə borclu Şəxs göndərilmişdir. Bakı şəhəri Qaradağ Rayon İcra Şöbəsinin icra məmuru X3 tərəfindən tərtib edilmiş xx.xx.2023-cü il tarixli protokoldan görünür ki, borclu barəsində olan Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 25 avqust 2015-ci il tarixli, 2(002)-3291/2015 nömrəli icra sənədindən xəbəri olmadığı üçün ödəniş etməmiş, nəticədə 93867 manat borcu yaranmışdır. İş materiallarında olan borclunun axtarılması haqqında 01 iyul 2016-cı il tarixli qərardan görünür ki, Şəxs barəsində axtarış elan edilmişdir. İş materiallarında olan Bakı şəhəri Qaradağ RPİ-nin məktubundan görünür ki, Şəxs barəsində xx.xx.2018-ci il tarixdə 30371 nömrəli axtarış işi açılmışdır. İş materiallarında olan Bakı şəhəri Qaradağ RPİ-nin 10-cu PB-nin 07 mart 2023-cü il tarixli məktubundan görünür ki, axtarışda olan xx.xx.1975-ci il təvəllüdlü Şəxs aidiyyəti üzrə icra şöbəsinə təqdim olunmuşdur. İş materiallarında olan xx.xx.2023-cü il tarixli poçt göndərişindən görünür ki, Şəxs tərəfindən Qaradağ Rayon İcra Şöbəsinin depozit hesabına 2840 manat ödəniş edilmişdir. Məhkəməyə təqdim edilmiş Şəxs ümumvətəndaş pasportunda mövcud olan ştampdan görünür ki, o, 02 oktyabr 2012-ci il tarixdə X4 daxil olmuş və Azərbaycan Respublikasına Qayıdış Şəhadətnaməsi ilə 06 mart 2023-cü il tarixdə ölkə ərazisinə qayıtmışdır. Beləliklə, məhkəməyə təqdim olunmuş iş materiallarından müəyyən edilmişdir ki, Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 25 avqust 2015-ci il tarixli, 2(002)-3291/2015 saylı icra sənədinə əsasən cavabdeh Şəxs borc aldığı 88830 manat, mənəvi ziyana görə 5000 manat və 37 manat ödənilmiş dövlət rüsumu, cəmi 93867 manat alınaraq iddiaçı X2 ödənilməlidir. Həmin icra sənədi əsasında 29 sentyabr 2015-ci il tarixdə Qaradağ Rayon İcra Şöbəsində icraata başlanmışdır. Qaradağ Rayon İcra və Probasiya Şöbəsində borcluya tələbin könüllü icrası barədə bildiriş göndərilmiş bundan başqa aparılmış icra tədbirləri zamanı ayrı-ayrı qurumlara verilmiş sorğulara əsasən borclunun hər hansı gəlirinin, mülkiyyətində hər hansı dəyərli əşyasının və ya əmlakının olmaması müəyyən edilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs verdiyi ifadəsi ilə müəyyən olunmuşdur ki, o, uzun müddətdir Azərbaycan Respublikasında yaşamadığından ümumiyyətlə həmin icra sənədi barədə məlumatlı deyil. Qeyd olunan borcu etiraf edərək qismən ödəniş etmişdir. Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsinə əsasən məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə - fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir; Təsvir olunanlardan görünür ki, məhkəmə araşdırması zamanı borclu Şəxs əməlində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xəta tərkibinin olması sübuta yetirilməmişdir. Belə ki, Azərbaycan Respublikasının İXM-nin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 8.1-ci maddəsinə əsasən, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. Həmin Məcəllənin 8.2-ci maddəsinə əsasən, inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Həmin Məcəllənin 8.3-cü maddəsinə əsasən, inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. İşin faktiki hallarına və qanunvericiliyin yuxarıda qeyd edilən müddəalarında əsasən müəyyən edilir ki, barəsində inzibati iş üzrə icraat aparılan şəxs Şəxs əməlində inzibati xəta tərkibi olmamışdır. Belə ki, inzibati xəta tərkibinin yaranması üçün zəruri olan 4 zəruri elementdən biri olan subyektiv cəhət yoxdur. Yəni, borcun ödənilməməsinə Şəxs psixi münasibəti qərəzli olmamışdır. İcra məmuru yalnız öz subyektiv mülahizələrinə əsasən Şəxs barəsində inzibati xəta haqqında protokol tərtib etmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53.1.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 105.1-ci maddəsinə əsasən Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Həmin Məcəllənin 110.1-ci maddəsinə əsasən inzibati xəta haqqında işə onun törədildiyi yerdə baxılır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin vəsatətinə əsasən inzibati xəta haqqında işə onun yaşadığı yer üzrə baxıla bilər. Həmin Məcəllənin 114.2.1-ci maddəsinə əsasən Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilir. Beləliklə, məhkəmə hesab edir ki, barəsində inzibati iş üzrə icraat aparılan şəxs Şəxs əməlində Azərbaycan Respublikasının İXM-nin 528.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanın tərkibi olmadığına görə, iş üzrə icraata xitam verilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 48-51, 53, 114, 115, 128-130-cu maddələrini rəhbər tutaraq QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməsinə dair iş üzrə icraata barəsində inzibati icraat aparılan şəxsin əməlində inzibati xəta tərkibi olmadığından xitam verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 129-cu maddəsində müəyyən edilmiş qaydada Bakı Apellyasiya Məhkəməsinə şikayəti verilə bilər. Sədrlik edən: Şəfa Dadaşova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar