Məhkəmə qərarları › İş №3(002)-440/2022

Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qərardad — İş №3(002)-440/2022

19.04.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 3(002)-440/2022 19.04.2022 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Mürsəlov Rufan Kamil oğlunun sədrliyi, Mustafayeva Sevda Bahaddin qızının katibliyi, Şəxs MMC-nin vəkili və nümayəndəsi X1 iştirakı ilə, ünvan 1 ünvanında qeydiyyatda olan Şəxs MMC barəsində Azərbaycan Respublikasının Mərkəzi Bankından daxil olmuş inzibati materiala məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs MMC barəsində Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsinə əsasən inzibati protokol tərtib edilmişdir. İşdə olan EP ******* №-li 29 mart 2022-ci il tarixli protokoldan aydın olur ki, Şəxs MMC 11868.00 ABŞ dolları məbləğində vəsaiti 14 fevral 2020-ci il tarixdə xaricə köçürmüş və iki il müddət keçsə də 11868.00 ABŞ dolları məbləğində vəsait hesabına alınan malları (xidməti) ölkəyə idxal etməmiş, valyuta vəsaitini geri qaytarmamışdır. Xəta 15 fevral 2022ci il tarixdə hüquqi şəxsin qeyd olunan ünvanında törədilmişdir. Buna görə həmin təşkilat barəsində barəsində İXM-nin 430.4-cü maddəsinə əsasən inzibati protokol tərtib edilmişdir. Məhkəmə iclasının yeri vaxtı barədə Azərbaycan Respublikasının Mərkəzi Bankına rəsmi qaydada məlumat verilməsinə baxmayaraq qeyd olunan təşkilatdan nümayəndə məhkəmə iclasında iştirak etməmiş, iştirak etməməsinin səbəbləri barədə də məhkəməyə heç bir məlumat verilməmişdir. Məhkəmə işə nümayəndənin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında iştirak edən Şəxs MMC-nin vəkili və nümayəndəsi X2 öz izahatında protokolu qəbul etməyərək öz etirazında bildirmişdir ki, Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən Şəxs MMC barəsində 29.03.2022-ci il tarixli EP № 00332735 saylı inzibati xəta haqqında protokol tərtib edilmiş və baxılması üçün Qaradağ rayon Məhkəməsinə göndərilmişdir. Protokolda qeyd olunur ki, Şəxs MMC 14.02.2020-ci tarixdə xaricə 11868 ABŞ dolları köçürmüşdür və 2 il keçsə də həmin pula alınan malları ölkəyə idxal etməmiş, valyuta vəsaiti geri qaytarılmamışdır. Mərkəzi Bankı tərəfindən tərtib edilmiş protokol aşağıdakılara görə əsassızdır və təmin olunmamalıdır: İdxal olunan mal - 4 ədəd İr-192 izotopu (iridiumun radioaktiv izotopu) sənaye gamma rentgenoqrafiyası cihazlarında şua mənbəyi kimi istifadə olunur. İr-192 yüksək təhlükəli material olduğundan onun ölkəyə idxalına Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən verilir. Həmin İr-192 izotopunun Azərbaycanda utilizasiyası (istifadəsindən sonra zərərsizləşdirilməsi) həyata keçirilmədiyindən onun yalnız müvəqqəti idaxlına icazə verilir. İr-192 izotopunun nəqli və saxlanmasına yalnız təkrar istifadə edilə bilinən və şüalanmanın qarşısını alan xüsusi konteynerlərdə yol verilir. İr-192 izotopunun həyat vaxtı bitdikdən sonra xüsusi konteynerlər yenidən doldurulması məqsədilə İr-192 izotopunun istehsalçısının (Çexiya Respublikasının Loma Systems SRO şirkəti) ünvanına ixrac edilir. 4 ədəd İr-192 izotopunun və onların saxlanıldığı konteynerlərinin idxalına və işlər başa çatandan sonra ixracına Baş Nazirin Birinci Müavini Y.Eyyubovun 14.07.2020-ci il tarixli D/o № 11148 saylı məktubu ilə icazə verilmişdir. İr-192 yarım ömürü 73 gün olmaqla həyat vaxtı 107 gün təşkil edir. Bu o deməkdir ki, İr-192 107 gün istifadədən sonra tam yararsız vəziyyətə gəlir. İstifadə olunmuş İr-192-nun konteynerləri qalıq radioaktiv maddənin utilizasiyası və yenidən doldurulması üçün istehsalçının ünvanına ixrac olunur. 4 ədəd İr-192 izotopunun və 2 ədəd konteynerlər 2020-ci ilin sonuna qədər idxal olunmuşdur. Bu idxal 07.12.2020-ci il tarixli və 09.09.2020-ci il tarixli gömrük bəyannamələri ilə təsdiqlənir (surətləri əlavə olunur). Göründüyü kimi, ödənişin edildiyi tarixdən malların idxalı Mərkəzi Bankın 45/1 saylı 28.11.2016-ci il tarizli Qərarı ilə təsdiq olunmuş Azərbaycan Respublikasının rezidentlərinin xarici valyutada, habelə qeyri-rezidentlərin milli və xarici valyutada əməliyyatlarının aparılması Qaydalarının (bundan sonra “Qaydalar” adlanız) 4.3.1.3-cü bəndində nəzərdə tutlmuş müddətdən (2 il) az müddətdə həyata keçirilmişdir. İr-192 izotoplarının idxalı həmçinin onunla təsdiqlənir ki, onların konteynerləri 17.07.2021 və 18.10.2021-ci il tarixli ixrac gömrük bəyannamələrinə uyğun olaraq istehsalçının (Çexiya Respublikasının Loma Systems SRO şirkətinə) ixrac edilmişdir. Avans ödənişi müqabilində malların ölkəyə idxalını təsdiq edən gömrük bəyannamələr təqdim olunmuşdur və bununla da Şəxs MMC tərəfindən müvafiq malların Qaydalarda müəyyən edilmiş zamandan gec olmayaraq idxal etdiyi faktı tam təsdiq olunur. Bu əsasla Şəxs MMC Qaydaların 4.3.1.3.-cü bəndini pozmamışdır. Sadalananlardan və təqdim edilən gömrük bəyannamələrindən aydın görünür ki, avans yolu ilə ödənilmiş valyuta vəsaitinin müqabilində Şəxs MMC tərəfindən müəyyən edilmiş müddətlərdə müvafiq mallar (İr-192) idxal edilmişdir. Avans yolu ilə ödənilmiş valyuta vəsaitinin müqabilində Şəxs MMC müvafiq malları (ir-192) 2 ildən gec olmayaraq idxal etdiyinə və Qaydaların 4.3.1.3-cü bəndinin tələblərini pozmadığna görə onun hərəkətlərində İXM-nin 430.4.-cü madəsi ilə nəzərdə tutulmuş nə inzibati xəta tərkibi, nə də inzibati xəta hadisəsi yoxdur. O, öz izahatında daha sonra göstərmişdir ki, təmsil etdiyi şirkət barəsində inzibati protokol tərtib edilərkən Mərkəzi Bank tərəfindən heç bir araşdırma aparılmamış, inzibati protokolun tərtib edilməsinin vaxtı və yeri barədə onlara heç bir məlumat verilməmiş, protokolun tərtibində təmsil etdiyi şirkətin nümayəndəsinin iştirakı təmin edilməmiş və hətta protokol tərtib edildikdən sonra belə həmin protokolun surəti təmsil etdiyi şirkətə göndərilməmişdir. Yəni, İnzibati Xətalar Məcəlləsinin tələbləri kobud şəkildə pozulmuşdur. Odur ki, Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən tərtib edilmiş 29 mart 2022-ci il tarixli EP № 00332735 saylı inzibati xəta haqqında protokolunun ləğv edilməsi və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə, inzibati xəta haqqında protokolu, ona əlavə olunmuş sənədləri, verilmiş etirazı nəzərdən keçirərək və tərəfin izahatını dinləyərək hesab edir ki, Şəxs MMC barəsində daxil olmuş inzibati material natamam olduğundan geri qaytarılmalıdır. Belə ki, iş materiallarına qeyd olunan inzibati materialın məhkəməyə göndərilməsinə dair hər hansı bir qərardad əlavə edilməmişdir. Bundan başqa məhkəmə, "X3” MMC-nin nümayəndəsi və vəkili X2 tərəfindən məhkəməyə təqdim edilmiş 07 dekabr 2020-ci il tarixli və 09 sentyabr 2020-ci il tarixli gömrük bəyannamələrini, 17 iyul 2021-ci il və 18 oktyabr 2021-ci il tarixli ixrac gömrük bəyannamələrini və digər sənədləri nəzərdən keçirərək hesab edir ki, qeyd olunan sənədlər əsasında yenidən inzibati araşdırma aparılmaqla "X3” MMC-nin yuxarıda qeyd olunan inzibati xətanı törədib-törətməməsi yenidən müəyyən edilməlidir. Bundan başqa iş materiallarına əlavə edilmiş EP ******* saylı 29 mart 2022-ci il tarixli protokol İXM-nin tələbləri pozulmaqla inzibati xətanın törədildiyi yer, vaxt və bu xətanın mahiyyəti, protokol qəbul edilərkən şəxsin iştirak edib-etməməsi, onun hüquq və vəzifələrinin izah edilməsi, inzibati xətanın törədilməsinin hansı sübutlarla müəyyən edilməsi və sair bir çox hallar müəyyən edilməmiş və eləcə də iş materiallarına qeyd olunan inzibati xəta üzrə araşdırmanın aparılmasının yeri və vaxtı barədə Şəxs MMC-nin məlumatlandırılmasına və tərtib edilmiş protokolun surətinin həmin təşkilata göndərilməsinə dair heç bir sübut əlavə edilməmişdir Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 100.1.1-ci maddəsində protokolun tərtib edildiyi tarix və yer; 100.1.2. protokolu tərtib etmiş şəxsin vəzifəsi, soyadı, adı, atasının adı; 100.1.3. barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs haqqında məlumat; 100.1.4. inzibati xətanın törədildiyi yer, vaxt və bu xətanın mahiyyəti; 100.1.5. inzibati xətaya görə məsuliyyət nəzərdə tutan bu Məcəllənin müvafiq maddəsi; 100.1.6. olduğu halda, şahidlərin və zərər çəkmiş şəxslərin adı, atasının adı, soyadı və onların yaşadığı yerin ünvanı; 100.1.7. barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsin və ya hüquqi şəxsin nümayəndəsinin izahatları; 100.1.8. inzibati xətanın aşkar edilməsində xüsusi texniki vasitələrdən istifadə olunmuşdursa, onların göstəriciləri, habelə istifadə olunmuş xüsusi texniki vasitənin tipi, markası, modeli, yerləşdiyi yer, ölçmə vasitəsinin son dəfə müqayisəli dövlət yoxlamasından keçdiyi vaxt (bunu təsdiq edən sənədin nömrəsi, tarixi) və növbəti yoxlamanın keçirilməli olduğu vaxt barədə məlumatlar; 100.1.9. inzibati xətanın törədilməsi nəticəsində şəxsin sağlamlığına yüngül zərər vurulmuşdursa və ya maddi zərər yetirilmişdirsə, bu hallar barədə qeydlər; 100.1.10. inzibati xəta haqqında iş üzrə icraat üçün zəruri olan başqa məlumatlar göstərilməlidir. Həmin Məcəllənin 48-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlər üzrə icraatın vəzifələri şəxslərin hüquqlarını və azadlıqlarını, onların qanuni mənafelərini qorumaqdan, inzibati xəta haqqında hər bir işin hallarını vaxtında, hərtərəfli, tam və obyektiv surətdə aydınlaşdırmaqdan, inzibati xəta törətmiş şəxsi aşkar etməkdən və onu inzibati məsuliyyətə cəlb etməkdən, çıxarılmış qərarın icrasını təmin etməkdən, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəbləri və şəraiti aşkar etməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Həmin Məcəllənin 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Həmin Məcəllənin 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Həmin Məcəllənin 109.1.6-cı maddəsinə əsasən protokol və digər materiallar səlahiyyəti olmayan şəxslər tərəfindən tərtib edildikdə, protokol və digər sənədlər düzgün tərtib olunmadıqda, yaxud təqdim edilmiş materiallar natamam olduqda, işə baxılarkən tamamlamaq mümkün olmadıqda, inzibati xətalar haqqında protokolun və ya digər sənədlərin onu tərtib etmiş orqana, vəzifəli şəxsə geri qaytarılması barədə qərardad qəbul edilir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 109-cu maddəsini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs MMC-nin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməsinə dair inzibati material natamam olduğundan yenidən araşdırmanın aparılması üçün Azərbaycan Respublikasının Mərkəzi Bankına geri qaytarılsın. Hakim: Rufan Mürsəlov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar