Məhkəmə qərarları › İş №3(002)-431/2025

Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qərar — İş №3(002)-431/2025

01.04.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(002)-431/2025 01.04.2025 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Dadaşova Şəfa Əliövsət qızının sədrliyi, Məmmədova Ülviyyə Nizami qızının katibliyi, İnzibati tənbeh vermə haqqında qərardan şikayət vermiş şəxs X1 iştirakı ilə, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X4 İdarəsinin xx.xx.2025-ci il tarixli EQ 26466112 saylı inzibati tənbeh vermə haqqında qərarından X2 tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: X2 şikayətlə məhkəməyə müraciət edərək Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X4 İdarəsinin xx.xx.2025-ci il tarixli EQ 26466112 saylı inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsi və iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Şikayətçi ərizəsini onunla əsaslandırmışdır ki, Daxili İşlər Nazirliyi Baş X4 İdarəsinin xx.xx.2025-ci il tarixli inzibati xəta haqqında qərarı əsasında o, İXM-nin 353.5-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törətdiyinə görə 1200 manat məbləğində cərimə edilmişdir. Qəbul edilmiş qərarla razı deyildir. "MAN TGX 18,480 4X2 BLS Yük" markalı **-MA-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə yük daşımışdır. Yükü avtomobilə yükləyərkən onu serfikatı olan tərəzidə çəkdirmişdir. Yük serfikatı olan tərəzi ilə çəkilmiş və bu barədə rəsmi olaraq sənəd də verilmişdir. Həmin sənəddə də göstərilir ki, yük 37450 kq olmuşdur. Avtomobilin maksimum 40000 kq yük aparılmasına limit vardır. Lakin onun avtomobilində 43460 kq yük olması barədə protokol tərtib edilmişdir. Eyni zamanda ona inzibati xətanın təkrar törədilməsi barədə cəza təyin edilmişdir. Halbuki o həmin xətanı əvvəllər törətməmişdir. Həmin vaxt onunla paralel istiqamətdə başqa avtomobilidə keçir və buna görə də tərəzidə ağırlıq düzgün göstərməmişdir. Göründüyü kimi avtomobil yolunda olan tərəzi düzgün çəkməmiş və əsassız olaraq barəsində inzibati qərar qəbul edilmişdir. Göstərilənləri nəzərə alaraq, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X4 İdarəsinin xx.xx.2025-ci il tarixli EQ 26466112 saylı inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsi və iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən şikayət vermiş şəxs X2 şikayəti müdafiə edərək, həmçinin bildirmişdir ki, onun barəsində Azərbaycan Respublikası İXM-nin 353.2-ci maddəsi ilə inzibati cərimə növündə tənbeh mövcud deyildir, bu səbəbdən inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə qanunamüvafiq şəkildə məlumat verilməsinə baxmayaraq, qərarından şikayət verilmiş səlahiyyətli orqanın nümayəndəsinin iştirakı təmin olunmamışdır. Məhkəmə işə inzibati orqanın səlahiyyətli nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə şikayət ərizəsini və digər iş materiallarını araşdıraraq hesab edir ki, şikayət qismən təmin olunmalıdır. Belə ki, xx.xx.2025-ci il tarixli EQ 26466112 nömrəli qərara əsasən X2 xx.xx.2025-ci il tarixdə idarə etdiyi "MAN TGX 18,480 4X2 BLS” Yük markalı **-MA-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edərkən iriqabaritli və ya ağırçəkili nəqliyyat vasitələrinin icazə verilən çəki və yüklə birlikdə oxa düşən kütlə parametrlərini aşmaqla ümumi istifadədə olan avtomobil yollarında idarə etmiş, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 353.5-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmiş və barəsində 1200 manat məbləğində inzibati cərimə tənbeh tədbiri tətbiq edilmişdir. İş materialına əlavə edilmiş Daxili İşlər Nazirliyi BDYPİ tərəfindən təqdim edilmiş kamera görüntülərinə əsasən xx.xx.2025-ci il tarixdə "MAN TGX 18,480 4X2 BLS” Yük markalı **-MA-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin daşıdığı yük avtomobillə birlikdə 43460 kq-dır. Qeyd edilən qərardan verilmiş şikayətə məhkəmə tərəfindən baxılarkən müəyyən edilmişdir ki, X1 barəsində Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X4 İdarəsində aparılan inzibati iş üzrə icraat zamanı Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsi ilə müəyyən edilmiş, yəni inzibati məsuliyyət müəyyən edən qanunun norması düzgün tətbiq edilməmişdir. Belə ki, Azərbaycan Respublikası İXM-nin 353.5-ci maddəsinin tələbinə əsasən inzibati xətanın xx.xx.2025-ci il tarixdən öncə Azərbaycan Respublikası İXM-nin 353.2-ci maddəsində nəzərdə tutulmuş xətanın törədilməsinə dair inzibati tənbeh vermə haqqında qərar mövcud deyildir. Yuxarıda göstərilən səbəblərdən də, inzibati xəta haqqında protokol və qərar qanunvericiliyin tələblərinə cavab verməyən sübut növü olmaqla onlardan, inzibati icraat üzrə sübut edilməli olan halların sübuta yetirilməsində istifadə edilə bilməz. “Azərbaycan Respublikasının ümumi istifadədə olan avtomobil yolları ilə hərəkət edən avtonəqliyyat vasitələrinin icazə verilən qabarit və çəki parametrləri”nin təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarına əsasən ikioxlu dartıcı üçoxlu yarımqoşqulu, üçoxlu dartıcı ikioxlu yanmqoşqulu və üçoxlu dartıcı üçoxlu yanmqoşqulu nəqliyyat vasitələri üçün icazə verilən qabarit və çəki parametri 40 tondur. Həmin qərarın 1.3-cü maddəsinə əsasən qabarit və çəki parametrlərini aşan bölünən yüklə yüklənmiş ölkədaxili və beynəlxalq yükdaşımalarını həyata keçirən nəqliyyat vasitələrinin Azərbaycan Respublikasının ümumi istifadədə olan avtomobil yolları ilə hərəkəti qadağandır. Həmin qərarın 1.8-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Vergi Məcəlləsində nəzərdə tutulmuş yol vergisindən başqa, ümumi istifadədə olan avtomobil yollarında müəyyən olunmuş qabarit və çəki normalarını aşmaqla ölkədaxili və beynəlxalq yük daşımalarını həyata keçirən nəqliyyat vasitələrinə onların avtomobil yolları və yol qurğularına vurduğu ziyana görə bu qərara uyğun olaraq ödənişlər tətbiq edilir. Azərbaycan Respublikasının Konstitusiyasının 72-ci maddəsinə əsasən dövlət və cəmiyyət qarşısında hər bir şəxs onun hüquq və azadlıqlarından bilavasitə irəli gələn vəzifələr daşıyır. Hər kəsin üzərinə vəzifələr yalnız bu Konstitusiya ilə və ya qanunla qoyula bilər. Hər bir şəxs Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına əməl etməli, başqa şəxslərin hüquq və azadlıqlarına hörmət bəsləməli, qanunla müəyyən edilmiş digər vəzifələri yerinə yetirməlidir. Qanunu bilməmək məsuliyyətdən azad etmir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin inzibati xəta haqqında işin baxılmağa hazırlanması adlanan 106-cı maddəsinə əsasən hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xətalar haqqında işlərə baxarkən bir sıra məsələləri o cümlədən inzibati xəta haqqında protokol və işin digər materialları bu Məcəllənin tələbinə müvafiq olaraq tərtib edildiyini (106.0.3), mahiyyəti üzrə baxılması üçün işdə kifayət qədər sübutlar toplandığını (106.0.5) həll edir. Həmin Məcəllənin 353.2-ci maddəsinə əsasən iriqabaritli və ya ağırçəkili nəqliyyat vasitələrinin icazə verilən çəki və yüklə birlikdə oxa düşən kütlə parametrlərini aşmaqla (icazə verilən ümumi kütlə və ya oxa düşən yükün kütləsi üzrə 5 faiz və daha artıq) ümumi istifadədə olan avtomobil yollarında idarə edilməsinə görə - fiziki şəхslər altı yüz mаnаt məbləğində cərimə edilir. Göstərilənlərə əsasən, məhkəmə belə nəticəyə gəlir ki, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X4 İdarəsinin xx.xx.2025-ci il tarixli EQ 26466112 saylı inzibati tənbeh vermə haqqında qərar qəbul edilərkən inzibati məsuliyyət müəyyən edən qanunun norması düzgün tətbiq edilməmişdir. Vətəndaş barəsində Azərbaycan Respulikası İXMnin 353.2-ci maddəsində nəzərdə tutulmuş inzibati tənbeh mövcud olmamasına baxmayarq, birbaşa həmin Məcəllənin 353.5-ci maddəsi ilə inzibati xəta haqqında qərar qəbul edilmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 129.1.3-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından məhkəməyə verilən şikayət - şikayət verən şəxsin yaşayış yeri və ya hüquqi şəxsin ünvanının olduğu yer üzrə rayon (şəhər) məhkəməsinə verilir. Həmin Məcəllənin 134.1.4-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında qərar qəbul edilir. Həmin Məcəllənin 135.1.4-cü maddəsinə əsasən inzibati məsuliyyət müəyyən edən qanunun normasının düzgün tətbiq edilməməsi inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslardır. Beləliklə, məhkəmə hesab edir ki, şikayət qismən təmin edilməli, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X4 İdarəsinin xx.xx.2025-ci il tarixli EQ 26466112 saylı inzibati tənbeh vermə haqqında qərarı ləğv edilməli, qeyd olunan inzibati xəta haqqında işlə bağlı Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin tələblərinə əməl edilməklə, işin araşdırılıb inzibati məsuliyyət müəyyən edən qanunun normasının düzgün tətbiq edilməsi üçün Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X4 İdarəsinə göndərilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İXM-nin 133-137-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: X1 şikayəti qismən təmin olunsun. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X4 İdarəsinin xx.xx.2025-ci il tarixli EQ 26466112 saylı inzibati tənbeh vermə haqqında qərarı ləğv edilsin. İnzibati xəta haqqında işlə bağlı tam, hərtərəfli və obyektiv araşdırma aparılması və inzibati məsuliyyət müəyyən edən qanunun normasının düzgün tətbiq edilməsi üçün qərar Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X4 İdarəsinə göndərilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Şəfa Dadaşova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar