Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(002)-424/2023 16.03.2023 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Dadaşova Şəfa Əliövsət qızının sədrliyi, Abbasov Fərid Zirəddin oğlunun katibliyi, İnzibati xəta haqqında protokolu tərtib etmiş şəxs Qaradağ RPİ-nin 11-ci PB-nin polis sahə inspektoru X1, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx xxxxxx 1978-ci il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı (FİN: xxxxxxx), evli, ali təhsilli, Bakı şəhəri, Qaradağ rayonu, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə təqsirli bilinməsinə dair inzibati xəta haqqında materiala baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Polis işçiləri ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, Şəxs onların qanuni tələblərinə qəsdən tabe olmamışdır. Belə ki, Şəxs 26 noyabr 2022-ci il tarixdə qəsdən polis əməkdaşlarının qanuni tələblərinə tabe olmayaraq nalayiq söyüşlər işlətmişdir. Bu səbəbdən də Qaradağ RPİ-nin 11-ci PB-yə gətirilmişdir. Məhkəmə iclasında iştirak edən Qaradağ RPİ-nin 11-ci PB-nin polis sahə inspektoru T.Ə.Əhmədov tərtib etdiyi inzibati xəta haqqında protokolu müdafiə edərək bildirmişdir ki, 15 mart 2023-cü il tarixdə Qaradağ RPİ-nin PPXB-nin əməkdaşları xidmət aparan zaman Salyan yolu küçəsində bir nəfər şəxsin **-JL-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini yolun ortasında saxlayaraq müvazinətini itirdiyini, hərəkətdə olan avtomobillərə təhlükə yaratdığını görmüş və həmin şəxsə yaxınlaşaraq özlərini təqdim etmişlər. Onu spirtli içki qəbul etdiyini müəyyən etdikdən sonra nizam-intizama dəvət etsələr də o, öz hərəkətlərinə davam etmiş polisin ünvanına nalayiq ifadələr işlətmişdir. Şəxs əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın əlamətləri olduğundan barəsində müvafiq protokol tərtib edilərək baxılması üçün aidiyyəti üzrə Qaradağ Rayon Məhkəməsinə göndərilmişdir. Təhmasib Əhmədov verilən suala cavab olaraq bildirmişdir ki, tərəfindən tərtib edilmiş protokolu müdafiə edir və məhkəmədən Şəxs barəsində inzibati tənbeh tədbirinin tətbiq edilməsini xahiş edir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatında bildirmişdir ki, 15 mart 2023-cü il tarixdə yaşadığı evdə nahar edərkən spirtli içki qəbul etmişdir. Qobustan qəsəbəsi ərazisində olan mağazadan siqaret almaq üçün mağazaya getmişdir. Mağazadan qayıdarkən isə yolun hərəkət hissəsində saxladığı nəqliyyat vasitəsini parklanma yerinə tərəf sürmüş və həmin vaxt polis əməkdaşları ona yaxınlaşmış, nəqliyyat vasitəsini nə üçün yolun hərəkət hissəsində saxladığını soruşmuşlar. Onların arasında sözlə mübahisə yaranmış, onu polis bölməsinə dəvət etmişlər. Polis bölməsinə dəvət olunma səbəbini soruşduqda, polis əməkdaşları ona sərxoş vəziyyətdə onlarla ucadan danışmasını və onlara tabesizlik göstərməsini bildirmişlər. Daha sonra onun sərxoşluq müayinədən keçirərək bölməyə təhvil vermişlər. Əməlindən peşman olduğunu, sərxoş olduğu üçün polis əməkdaşlarına qarşı kobudluq nümayiş etdirdiyini bildirmiş, bir daha analoji əməllərə yol verməyəcəyini nəzərə alaraq, ona yüngül cəza verilməsini məhkəmədən xahiş etmişdir. Bundan əlavə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəmə iclasında ona verilmiş suala cavab olaraq bildirmişdir ki, 15 mart 2023-cü il tarixdə təqribən saat 19:40 radələrində saxlanılmış, saxlanılarkən hüquq və vəzifələri ona izah edilmiş, müdafiəçinin pulsuz hüquqi yardımından istifadə etmək hüququ izah edilsə də, bundan özü imtina etmiş, barəsində tərtib olunmuş inzibati xəta haqqında protokolla və ona əlavə edilmiş materiallarla tanış olmuş, işgəncəyə, qeyri-insani və ya ləyaqəti alçaldan rəftara məruz qalmamış, ona heç bir fiziki təzyiq və zorakılıq göstərilməmiş, tutulduğu və harada saxlanıldığı barədə ailə üzvlərinə məlumat verilmiş, ailə üzvləri və yaxın dostları ilə görüşməsi təmin edilmişdir. Həmçinin bildirmişdir ki, hazırda məhkəmə iclasında hüquqlarının müdafiəçi tərəfindən müdafiə edilməsinə ehtiyacı yoxdur, bu, onun maddi vəziyyəti ilə əlaqədar deyildir. Heç bir əlillik dərəcəsi yoxdur. Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyərək və inzibati xəta haqqında işin materiallarını araşdıraraq hesab edir ki, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi tam sübuta yetirilir. Belə ki, iş materiallarında olan 15 mart 2023-cü il tarixli raportdan görünür ki, həmin tarixdə Qobustan qəsəbəsi 7 saylı marşrutda Qaradağ RPİ-nin PPXB-nin polis nəfəri Zaur Babayev və Xəqani Məhərrəmov xidmət aparan zaman qəsəbənin Salyan yolu küçəsində mərkəzi yolda bir şəxsin **-JL-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini yolun ortasında saxlayaraq müvazinətini itirdiyini, hərəkətdə olan avtomobillərə təhlükə görmüş və həmin şəxsə yaxınlaşmışlar. Özlərini təqdim edərkən həmin vətəndaş kobud davranaraq onlara tabesizlik göstərmiş, kənardakı vətəndaşların eşidəcəkləri tərzdə nalayiq küçə söyüşləri söymüşdür. Onu dəfələrlə nizam-intizama dəvət etsələr də, o, öz qanunsuz hərəkətlərini davam etdirmiş, ictimai asayişi kobud surətdə pozmuşdur. Həmin yerə əməliyyat qrupu dəvət olunmuş, həmin şəxsi avtomaşınla Qaradağ RPİ-nin 11-ci PBnə gətirərək növbətçi hissəyə təhvil vermişlər. Daha sonra saxladıqları şəxsin Şəxs olduğu müəyyən edilmiş və onun barəsində aidiyyəti üzrə tədbir görülməsi üçün göstəriş verilməsi xahiş edilmişdir. İş materiallarında olan tutma haqqında protokoldan görünür ki, Şəxs 15 mart 2023-cü il tarixdə saat 19:40-da inzibati qaydada tutulmuşdur. İş materiallarında olan 15 mart 2023-cü il tarixli, 2/8089 saylı sərxoşluq hallarının bütün növlərinin təyini məqsədi ilə aparılan tibbi müayinə protokolundan görünür ki, Şəxs həmin tarixdə orta dərəcəli sərxoş olmuşdur. İş materiallarında olan 15 mart 2023-cü il tarixli MN seriyalı ******* saylı inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs 15 mart 2023-cü il tarixdə saat 18:30 radələrində Qobustan qəsəbəsi ərazisində polis əməkdaşlarını qanuni tələblərinə tabe olmamış və bununla da, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. İş materiallarında olan “Azemis” Elektron Məhkəmə sisteminin digər məhkəmə və icra işləri barədə məlumatlar bölməsində yerləşdirilmiş məlumatlardan görünür ki, Şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi 25 yanvar 2023-cü il tarixdə Qaradağ Rayon Məhkəməsinin icraatına daxil olmuşdur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Beləliklə, məhkəmə iclasında müəyyən edilmişdir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs 15 mart 2023-cü il tarixdə saat 19:40 radələrində Qobustan qəsəbəsi, Salyan yolu küçəsində qəsdən polis əməkdaşlarının qanuni tələblərinə tabe olmamış, dəfələrlə edilmiş xəbərdarlıqlara baxmayaraq, o, öz qanunsuz hərəkətlərinə davam etmişdir. Spirtli içki qəbul edərək polis əməkdaşlarına qarşı kobud rəftarı ilə ətraf şəxslərin diqqətini cəlb etməklə ictimai qaydalara zidd olan hərəkətlərə yol vermişdir. Bu səbəbdən də, Şəxs Qaradağ RPİ-nin 11-ci PB-yə gətirilmiş və özünün də məhkəmə iclasında təsdiq etdiyi kimi polis əməkdaşları tərəfindən saxlanılarkən hüquq və vəzifələri ona izah edilmiş, müdafiəçinin pulsuz hüquqi yardımından istifadə etmək hüququ izah edilsə də, bundan özü imtina etmiş, barəsində tərtib olunmuş inzibati xəta haqqında protokolla və ona əlavə edilmiş materiallarla tanış olmuş, işgəncəyə, qeyri-insani və ya ləyaqəti alçaldan rəftara məruz qalmamış, ona heç bir fiziki təzyiq və zorakılıq göstərilməmiş, tutulduğu və harada saxlanıldığı barədə ailə üzvlərinə məlumat verilmiş, ailə üzvləri və yaxın dostları ilə görüşməsi təmin edilmişdir. Məhkəmə yuxarıdakıları nəzərə alaraq, hesab edir ki, toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu ilə, həmçinin Şəxs öz ifadəsi ilə də onun polis işçiləri tərəfindən ictimai qaydanın mühafizə vəzifələri icra edilərkən onların qanuni tələblərinə qəsdən tabe olmaması sübuta yetirildi. Onun əməli məhkəmə tərəfindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə tövsif edilməli və həmin maddənin sanksiyası həddində onun barəsində inzibati tənbeh tədbiri tətbiq edilməlidir. Qeyd edilən əməlin inzibati xəta olmasını aradan qaldıran hallar, həmçinin inzibati məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Belə ki, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə - fiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə inzibati tənbeh tətbiq edərkən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə Şəxs inzibati tənbeh tətbiq edərkən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 32 və 33-cü maddələrində müəyyən edilmiş məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Qeyd olunanları nəzərə almaqla məhkəmə, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə inzibati tənbeh tətbiq etmə məsələsini müzakirə edib, törədilmiş xətanın xarakterini və hallarını, məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları, onun şəxsiyyətini xarakretizə edən halları, təqsirinin dərəcəsini və tətbiq olunacaq inzibati tənbehin şəxsin islah olunmasına təsirini, hazırda barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs barəsində cinayət işi olmasına baxmayaraq, qeyri-qanuni hərəkətlərinə davam etməsini nəzərə alaraq, belə nəticəyə gəlir ki, Şəxs barəsində həbs növündə inzibati tənbeh tədbiri tətbiq edilməlidir. Məhkəmə hesab edir ki, inzibati tənbehin məqsədi Şəxs barəsində həbs növündə inzibati tənbeh tədbiri tətbiq olunduğu təqdirdə təmin edilə bilər və ona həbs növündə inzibati tənbeh tədbiri tətbiq edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də inzibati tənbehin məqsədinə uyğundur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 89.5-ci maddəsinə əsasən inzibati qaydada tutma müddəti inzibati xəta törətmiş şəxsin protokol tərtib etmək üçün gətirildiyi vaxtdan, sərxoş halda olmuş şəxsin isə ayıldığı vaxtdan hesablanır. Məhkəmə həmçinin hesab edir ki, inzibati həbsdə saxlama müddətinin əvvəli şəxsin tutulduğu vaxtdan, yəni 15 mart 2023-cü il tarixdən saat 19:40-dan hesablanmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 21, 43, 106-112, 114.1.1, 115.1, 115.5, 117, 128.2.1, 130.1 və 535.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək onun barəsində 08 (səkkiz) gün müddətə inzibati həbs tətbiq edilsin. İnzibati həbs haqqında qərar dərhal icra edilsin. İnzibati həbsdə saxlama müddətinin əvvəli 15 mart 2023-cü il tarixdən saat 19:40dan hesablansın. Şəxs Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi tərəfindən müəyyən edilən yerdə mühafizə altında saxlanılsın. Qərarın icrası Bakı şəhəri Qaradağ Rayon Polis İdarəsinə və Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinə bilavasitə tabe olan inzibati həbs olunanların saxlanılma mərkəzinə tapşırılsın. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 129-cu maddəsində müəyyən edilmiş qaydada Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər Hakim: Şəfa Dadaşova
Məhkəmə qərarları › İş №3(002)-424/2023
Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qərar — İş №3(002)-424/2023
16.03.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver