Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(002)-389/2024 31.01.2024 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Mürsəlov Rufan Kamil oğlunun sədrliyi, Mustafayeva Sevda Bahaddin qızının katibliyi, Qaradağ RPİ-nin 10-cu PŞ-nın sahə rəisi, polis mayoru X1, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx xxxx 1978-ci ildə Bərdə rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, himayəsində bir yetkinlik yaşına çatmayan övladı olan, deməsinə görə əvvəllər məhkum olunmuş, ünvan 1 ünvanında qeydiyyatda olan Şəxs Azərbaycan Respublikası İXM-nin 510-cu və 535.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair inzibati materiala məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Qaradağ RPİ-nin 10-cu PŞ-dən Şəxs Azərbaycan Respublikası İXM-nin 535.1-ci və 510-cu maddələri ilə təqsirləndirilməsinə dair inzibati material daxil olmuşdur. İş materiallarında olan 31 yanvar 2024-cü il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokoldan və işdə olan sənədlərdən aydın olur ki, Şəxs 30 yanvar 2024-cü il tarixdə, saat 18:00 radələrində Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, 1-ci massiv ünvanında küçədə nalayiq söyüşlər söyərək polis işçilərinin ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən qanuni tələblərinə qəsdən tabe olmamış və xırda xuliqanlıq etmişdir. Məhkəmə iclasında iştirak edən Qaradağ RPİ-nin 10-cu PŞ-nin sahə rəisi, polis mayoru X2 protokolu müdafiə edərək bildirmişdir ki, Qaradağ RPİ-nin 10-cu PŞ-nın sahə inspektoru, polis kapitanı T.Səfərov və baş əməliyyat müvəkkili R.İmmaverdiyev 30 yanvar 2024-cü il tarixdə, axşam saatlarında xidmət ərazidə xidmət apararkən bir nəfər şəxsin küçədə nalayiq söyüşlər söydüyünü görmüşlər. Ona yaxınlaşıb, özlərini təqdim edib ona xəbərdarlıq etmələrinə baxmayaraq vətəndaş onlara məhəl qoymayaraq öz əməllərini dava etdirmiş, 10-cu PŞ-ya dəvət edildikdə isə polis şöbəsinə getməkdən imtina edərək polis işçilərinin ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən qanuni tələblərinə qəsdən tabe olmamışdır. Bundan əlavə o 25 yanvar 2024-cü il tarixdə, saat 20:30 radələrində DİN-in 102 xidmətinə zəng edərək DİN rəhbərinin və polis əməkdaşlarının ünvanına nalayiq ifadələr işlətmişdir. Buna görə də onun barəsində 31 yanvar 2024-ci il tarixdə MN ******* saylı inzibati protokol tərtib edilmişdir. Odur ki, Şəxs “həbs” növündə inzibati məsuliyyətə cəlb edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Şəxs öz izahatında inzibati pozuntuya yol verdiyini bildirərək göstərmişdir ki, alilə olmaqla himayəsində 14 yaşlı uşağı var. 25 yanvar 2024-cü il tarixdə, saat 20:30 radələrində içkili halda DİN-in 102 xidmətinə zəng edərək DİN rəhbərinin və polis əməkdaşlarının ünvanına nalayiq ifadələr işlətmişdir. Bundan başqa o 30 yanvar 2024-cü il tarixdə, axşam saatlarında Lökbatan qəsəbəsi, 1-ci massivdə sərxoş vəziyyətdə nalayiq ünvansız söyüşlər söyərkən polis əməkdaşları tərəfindən saxlanılmış, lakin polisin qanuni tələbinə qəsdən tabe olmadığına görə polis əməkdaşları tərəfindən 10cu PŞ-ya aparılmışdır. Hal-hazırda törətdiyi əməldən peşiman olduğunu, bir daha belə hallara yol verməyəcəyini bildirərək barəsində olan inzibati icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə, toplanmış inzibati materialı nəzərdən keçirərək və izahatları dinləyərək hesab edir ki, Şəxs törətdiyi inzibati xəta öz təsdiqni tapmışdır. Beləliklə, məhkəmə araşdırması zamanı müəyəyn edilmişdir ki, Şəxs həqiqətən də polisin ictimai qaydanı mühafizə vəzifələrini icra edərkən onların qanuni tələblərinə qəsdən tabe olmamış və ictimai qaydanı pozaraq xırda xuliqanlıq hərəkətləri törətmişdir. Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə fiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Həmin Məcəllənin İXM-nin 510-cu maddəsinə əsasən xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə əlli manatdan yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda, on beş günədək müddətə inzibati həbs tətbiq olunur. Həmin Məcəllənin 21-ci maddəsində göstərilir ki, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 34.3-cü maddəsinə əsasən şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Bu halda törədilmiş xətalardan hər hansı birinə görə nəzərdə tutulmuş əlavə tənbehlərdən biri əsas tənbehə əlavə edilə bilər. Beləliklə, məhkəmə Şəxs tərəfindən törədilmiş inzibati xətanın xarakterini və ictimai təhlükəlilik dərəcəsini nəzərə alaraq hesab edir ki, onun barəsində İXM-nin 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati “həbs” növündə tənbeh tədbirinin tətbiq edilməsi daha məqsədə müvafiqdir. Qeyd olunanları nəzərə alaraq və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 114, 115 və 128-130-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ:
1. Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib 15 (on beş) gün müddətinə inzibati qaydada həbs edilsin. 2.Həbs müddətinin əvvəli 31 yanvar 2024-cü il tarixdən saat 12:00-dan hesablansın. 3.Qərarın icrası Qaradağ rayon Polis İdarəsinə həvalə edilsin. 4.Qərardan, onun surətinin təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Qaradağ rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər.
Sədrlik edən: Rufan Mürsəlov