Məhkəmə qərarları › İş №3(002)-421/2022

Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qərar — İş №3(002)-421/2022

13.04.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(002)-421/2022 13.04.2022 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Mürsəlov Rufan Kamil oğlunun sədrliyi, Mustafayeva Sevda Bahaddin qızının katibliyi X1 iştirakı ilə, 09 avqust 1987-ci ildə Bakı şəhərində doğulmuş, ünvan 1 ünvanında qeydiyyatda olan X3 barəsində Bakı şəhəri, Qaradağ RPİ-dən daxil olmuş inzibati materiala, məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Məhkəməyə təqdim edilmiş 01 oktyabr 2021-ci il tarixli İXP ******* saylı protokoldan və ona əlavə edilmiş sənədlərdən aydın olur ki, X3 01 oktyabr 2021-ci il tarixdə, saat 15:00-da «Opel Astra” minik markalı ** TG *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edərkən Qaradağ rayonu ərazisində saxlanılaraq xüsusi texniki vasitə ilə tibbi müayinədən keçirilərkən onda narkotik maddə istifadə olunması nəticəsində yaranan sərxoşluq vəziyyəti aşkar olunmuşdur. Buna görə də onun barəsində həmin gün saat 15:00 radələrində İXM-nin 333.1-ci maddəsinə əsasən inzibati protokol tərtib edilmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə Qaradağ RPİ-yə məlumat verilməsinə baxmayaraq qeyd olunan təşkilatdan nümayəndə məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbləri barədə də heç bir məlumat verməmişdir. Məhkəmə, işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında iştirak edən X3 öz izahatında törətdiyi əməli etiraf edərək bildirmişdir ki, əvvəllər bir neçə dəfə bədənində ağrılar olduğu üçün narkotik vasitə hesab edilən marixuanadan istifadə etmişdir. 01 oktyabr 2021-ci il tarixdə, saat 15:00-da “Opel Astra” minik markalı ** TG *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edərkən polis əməkdaşları tərəfindən saxlanılmış və tibbi müayinədən keçirilərkən müayinə həkiminin deməsinə görə sidiyində narkotik əlamətləri aşkar edilmişdir. Lakin o, həmin gün heç bir narkotik vasitə istifadə etməmişdir. O, öz izahatında daha sonra göstərmişdir ki, hal-hazırda heç bir narkotik vasitədən istifadə etmir, ailəli olmaqla hal-hazırda iki azyaşlı uşağı vardır. X7 heç bir yerdə işləməməklə yeganə gəlir mənbəyi idarə etdiyi avtomaşınla taksi fəaliyyəti ilə məşğul olmasıdır. Bundan başqa 2017-ci ildə doğulmuş övladı X5 qan xərçəngindən 2021-ci ildə vəfat etmişdir. Oğlunun müalicəsi üçün bütün maddi imkanlarını sərf edərək acınacaqlı vəziyyətə düşmüşdür. Eləcə də 2017-ci il təvəllüdlü digər ekiz övladı X4 hal-hazırda xəstə olmaqla təcili gözündən əməliyyat olunmalıdır. Uşağının müalicəsi üçün istifadəsində olan və yuxarıda qeyd olunan avtomaşını da satmışdır. Yeganə gəlir mənbəyi gələcəkdə yenidən sürücülük fəaliyyəti ilə məşğul olmaq olacaqdır. Bütün bunların nəzərə alınaraq ona məhkəmədən yüngül cəza verilməsini xahiş etmişdir. İş materiallarına əlavə edilmiş “Nəqliyyat vasitəsini idarə edən şəxsin sərxoşluq vəziyyətinin müəyyən edilməsi Qaydaları”na dair 01 oktyabr 2021-ci il tarixli 7940 saylı aktdan aydın olur ki, X3 həmin gün saat 13:20 radələrində tibbi müayinədən keçirilərkən onda narkotik qəbulu faktı aşkar edilmişdir. Məhkəmə hesab edir ki, X3 tərəfindən inzibati xətanın törədilməsi inzibati xəta haqqında protokolla və işdə olan digər sənədlərlə tam təsdiq olunur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 333.1-ci maddəsinin tələblərinə əsasən nəqliyyat vasitəsini idarə etmək hüququ olan şəxs tərəfindən nəqliyyat vasitəsini alkoqoldan, narkotik vasitələrdən, psixotrop maddələrdən və ya güclü təsir göstərən digər maddələrdən istifadə olunması nəticəsində sərxoş vəziyyətdə idarə edilməsinə görə dörd yüz manat məbləğində cərimə edilir və ya nəqliyyat vasitəsini idarə etmək hüququ altı aydan bir ilədək müddətə məhdudlaşdırılır. Həmin Məcəllənin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Beləliklə məhkəmə yuxarıda qeyd olunanları, törədilmiş inzibati xətanın xarakterini və ictimai təhlükəlilik dərəcəsini, eləcə də inzibati xəta törətmiş şəxsin ailə vəziyyətini nəzərə alaraq hesab edir ki, X2 cərimə növündə inzibati tənbeh tədbirinin tətbiq edilməsi daha məqsədə müvafiqdir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 53, 114, 115,128,129 və 130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: X3 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli 400 (dörd yüz) manat məbləğində cərimə edilsin. Qərardan, onun surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Bakı Apellyasiya məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim: Rufan Mürsəlov.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar