Məhkəmə qərarları › İş №3(002)-426/2021

Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qərar — İş №3(002)-426/2021

10.03.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(002)-426/2021 10.03.2021 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Həsənov İslam Telman oğlunun sədrliyi, Mustafayeva Zeynəb Əbülfət qızının katibliyi, Bakı şəhəri Qaradağ rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X2, X1nın, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxs Şəxs iştirakları ilə, xx.xx.1982-ci il tarixdə Ucar rayonu, Yuxarı Şilyan kəndində anadan olmuş, orta təhsilli, subay, işləməyən, Ucar rayonu, Yuxarı Şilyan kəndində qeydiyyatda olan, ünvan 1 ünvanında müvəqqəti yaşayan Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb olunmasına dair materiala Qaradağ Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Bakı şəhəri Qaradağ rayon İcra və Probasiya şöbəsindən daxil olmuş 10.03.2021-ci il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlərdən görünür ki, borclu Şəxs 10 avqust 2010-cu il təvəllüdlü X7 və 16.11.2011-ci ildə X8 yetkinlik yaşına çatanadək saxlanılması üçün Ucar Rayon Məhkəməsinin 21.11.2012-ci il tarixli 2(063)-422/2012 saylı qətnaməsi ilə tutulan alimentin miqdarı artırılaraq, cavabdeh Şəxs hər ay hər uşağa görə 160 manat olmaqla, cəmi 320 manat sabit pul məbləğində aliment tutularaq iddiaçı X4 xeyrinə ödənilməsinə dair Bakı şəhəri Qaradağ rayon Məhkəməsinin 2(002)-1836/2019 saylı, 16.07.2019-cu il tarixli icra vərəqəsinin icrası ilə əlaqədar icra məmurunun qanunvericilikdən irəli gələn tələblərini icra etməkdən qəsdən yayınmışdır. Bakı şəhəri Qaradağ rayon İcra və Probasiya şöbəsinin icra məmuru X5 məhkəmə iclasında tərtib etdiyi inzibati xəta haqqında protokolun dəlillərinə uyğun izahat verərək bildirmişdir ki, Bakı şəhəri Qaradağ rayon Məhkəməsinin 2(002)-1836/2019 saylı, 16.07.2019-cu il tarixli icra vərəqəsinə əsasən 10 avqust 2010-cu il təvəllüdlü X7 və 16.11.2011-ci ildə X8 yetkinlik yaşına çatanadək saxlanılması üçün Ucar Rayon Məhkəməsinin 21.11.2012-ci il tarixli 2(063)-422/2012 saylı qətnaməsi ilə tutulan alimentin miqdarı artırılaraq, cavabdeh Şəxs hər ay hər uşağa görə 160 manat olmaqla, cəmi 320 manat sabit pul məbləğində aliment tutularaq iddiaçı X4 xeyrinə ödənilməsi qət edilmiş, icra sənədi şöbənin icraatına daxil olmuş, 11 sentyabr 2019-cu il tarixdə icraata başlamaq haqqında qərar qəbul edilərək tələbin könüllü icra olunması üçün borclu Şəxs ünvanına bildiriş göndərilmiş, lakin icra sənədinin icrası könüllü təmin edilməmişdir. Məhkəmə qərarını könüllü icra etmədiyinə görə borclunun adına əmlak vəziyyətinin və gəlirinin müəyyən edilməsi məqsədilə müvafiq orqanlara sorğular edilmiş, onun adına hər hansı əmlak müəyyən edilməsə də, lakin müəyyən olunmuşdur ki, borclu N. Əhmədov restoranda ofisiant işləyərək 250 manat məbləğində əmək haqqı alır. Buna baxmayaraq borclu ümumi aliment borcundan 2021-ci il üzrə tələbkarın xeyrinə cəmi 300 manat ödəniş etmiş, ödənilməmiş aliment borcu isə hazırıkı tarixə 2010 manat məbləğində təşkil edir. Borcludan 10.03.2021-ci il tarixlərdə izahat alınmış, borclu izahatında icra sənədindən xəbərdar olduğunu, lakin maddi imkanı olmadığından öhdəliyini icra edə bilmədiyini bildirmişdir. Bu səbəbdən də borclu Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə protokol tərtib edilərək baxılması üçün aidiyyəti üzrə Bakı şəhər Qaradağ rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında borclu Şəxs inzibati xəta haqqında materiala öz münasibətini bildirərək qeyd etmişdir ki, icra sənədindən xəbərdardır, özü restoranda ofisiant işləyərək 250 manat məbləğində əmək haqqı alır. Həmin məbləğin də 200 manatını kirayə haqqına ödəyir, qalan 50 manatını isə dolanışığına xərcləyir. Əlavə olaraq, bildirmişdir ki, hissəhissə olmaqla tələbkara ödənişlər etmiş, 2021-ci ildə ümumilikdə yanvar ayında 200 manat və fevral ayında 100 manat olmaqla cəmi 300 manat ödəniş etmişdir. O, borcunu ödəməkdən qərəzli olaraq yayınmır. İcra sənədi üzrə borclu olduğunu qəbul edir, maddi imkanı olacağı təqdirdə borcundan ödənişlər edəcəkdir. Əməlindən peşmandır. Göstərilənləri nəzərə alaraq barəsində ədalətli qərar qəbul olunmasını məhkəmədən xahiş etmişdir. X1 məhkəmə iclasında izahatında bildirmişdir ki, 10 avqust 2010-cu il təvəllüdlü X7 və 16.11.2011-ci ildə X8 yetkinlik yaşına çatanadək saxlanılması üçün Ucar Rayon Məhkəməsinin 21.11.2012-ci il tarixli 2(063)-422/2012 saylı qətnaməsi ilə tutulan alimentin miqdarı artırılaraq, cavabdeh Şəxs hər ay hər uşağa görə 160 manat olmaqla, cəmi 320 manat sabit pul məbləğində aliment tutularaq onun xeyrinə ödənilməsi qət edilmişdir. Lakin, borclu icra sənədi üzrə öz öhdəliyini tam yerinə yetirməyərək icra sənədinin icrasından yayınmışdır. Hazırda borclu Şəxs tərəfindən ödənilməmiş qalan aliment borcu 2010 manat təşkil edir. Buna baxmayaraq 2021-ci ildə ümümilikdə cəmi 300 manat ödəniş etmiş. Hazırda Şəxs şikayətçidir və göstərilənləri nəzərə alaraq sonuncu barəsində inzibati həbslə bağlı tənbeh tədbirinin tətbiq edilməsini xahiş edir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Bakı şəhəri Qaradağ rayon Məhkəməsinin 2(002)-1836/2019 saylı, 16.07.2019-cu il tarixli icra vərəqəsinə əsasən 10 avqust 2010-cu il təvəllüdlü X7 və 16.11.2011-ci ildə X8 yetkinlik yaşına çatanadək saxlanılması üçün Ucar Rayon Məhkəməsinin 21.11.2012-ci il tarixli 2(063)-422/2012 saylı qətnaməsi ilə tutulan alimentin miqdarı artırılaraq, cavabdeh Şəxs hər ay hər uşağa görə 160 manat olmaqla, cəmi 320 manat sabit pul məbləğində aliment tutularaq iddiaçı X4 xeyrinə ödənilməsi qət edilmişdir. İcraata başlama haqqında 11.09.2019-cu il tarixli qərarın surətindən görünür ki, Bakı şəhəri Qaradağ rayon Məhkəməsinin 2(002)-1836/2019 saylı, 16.07.2019-cu il tarixli icra sənədi əsasında iş üzrə icraat başlanılmış və icraata başlanması haqqında qərar dərhal icra olunması üçün bildirişlə borclu Şəxs, məlumat üçün isə tələbkara göndərilmişdir Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 15.2-ci maddəsinə əsasən məhkəmələrin qanuni qüvvəyə minmiş qətnaməsi, qərardadı, qərarı, əmri bütün dövlət hakimiyyəti, yerli özünüidarə orqanları, onların vəzifəli şəxsləri, ictimai birliklər, siyasi partiyalar, həmkarlar ittifaqları, onların vəzifəli şəxsləri, həmçinin fiziki və hüquqi şəxslər üçün məcburidir və Azərbaycan Respublikasının bütün ərazisində hökmən icra olunmalıdır. İcra haqqında Azərbaycan Respublikası Qanununun 13.1.4-1 maddəsinə əsasən şəxsin saxlanılması üçün vəsaitlərin, o cümlədən alimentlərin alınması haqqında məhkəmə qərarları əsasında verilən icra vərəqələri dərhal icra olunmalıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 12-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur; 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır; 31.4. Bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yalnız yuxarı həddi müəyyən edildikdə, tətbiq edilən inzibati tənbeh onun yuxarı həddinin dörddə birindən az ola bilməz; 528.1-ci maddəsinə əsasən məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə fiziki şəxslər beş yüz manatdan min manatadək miqdarda cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla bir ayadək inzibati həbs tətbiq olunur. Məhkəmə iclasında tədqiq edilmiş inzibati xəta haqqında protokol, icra məmurunun, borclunun izahatları və inzibati materialda olan digər sənədlərlə sübuta yetirilmişdir ki, borclu Şəxs məhkəmə qətnaməsi ilə üzərinə qoyulmuş borc öhdəliyini üzrsüz səbəbdən yerinə yetirməyərək, icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə Bakı şəhəri Qaradağ rayon Məhkəməsinin 2(002)-1836/2019 saylı, 16.07.2019-cu il tarixli icra vərəqəsinin icrasını tam təmin etməmişdir. Habelə hal-hazıradək edilmiş xəbərdarlıqlara baxmayaraq, yaranmış borcun lazımi qaydada ödənilməsinə laqeydlik göstərilmiş və icra sənədlərinin icrasına səhlənkar yanaşılmışdır. Bununla da, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Məhkəmə törədilmiş inzibati xətanın xarakterini, inzibati xətanı törətmiş şəxsin şəxsiyyətini, məsuliyyəti yüngülləşdirən hallar kimi inzibati xəta törətmiş şəxsin səmimi peşmançılığını (İXM 32.1.1), məsuliyyəti ağırlaşdıran halların müəyyən edilməməsini nəzərə alıb, iş üzrə sübutları qiymətləndirib, hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin sanksiyasının hədləri daxilində inzibati həbs növündə inzibati tənbeh tətbiq edilməli və həbsetmənin əvvəli azadlığının faktiki məhdudlaşdırıldığı andan, yəni 10 mart 2021-ci il saat 15:35-dən hesablanmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 114 və 115-ci maddələrini rəhbər tutaraq QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək, onun barəsində 08 (səkkiz) gün müddətində inzibati həbs növündə tənbeh tədbiri tətbiq edilsin. İnzibati həbs haqqında qərar dərhal icra edilsin. Qərarın icrası Bakı şəhəri Qaradağ rayon Polis İdarəsinə və Daxili İşlər Nazirliyinə bilavasitə tabe olan inzibati həbs olunanların saxlanılma mərkəzinə həvalə edilsin. İnzibati həbsetmənin əvvəli 10 mart 2021-ci il saat 15:35-dən hesablansın. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 129-cu maddəsində müəyyən edilmiş qaydada Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: İslam Həsənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar