Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(002)-392/2024 27.02.2024 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Mürsəlov Rufan Kamil oğlunun sədrliyi, Abbasov Fərid Zirəddin oğlunun katibliyi, Şikayət vermiş şəxs X1 iştirakı ilə, Azərbaycan Respublikası DİN-in BDYPİ-nin Mərkəzi Məlumat Xidmətinin rəisi, polis polkovnik-leytenantı X3 tərəfindən qəbul edilmiş 26 yanvar 2024-cü il tarixli, EQ 19152786 saylı inzibati tənbeh vermə haqqında qərardan X2 tərəfindən verilmiş şikayətə Qaradağ rayon Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: ünvan 1 ünvanında yaşayan X2 ərizə ilə Qaradağ Rayon Məhkəməsinə müraciət edərək barəsində Azərbaycan Respublikası DİN-in BDYPİ tərəfindən tərtib edilmiş 26 yanvar 2024-cü il tarixli, EQ 19152786 saylı inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsini xahiş etmişdir. Şikayətdə göstərilmişdir ki, 26 yanvar 2024-cü il tarixdə idarə etdiyi “Toyota Camry minik” markalı, ** PF *** dövlət qeydiyyat nişanlı maşında qayda pozuntusuna yol verməmişdir. Lakin EQ 19152786 nömrəli qərara əsasən İnzibati Xətalar Məcəlləsinin 327.4-cü maddəsinə əsasən 1.1, 1.3 və 1.11 üfüqi nişanlanma xətlərinin tələblərini pozmaqla nəqliyyat vasitəsini tam olaraq əks istiqamətli nəqliyyat axınının hərəkət zolağına keçirərək nəqliyyat axınına əks istiqamətdə hərəkət etməyə görə inzibati tənbeh vermə haqqında qərar qəbul edilmişdir. Qərara əlavə edilmiş fotoşəkildən də görsənir ki, həmin ərazidə heç bir yol nişanlanması yoxdur. Qeyd etdiklərinin nəzərə alınıb barəsində əsassız qəbul edilmiş qərarın ləğv edilməsini xahiş etmişdir. Məhkəmə iclasında işitrak edən şikayət vermiş şəxs X2 öz izahatında verdiyi şikayəti müdafiə edərək göstərmişdir ki, barəsində qərar qəbul olunarkən həmin ərazidə heç bir yol nişanlanma xətti olmamışdır. Yalnız onun BDYPİ-yə məktub ünvanlamasından sonra yol nişanı ora, yəni Qaradağ rayonu, “Meyvəli” bazarının çıxışı dairəsinə çəkilmişdir. Odur ki, təqsirli olmadığına görə barəsində qəbul edilmiş 26 yanvar 2024-cü il tarixli, EQ 19152786 saylı inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsini və əməlində inzibati xəta tərkibi olmadığından iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə Azərbaycan Respublikası DİN-in Baş Dövlət Yol Polisi İdarəsinə rəsmi qaydada təkrarən məlumat verilməsinə baxmayaraq qeyd olunan təşkilatdan nümayəndə məhkəmə iclasında iştirak etməmiş, bunun səbələri barədə də məhkəməyə heç bir məlumat verilməmiş və iş üzrə materiallar məhkəməyə təqdim edilməmişdir. Məhkəmə işə tərəfin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, şikayət vermiş şəxsin izahatını dinləyib və iş materiallarını araşdıraraq hesab edir ki, Azərbaycan Respublikası DİN-in BDYPİ-nin polis polkovnik-leytenantı X3 tərəfindən 26 yanvar 2024-cü il tarixli, EQ 19152786 saylı inzibati tənbeh vermə haqqında qərar ləğv edilməli və inzibati xəta haqqında iş yenidən baxılması üçün onu qəbul etmiş orqana geri qaytarılmalıdır. Şikayətə əlavə edilmiş 26 yanvar 2024-cü il tarixli, EQ 19152786 saylı inzibati inzibati tənbeh vermə haqqında qərardan aydın olur ki, X2 26 yanvar 2024-cü il tarixdə, saat 17:26-da Bakı şəhəri, Qaradağ rayonu, “Meyvəli” bazarının çıxışı dairəsi ünvanında “Toyota Camry minik” markalı, ** PF *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edərkən 1.1, 1.3 və 1.11 üfüqi nişanlanma xətlərinin tələblərini pozmaqla nəqliyyat vasitəsini tam olaraq əks istiqamətli nəqliyyat axınının hərəkət zolağına keçirərək nəqliyyat axınına əks istiqamətdə hərəkət etməyə görə İXM-nin 327.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmiş və elektron qaydada 150 manat məbləğində cərimə edilmişdir. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, qeyd olunan inzibati pozuntu ilə əlaqədar hərtərəfli, tam və obyektiv araşdırma aparılmamışdır. İş materiallarına əlavə edilmiş fotoşəkillərdən də göründüyü kimi şəxsin yuxarıda qeyd olunan inzibati xətanı törətməsini müəyyən etmək mümkün deyildir. Bundan başqa məhkəmə tərəfindən edilmiş sorğulara baxmayaraq törədilməsi ehtimal olunan inzibati xəta hadisəsinin video görüntüsü məhkəməyə təqdim edilməmişdir. Məhkəmə yuxarıda qeyd olunan halları araşdıraraq belə nəticəyə gəlmişdir ki, X2 barəsində olan inzibati tənbeh vermə haqqında qərar tərtib edilərkən mühüm əhəmiyyət kəsb edən bütün faktiki hallar araşdırılmamışdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. Həmin Məcəllənin 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Həmin Məcəllənin 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Həmin Məcəllənin 134.1.4-cü maddəsinə əsasən bu Məcəllənin 135.1.1 və 135.1.6cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında qərar qəbul edilir. Həmin Məcəllənin 135.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar aşağıdakılardır: 135.1.1 hakimin, səlahiyyətli orqanın (vəzifəl işəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmaması; 135.1.6. bu Məcəllə ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması. Beləliklə, məhkəmə hesab edir ki, şikayətçi X1 pozulmuş hüquqlarının təmin edilməsi məqsədi ilə Azərbaycan Respublikası DİN-in BDYPİ-nin Mərkəzi Məlumat Xidmətinin rəisi, polis polkovnik-leytenantı X3 tərəfindən qəbul edilmiş 26 yanvar 2024-cü il tarixli, EQ 19152786 saylı inzibati tənbeh vermə haqqında qərar ləğv edilməli, işin halları hərtərəfli, tam və obyektiv araşdırılmadığından İnzibati Xətalar Məcəlləsinin tələbləri nəzərə alınmaqla iş materialları yenidən baxılması üçün müvafiq səlahiyyətli orqana geri qaytarılmalıdır. Yuxarıda göstərilənləri və Azərbaycan Respublikasının İXM-nin 128, 129, 133-137 ci maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şikayət qismən təmin edilsin. X1 Azərbaycan Respublikası İXM-nin 327.4-cü maddəsi ilə tənbeh edilməsinə dair 26 yanvar 2024-cü il tarixli, EQ 19152786 saylı qərar ləğv edilsin və inzibati xəta haqqında iş yenidən araşdırılıb baxılması üçün müvafiq səlahiyyətli orqana geri qaytarılsın. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Rufan Mürsəlov
Məhkəmə qərarları › İş №3(002)-392/2024
Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qərar — İş №3(002)-392/2024
27.02.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver