Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(002)-403/2021 10.03.2021 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Həsənov İslam Telman oğlunun sədrliyi, Mustafayeva Zeynəb Əbülfət qızının katibliyi ilə, İnzibati xəta haqqında protokol tərtib etmiş şəxs Bakı şəhəri Qaradağ rayon Polis İdarəsinin 10-cu Polis Bölməsinin polis sahə rəisi, polis mayoru X1, şikayət vermiş şəxs X3 iştirakları ilə, 18.11.1991-ci il tarixdə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayan, X3 Bakı şəhəri Qaradağ rayon Polis İdarəsinin 10-cu Polis Bölməsinin 29 yanvar 2021-ci il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokolu əsasında qəbul edilmiş 29 yanvar 2021-ci il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarından şikayətinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: 05 fevral 2021-ci il tarixdə X5 şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək Bakı şəhəri Qaradağ rayon Polis İdarəsinin 10-cu Polis Bölməsinin 29 yanvar 2021-ci il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokolu əsasında qəbul edilmiş 29 yanvar 2021-ci il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsini məhkəmədən xahiş etmişdir. Bakı şəhəri Binəqədi rayon Məhkəməsinin 05 fevral 2021-ci il tarixli, 3(001)- 1026/2021 nömrəli qərardadına əsasən X3 Bakı şəhəri Qaradağ rayon Polis İdarəsinin 10cu Polis Bölməsi tərəfindən qəbul edilmiş 9 yanvar 2021-ci il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərardan verdiyi şikayət iş materialları ilə birlikdə baxılması üçün aidiyyətı üzrə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinə göndərilmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, 29.01-2021-ci il tarixində səhər saatlarında Qaradağ rayonu Qobu qəsəbəsi ərazisində yerləşən iş yerinə gedərkən tanımadığı polis əməkdaşı ona yaxınlaşaraq ad, soyadını, ata adını və harada işlədiyini ondan soruşmuşdur. O isə öz növbəsində onun polis formasında olduğunu görüb polis əməkdaşını cavablandırmışdır. Həmin gün axşam ASAN PAY proqramı vasitəsilə on Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 211.2-ci maddəsinə əsasən 100 (yüz) manat məbləğində cərimə olunmağı barədə SMS məlumatı gəlmişdir. SMS məlumatı ona gəldikdən sonra araşdırılması üçün Qaradağ rayon 10-cu Polis bölməsinə getmiş, həmin inzibati cərimənin kim tərəfindən, hansı əsasla yazıldığını və bununla bağlı ona hər hansı protokol nə də qərar verilmədiyini bölmədə bildirmişdir. Polis bölməsinin növbətçi hissəsindən ona bildirmişlər ki, həmin inzibati protokol Qobu Park yaşayış kompleksi ərazisində sahə inspektoru vəzifəsində çalışan X2 tərəfindən tərtib olunmuş, protokolu və qərarı onun özündən götürməli olduğunu bildirərək həmin şəxsin mobil nömrəsini ona vermişlər. Qaradağ Rayon 10-cu Polis bölməsindən həmin sahə inspektorunun mobil nömrəsini aldıqdan sonra 04 fevral 2021-ci il tarixində onunla görüşüb həmin qərarı və protokolu ondan götürmüşdür. Ölkə ərazisindən məlum pandemiya səbəbilə əlaqədar tətbiq olunmuş karantin qaydalarına daim riayət etmişdir. Belə ki, özünə məxsus olan nəqliyyat vasitəsindən enməzdən əvvəl tibbi maskanı taxaraq açıq havaya çıxıb hərəkətdə olmuşdur. Sözü gedən tarixdə də tibbi maskadan istifadə etmişdir, lakin ona məlum olmayan səbəblərdən əsassız yerə barəsində inzibati qaydada cərimə tətbiq olunmuşdur. Göstərilənlərə əsasən, onun barəsində olan 29 yanvar 2021-ci il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsini məhkəmədən xahiş edilmişdir. Məhkəmə iclasında X5 şikayət ərizəsinin məzmununa uyğun izahat verib, əlavə olaraq bildirmişdir ki, inzibati tənbeh olunmasına dair qəbul edilmiş qərar əsassız olmaqla həm də qanunsuzdur. Çünki barəsində aparılmış inzibati xəta haqqında icraat üzrə ona məlumat verilmədən, inzibati xəta haqqında protokol tərtib edilərək, həmin protokol əsasında cərimə edilməsinə dair qərar qəbul olunmuşdur. Həmin sənədlərdən sms məlumat vasitəsi ilə xəbəri olmuşdır. Bundan sonra Daxili İşlər Nazirliyinin 102 xidmətinə müraciət etmiş və ona bildirmişlər ki, protokol Bakı şəhər Qaradağ rayon Polis İdarəsinin 10-cu Polis Bölməsi tərəfindən tərtib edilib, bu səbəbdən də həmin bölməyə yaxınlaşsın. Barəsində olan sənədlərin əsillərini Qaradağ RPİ-nə bir neçə dəfə müraciət etdikdən sonra 04 fevral 2021-ci il tarixdə almışdır. Həmin sənədləri aldıqdan sonra yaşayış yeri üzrə Binəqədi Rayon Məhkəməsinə müraciət etmiş, sonradan bilmişdir ki, şikayəti aidiyyəti üzrə baxılması üçün Bakı şəhəri, Qaradağ Rayon məhkəməsinə göndərilib. O, “Kristal Abşeron” MMT-da mühasib vəzifəsində işləyir. Hər gün işə gedib gələndə hər zaman tibi maskadan istifadə etmişdir. Həmin gün də yəni, 29 yanvar 2021-ci il tarixdə, saat 10:10 radələrində Qaradağ rayonu, Qobu Park yaşayış kompleksinə işə gələrkən avtomobilində tək olduğu üçün tibbi maskadan istifadə etməmiş, lakin avtomobildən düşərkən tibbi maskanı burun və ağız nahiyyəsinə taxmış, lakin buna baxmayaraq barəsində əsassız olaraq ona heç bir məlumat verilmədən barəsində İXM-nin 211.2-ci maddəsi ilə qərar qəbul olunmuşdur. Hesab edir ki, barəsində qəbul olunmuş qərar qanunsuz və əsassızdır. Ona görə də, məhkəmədən inzibati tənbeh edilməsinə dair Bakı şəhəri Qaradağ rayon Polis İdarəsi tərəfindən qəbul olunmuş 29 yanvar 2021-ci il tarixli, MN ******* saylı ihaqqında qərarın ləğv edilməsini xahiş edir. Məhkəmə iclasında protokol tərtib etmiş şəxs Bakı şəhəri Qaradağ rayon Polis İdarəsinin 10-cu Polis Bölməsinin polis sahə rəisi, polis mayoru X2 izahatında bildirmişdir ki, 29 yanvar 2021-ci il tarixdə saat 10:10 radələrində Qaradağ rayonu Qobu Park yaşayış kompleksində xidmətdə olan zaman bir nəfər şəxsin idarə etdiyi maşından düşüb tibbi maskadan istifadə etməyərək karantin rejim qaydalarını pozduğunu müəyyən etmiş və bu səbəbdən də sonuncuya yaxınlaşaraq özünü təqdim edib etməsini bildirmiş həmin şəxsdə özünü təqdim edərək X5 olduğunu bildirmişdir. Bundan sonra Emin Həsənova hüquq vəzifələrini izah etmiş İXM-nin 211.2-ci maddəsi ilə müvafiq protokol tərtib etmiş, lakin o, izahat verməkdən və protokolu imzalamaqdan imtina etmişdir. Hesab edir ki, X3 şikayət ərizəsi əsassızdır ona görə də məhkəmədən şikayətin təmin edilməməsini xahiş edir. Məhkəmə, şikayət vermiş şəxsin və protokol tərtib etmiş şəxsin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, Bakı şəhər Qaradağ rayon Polis İdarəsinin 10cu Polis Bölməsi tərəfindən qəbul edilmiş 29 yanvar 2021-ci il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar ləğv edilməli və inzibati xəta haqqında iş yenidən baxılması üçün onu qəbul etmiş orqana qaytarılmalıdır. Belə ki, məhkəmədə tədqiq edilmiş və işdə olan 29 yanvar 2021-ci il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan görünür ki, X5 Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 211.2-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 211.2-ci maddəsinə əsasən epidemiya əleyhinə rejim, sanitariya-gigiyena və karantin rejimləri dövründə fərdi qoruyucu vasitələrdən istifadə ilə bağlı müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən tələblərin pozulmasına, habelə vəzifəli şəxslər və hüquqi şəxslər tərəfindən həmin tələblərin pozulmasının qarşısının alınmamasına görə fiziki şəxslər yüz manat məbləğində, vəzifəli şəxslər üç yüz manat məbləğində, hüquqi şəxslər altı yüz manat məbləğində cərimə edilir. Məhkəmə iclasında müəyyən edilmişdir ki, X5 29 yanvar 2021-ci il tarixdə saat 10:10 radələrində Qaradağ rayonu Qobu Park yaşayış kompleksində avtomobildən düşərkən tibbi maska taxmaması səbəbi ilə polis əməkdaşı ona yaxınlaşaraq ad, soyadını, ata adını və harada işlədiyini ondan soruşmuş, o da öz növbəsində polis əməkdaşını cavablandırmış, lakin bir müddət sonra barəsində tənbeh tədbiri tətbiq edilməsinə dair məlumat almışdır. Sözügedən tənbeh qərarı ilə yanaşı barəsində aparılmış inzibati xəta haqqında iş üzrə icraata dair heç bir məlumatı olmamışdır. Bununla yanaşı, avtomobili tək idarə edərkən qoruyucu maskadan istifadə etməmiş olsa da, avtomobildən düşərkən maskadan istifadə etməsini həm şikayətdə göstərmiş, həm də məhkəmə iclasında verdiyi izahatında bildirmişdir. Belə olan vəziyyətdə X3 əməlində sözügedən inzibati xətanın tərkib əlamətlərinin olması az inandırıcıdır. Bununla yanaşı qeyd edilməlidir ki, X5 tərəfindən qeyd edilən inzibati xətanın törədilməsinə dair iş üzrə mötəbər sübutlar məhkəmə baxışı zamanı səlahiyyətli orqanın vəzifəli şəxsi polis mayoru X2 tərəfindən məhkəməyə təqdim edilməmişdir. Halbuki, qanunvericiliyin tələblərinə əsasən inzibati xətanın baş verməsini, eləcə də şəxsin təqsirliliyini sübuta yetirmək səlahiyyətli orqanın üzərinə düşür və inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Belə olan halda məhkəmə hesab edir ki, X5 barəsində qəbul edilmiş 29 yanvar 2021ci il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar bütün sübutlara istinad edilmədən və qiymət verilmədən qəbul edilmiş, həmçinin Emin Həsənovun həmin qərarla İnzibati Xətalar Məcəlləsinin 211.2-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi tam araşdırılmamış və qərar qəbul edilərkən səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki hallar araşdırılmamış və inzibati xəta haqqında qanunvericiliyin tələbləri inzibati xəta haqqında işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulmuşdur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 134.1.4-cü maddəsinə əsasən bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında qərar qəbul edilir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 135.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar aşağıdakılardır: 135.1.1. hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmaması; 135.1.6. bu Məcəllə ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması. Beləliklə məhkəmə, şikayətçi X3 hüquqlarının tam təmin edilməsi məqsədi ilə hesab edir ki, Bakı şəhər Qaradağ rayon Polis İdarəsinin 10-cu Polis Bölməsi tərəfindən qəbul edilmiş 29 yanvar 2021-ci il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar ləğv edilməli, iş üzrə inzibati xətalar qanunvericiliyi ilə nəzərdə tutulmuş proseduralara tam əməl edilməklə və işin bütün faktiki halları araşdırılmaqla yenidən baxılması üçün müvafiq səlahiyyətli orqana geri göndərilməlidir. Yuxarıda göstərilənləri və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 128, 129, 133-137-ci maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: X3 inzibati tənbeh olunmasına dair Bakı şəhər Qaradağ rayon Polis İdarəsinin 10-cu Polis Bölməsi tərəfindən qəbul edilmiş 29 yanvar 2021-ci il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar ləğv edilsin. İnzibati xəta haqqında işə yenidən baxılması üçün qərar Bakı şəhər Qaradağ rayon Polis İdarəsinin 10-cu Polis Bölməsinə göndərilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 129-cu maddəsində müəyyən edilmiş qaydada Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər Hakim: İslam Həsənov
Məhkəmə qərarları › İş №3(002)-403/2021
Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qərar — İş №3(002)-403/2021
10.03.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver