Məhkəmə qərarları › İş №3(002)-390/2022

Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qərar — İş №3(002)-390/2022

14.09.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(002)-390/2022 14.09.2022 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Mürsəlov Rufan Kamil oğlunun sədrliyi, Mustafayeva Sevda Bahaddin qızının katibliyi, Qaradağ RPİ-nin DYPŞ-nın YNH inspektoru, polis leytenantı X3, Şikayət vermiş şəxs X2 iştirakları ilə, X2 Bakı şəhəri, Qaradağ RPİ-nin DYPŞ-nın YNH inspektoru, polis leytenantı X3, 23 fevral 2022-ci il tarixli TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan verdiyi şikayətə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Bakı şəhəri, Yasamal rayonu, H.ünvan 1 ünvanında yaşayan X4 şikayətlə Qaradağ rayon Məhkəməinə müraciət edərək Bakı şəhəri, Qaradağ RPİ-nin DYPŞ-nın YNH inspektoru, polis leytenantı X3, 23 fevral 2022-ci il tarixli TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilərək əməlində inzibati xəta tərkibi olmadığından iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. İşə mahiyyəti üzrə Qaradağ rayon Məhkəməsində baxılmış və Qaradağ rayon Məhkəməsinin 3(002)-390/2022 saylı, 28 iyun 2022-ci il tarixli qərarı ilə X2 Qaradağ rayon X8 Şöbəsi tərəfindən tərtib olunmuş 23 fevral 2022-ci il tarixli TP ******* saylı inzibati xəta haqqında qərarının ləğv edilməsi haqqında şikayət ərizəsi təmin edilməmişdir. Həmin qərardan narazı qalan X4 apellyasiya qaydasında şikayət vermiş, Bakı Apellyasiya Məhkəməsində həmin şikayətə mahiyyəti üzrə baxılaraq 3(103)-2071/2022 saylı, 26 avqust 2022-ci il tarixli qərarı ilə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs X4 tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilmiş, Bakı şəhər Qaradağ rayon Məhkəməsinin X4 barəsində olan 28 iyun 2022-ci il tarixli qərarı ləğv edilmiş, iş yenidən baxılması üçün Bakı şəhər Qaradağ rayon Məhkəməsinə göndərilmişdir. İş materiallarına əlavə edilmiş Qaradağ RPİ-nin DYPŞ-nın YNH inspektoru, polis leytenantı X5 tərəfindən tərtib edilmiş 23 fevral 2022-ci il tarixli İXP ******* saylı inzibati xəta haqqında protokoldan və 23 fevral 2022-ci il tarixli TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan aydın olur ki, X4 12 fevral 2022-ci il tarixdə, saat 21:47 radələrində Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, “Cənub Qapısı” yaşayış kompleksi ərazisində “Khazar LX” minik markalı ** ZL *** dövlət qeydiyyat nişanlı avtomaşını idarə edərkən əks istiqamətli hərəkət zolağına çıxmadan manevr etdiyinə görə Azərbaycan Respublikası İXM-nin 327.1-ci maddəsinin tələblərini pozaraq 40 manat məbləğində cərimə edilmişdir. Məhkəmə iclasında iştirak edən X4 öz izahatında şikayətini onunla əsaslandırmışdır ki, o, 12 fevral 2022-ci ildə idarə etdiyi ** ZL *** dövlət qeydiyyat nişanlı, “Xəzər LX" markalı nəqliyyat vasitəsilə Lökbatan dairəsi deyilən yerdən Lökbatan qəsəbəsi istiqamətində hərəkət edərkən Binə ticarət mərkəzi ilə üzbəüzdə yerləşən “Cənub qapıları” yaşayış kompleksinin həyətinə daxil olmuş, sonra kompleksin həyətindən Binə TM - Lökbatan yoluna çıxarkən həyətdaxili yolda yolayrıcına daxil olub yolda avtonəqliyyat vasitəsi olmadığına əmin olub, yolu keçərkən 15-16 metr eni olan yolu keçib qurtararkən sağdan “İnfiniti” markalı avtomobil onun avtomobilimə çırpılmışdır. Hadisə yerinə gələn yol patrul xidməti əməkdaşlarından biri heç avtomobildən düşməmiş, ikinci əməkdaş hər iki sürücünün sənədlərini alıb gedərkən şikayətçi onlara demişdir ki, hadisəni təfərrüatlarını aydınlaşdırsınlar, qeydiyyatlar etsinlər. Lakin DYP əməkdaşı “sən sağı gözləməliydin” deyib getmək istərkən şikayətçi ona araşdırma aparmalı olduqlarını bildirmişdir. Buna baxmayaraq onlar hadisə iştirakçılarının sənədlərini alıb heç bir qeydiyyat aparmadan getmişlər. Hadisədən bir gün sonra şikayətçi yaxın qohumumun xəstəliyi ilə əlaqədar olaraq Goranboy rayonuna getməli olmuş, bu səbəbdən o, 21 fevral 2022-ci il tarixdə Qaradağ rayon Pİ-nin DYP Şöbəsinə gəlmiş, YNH inspektoru R.Abbasovun yanında hadisə ilə bağlı izahat yazmış, göstərmişdir ki, yol nəqliyyat hadisəsinin törədilməsində təqsirli deyil və onlardan xahiş etmişdir ki, ədalətli və hərtərəfli araşdırma aparsınlar. O, öz izahatında göstərmiş və icraçılara bildirmişdir ki, “İnfiniti” markalı nəqliyyat vasitəsi işıq siqnalından istifadə etmirdi və sürət həddini aşmışdı, icraçılar isə bildirmişlər ki, sürət həddini müəyyən edən texniki vasitə olmamışdır. O bildirmişdir ki, infinitinin qabaq buferinin altında olan kronşteyn buferi yarıb keçərək onun idarə etdiyi Xəzər avtomobilinin qabaq qapısını kəsib keçərək dayağı əzmişdir. Bu isə həmin avtomobilin yüksək sürətlə gəldiyini təsdiq edir. İcraçı inspektor R.Abbasov onun avtomobilimin qapısına baxmış, lakin buna baxmayaraq sonda heç bir araşdırma aparılmadan qərar qəbul edildiyini görmüşdür. İcraçı hadisə yerinə baxış belə keçirmədən otaqda yol nəqliyyat hadisəsinin sxemini çəkmiş və qərar qəbul etmişdir. Sxem də düzgün çəkilməmişdir. Çünki, hadisə o, yolayrıcını keçib qurtaran anda baş vermişdir. 23 fevral 2022-ci il tarixdə telefonla R.Abbasovla əlaqə saxlamış və onun haqqında protokol tərtib edildiyini öyrənmişdir. Şikayətçi ona bildirmişdir ki, protokolu və qərarı rəsmi qaydada ona göndərsinlər. Lakin R.Abbasov bildirmişdir ki, “biz göndərmirik gəlin götürün”. O da 28 fevral 2022-ci il tarixdə gedib protokolu və qərarı DYP Şöbəsindən götürmüşdür. Bu zaman onun İXM-nin 327.1 -ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətdiyi və 40 manat cərimə olunması barədə protokol və qərar tərtib olunduğunu görmüşdür. Protokol ve qərarla tanış olduqda görmüşdür ki, inzibati xəta üzrə heç bir araşdırma aparılmamış, Azərbaycan Respublikasının yol polisi xidmətində formalaşmış “bədnam təcrübə” əsasında protokol və qərar tərtib edilmişdir. “Bədnam təcrübə" isə ondan ibarətdir ki, arxadan vurdunsa və yaxud sağdan vuruldunsa, təqsir səndədir. Bizim ölkədə yol patrul xidmətində belə bir təcrübə formalaşmışdır ki, bir nəqliyyat vasitəsi digər nəqliyyat vasitəsinə arxadan dəyib zərər vurmuşdursa, deməli arxadan gələn nəqliyyat vasitəsinin sürücüsü təqsirlidir. Lakin elə hal olur ki, bir nəqliyyat vasitəsi qabaqdakı nəqliyyat vasitəsini ötüb keçir, dərhal keçdiyi nəqliyyat vasitəsinin önünə keçir və tormozlama həyata keçirir. Bu zaman arxada qalan nəqliyyat vasitəsi ara məsafəsini saxlamağa macal tapmır və onu ötən avtomobili arxadan vurur. Burada hərtərəfli araşdırma aparılsa təqsirin ötmə əməliyyatını düzgün həyata keçirməyən nəqliyyat vasitəsində olduğu aşkar olar. Eyni vəziyyət nizamlanmayan yol ayrıclarında nəqliyyat vasitələrinin toqquşması zamanı olur. Burada belə bir təcrübə formalaşmışdır ki, nizamlanmayan bərabərhüquqlu yol ayrıcında toqquşma olursa sağdan gələni gözləməyən nəqliyyat vasitəsinin sürücüsü təqsirli bilinir. Lakin burada da hərtərəfli araşdırma aparılsa təqsirin sağdan gələn nəqliyyat vasitəsinin sürücüsündə olması aşkar olar. Onun iştirakı ilə 12 fevral 2022-ci ildə törədilmiş yol nəqliyyat hadisəsi də belə baş vermişdir. Belə ki, hadisə günün qaranlıq vaxtında, həyət ərazisində baş vermişdir. Qanunvericiliyin tələbinə görə həyət ərazilərində sürət həddi 20 km/saatdan artıq ola bilməz, günün qaranlıq vaxtında sürücü işıq siqnalından istifadə etməlidir. Qanunun tələbinə görə sürücü sağdan yaxınlaşan nəqliyyat vasitəsinə yol verməlidir. Qanunun mənasından görünür ki, yaxınlıqda olan nəqliyyat vasitələri nəzərdə tutulur. Əgər sağdan gələn nəqliyyat vasitəsi 20 kın/saat sürətlə gəlməli olduğu halda, 50-60 km/saat sürətlə gəlirsə, onu yaxınlaşan hesab etmək olarımı? Bütün bu suallar araşdırılmalı olduğu halda heç bir araşdırma aparılmadan protokol tərtib olunmuş və qərar qəbul edilmişdir. O, izahatında bildirmişdir ki, sağdan gələn nəqliyyat vasitəsi işıq siqnalindan istifadə etməli olduğu halda istifadə etməmişdi. Qanunvericiliyin tələbinə görə sutkanın qaranlıq vaxtı işıq siqnalından istifadə etmək hər bir sürücünün vəzifəsidir. Sutkanın qaranlıq vaxtı gün batandan gün çıxana qədər olan dövrdür. 12 fevral 2022-ci il tarixdə gün çıxmış, saat 07-38-də, batmışdı 18-11-də. Hadisə 21-30 radələrində, yəni sutkanın qaranlıq vaxtı baş vermişdir. Qanunvericiliyin tələbinə görə bütün yol hərəkət iştirakçıları yol hərəkəti qaydalarına riayət etməlidirlər. Deməli, sağdan gələn nəqliyyat vasitələri də qaydalara əməl etməli, yol nəqliyyat hadisələrinin qarşısının alınması üçün bütün tədbirləri görməlidirlər. 12 fevral 2022-ci il tarixdə baş vermiş hadisə zamanı sağdan gələn "İnfiniti” markalı avtomobil qaydalara əməl etməmiş, hadisənin qarşısını almaq məqsədilə heç bir tədbir görməmişdi, baxmayaraq hadisənin qarşısını almaq bütün tərəkət iştirakçılarının vəzifəsidir. Buna baxmayaraq işin icraçısı, Qaradağ RPİ DYP Şöbəsinin YNH inspektoru R.Abbasov heç bir araşdırma aparmadan, inzibati xətanın törədilməsində onun təqsirliliyini sübut etmədən protokol tərtib edib qərar qəbul etmişdir. Bu isə nəticədə qanunsuz və əsassız qərar qəbul edilməsinə gətirib çıxarmışdır. Protokol tərtib olunarkən İXM-nin 100.1.7., 100.2.,-100.4.-cü tələblərinə riayət edilməmişdir. Protokolda onun İXM-nin 327.1-ci maddəsində nəzərdə tutulmiş inzibati xətanı törətdiyi göstərilmiş lakin xətanın hansı hərəkət və ya hərəkətsizlik nəticəsində törədildiyi, əməlin təfərrüatları göstərilməmişdir. Protokolda onun izahatım alınmamış, protokol ona elan edilməmiş, onun hüquq və vəzifələri izah edilməmiş, protokol onun tərəfindən imzalanmamış və imzalamaqdan imtina etməyi barədə qeyd edilməmişdir. Odur ki, bütün bu qeyd etdiklərinin nəzərə alınaraq barəsində tərtib edilmiş 23 fevral 2022-ci il tarixli İXP ******* saylı inzibati xəta haqqında protokolun və 23 fevral 2022-ci il tarixli TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsini və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. O öz izahatında daha sonra göstərmişdir ki, qeyd olunan şikayəti ilə əlaqədar əvvəlki araşdırma aparılan zaman iş üzrə məhkəmə-avtotexniki ekspertizanın keçirilməsi barədə vəsatət vermiş, həmin vəsatət əsasında Qaradağ rayon Məhkəməsinin 29 mart 2022-ci il tarixli qərardadı ilə ekspertiza təyin edilmiş, ekpert əlavə məlumatların təqdim edilməsi barədə Qaradağ rayon Məhkəməsinə 21 aprel 2022-ci il tarixdə ekspert vəsatəti ilə müraciət etsə də hansısa ona məlum olmayan səbəbdən ekspertin vəsatəti təmin edilməmiş və buna görə də ekspert tərəfindən məhkəmə ekspertizasının aparılmasından imtina edilmişdir. Hansı ki, qanunvericiliyin tələblərinə görə ekspertin vəsatəti qaradağ RPİ-nin DYPŞ-na təqdim olunmalı və Qaradağ RPİ-nin DYPŞ-dan ekspert vəsatətində göstərilən sənədlər əldə edilərək ekspertə təqim edilməli idi. Lakin bu baş vermədiyindən iş üzrə yekunda obyektiv qərar qəbul edilməsi mümkün olmamışdır. Məhkəmə iclasında iştirak edən Qaradağ RPİ-nin DYPŞ-nın YNH inspektoru, polis leytenantı X5 öz izahatında verilmiş şikayətlə razılaşmayaraq bildirmişdir ki, yol nəqliyyat hadisəsi baş verən yer yaşayış sahəsi deyil, yaşayış massivinin kənarıdır. Buna görə də həmin ərazidə oranın yaşayış massivi olmasını bildirən yol nişanı yoxdur. Həmçinin ** ZL *** dövlət qeydiyyat nişanlı, “Xəzər LX" markalı nəqliyyat vasitəsilə toqquşan “İnfiniti” markalı avtomobilin həmin maşına çırpılarkən olan sürətini müəyyən etmək mümkün deyil, çünki yol nəqliyyat hadisəsi baş verdikdən sonra bu hadisədə zərər görən avtomobillərin hadisədən qabaqkı sürətini müəyyən edən cihaz mövcud deyildir. Hadisə baş verərkən “İnfiniti” markalı avtomobil hadisəni törətmiş şəxsin idarə etdiyi avtomobilin sağında hərəkətdə olmuşdur, buna görə də X4 ondan sağda hərəkətdə olan nəqliyyat vasitəsinə yol verməli idi. Bu qanunvericiliyin tələbidir, belə ki, Yol hərəkəti haqqında qanunun 42-ci maddəsinin 10-cu bəndinin tələbinə əsasən nəqliyyat vasitələrinin hərəkət trayektoriyaları kəsişdikdə, keçmənin növbəliliyi isə qaydalarda göstərilmədikdə, sağ tərəfdən hərəkət edən nəqliyyat vasitəsinə üstünlük verilir. O, öz izahatında daha sonra göstrəmişdir ki, hadisə axşam saatlarında yəni, iş vaxtından kənar vaxtda baş veridyi üçün tərəflərin iştirakı ilə hadisə yeri müayinə edilməmiş və tərəflərin izahatına əsasən polisin inzibati binasında hadisə yerinin sxemi tərtib edilmişdir. Bundan başqa inzibati işə bundan əvvəl Qaradağ rayon Məhkəməsində birinci dəfə baxılarkən ekspertin vəsatəti ilə şifahi qaydada tanış olmuşdur. Lakin ekspert vəsatətində göstərilən sənədlərin ekspertə təqdim edilməsi mümkün deyildir. Çünki yol nəqliyyat hadisəsi baş verdiyi yer yaşayış sahəsi olmamaqla, orda nə hər hansı bir yol nişanı və ya kamera olmamışdır. Bütün bu qeyd etdiklərinin nəzərə alınaraq X2 şikayətinin təmin edilməməsini xahiş etmişdir. Məhkəmə, şikayəti, iş materiallarını və tərəflərin izahatını dinləyərək hesab edir ki, Bakı şəhəri, Qaradağ RPİ-nin DYPŞ-nın YNH inspektoru, polis leytenantı X3 23 fevral 2022-ci il tarixli TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarı ləğv edilərək yenidən araşdırılması üçün Qaradağ RPİ-nin DYPŞ-na geri qaytarılmalıdır. Belə ki, Bakı Apellyasiya Məhkəməsinin 3(103)-2071/2022 saylı, 26 avqust 2022-ci il tarixli qərarında da göstərilmişdir ki: ”29 mart 2022-ci ildə barəsində inzibati iş üzrə icraat aparılan X2 vəsatəti ilə birinci instansiya məhkəməsi tərəfindən ekspertiza təyin olunmuş və işin materialları ekspertizanın keçirilməsi üçün Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinə göndərilmişdir. 21 aprel 2022-ci ildə Bak şəhəri Qaradağ rayon Məhkəməsinə ekspertin vəsatəti daxil olmuş, vəsatətdə toqquşmanın baş verdiyi yerinin hərəkət hissəsinin kənarlarına nəzərən kordinatları, hadisə baş verdiyi yerdə kəsişən yolların küçə, yola bitişik ərazi, dalan və sair olması, yolayrıcında hansı yol nişanların olması, hadisə baş verən ərazidə icazə verilən maksimum hərəkət sürəti, nəqliyyat vasitələrinin hərəkət sürətləri və yüklülüyü, hərəkət traektoriyası, hərəkət üçün təhlükənin yaranma anı və həmin andan toqquşma yerinə kimi nəqliyyat vasitələrin qət etdiyi məsafə barədə məlumatların təqdim edilməsi xahiş edilsə də, həmin vəsatətin daxil olduqdan sonra hakim tərəfindən vəsatətdə qeyd olunan məlumatların əldə olunması məqsədi ilə hər hansı bir yazışma aparılmamış və müvafiq orqana sorğu verilməmişdir.” Məhkəmə araşdırması zamanı Qaradağ RPİ-nin DYPŞ-nın YNH inspektoru, polis leytenantı X5 ekspert vəstətində göstərilən sənədlərin obyektiv səbəbdən təqdim edilə bilməyəcəyini qeyd etdiyindən məhkəmə hesab edir ki, hazırki vəziyyətdə ekspertizanın təyin edilməsi məqsədə müvafiq deyildir. Buna görə də məhkəmə hesab edir ki, baş vermiş yol nəqliyyat hadisəsi ilə əlaqədar Qaradağ RPİ-nin DYPŞ-da yenidən inzibati araşdırma aparılmalı, o cümlədən tərəflərin iştirakı ilə hadisə yeri yenidən müayinə edilməli, hadisə yerinin sxemi tərtib edilməli, nəqliyyat vasitələrinə baxış keçirilməli, tərəflərin və müəyyən edilərsə şahidlərin ətraflı izahatları alınmalı, toqquşmuş avtomaşınların foto və video görüntüləri çəkilməli və zərurət yaranarsa tərəflərin iştirakı ilə və yerində baxış keçirilməklə ekspertizanın həyata keçirilməsi təmin edilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 76.1-ci maddəsində göstərilir ki, inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində, habelə digər dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Bundan başqa iş materiallarına əlavə edilmiş 23 fevral 2022-ci il tarixli TP ******* saylı inzibati xəta haqqında protokola İXM-nin 100-cü və 101-ci maddəsinin tələbləri pozulmaqla inzibati xəta törətmiş fiziki şəxs X1 törətdiyi inzibati pozunutunun nədən ibarət olması (o cümlədən inzibati xətanın törədildiyi yer, vaxt və bu xətanın mahiyyəti, xətanın aşkar edilməsi zamanı mütəxəssis rəyindən və xüsusi texniki vasitələrdən istifadə edilibedilməməsi, protokol tərtib edilərkən şəxsin iştirak edib-etməməsi, onun hüquq və vəzifələrinin izah edilməsi və sair bir çox halları) müəyyən edilməmişdir. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 100.1.1-ci maddəsində protokolun tərtib edildiyi tarix və yer; 100.1.2. protokolu tərtib etmiş şəxsin vəzifəsi, soyadı, adı, atasının adı; 100.1.3. barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs haqqında məlumat; 100.1.4. inzibati xətanın törədildiyi yer, vaxt və bu xətanın mahiyyəti; 100.1.5. inzibati xətaya görə məsuliyyət nəzərdə tutan bu Məcəllənin müvafiq maddəsi; 100.1.6. olduğu halda, şahidlərin və zərər çəkmiş şəxslərin adı, atasının adı, soyadı və onların yaşadığı yerin ünvanı; 100.1.7. barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsin və ya hüquqi şəxsin nümayəndəsinin izahatları; 100.1.8. inzibati xətanın aşkar edilməsində xüsusi texniki vasitələrdən istifadə olunmuşdursa, onların göstəriciləri, habelə istifadə olunmuş xüsusi texniki vasitənin tipi, markası, modeli, yerləşdiyi yer, ölçmə vasitəsinin son dəfə müqayisəli dövlət yoxlamasından keçdiyi vaxt (bunu təsdiq edən sənədin nömrəsi, tarixi) və növbəti yoxlamanın keçirilməli olduğu vaxt barədə məlumatlar; 100.1.9. inzibati xətanın törədilməsi nəticəsində şəxsin sağlamlığına yüngül zərər vurulmuşdursa və ya maddi zərər yetirilmişdirsə, bu hallar barədə qeydlər; 100.1.10. inzibati xəta haqqında iş üzrə icraat üçün zəruri olan başqa məlumatlar göstərilməlidir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 148-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlər üzrə icraatın vəzifələri şəxslərin hüquqlarını və azadlıqlarını, onların qanuni mənafelərini qorumaqdan, inzibati xəta haqqında hər bir işin hallarını vaxtında, hərtərəfli, tam və obyektiv surətdə aydınlaşdırmaqdan, inzibati xətat örətmiş şəxsi aşkar etməkdən və onu inzibati məsuliyyətə cəlb etməkdən, çıxarılmış qərarın icrasını təmin etməkdən, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəbləri və şəraiti aşkar etməkdən və inzibat xətaların qarşısını almaqdan ibarətdir. Məhkəmə yuxarıda qeyd olunan halları araşdıraraq belə nəticəyə gəlmişdir ki, X4 barəsində olan inzibati xəta haqqında protokol tərtib edilərkən mühüm əhəmiyyət kəsb edən bütün faktiki hallar araşdırılmamışdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. Həmin Məcəllənin 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Həmin Məcəllənin 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Həmin Məcəllənin 109.1.6-cı maddəsinə əsasən protokol və digər materiallar səlahiyyəti olmayan şəxslər tərəfindən tərtib edildikdə, protokol və digər sənədlər düzgün tərtib olunmadıqda, yaxud təqdim edilmiş materiallar natamam olduqda, işə baxılarkən tamamlamaq mümkün olmadıqda, inzibati xətalar haqqında protokolun və ya digər sənədlərin onu tərtib etmiş orqana, vəzifəli şəxsə geri qaytarılması barədə qərardad qəbul edilir. Həmin Məcəllənin 134.1.4-cü maddəsinə əsasən bu Məcəllənin 135.1.1 və 135.1.6cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında qərar qəbul edilir. Həmin Məcəllənin 135.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar aşağıdakılardır: 135.1.1 hakimin, səlahiyyətli orqanın (vəzifəl işəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmaması; 135.1.6. bu Məcəllə ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 109, 128, 129, 133-137-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: X2 barəsində qəbul edilmiş 23 fevral 2022-ci il tarixli TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar ləğv edilsin və inzibati iş yenidən araşdırılıb baxılması üçün Bakı şəhəri Qaradağ RPİ-nin DYPŞ-na geri qaytarılsın. Hakim: Rufan Mürsəlov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar