Məhkəmə qərarları › İş №3(002)-403/2023

Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qərar — İş №3(002)-403/2023

10.03.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(002)-403/2023 10.03.2023 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Dadaşova Şəfa Əliövsət qızının sədrliyi, Abbasov Fərid Zirəddin oğlunun katibliyi, İnzibati xəta haqqında protokol tərtib etmiş şəxs Bakı şəhəri Qaradağ Rayon Polis İdarəsinin 10-cu PB-nin sahə rəisi, polis kapitanı X1, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx.xx.1987-ci ildə Füzuli rayonunda doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, fərdi əməklə məşğul olan, FİN xxxxxxx, Füzuli rayonu, Qaraxanbəyli kəndində qeydiyyatda olmaqla, Abşeron rayonu, Pirəkəşkül qəsəbəsi, yeni yaşayış massivi, nömrəsiz evdə yaşayan Şəxs Azərbaycan Respublikasının İXM-in 535.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsinə dair Bakı şəhər Qaradağ Rayon Polis İdarəsinin 10-cu Polis Bölməsindən daxil olmuş inzibati xəta haqqında iş materiallarına açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: Bakı şəhəri Qaradağ Rayon Polis İdarəsinin 10-cu Polis Bölməsindən daxil olmuş xx.xx.2023-cü il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokolda göstərilmişdir ki, Şəxs xx.xx.2023-cü il tarixdə, saat 01:00 radələrində Qaradağ rayonu, Lökbatan qəsəbəsində yerləşən Qaradağ RPİ-nin 10-cu PB-nin inzibati binasında polis əməkdaşlarının qanuni tələbərinə tabe olmamış, bununla da Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. İnzibati xəta haqqında protokolu tərtib etmiş Bakı şəhəri Qaradağ Rayon Polis İdarəsinin 10-cu PB-nin sahə rəisi, polis kapitanı X3 inzibati xəta haqqında protokolu müdafiə edərək, Şəxs barəsində qanuni tədbirlər tətbiq edilməsini məhkəmədən xahiş etmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs məhkəmə iclasında özünü təqsirli bilərək verdiyi izahatında göstərmişdir ki, xx.xx.2023-cü il tarixdə Müşfiqabad qəsəbəsində əvvəlcədən tanıdığı Ramil adlı şəxsin uşağının ad gününə dəvət olunmuş və orada iştirak etmişdir. Oradan çıxıb yaşadığı evə getmişdir. Sonra Ramilə zəng vuraraq Elbrusun bıçaqla vurulduğunu bildirmişdir. Daha sonra o, hadisə yerinə getmiş, həqiqətən Elbrusun bıçaqla vurulduğunu görmüş, polis əməkdaşları ona yaxınlaşaraq tədbirdə iştirak edən şəxsləri polis bölməsinə dəvət etmişlər. Həmin vaxt içkili olmuş, bölmədə səs-küy salmışdır. Hazırda əməlindən peşmançılıq çəkdiyini nəzərə alaraq, barəsində həbslə bağlı olmayan qərar qəbul olunmasını xahiş etmişdir. Həmçinin bildirmişdir ki, xx.xx.2023-cü il tarixdə, saat 01:30-da polis əməkdaşları tərəfindən Polis Bölməsində olarkən hüquq və vəzifələri ona izah edilmiş, müdafiəçinin pulsuz hüquqi yardımından istifadə etmək hüququ izah edilsə də, bundan özü imtina etmiş, barəsində tərtib olunmuş inzibati xəta haqqında protokolla və ona əlavə edilmiş materiallarla tanış olmaqdan imtina etmiş, işgəncəyə, qeyri-insani və ya ləyaqəti alçaldan rəftara məruz qalmamış, ona heç bir fiziki təzyiq və zorakılıq göstərilməmiş, tutulduğu və harada saxlanıldığı barədə ailə üzvlərinə məlumat verilmişdir. Məhkəmə müdafiəçinin hüquqi yardımından istifadəsindən imtinaya səbəb onunmaddi vəziyyəti ilə bağlı deyildir, əlilliyi olmayan şəxsdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X2 izahatında bildirmişdir ki, hadisə zamanı o və tanışı Şəxs içkili olmuşlar. Bölmədə olarkən səs-küy yaratdıqları üçün polis əməkdaşları ilə aralarında sözlə mübahisə yaranmışdır. İş materiallarında olan Qaradağ Rayon Polis İdarəsinin 10-cu polis bölməsinin rəisi polis polkovnik-leytenantı Ramil Salayevə ünvanlanmış 10 mart 2023-cü il tarixli raportdan görünür ki, 10 mart 2023-cü il tarixdə saat 00:30 radələrində Qaradağ rayonu Müşfiqabad qəsəbəsində baş vermiş ölüm hadisəsi ilə əlaqədar Qaradağ RPİ-nin 10-cu PB-in əməkdaşlarının hadisənin şahidi qismində dəvət edilən Şəxs və X2 polis bölməsinin inzibati binasına daxil olduğu andan özlərini qeyri-etik apardıqları üçün onlara irad bildirilmişdir. Baş vermiş ölüm hadisəsi ilə bağlı hadisəni törətməkdə şübhəli bilinən şəxsi polis bölməsinin əməkdaşları gətirən zaman yuxarıda adları çəkilən şəxslər həmin şəxsin üzərinə hücum çəkərək vurmaq istəyən zaman həmin şəxsləri nizam-intizama dəvət etmələrinə, polis bölməsinin iş fəaliyyətini pozmaması barədə izahat verilməsinə baxmayaraq, həmin şəxslər öz qanunsuz əməllərinə dəvam edərək polis əməkdaşlarına qarşı tabesizlik etmişlər. Yuxarıda göstərilənləri nəzərə alaraq Növbətçi Hissəni və ümumilikdə polis bölməsinin iş rejimini pozaraq, həmçinin polis əməkdaşlarına tabesizlik göstərən vətəndaşlar barəsində tədbir görülməsinə göstəriş verilməsi xahiş edilmişdir. İş materiallarında olan “X5 haqqında“ protokoldan görünür ki, Şəxs 10 mart 2023-cü il tarixdə saat 01:30-da inzibati qaydada tutulmuş, həmin tarixdə saat 09:00-da azad edilmişdir. İş materiallarında olan 10 mart 2023-cü il tarixli, 2/7635 saylı sərxoşluq hallarının bütün növlərinin təyini məqsədi ilə aparılan tibbi müayinə protokolundan görünür ki, Şəxs həmin tarixdə yüngül dərəcəli sərxoş olmuşdur. İş materiallarında olan xx.xx.2023-cü il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs xx.xx.2023-cü il tarixdə, saat 01:00 radələrində Qaradağ rayonu, Lökbatan qəsəbəsində yerləşən Qaradağ RPİ-nin 10-cu PB-nin inzibati binasında polis əməkdaşlarının qanuni tələbərinə tabe olmamışdır. “Polis haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinin İİ hissəsinə görə Azərbaycan Respublikasının ərazisində olan bütün hüquqi və fiziki şəxslər polis əməkdaşının qanuni tələblərini icra etməlidirlər. Həmin Qanunun 17-ci maddəsinin 1-ci bəndinə görə hər bir şəxsdən cinayətlərə və digər hüquqpozmalara, şəxsiyyət və ictimai asayiş üçün təhlükə törədən və onlara şərait yaradan hərəkətlərə son qoyulmasını tələb etmək polis əməkdaşının hüququdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 12-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Həmin Məcəllənin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Azərbaycan Respublikası İXM-nin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə - fiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Məhkəmə iclasında tədqiq edilmiş inzibati xəta haqqında protokol, 10 mart 2023-cü il tarixli raport, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, şahidin və protokol tərtib etmiş şəxsin izahatları, habelə inzibati materialda olan digər sənədlərlə sübuta yetirilmişdir ki, Şəxs xx.xx.2023-cü il tarixdə, saat 01:00 radələrində Qaradağ rayonu, Lökbatan qəsəbəsində yerləşən Qaradağ RPİ-nin 10-cu PB-nin inzibati binasında polis əməkdaşlarının qanuni tələbərinə tabe olmamış, bununla da Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətmişdir Məhkəmə, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən, fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini, onun təqsirinin dərəcəsini, əmlak vəziyyətini, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Azərbaycan Respublikası İXM-nin 31.4-1-ci maddəsinə əsasən inzibati qaydada tutulmuş şəxs barəsində inzibati həbs istisna olmaqla tətbiq edilən digər inzibati tənbehin həddi, bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yuxarı həddinin dörddə üçündən çox ola bilməz. Beləliklə məhkəmə törədilmiş inzibati xətanın xarakterini, inzibati xətanı törətmiş şəxsin şəxsiyyətini, məsuliyyəti yüngülləşdirən hal kimi əməlindən səmimi peşmançılıq çəkməsini nəzərə alıb, iş üzrə sübutları qiymətləndirərək hesab edir ki, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinməli və ona Həmin maddənin sanksiyası hədləri daxilində İXM-nin 31.4-1-ci maddəsinin tələbləri nəzərə alnmaqla cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 114 və 115-ci maddələrini rəhbər tutaraq QƏRARAALDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə təqsirli bilinərək, həmin Məcəllənin 31.4-1-ci maddəsinin tələbləri nəzərə alınmaqla 150 (bir yüz əlli) manat məbləğində inzibati cərimə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 129-cu maddəsində müəyyən edilmiş qaydada Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Şəfa Dadaşova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar