Məhkəmə qərarları › İş №3(002)-433/2025

Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qərar — İş №3(002)-433/2025

10.03.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(002)-433/2025 10.03.2025 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Dadaşova Şəfa Əliövsət qızının sədrliyi, Məmmədova Ülviyyə Nizami qızının katibliyi, İnzibati xəta haqqında protokol tərtib edən Bakı şəhəri Qaradağ Rayon İcra Şöbəsinin icra məmuru X6, X14 ASC-nin nümayəndəsi X7, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx.xx.1968-ci il tarixdə Ağsu rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, ünvan 1 ünvanında qeydiyyatda olan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə tənbeh tədbirinin tətbiq edilməsinə dair Bakı şəhəri Qaradağ Rayon İcra şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Bakı şəhəri Qaradağ Rayon İcra Şöbəsindən daxil olmuş xx.xx.2025-ci il tarixli MN ******* saylı inzibati xəta haqqında protokolda göstərilmişdir ki, Şəxs Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2(103)-5905/2018 nömrəli icra sənədinə əsasən ödənilməmiş ******* ABŞ dolları məbləğində ödənilməmiş borcu vardır. Bununla da, o, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Məhkəmə iclasında Bakı şəhəri Qaradağ Rayon İcra şöbəsinin icra məmuru X9 tərtib etdiyi inzibati xəta haqqında protokolun dəlillərinə uyğun izahat vermiş və əlavə olaraq bildirmişdir ki, “İcra haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun olaraq icra sənədi üzrə xx.xx.2024-cü il tarixli icraata başlamaq haqqında qərar qəbul edilərək həmin tarixdə borcluya tələbin könüllü icrası haqqında bildiriş göndərilmişdir. Bundan sonra, borclu Şəxs icra sənədinin icrası tələb olunmuşdur. Borclu hazırki tarixədək icra sənədini icra etməmiş, borcun ödənişini həyata keçirməmişdir. Göstərilənlərə əsasən, borclu Şəxs barəsində qanuna uyğun tədbir görülməsini məhkəmədən xahiş etmişdir. Məhkəmənin suallarına cavab olaraq icra məmuru bildirmişdir ki, borcluya məxsus ünvan 2 ünvanında yerləşən mənzil hərraca çıxarılaraq tələbkar bank tərəfindən satın alınmışdır. Eləcə də xx.xx.2023-cü il tarixdə icra sənədi üzrə icraata xitam verilmiş, tələbkar bankın müraciəti əsasında xx.xx.2024-cü il tarixdə yenidən icraata başlanılmışdır. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahat verərək bildirmişdir ki, qeyd olunan icra sənədindən xəbərdardır. Onun mülkiyyətində olan mənzil həmin borcun ödənilməsi ilə bağlı olaraq satışa çıxarılmış və iş üzrə icraata xitam verildiyi ona bildirilmişdir. Yenidən icraata başlanılmasından xəbəri olmamış, icra şöbəsinə məcburi gətirildikdən sonra icra barədə bildirişlə tanış olmuşdur. Hazırda maddi vəziyyəti qənaətbəxş deyildir. Səhhətində baş vermiş xəstəliklər səbəbindən işləyə bilmir və gəliri yoxdur. Göstərilən halları və yaxın zamanda tələbkara olan borcunu ödəyəcəyini nəzərə alaraq, inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. Bundan başqa, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəmə iclasında ona verilmiş suallara cavab olaraq bildirmişdir ki, icra məmuru tərəfindən ona hüquq və vəzifələri izah edilmiş, barəsində tərtib olunmuş inzibati xəta haqqında protokolla və ona əlavə edilmiş materiallarla tanış olmuş, işgəncəyə, qeyri-insani və ya ləyaqəti alçaldan rəftara məruz qalmamış, ona heç bir fiziki təzyiq və zorakılıq göstərilməmiş, əlilliyi olmayan şəxsdir. Müdafiəçi ilə təmin olunmaq istəməməsi onun maddi vəziyyəti ilə bağlı deyildir. Məhkəmə iclasında iştirak edən X14 ASC-nin nümayəndəsi X10 ifadəsində bildirmişdir ki, icra sənədi üzrə 249103 ABŞ dolları əsas məbləğ olmaqla, 44812 ABŞ dolları faiz və 38200 ABŞ dolları isə cərimə olaraq hesablanmışdır. Hazırda borcluya tələbkar bank 30000 ABŞ dolları məbləğində güzəşt etməyə hazırdır. Göstərilənləri nəzərə alaraq, protokolun təmin edilməsini xahiş etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2(103)-5905/2018 nömrəli icra sənədinə əsasən "xxxx" ASC ilə cavabdeh X4 arasında xx.xx.2014-cü il tarixdə bağlanmış "Kredit razılaşması" üzrə yaranmış əsas kredit borcunun məbləğini təşkil edən 382.025 (üç yüz səksən iki min iyirmi beş) ABŞ dolları 93 (doxsan üç) sent, kreditdən istifadəyə görə hesablanmış faiz borcunun məbləğini təşkil edən 44.812 (qırx dörd min səkkiz yüz on iki) ABŞ dolları 29 (iyirmi doqquz) sent, borcun ödənilməsinin gecikdirilməsinə görə tətbiq edilmiş cərimənin məbləğini təşkil edən 38.200 (otuz səkkiz min iki yüz) ABŞ dolları (ödəniş gününə müəyyən ediləcək rəsmi məzənnəyə uyğun olaraq Azərbaycan manatı ilə), habelə iddianın verilməsi üçün ödənilmiş dövlət rüsumunun əvəzi 30 (otuz) manat məbləğində pul cavabdehlər X4, X11, X12, Şəxs və X3 birgə qaydada tutularaq "xxxx" ASC-yə ödənilməlidir. Tutma ipotekanın predmetləri olan X2 məxsus Bakı şəhəri, Sahil qəsəbəsi, V.Ələkbərov küçəsində yerləşən 14 "D" nömrəli fərdi yaşayış evinə və Şəxs məxsus Bakı şəhəri, Sahil qəsəbəsi, Z.Osmanov prospektində yerləşən 58 nömrəli evin 3 nömrəli mənzilinə yönəldilməlidir. Hər iki əmlak açıq hərracdan satılmalı və satışından əldə olunacaq pul vəsaiti hesabına borc ödənilməlidir. Əmlakların satışından əldə olunacaq məbləğdən borc ödənildikdən sonra qalıq məbləğ X4 və Şəxs qaytarılsın. Əmlakların satışından əldə edilmiş məbləğ borcun ödənilməsinə kifayət etməsə, çatışmayan məbləğ cavabdehlər X4, X11, X12, Şəxs və X3 birgə qaydada tutularaq "xxxx" ASC-yə ödənilməli, tutma ipoteka predmetlərinə yönəldikdən sonra X4, Şəxs və X1 həmin yaşayış sahələrinə olan istifadə hüquqları itirilmiş hesab edilməli, onlar həmin yaşayış sahələrindən çıxarılaraq hər ki əmlak boşaldılmalıdır. Bakı şəhəri Qaradağ Rayon İcra Şöbəsinin icra məmuru X9 tərəfindən tərtib edilmiş xx.xx.2025-ci il tarixli MN ******* nömrəli protokoldan görünür ki, Şəxs Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2(103)-5905/2018 nömrəli icra sənədinə əsasən ödənilməmiş ******* ABŞ dolları məbləğində ödənilməmiş borcu vardır. Bununla da, o, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. İş materialında olan Hərracın yekunları barədə 54/01 saylı xx.xx.2018-ci il tarixli protokoldan görünür ki, borcluya məxsus ünvan 2 ünvanında yerləşən mənzil hərraca çıxarılaraq tələbkar bank tərəfindən 41437,50 manat dəyərinə satın alınmışdır. İş materiallarında olan Access Bank ASC tərəfindən icra şöbəsinə ünvanlanmış xx.xx.2023-cü il tarixli məktubdan görünür ki, icra sənədi üzrə təyin olunmuş məbləğin tam olaraq ödənildiyini nəzərə alaraq "İcra Haqqında" Azərbaycan Respublikasının qanunun 20.1.5-ci maddəsinə əsasən, icra sənədi üzrə icraata xitam verilməsi xahiş edilmişdir. İş materiallarında olan Bakı şəhəri Qaradağ Rayon İcra Şöbəsinin xx.xx.2023-cü il tarixli qərarına əsasən Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2(103)- 5905/2018 nömrəli icra sənədi üzrə icraata xitam verilmişdir. İş materiallarında olan Qaradağ Rayon İcra şöbəsinin xx.xx.2024-cü il tarixli icraata başlamaq haqqında qərarlardan görünür ki, Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2(103)-5905/2018 saylı icra sənədi üzrə icraata başlanılmışdır. İş materiallarında olan Qaradağ rayon İcra şöbəsinin xx.xx.2024-cü il tarixli könüllü icra barədə bildirişindən görünür ki, icra vərəqəsində göstərilən tələbi könüllü yerinə yetirməsi üçün Şəxs xəbərdarlıq edilməklə, həmçinin icra sənədinin üzrsüz səbəbdən icra edilmədiyi təqdirdə qanunvericilikdə nəzərdə tutulmuş müvafiq tədbirlərin həyata keçiriləcəyi nəzərdə tutulmuş, lakin borclu bu bildirişlə xx.xx.2025-ci il tarixdə tanış edilmişdir. Məhkəmə hazırki iş üzrə tərəflərin izahatını dinləyərək hesab edir ki, borclunun əməlində inzibati xəta tərkibi olmadığından iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53.1.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 105.1-ci maddəsinə əsasən Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Həmin Məcəllənin 110.1-ci maddəsinə əsasən inzibati xəta haqqında işə onun törədildiyi yerdə baxılır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin vəsatətinə əsasən inzibati xəta haqqında işə onun yaşadığı yer üzrə baxıla bilər; Həmin Məcəllənin 114.2.1-ci maddəsinə əsasən Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilir. Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsinə əsasən icra sənədindəki tələbin üzrsüz səbəbdən icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra edilməməsinə və ya icra məmurunun məhkəmə və ya başqa dövlət orqanlarının qərarlarının icrası ilə əlaqədar digər qanuni tələblərinin yerinə yetirilməməsinə görə fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin həmin Məcəllənin 9.2 və 35-ci maddələri baxımından şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 04 sentyabr 2018-ci il tarixli qərarında qeyd edilmişdir ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 9.2, 12 və 35-ci maddələrinin mənası baxımından, şəxs həmin Məcəllənin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməyə görə inzibati məsuliyyətə cəlb edildikdən sonra məhkəmə və digər orqanların qərarlarını icra etmədikdə (qərəzli olaraq icra etməmə istisna olmaqla), yenidən inzibati məsuliyyətə cəlb oluna bilər. İnzibati xəta haqqında protokolu, icra məmurunun, tələbkarın və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin izahatlarını, eləcədə inzibati materialda olan sənədləri nəzərə alıb iş üzrə sübutları qiymətləndirərək məhkəmə hesab edir ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın Şəxs tərəfindən törədilməsi məhkəmə iclasında öz təsdiqini tapmamışdır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsə məxsus əmlak satıldıqdan sonra tələbkar bankın xahişinə əsasən icra sənədi üzrə icraata xitam verilmişdir. Lakin, icra şöbəsinin xx.xx.2024-cü il tarixli qərarı ilə icraata davam edilməsinə baxmayaraq borclu yenidən icraata başlanılmasından məlumatlı olmamış, icra şöbəsinə məcburi qaydada təmin edildikdən sonra icra bildirişi ilə tanış olmuşdur. Bundan başqa məhkəmə iclasında borclunun yaranmış borcunu ödəməkdən qəsdən yayınmasına dair də heç bir hal müəyyən edilməmişdir. Bu səbəbdən məhkəmə borclunun üzərinə düşən borcunun ödənilməsindən qərəzli olaraq yayınması hallarının mövcud olduğunu hesab etmir. Məhkəmə hesab edir ki, borclu barəsində İXM-nin 528.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş cərimə və ya inzibati həbs tənbeh tədbirinin tətbiq edilməsi yuxarıda göstərilənlərə əsasən məqsədə müvafiq deyildir. Məhkəmə qeyd edir ki, qeyd olunan hal özlüyündə, icra məmurunun qanuni tələblərinin, ümumilikdə isə müvafiq icra vərəqəsinin icra olunmamasına gətirib çıxarmış borclu tərəfindən həmin hərəkətlərin edilməməsinin obyektiv və subyektiv səbəblərini, eləcə də müvafiq icraat zamanı icra məmuru tərəfindən Azərbaycan Respublikasının qanunvericiliyinin tələblərinə əsasən lazımlı zəruri icra tədbirlərinin görülüb-görülməməsini araşdırmaqla, qarşılıqlı şəkildə tədqiq edilərək müəyyən edilməsini şərtləndirir. Belə ki, Azərbaycan Respublikası “İcra haqqında” Qanunun 8.2-ci maddəsinə icra məmuru icra sənədini aldığı vaxtdan üç gün müddətində icraata başlamaq haqqında qərar qəbul edir. Həmin qərarda icra məmuru icra sənədində göstərilmiş tələblərin borclu tərəfindən könüllü icrası üçün məhkəmənin qərarında digər icra müddəti müəyyən edilməmişdirsə, həmçinin bu maddənin üçüncü bəndində müəyyən edilmiş icra müddəti istisna olmaqla, icraata başlanıldığı vaxtdan ən çoxu on gün müddət təyin edir və bu barədə borcluya bildiriş verir. Bildirişdə həmin müddət başa çatdıqdan sonra göstərilən tələblərin məcburi qaydada icra ediləcəyi və bu Qanunla nəzərdə tutulmuş icra ödənişinin və icra hərəkətlərinin həyata keçirilməsi ilə bağlı xərclərin ondan tutulacağı göstərilir. Azərbaycan Respublikası “İcra haqqında” Qanunun 12-ci maddəsinə əsasən Qanunun 8.2-ci maddəsinin üçüncü bəndində nəzərdə tutulmuş hal istisna olmaqla, icra məmuru icra sənədini aldığı gündən iki ay müddətində bütün zəruri icra hərəkətlərini həyata keçirməlidir. Azərbaycan Respublikasının qanunvericiliyi ilə və ya icra sənədi ilə icrası dərhal nəzərdə tutulmuş tələblər təxirə salınmadan icra olunur. Odur ki, borclu Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməsinə dair inzibati xəta haqqında iş üzrə icraata əməlində inzibati xəta tərkibi olmadığından xitam verilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 48-51, 53, 114, 115, 128-130-cu maddələrini rəhbər tutaraq QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməsinə dair iş üzrə icraata barəsində inzibati icraat aparılan şəxsin əməlində inzibati xəta tərkibi olmadığından xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 129-cu maddəsində müəyyən edilmiş qaydada Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Şəfa Dadaşova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar