Məhkəmə qərarları › İş №3(002)-4/2021

Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qərar — İş №3(002)-4/2021

16.05.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(002)-4/2021 16.05.2021 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Mürsəlov Rufan Kamil oğlunun sədrliyi, Mirzəliyev Amil Rəfayıl oğlunun katibliyi ilə, Şəxs MMC barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 211.2-ci maddəsi ilə daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: Qaradağ Rayon Məhkəməsinə, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri X1 üzrə Baş İdarəsi tərəfindən Şəxs MMC barəsində İXM-nin 211.2-ci maddəsi ilə inzibati material daxil olmuşdur. Daxil olmuş inzibati protokoldan aydın olur ki, 31 oktyabr 2020-ci il tarixdə saat 14:57 radələrində Bakı şəhəri, Qaradağ rayonu, “Qobu Park 3” yaşayış massivində yerləşən “Yurd” marketdə Nazirlər Kabinetinin müvafiq qərarlarının tələblərinin pozulması, yəni tibbi maskadan istifadə edilməməsi faktı aşkar olunmuşdur. Qeyd edilənlərə əsasən Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri X1 üzrə Baş İdarəsi tərəfindən Şəxs MMC barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 211.2-ci maddəsi ilə 31 oktyabr 2020-ci il tarixli MN ******* saylı inzibati xəta haqqında protokol tərtib edilmişdir. Qaradağ rayon Məhkəməsinin 03 mart 2021-ci il tarixli qərarı ilə Şəxs MMC İXM-nin 211.2-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinərək 600(altı yüz) manat cərimə edilmişdir. Qaradağ rayon Məhkəməsinin 03 mart 2021-ci il tarixli qərarından inzibati tənbeh almış şəxs Şəxs MMC-nin direktoru Zokhrab Aliev apellyasiya qaydasında şikayət verərək, qərarın ləğv edilməsini və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Bakı Apellyasiya Məhkəməsinin 14 aprel 2021-ci il tarixli qərarı ilə apellyasiya şikayəti qismən təmin edilmiş, Qaradağ rayon Məhkəməsinin 03 mart 2021-ci il tarixli qərarı ləğv edilmiş və inzibati xətaya dair iş yenidən baxılması üçün Qaradağ rayon Məhkəməsinə qaytarılmışdır. İnzibati xəta haqqında tərəflərə işə baxılmasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, tərəflər nümayəndələrinin iştirakını təmin etməmiş və iştirak etməməsinin səbəbləri barədə də məhkəməyə heç bir məlumat verməmişlər. Məhkəmə İXM-nin 112.1.4-cü maddəsinə əsasən işə nümayəndələrin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdırıb hesab edir ki, , inzibati məsuliyyətə cəlb etmə müddəti keçdiyinə görə "Şəxs” MMC barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 211.2-ci maddəsi ilə inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, iş materiallarından aydın olur ki, yuxarıda qeyd olunan inzibati xəta hadisəsi 31 oktyabr 2020-ci il tarixdə baş vermiş və həmin işə mahiyyəti üzrə Qaradağ rayon Məhkəməsində baxılaraq 03 mart 2021-ci il tarixdə qərar qəbul edilmişdir. Göründüyü kimi inzibati xəta hadisəsi törədildikdən 04 (dörd) ay 03 (üç) gün sonra qərar qəbul edilmişdir. Azərbaycan Respublikasının İXM-nin 38.1-ci maddəsinə əsasən inzibati tənbeh inzibati xətanın törədildiyi gündən ən geci üç ay keçənədək verilə bilər. Yol hərəkəti qaydaları, gömrük qaydaları, ətraf mühitin qorunması qaydaları, xarici dövlətlərin qeyrihökumət təşkilatlarının filial və ya nümayəndəliklərinin fəaliyyət göstərməsi qaydaları, qrant müqavilələrinin (qərarlarının) qeydə alınması qaydaları, eləcə də maliyyə, vergilərin və rüsumların ödənilməsi qaydaları əleyhinə olan inzibati xətalara görə, habelə hüquqi şəxslərin dövlət reyestri üçün zəruri məlumatların verilməməsinə, hüquqi şəxslərin dövlət qeydiyyatı zamanı yanlış məlumatların verilməsinə, qeyri-hökumət təşkilatları haqqında, həmçinin dərman vasitələri haqqında və cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında qanunvericiliyin, habelə əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasında olması və yaşaması qaydalarının pozulmasına, xırda talamaya görə inzibati tənbeh inzibati xətanın törədildiyi gündən ən geci bir il keçənədək verilə bilər. Həmin Məcəllənin 53.0.6-ci maddəsinə əsasən, inzibati xəta haqqında işə baxılan vaxt bu Məcəllənin 38-ci maddəsində nəzərdə tutulmuş müddətlər başa çatdıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 114.2.1-ci maddəsinə əsasən, bu Məcəllənin 53-cü maddələrində nəzərdə tutulmuş hallar olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, Şəxs MMC Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 211.2-ci maddəsi ilə təqsirli bilinməli və həmin Məcəllənin 38.1-ci maddəsinə əsasən onun barəsində başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Beləliklə, yuxarıda qeyd olunanları nəzərə alaraq və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 38, 43, 53, 114-115, 128-129 və 211.2-ci maddələrini rəhbər tutaraq, qərara aldı: Şəxs MMC, İXM-nin 211.2-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməsində təqsirli bilinsin və inzibati məsuliyyətə cəlb etmə müddəti keçdiyindən barəsində inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərardan, onun surətinin rəsmi qaydada təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Rufan Mürsəlov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar