Məhkəmə qərarları › İş №3(002)-430/2025

Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qərar — İş №3(002)-430/2025

01.04.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(002)-430/2025 01.04.2025 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Mürsəlov Rufan Kamil oğlunun sədrliyi, Mustafayeva Sevda Bahaddin qızının katibliyi, X1 iştirakı ilə, X1 DİN-in BDYPİ-nin 04 mart 2025-cü il tarixli EQ 26415290 nömrəli qərardan verdiyi şikayətə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: X2 şikayətlə Bakı şəhəri Qaradağ rayon Məhkəməsinə müraciət edərək Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Mərkəzi İnformasiya Sisteminin 04 mart 2025-ci il tarixli qərarın ləğv edilməsini və əməlində inzibati xəta tərkibi olmadığından iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Şikayətdə göstərilmişdir ki, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Mərkəzi İnformasiya Sisteminin xx.xx.2025-ci il tarixli inzibati xəta haqqında qərarı əsasında o, İXM-nin 353.5-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törətdiyinə görə 1200 manat məbləğində cərimə edilmişdir. Qəbul edilmiş qərarla razı deyil, aşağıdakı səbəblərə görə barəsində qəbul edilmiş qərar ləğv edilməli və iş üzrə icraata xitam verilməlidir. Belə ki, barəsində tərtib edilmiş qərarda qeyd edilir ki, o, xx.xx.2025-ci il tarixdə saat 20:47-də idarə etdiyi "MAN TGX 18,480 4X2 BLS Yük" markalı **-MA-*** dövlət qeydiyyat nişanlı avtomobillə Bak şəhəri Ələt istiqamətində hərəkətdə olarkən İXM-nin 353.2-ci maddəsində nəzərdə tutulmuş xətanı il ərzində inzibati tənbeh almış şəxs tərəfindən təkrar törədilməsi ilə, yəni İriqabaritli və ya ağırçəkili nəqliyyat vasitələrinin icazə verilən çəki və yüklə birlikdə oxa düşən kütlə parametrlərini aşmaqla ümumi istifadədə olan avtomobil yollarında idarə etmişdir. Bildirmişdir ki, "MAN TGX 18,480 4X2 BLS yük" markalı **-MA-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə yük daşıyaraq ailəsinə baxır. Yükü avtomobilə yükləyərkən onu serfikatı olan tərəzidə çəkdirirəm ki, yolda hərəkətdə olarkən hər hansı bir problem yaranmasın. Yük serfikatı olan tərəzi ilə çəkilmiş və bu barədə rəsmi olaraq sənəd də verilmişdir. Həmin sənəddə də göstərilir ki, yük 38.920 kq olmuşdur. Avtomobilin maksimum 40000 kq yük aparılmasına limit vardır. Lakin onun avtomobilində 43.430 kq yük olması barədə protokol tərtib edilmişdir. Eyni zamanda ona inzibati xətanın təkrar törədilməsi barədə cəza təyin edilmişdir Halbuki o həmin xətanı əvvəllər törətməmişəm. Həmin vaxt mənimlə paralel istiqamətdə başqa avtomobilidə keçir və buna görə də tərəzidə ağırlıq düzgün göstərməmişdir. Göründüyü kimi avtomobil yolunda olan tərəzi düzgün çəkməmiş və əsassız olaraq barəmdə inzibati qərar qəbul edilmişdir. O avtomobilində artıq yük olmamış və yükün çəkildiyini bildiyi halda onun artıq yük götürməyi inandırıcı deyildir. "Azərbaycan Respublikasının ümumi istifadədə olan avtomobil yolları ilə iriqabaritli və ağırçəkili nəqliyyat vasitələrinin hərəkət etməsi və onların hərəkətinə xüsusi icazənin verilməsi Qaydası"nın, "Azərbaycan Respublikasının ümumi istifadədə olan avtomobil yolları ilə iriqabaritli və ağırçəkili avtonəqliyyat vasitələrinin hərəkət etməsinə görə ödənişlərin dərəcələri"nin və "Azərbaycan Respublikasının ümumi istifadədə olan avtomobil yolları ilə hərəkət edən avtonəqliyyat vasitələrinin icazə verilən qabarit və çəki parametrləri"nin təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 07 iyul 2009-cu il tarixlii qərarının 4.1-ci bəndində qeyd edilmişdir ki, iriqabaritli və (və ya) ağırçəkili nəqliyyat vasitələrinin avtomobil yolları ilə hərəkət etməsinə nəzarət Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada həyata keçirilir. Həmin qərarın 4.3-cü bəndinə əsasən xüsusi ölçü alətlərinin, cihazlarının və tərəzilərin standartlara uyğun olmaları barədə sertifikatları olmalıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 8.2.-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Həmin Məcəllənin 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində olan şübhələr onun xeyrinə həll olunur. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəǝta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində, habelə digər dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 81.2-ci maddəsinə əsasən yol hərəkəti qaydaları, yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi və avtomobil yollarından istifadə qaydaları əleyhinə olan inzibati xətaların aşkarlanmasında istifadə olunan, foto və ya video qeydiyyat funksiyalarına malik xüsusi texniki vasitələr müvafiq icra hakimiyyəti orqanının mərkəzi informasiya sisteminə inteqrasiya olunmalıdır. Həmin Məcəllənin 81.3-cü maddəsinə əsasən xüsusi texniki vasitələrin göstəriciləri inzibati xəta haqqında iş üzrə protokolda (inzibati xəta haqqında iş üzrə qərarda) qeyd edilir. Həmin Məcəllənin 129.1.3-ci maddəsinə əsasən səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından məhkəməyə verilən şikayət - şikayət verən şəxsin yaşayış yeri və ya hüquqi şəxsin ünvanının olduğu yer üzrə rayon (şəhər) məhkəməsinə inzibati xəta haqqında iş üzrə qərardan şikayət verə bilər. Həmin Məcəllənin 105.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Yuxarıda sadaladığı normalardan da görünür ki, kimi tam əsasız olaraq barəsində protokol tərtib edilmiş və əsasız olaraq inzibati qərar qəbul edilmişdir. Məhkəmə iclasında iştirak edən X2 öz izahatında verdiyi şikayəti müdafiə edərək göstərmişdir ki, ərizəyə əlavə etdiyi sənəddən də göründüyü kimi daş qırıntıları yüklədiyi avtomobili Bakı şəhəri Qaradağ rayonundan 38 ton 920 kq, çəki ilə 04 mart 2025-cü il tarixdə, saat 16:49 radələrində ərazidən çıxmışdır. Yükü boşaltdığı ərazi Ələt qəsəbəsindədir. Ələt qəsəbəsi istiqamətində olarkən onun mobil telefonuna inzibati pozuntu ilə bağlı “sms” bildiriş gəldiyindən hər ehtimala qarşı apardığı yükün çəkisini bir də yoxlamaq üçün həmin tarixdə 19:10-da Qaradağ postunda yüklü olaraq tərəzidə avtomobili çəkdirmişdir. Orada da avtomobilin yüklü çəkisi 38 ton 920 kq olmuşdur. Kamera görüntülərində limit 40 ton qeyd edilmiş, idarə etdiyi avtomobilin yükü isə 43 ton, 430 kq kimi qeyd edilmişdir. İdarə etdiyi yük avtomobili hərəkətdə olan zaman saxlanılmamış və yük avtomobilləri üçün nəzərdə tutulmuş tərəziyə çıxarılmamışdır. Əsassız olaraq ona belə bir cərimə tətbiq edilmişdir. O öz izahatında daha sonra göstərmişdir ki, qeyd olunan xəta hadisəsini törətmiş olsaydı belə bu ilk dəfə baş verdiyindən o 1200 manat deyil, 600 manat məbləğində cərimə edilməli idi. Bütün bunların nəzərə alınaraq DİN-in BDYPİ-nin 04 mart 2025-ci il tarixli EQ 26415290 saylı qərarın ləğv edilməsini və əməlində inzibati xəta tərkibi olmadığından iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Qanunvericilikdə nəzərdə tutulmuş qaydada təkrarən məlumatlandırılmasına baxmayaraq DİN-in Baş Dövlət Yol Polisi İdarəsindən nümayəndə məhkəmə iclasında iştirak etməmiş və iştirak etməməsinin səbəbləri barədə də məhkəməyə heç bir məlumat verməmişlər. O cümlədən bununla bağlı məhkəməyə hər hansı bir material və ya sübut təqdim edilməmişdir. Məhkəmə işə nümayəndənin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarına əlavə edilmiş DİN-in BDYPİ-nin 04 mart 2025-cü il tarixli, EQ 26415290 saylı qərarın surətindən aydın olur ki, vətəndaş X2 04 mart 2025-c il tarixdə, saat 16:49-da M-2, 47.9 km Qaradağ rayonu, Səngəçal qəsəbəsi, Ələt istiqamətində MAN TGX 18 480 4X2 BLS yük markalı, ** MA *** dövlət qeydiyyat nişanlı avtomobili idarə edərkən iriqabaritli və ya ağırçəkili nəqliyyat vasitələrinin icazə verilən çəki və yüklə birlikdə oxa düşən kütlə parametrlərini aşmaqla ümumi istifadədə olan avtomobil yollarında idarə edilməsinə görə İXM-nin 353.5-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətdiyinə görə 1200 manat məbləğində cərimə edilmişdir. Həmin cərimənin yazılmasına əsas olunmuş fotoşəkildən aydın olur ki, MAN TGX 18 480 4X2 BLS yük markalı, ** MA *** dövlət qeydiyyat nişanlı avtomobil 04 mart 2025-cü il tarixdə, saat 16:49-da Bakı şəhəri, Qaradağ rayonu, Səngəçal qəsəbəsi, Ələt istiqamətində tərəzidən keçərkən limit 40000 kiloqram olduğu halda daşıdığı yüklə birlikdə avtomobilin ümumi çəkisi 43430 kq olmuşdur. Məhkəmə, şikayəti və ona əlavə olunmuş sənədləri, şikayətçinin izahatını araşdıraraq hesab edir ki, X2 barəsində DİN-in BDYPİ tərəfindən tərtib edilmiş 04 mart 2025-ci il tarixli EQ 26415290 nömrəli qərar əsassız olduğundan ləğv edilməli və yenidən baxılması üçün müvafiq səlahiyyətli orqana geri qaytarılmalıdır. Belə ki, DİN-in BDYPİ qanunvericilikdə nəzərdə tutulmuş qaydada məlumatlandırılmalarına baxmayaraq nümayəndə məhkəmə iclasına gəlməmiş və iş üçün əhəmiyyət kəsb edən sənədləri, habelə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin irəli sürdüyü dəlil və faktları təkzib edəcək hər hansı sübutu məhkəməyə təqdim etməmişlər. Bundan başqa şikayətçinin məhkəməyə təqdim etdiyi 04 mart 2025-cü il tarixli "xxxx" MMC-dən verilmiş yük-nəqliyyat qaiməsi sənəddən aydın olur ki, sürücünün idarə etdiyi MAN TGX 18 480 4X2 BLS yük markalı, ** MA *** dövlət qeydiyyat nişanlı avtomobilin 04 mart 2025-cü il tarixdə, saat 19:10-da yüklə dolu çəkisi 38920 kiloqram olmuşdur. Bundan başqa məhkəmə araşdırması zamanı X1 yuxarıda qeyd edilən inzibati xətanı təkrar törətməsinə dair hər hansı bir sübut da aşkar edilməmişdir. Beləliklə məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, X2 yuxarıda qeyd olunan vaxtda idarə etdiyi avtomobilin maksimim kütləsi 40 tonu keçməmişdir. “Azərbaycan Respublikasının ümumi istifadədə olan avtomobil yolları ilə hərəkət edən avtonəqliyyat vasitələrinin icazə verilən qabarit və çəki parametrləri”nin təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 7 iyul 2009-cu il tarixli, № 104 saylı Qərarına əsasən ikioxlu dartıcı üçoxlu yarımqoşquya qoşulmaqla kombinə edilmiş nəqliyyat vasitələri üçün icazə verilən maksimum kütlə parametri 40 tondur. Həmin Qərarın 1.3-cü maddəsinə əsasən qabarit və çəki parametrlərini aşan bölünən yüklə yüklənmiş ölkədaxili və beynəlxalq yükdaşımalarını həyata keçirən nəqliyyat vasitələrinin Azərbaycan Respublikasının ümumi istifadədə olan avtomobil yolları ilə hərəkəti qadağandır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. Həmin Məcəllənin 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Həmin Məcəllənin 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Həmin Məcəllənin 134.1.4-cü maddəsinə əsasən bu Məcəllənin 135.1.1 və 135.1.6cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında qərar qəbul edilir. Həmin Məcəllənin 135.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar aşağıdakılardır: 135.1.1 hakimin, səlahiyyətli orqanın (vəzifəl işəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmaması; 135.1.6. bu Məcəllə ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması. Beləliklə, məhkəmə hesab edir ki, şikayətçi X1 pozulmuş hüquqlarının təmin edilməsi məqsədi ilə DİN-in BDYPİ-nin 04 mart 2025-cü il tarixli EQ 26415290 nömrəli inzibati tənbeh vermə haqqında qərar ləğv edilməli, işin halları hərtərəfli, tam və obyektiv araşdırılmadığından İnzibati Xətalar Məcəlləsinin tələbləri nəzərə alınmaqla iş materialları yenidən baxılması üçün müvafiq səlahiyyətli orqana geri qaytarılmalıdır. Beləliklə məhkəmə, yuxarıda qeyd olunanlara əsasən və İXM-in 114, 115, 128-131-ci və 134-cü maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: Şikayət qismən təmin edilsin. X1 Azərbaycan Respublikası İXM-nin 353.5-ci maddəsi ilə tənbeh edilməsinə dair DİN-in BDYPİ-si tərəfindən qəbul edilmiş 04 mart 2025-ci il tarixli, EQ 26415290 saylı qərar ləğv edilsin və inzibati xəta haqqında iş yenidən araşdırılıb baxılması üçün müvafiq səlahiyyətli orqana geri qaytarılsın. Qərardan, onun surətinin rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Rufan Mürsəlov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar