Məhkəmə qərarları › İş №3(002)-419/2023

Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qərar — İş №3(002)-419/2023

14.03.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(002)-419/2023 14.03.2023 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Dadaşova Şəfa Əliövsət qızının sədrliyi, Abbasov Fərid Zirəddin oğlunun katibliyi, Bakı şəhəri Qaradağ rayon İcra Şöbəsinin icra məmuru X2, X1, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxs Şəxs iştirakları ilə, xx xxxx 1978-ci il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı (FİN:xxxxxxx), ünvan 1 ünvanında qeydiyyatda olan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsinə dair Bakı şəhəri Qaradağ rayon İcra şöbəsindən daxil olmuş materiala məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair 14 mart 2023-cü il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokol Qaradağ Rayon Məhkəməsinə daxil olmuşdur. İnzibati xəta haqqında 14 mart 2023-cü il tarixli, MN ******* saylı protokoldan və ona əlavə edilmiş sənədlərdən görünür ki, Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 11 yanvar 2023-cü il tarixli, 2(002)-72/2023 saylı icra sənədinə əsasən cavabdeh Şəxs xx.xx.2014-cü il təvəllüdlü X5 yetkinlik yaşına çatanadək saxlanılması üçün məhkəməyə müraciət olunan xx.xx.2022-ci il tarixdən başlayaraq, hər ay 193 manat sabit pul məbləğində aliment tutularaq iddiaçı X4 ödənilməlidir. Hazırda Şəxs 2123 manat yığılmış aliment borcu var. Göstərilənlərə əsasən, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Məhkəmə iclasında iştirak edən Qaradağ Rayon İcra Şöbəsinin icra məmuru R.İ.Mirzəpur tərtib etdiyi inzibati xəta haqqında protokolu müdafiə edərək bildirmişdir ki, 31 yanvar 2023-cü il tarixdə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 11 yanvar 2023-cü il tarixli, 2(002)-72/2023 saylı icra sənədi üzrə icraata başlanılmış və borcluya tələbin könüllü icrası üçün müəyyən edilmiş müddət ərzində icranı həyata keçirmək ilə bağlı bildiriş göndərilmiş, həmin bildirişin surəti borclu tərəfindən qəbul edilmişdir. Məhkəmə qərarını könüllü icra etmədiyinə görə borclunun əmlak vəziyyətinin müəyyən edilməsi məqsədilə müvafiq sorğular edilmiş, borclunun adına hər-hansı gəlir və əmlak aşkar edilməmişdir. Həmçinin borclu ilə telefon vasitəsilə əlaqə saxlanılmış və Qaradağ rayon İcra şöbəsinə dəvət edilmiş, lakin borclu şöbəyə gəlməkdən imtina etmişdir. Bundan sonra borclunun yaşadığı ünvana baxış keçirilmiş, lakin borclunun icra sənədində qeyd olunan ünvanda yaşamadığı müəyyən olunmuş və bu barədə müvafiq akt tərtib olunmuşdur. Borclunun olduğu yer məlum olmadığı üçün barəsində axtarış elan edilmiş, qərar icra olunması üçün Qaradağ Rayon Polis İdarəsinə göndərilmiş, lakin borclunun təhvil verilməsi ilə bağlı hər hansı məktub icra şöbəsinə daxil olmamışdır. Daha sonra tələbkarın müraciəti əsasında 14 mart 2023-cü il tarixdə tələbkarın vasitəçiliyi ilə borclunun olduğu yer müəyyən edilmiş və borclu icra şöbəsinə dəvət edilmişdir. Daha sonra icra şöbəsində borclunun izahatı alınmış, o izahatında, aliment ödəməkdən imtina etdiyini və bundan sonra da ödəməyəcəyini bildirmiş, arvadından və uşağından imtina etdiyini bildirmiş, buna görə də aliment ödəməyəcəyini qeyd etmişdir. Buna baxmayaraq borcluya aliment borcunu ödəməsi üçün şərait yaradılsa da o, bundan imtina etmişdir. Hazırda borclu Şəxs 2123 manat aliment borcu yaranmışdır. Bununla da, o, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Göstərilənlərə əsasən, borclu Şəxs barəsində qanuna uyğun tədbir görülməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs öz izahatında bildirmişdir ki, qeyd olunan icra sənədi barədə məlumatlıdır. Rəsmi iş yeri olmadığına görə aliment borcunu ödəməmişdir. Aliment ödəməkdən imtina edir. Göstərilənləri nəzərə alaraq, iş üzrə ədalətli qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Bundan başqa, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəmə iclasında ona verilmiş suallara cavab olaraq bildirmişdir ki, o, saat 13:00 radələrində icra şöbəsinə gəlmiş, icra məmuru tərəfindən ona hüquq və vəzifələri izah edilmiş, barəsində tərtib olunmuş inzibati xəta haqqında protokolla və ona əlavə edilmiş materiallarla tanış olmuş, işgəncəyə, qeyri-insani və ya ləyaqəti alçaldan rəftara məruz qalmamış, ona heç bir fiziki təzyiq və zorakılıq göstərilməmişdir. Müdafiəçinin hüquqi yardımından istifadə etmək istəmir və əlilliyi olan şəxs deyildir. Məhkəmə iclasında iştirak edən tələbkar X6 öz izahatında bildirmişdir ki, borclu tərəfindən onun xeyrinə heç bir ödəniş edilməmişdir. Buna səbəb kimi işləmədiyini göstərmişdir. Bununla yanaşı borclu qərəzli şəkildə aliment borcundan yayınır, hazırda onun 2123 manat yığılmış aliment borcu var. Buna baxmayaraq, əmək qabiliyyətli şəxs olaraq uzun müddətdir ödəniş etməmiş, bununla bağlı üzrlü səbəblər də qeyd edə bilməmişdir. Hal hazırda borclu ilə barışmaq istəmir, ondan şikayətçidir. Aliment borcunun tam ödənilməsini tələb edir. Göstərilənləri nəzərə alaraq, Şəxs barəsində ciddi inzibati tənbeh növünün tətbiq olunmasını xahiş etmişdir. Məhkəmə proses iştirakçılarını dinləyib, inzibati xəta haqqında protokolu nəzərdən keçirib, toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Şəxs tərəfindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulan əməli törədilməsi tam sübuta yetirilir. Belə ki, iş materiallarında olan Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 11 yanvar 2023-cü il tarixli, 2(002)-72/2023 saylı icra sənədinə əsasən cavabdeh Şəxs xx.xx.2014-cü il təvəllüdlü X5 yetkinlik yaşına çatanadək saxlanılması üçün məhkəməyə müraciət olunan xx.xx.2022-ci il tarixdən başlayaraq, hər ay 193 manat sabit pul məbləğində aliment tutularaq iddiaçı X4 ödənilməlidir. İş materiallarında olan Qaradağ rayon İcra şöbəsinin 31 yanvar 2023-cü il tarixli icraata başlamaq haqqında qərardan görünür ki, Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 11 yanvar 2023-cü il tarixli, 2(002)-72/2023 saylı icra sənədi üzrə icraata başlanılmışdır. İş materiallarında olan Qaradağ rayon İcra şöbəsinin 31 yanvar 2023-cü il tarixli könüllü icra barədə bildirişdən görünür ki, icra vərəqəsində göstərilən tələbi könüllü yerinə yetirməsi üçün Şəxs xəbərdarlıq edilmiş, həmçinin icra sənədinin üzrsüz səbəbdən icra edilmədiyi təqdirdə qanunvericilikdə nəzərdə tutulmuş müvafiq tədbirlərin həyata keçiriləcəyi də onun nəzərinə çatdırılmışdır. İş materiallarında olan 08 fevral 2023-cü il tarixli aktdan görünür ki, Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 11 yanvar 2023-cü il tarixli, 2(002)-72/2023 saylı icra sənədinin icrasını təmin etmək məqsədilə borclu Şəxs icra sənədində qeyd olunan ünvanına baxış keçirilmiş, lakin borclunun Qaradağ rayonu, Müşfiqabad qəsəbəsi, ev 3B, mənzil 32 ünvanında yaşamadığı müəyyən olunmuşdur. İş materiallarında olan 09 fevral 2023-cü il tarixli qərardan görünür ki, Şəxs barəsində axtarış elan edilmiş, qərarın icrası Qaradağ Rayon Polis İdarəsinə göndərilmişdir. İş materiallarında olan 14 mart 2023-cü il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokoldan görünür ki, Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 11 yanvar 2023-cü il tarixli, 2(002)-72/2023 saylı icra sənədinə əsasən X4 ödənilməli olan aliment borcunu ödəməkdən qərəzli olaraq imtina etmiş, nəticədə 2123 manat aliment borcu yaranmışdır. Beləliklə, məhkəmə iclasında müəyyən edilmişdir ki, Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 11 yanvar 2023-cü il tarixli, 2(002)-72/2023 saylı icra sənədinə əsasən, əsasən cavabdeh Şəxs xx.xx.2014-cü il təvəllüdlü X5 yetkinlik yaşına çatanadək saxlanılması üçün məhkəməyə müraciət olunan xx.xx.2022-ci il tarixdən başlayaraq, hər ay 193 manat sabit pul məbləğində aliment tutularaq iddiaçı X4 ödənilməlidir. İcra sənədi üzrə icraata 31 yanvar 2023-cü il tarixli qərarla başlanılmış və borcluya tələbin könüllü icrası üçün müəyyən edilmiş müddət ərzində icranı həyata keçirmək ilə bağlı bildiriş göndərilmiş, həmin bildirişin surəti borclu tərəfindən qəbul edilmişdir. Buna baxmayaraq, borclu icranı tam olaraq təmin etməkdən boyun qaçırmışdır. Qeyd olunanlara əsasən, məhkəmə hesab edir ki, borclu Şəxs qərarın icrasına laqeyd yanaşaraq aliment borcundan ümumiyyətlə ödəniş etməmişdir. Göstərilənlər məhkəmə qərarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsi və icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra sənədinin üzrsüz səbəbdən icra edilməməsi kimi qiymətləndirilməlidir. «Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsinin 30 mart 2006-cı il tarixli, 5 nömrəli qərarının 6-cı bəndinə əsasən mülki işlər üzrə məhkəmə baxışı müddəti iddia ərizəsinin məhkəməyə daxil olduğu vaxtdan başlayır və məhkəmə qərarının icrasının başa çatmasına kimi davam edir. «İcra haqqında» Azərbaycan Respublikası Qanununun 82.1-ci maddəsinə əsasən borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədi icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə üzrsüz səbəbdən icra olunmadıqda, icra məmuru borclunun Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada inzibati məsuliyyətə cəlb olunması üçün inzibati xəta haqqında protokol tərtib edir və onu işin digər materialları ilə birlikdə müvafiq məhkəməyə göndərir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinə əsasən, məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə - fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. Həmin Məcəllənin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 9.1-ci maddəsinin tələbinə görə, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktiki məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Məhkəmə Şəxs barəsində inzibati tənbeh tətbiq edərkən onun törətdiyi inzibati xətanın xarakterini və ictimai təhlükəlilik dərəcəsini, inzibati xəta törədən şəxsin şəxsiyyətini, onun əmlak vəziyyətini, o cümlədən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 32 və 33-cü maddələrində nəzərdə tutulmuş məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə Şəxs törətdiyi inzibati xətanın hallarını nəzərə alaraq hesab edir ki, onun barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş həbs növündə inzibati tənbeh tədbirinin tətbiq edilməsi məqsədəmüvafiqdir. Məhkəmə həmçinin hesab edir ki, inzibati həbsdə saxlama müddətinin əvvəli inzibati xəta törətmiş şəxsin protokol tərtib etmək üçün gətirildiyi vaxtdan, yəni 14 mart 2023-cü il tarixdən saat 13:00-dan hesablanmalıdır. Belə ki, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 89.5-ci maddəsinə əsasən inzibati qaydada tutma müddəti inzibati xəta törətmiş şəxsin protokol tərtib etmək üçün gətirildiyi vaxtdan, sərxoş halda olmuş şəxsin isə ayıldığı vaxtdan hesablanır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 21, 43, 106-112, 114.1.1, 115.1, 115.5, 117, 128.2.1, 130.1 və 528.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilinərək barəsində 08 (səkkiz) gün müddətində inzibati həbs tətbiq edilsin. İnzibati həbsetmənin əvvəli 14 mart 2023-cü il tarixdən saat 13:00-dan hesablansın. İnzibati həbs haqqında qərar dərhal icra edilsin. Qərarın icrası Bakı şəhəri Qaradağ rayon Polis İdarəsinə və Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinə bilavasitə tabe olan inzibati həbs olunanların saxlanılma mərkəzinə həvalə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 129-cu maddəsində müəyyən edilmiş qaydada Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Şəfa Dadaşova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar