Məhkəmə qərarları › İş №3(002)-39/2024

Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qərar — İş №3(002)-39/2024

05.02.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(002)-39/2024 05.02.2024 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Mürsəlov Rufan Kamil oğlunun sədrliyi, Mustafayeva Sevda Bahaddin qızının katibliyi, Bakı şəhər Qaradağ rayon İcra Hakimiyyətinin etibarnamə üzrə nümayəndəsi X2, Şikayət vermiş şəxs X4 iştirakları ilə, X7 tərəfindən 30 noyabr 2023-cü il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərardan verilmiş şikayətə Qaradağ rayon Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: ünvan 1 ünvanında qeydiyyatda olan X7 ərizə ilə Qaradağ Rayon Məhkəməsinə müraciət edərək barəsində Qaradağ rayon İcra Başçısının birinci müavini X8 tərəfindən qəbul edilmiş 30 noyabr 2023-cü il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsini və əməlində inzibati xəta tərkibi olmadığından iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Şikayətdə göstərilmişdir ki, Qaradağ rayon İcra Başçısının birinci müavini X8 tərəfindən qəbul edilmiş 30 noyabr 2023-cü il tarixli MN ******* saylı qərarı ilə o, İXM-nin 395.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törətdiyimə görə 1000 manat məbləğində cərimə edilmişdir. Qəbul edilmiş qərarla razı deyil, aşağıdakı səbəblərə görə barəsində qəbul edilmiş qərar ləğv edilməli və üzrə icraata xitam verilməlidir. Barəsində tərtib edilmiş 30 noyabr 2023-cü il tarixli, MN ******* saylı qərarda qeyd edilmişdir ki, o qanunsuz tikinti aparmışdır. Bildirmişdir ki, həmin sahədə tikinti işləri onun tərəfimdən aparılmamış, tikinti aparılan torpaq sahəsi ona məxsus olmamış, həmin torpaq sahəsində aparılan tikintinin ona heç bir aiddiyyəti olmamışdır. Həmin vaxt o orada dayanarkən polis əməkdaşı gəlib ondan ad və soyadını soruşmuş və o da demişdir. Sonradan bilmişdir ki, ona cərimə yazmışlar. Onun həmin tikinti ilə heç bir əlaqəsi olmamış və tikinti işlərini o aparmamışdır. İnzibati araşdırma aparılarkən həmin torpaq sahəsinin kimə məxsus olması, həmin torpaq sahəsində kimin və hansı əsasla tikinti aparması aydınlaşdırılmalı idi. Lakin bunların heç biri olmadan yalnız onu adı və soyadını soruşmaqla protokolun yazılması və həmin tikilinin onun tərəfindən müəyyən edilməsi tam əsassızdır. Eyni zamanda Qaradağ rayon İcra hakimiyyəti ona məktub göndərmişdir ki, barəsində olan inzibati işə xx.xx.2023-cü il tarixdə baxılacaq və onu inzibati işə baxılması üçün icra hakimiyyətinə dəvət etmişlər. Lakin həmin məktubun göndərilmə tarixi xx.xx.2023-cü il qeyd edilsə də məktub ona 2023-cü ilin dekabr ayının əvvəllərində, yəni inzibati işə baxıldıqdan sonra çatmışdır. Məktub ona vaxtında çatmış olsaydı inzibati araşdırmada iştirak edə, yuxarıda qeyd etdiyim hallar bildirə bilərdi. Azərbaycan Respublikjası İXM-nin 395.1-ci maddəsinə əsasən müvafiq icra hakimiyyəti orqanının və ya müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurumun icazəsi alınmadan tikinti aparılarsa bu inzibati xəta yaradır. Lakin o həmin sahədə heç bir tikinti işləri aparmamış və barəsində tərtib edilmiş qərar tam əsassızdır. Tərtib edilmş qərardan onun məlumatım olmamış və qərar ona təqdim edilməmişdir. İşin halları tam, hərtərəfli və obyektiv araşdırılmadan inzibati xəta törətməkdə onun təqsiri sübuta yetirilməmişdir. Bu səbəbdən də barəsində tərtib edilmiş inzibati xəta haqqında protokol və həmin protokol əsasında tərtib edilmiş qərar əsassız olduğundan ləğv edilməlidir. Məhkəmə iclasında işitrak edən şikayət vermiş şəxs X7 şikayəti müdafiə edərək göstərmişdir ki, ötən ilin oktyabr ayının təqribən üçü-beşi arası səhər saatlarında Müşfiqabad qəsəbəsində yerləşən həyət evlərinin birinin yanında iş yoldaşını gözləyirmiş. Bu zaman iki nəfər polis serjantı xidməti avtomobildə ona yaxınlaşraq yanında durduğu tikintisi getməkdə olan evin kimə məxsus olduğunu soruşmuşlar. O bu haqda məlumatı olmadığını bildirmişdir. Polis əməkdaşları ondan ad və soyadını soruşub ona başqa heç nə demədən ordan uzalaşmışlar. Sonradan, yəni 26 dekabr 2023-cü il tarixdə Qaradağ rayon İcra şöbəsindən ona ünvanlanan məktubla 1000 manat cərimə olunduğunu öyrənmişdir. Halbuki onun hər hansı qanunsuz tikinti aparılmasına heç bir adiyyəti yoxdur. Bundan başqa ondan ad və soyadını soruşan polis əməkdaşları serjant olmaqla onların protokol qəbul etmək səlahiyyəti yoxdur. Həmçinin ona törətməsi ehtimal olunan inzibati xəta hadisəsi ilə bağlı protokol tərtib olunarkən heç bir məlumat verilməmiş, onun izahatı alınamamış və eləcə də onun yanında hər hansı bir protokol tərtib edilməmişdir. O öz izahatında daha sonra göstərmişdir ki, Qaradağ rayon İcra Hakimiyyətinin qeyd olunan inzibati xəta haqqında protokola baxılması ilə bağlı 24 noyabr 2023-cü il tarixli məktubu ona dekabr ayının əvvəllərində çatmışdır. Hansı ki, həmin məktubda qeyd olunan protokola baxlması 30 noyabr 2023-cü il tarixə təyin edilmişdir. Buna görə də artıq gec olduğu üçün İcra Hakimiyyətinə getməmiş və bu işlə maraqlanmamışdır. Bütün bu qeyd etdiklərinin nəzərə alınaraq Qaradağ rayon İcra Başçısının birinci müavini X8 tərəfindən qəbul edilmiş 30 noyabr 2023-cu tarixli MN ******* saylı qərarının ləğv edilməsini və əməlində inzibati xəta tərkibi olmadığından üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Bakı şəhər Qaradağ rayon İcra Hakimiyyətinin etibarnamə üzrə nümayəndəsi X3 öz izahatında verilmiş şikayəti qəbul etməyərək bildirmişdir ki, Bakı şəhər Qaradağ rayon Polis İdarəsindən vətəndaş X7 barəsində İXMnin 395.1-ci maddəsi ilə qəbul edilmiş protokol müvafiq qərar qəbul edilməsi üçün toplanmış material ilə birlikdə aidiyyatı üzrə Qaradağ rayon İcra Hakimiyyətinə göndərilmişdir. Bununla bağlı vətəndaş X6 5-13/2-1186/2023 saylı, 24 noyabr 2023-cü il tarixli məktub ünvanlanaraq həmin inzibati xəta haqqında işə 30 noyabr 2023-cü il tarixdə Qaradağ rayon İcra Hakimiyyətinin başçısının aparatında baxılacağı və onun baxılmada iştirak etmək üçün qeyd olunan vaxta rayon icra hakimiyyətinə gəlməsi bildirilmişdir. Lakin vətəndaş bununla bağlı Qaradağ rayon İcra Hakimiyyətinə yaxınlaşmadığından inzibati xəta haqqında işə onun iştirakı olmadan baxılmış və barəsində İXM-nin 395.1-ci maddəsinə əsasən 1000 manat məbləğində cərimə edilməsi haqqında qərar çıxarılmışdır. Hal-hazırda da tərtib edilmiş qərarı müdafiə edərək şikayətin təmin olunmamasını, Qaradağ rayon İcra Başçısının birinci müavini X8 tərəfindən qəbul edilmiş 30 noyabr 2023-cu tarixli MN ******* saylı qərarının qüvvədə saxlanılmasını xahiş etmişdir. Məhkəmə, şikayət vermiş şəxsin və nümayəndənin izahatlarını dinləyib və iş materiallarını araşdıraraq hesab edir ki, Qaradağ rayon İcra Başçısının birinci müavini X8 tərəfindən qəbul edilmiş 30 noyabr 2023-cü il tarixli MN ******* saylı inzibati tənbeh vermə haqqında qərar ləğv edilməli və inzibati xəta haqqında iş yenidən baxılması üçün onu qəbul etmiş orqana geri qaytarılmalıdır. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, qeyd olunan inzibati pozuntu ilə əlaqədar hərtərəfli, tam və obyektiv araşdırma aparılmamış, sonradan inzibati pozuntu ilə bağlı protokol və qərar qəbul edilərkən barəsində protokol tərtib edilmiş şəxsin iştirakı təmin edilməmiş və bununla bağlı hər hansı bir izahat alınmamışdır. Eləcə də iş materiallarında və məhkəmə baxışı zamanı qeyd olunan inzibati pozuntunun X7 tərəfindən törədilməsini təsdiq edə biləcək hər hansı bir sübut da aşkar edilməmişdir. İş materiallarına əlavə edilmiş 31 oktyabr 2023-cü il tarixli MN ******* saylı inzibati xəta haqqında protokolda İXM-nin 100-cü maddəsinin tələbləri pozulmaqla inzibati xəta törətmiş X1 törətdiyi inzibati pozunutunun nədən ibarət olması (o cümlədən inzibati xətanın törədildiyi yer, vaxt və bu xətanın mahiyyəti, xətanın aşkar edilməsi zamanı mütəxəssis rəyindən və xüsusi texniki vasitələrdən istifadə edilib-edilməməsi, protokol tərtib edilərkən şəxsin iştirak edib-etməməsi, onun hüquq və vəzifələrinin izah edilməsi və sair bir çox halları) müəyyən edilməmişdir. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 100.1.1-ci maddəsində protokolun tərtib edildiyi tarix və yer; 100.1.2. protokolu tərtib etmiş şəxsin vəzifəsi, soyadı, adı, atasının adı; 100.1.3. barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs haqqında məlumat; 100.1.4. inzibati xətanın törədildiyi yer, vaxt və bu xətanın mahiyyəti; 100.1.5. inzibati xətaya görə məsuliyyət nəzərdə tutan bu Məcəllənin müvafiq maddəsi; 100.1.6. olduğu halda, şahidlərin və zərər çəkmiş şəxslərin adı, atasının adı, soyadı və onların yaşadığı yerin ünvanı; 100.1.7. barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsin və ya hüquqi şəxsin nümayəndəsinin izahatları; 100.1.8. inzibati xətanın aşkar edilməsində xüsusi texniki vasitələrdən istifadə olunmuşdursa, onların göstəriciləri, habelə istifadə olunmuş xüsusi texniki vasitənin tipi, markası, modeli, yerləşdiyi yer, ölçmə vasitəsinin son dəfə müqayisəli dövlət yoxlamasından keçdiyi vaxt (bunu təsdiq edən sənədin nömrəsi, tarixi) və növbəti yoxlamanın keçirilməli olduğu vaxt barədə məlumatlar; 100.1.9. inzibati xətanın törədilməsi nəticəsində şəxsin sağlamlığına yüngül zərər vurulmuşdursa və ya maddi zərər yetirilmişdirsə, bu hallar barədə qeydlər; 100.1.10. inzibati xəta haqqında iş üzrə icraat üçün zəruri olan başqa məlumatlar göstərilməlidir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 148-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlər üzrə icraatın vəzifələri şəxslərin hüquqlarını və azadlıqlarını, onların qanuni mənafeləriniq orumaqdan, inzibati xəta haqqında hər bir işin hallarını vaxtında, hərtərəfli, tam və obyektiv surətdə aydınlaşdırmaqdan, inzibati xətat örətmiş şəxsi aşkar etməkdən və onu inzibati məsuliyyətə cəlb etməkdən, çıxarılmış qərarın icrasını təmin etməkdən, habelə inzibati xətanın törədilməsinə köməkedən səbəbləri və şəraiti aşkar etməkdən və inzibat xətaların qarşısını almaqdan ibarətdir. Məhkəmə yuxarıda qeyd olunan halları araşdıraraq belə nəticəyə gəlmişdir ki, X7 barəsində olan inzibati xəta haqqında protokol tərtib edilərkən mühüm əhəmiyyət kəsb edən bütün faktiki hallar araşdırılmamışdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. Həmin Məcəllənin 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Həmin Məcəllənin 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Həmin Məcəllənin 134.1.4-cü maddəsinə əsasən bu Məcəllənin 135.1.1 və 135.1.6cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında qərar qəbul edilir. Həmin Məcəllənin 135.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar aşağıdakılardır: 135.1.1 hakimin, səlahiyyətli orqanın (vəzifəl işəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmaması; 135.1.6. bu Məcəllə ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması. Beləliklə, məhkəmə hesab edir ki, şikayətçi X4 pozulmuş hüquqlarının təmin edilməsi məqsədi ilə 30 noyabr 2023-cü il tarixli MN ******* saylı inzibati tənbeh vermə haqqında qərar ləğv edilməli, işin halları hərtərəfli, tam və obyektiv araşdırılmadığından İnzibati Xətalar Məcəlləsinin tələbləri nəzərə alınmaqla iş materialları yenidən baxılması üçün müvafiq səlahiyyətli orqana geri qaytarılmalıdır. Yuxarıda göstərilənləri və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 128, 129, 133-137-ci maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şikayət qismən təmin edilsin. X4 barəsində qəbul olunmuş inzibati tənbeh vermə haqqında 30 noyabr 2023-cü il tarixli, MN ******* saylı qərar ləğv edilsin və inzibati xəta haqqında iş yenidən araşdırılıb baxılması üçün müvafiq səlahiyyətli orqana geri qaytarılsın. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Rufan Mürsəlov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar